Qurani-Kərimin
təməl anlayışlarından biri olan kitab 250-dən artıq yerdə keçir.
Dilimizdəki kitab mənası ilə yanaşı yazılı şey, yazı, yazılan
və yazdırılan mənalarını da verir. Quran terminologiyasında ən
geniş mənada Allah tərəfindən yazdırılan şey demək olan kitab
bu anlamda imanın təməl anlayışlarından biridir. Quranın kitabla
bağlı verdiklərini araşdırdıqda bu anlayışla aşağıdakıların nəzərdə
tutulduğunu görürük:
1)Ümumi mənada
vəhy. İlk peyğəmbərdən sonuncuya qədər bütün nəbilərin
aldıqları vəhylər bir kitab əmələ gətirir. Başqa bir ifadəylə,
peyğəmbərlərə parça kitablar şəklində gəlmiş olan vəhylər bir
ana kitabın və ya kitabların anasının fraqmentləridir (Zuxruf,
4). Kitabların anası Allah qatındadır (Rad, 39).
Kitabların anasından
peyğəmbərlərə gəlmiş olan parçaların bir qismi ayrıca kitablar
əmələ gətirir. Bunlar Zəbur Tövrat, İncil və Qurandır. Bir qisim
parçalarsa insanlıq dünyasına sühuf (səhifələr) olaraq göndərilib.
2) Son peyğəmbərə
gələn vəhylərin cəmi. Bu, Qurandır. Necə ki Qurani-Kərim
bir çox yerdə özünü kitab olaraq anır (Sad, 29; Fussılət
2; Duxan, 2).
Hələ ilk ayələrdən birində
Quran özünü «İçində şübhə və ziddiyyətin olmadığı kitab» olaraq
tanıdır (Baqara, 2). Quranın adlarından biri
də kitabdır. Bu söz daha çox «kitabullah» olaraq işlədilir.
3) Bütün kainat.
Qurana görə, varlıq və mövcudluq bir kitabdır.
4) İnsan.
Quran insanı da bir kitab olaraq verir.
5) Kainatın qeyd
kitabı. Bu, bütün oluşların, xüsusən insanın fellərinin
qeyd edildiyi kainat kompüteri kimidir. Hər fərdin xeyir və şər
işləri burada qeyd olunur (Kəhf, 47-49; Casiyə, 29). Ənbiya
surəsinin 104-cü ayəsi bir gün göylərin kitab kimi bükülüb
yenidən açılacağını söyləyir ki, bu, kainatın qeyd və kompüter
sisteminin Quran diliylə ifadəsidir.
6) Hər fərdin
fellərinin qeyd edildiyi fərdi disket. Kainat kompüterində
hər fərdin hərəkət və niyyətlərinin işləndiyi qeyd lövhəsinə də
Quranda kitab deyilir. Bu disket lövhələr hesab günü insanın önünə
qoyulur və ona: «Oxu, öz şəxsi kitabını, bu gün sənə şahid olaraq
öz nəfsin yetər» deyilir (İsra, 13-14).
Kitab anlayışıyla bağlı
bu incəliyi də xatırlamaq yerinə düşər.
Qurana görə, insanın
önünə oxumaq üçün qoyulan üç təməl kitab var. Kainat kitabı, vəhy
kitabı və insanın özü. Vəhy kitabı, yəni ümumi mənada bütün peyğəmbərlərə
gəlmiş olan vəhy, digər iki kitabı oxuyub dəyərləndirməyi asanlaşdıran
bir işıqdır (nur). Qurana görə, «Allah da göylərin və yerin nurudur»
(Nur, 35). O halda kainat və insan adlı kitabların
lazım gələn kimi oxuna bilməsi üçün Yaradıcı Qüdrət vəhy kitabı
vasitəsilə insana yardımçı olmaq üçün dövrəyə girir.
Kitab anlayışıyla bağlı
bir nöqtəyə də barmaq basmaq uyğun olacaq. Quran andığımız üç
kitabın bəlirli pasac və ya parçalarını «ayət» olaraq anmaqdadır.
Quran bir ayələr toplusu olduğu kimi, kainat və insan da ayələr
topluluğudur: «Şübhəsiz, dərindən inananlar üçün ayələr var yer
üzündə və sizin öz xilqətinizdə. Görməzmisiz bunları?» (Zariyat,
20-21; «Nə qədər ki, Qur'anın haqq olduğu aydın olmamış
insanlara, varlığımızın ətrafda və onların öz içində olan dəlillərini
elə hey göstərəcəyik onlara. Yetməzmi hər şeyə Rəbbinin şahidliyi?»
(Fussılət, 53).
Üç kitab nüktəsi diqqətimizə
bir də bunu çatdırır: vəhy kitabında mikro və makro ilə bağlı
bir çöhrə olduğu kimi, kainat və insan kitablarında da vəhy ilə
bağlı çöhrələr var. O halda nə vəhy kitabı insan və əşyaya aid
elmlərsiz çözülə bilər, nə də əşya və insan vəhy kitabı olmadan
layiqincə anlaşla bilər. Buna dayanaraq deyə bilərik ik, filosof
Kantın «İmana yer tapmaq üçün biliyi inkar etdim» sözünün Quran
ruhu baxımından tutarlılığı yoxdur. Quran Kant fəlsəfəsinin təbirlərini
işlətsək, numen aləmi ilə fenomen aləmi arasında ünsiyyət qurmaqdadır.
Bunların birini dəyərləndirmək üçün digərini inkar və ya görməzlik
Quranın yolu deyil. Bu üzdəndir ki, Quran prof. Mehmet Aydının
da bildirdiyi kimi, möcüzəni «təbiət üstü, təbiət qanunları xaricində
bir şey olmaqdan çıxarmış, bu qanunların özü olaraq göstərmişdir»
(Mehmet Aydın «Din fəlsəfəsi», 220).
|