İslam
dininin yarandığı zamanlar ərəblərin yaşadıqları ərazi dini cəhətdən
çox müxtəlif düşüncələrin yayıldığı bir məkan idi. İbrahim peyğəmbərin
İsmayıldan olan övladları – ərəblər arasında (bu barədə Bibliya
da yazır) çeşidli bütlərə inanc geniş yayılmışdı. Bunların bir
qisminin adı Quranda da çəkilir.
Bu müxtəlif ibadət ünvanları çox dağınıq şəkildə inanc obyekti
olaraq «fəaliyyət göstərirdilər», bir sıra cəhətdən qədim yunan
ilahlarına da bənzəyirdilər, amma vahid bir panteonda belə birləşməmişdilər.
İslam yarananda əhatədə öncə Kitab göndərilmiş din mənsubları
da yaşayırdılar və onlara olan münasibət, monoteist olduqlarına
görə, təbii ki, bütpərəsətlərə olan münasibətlə eyni ola bilməzdi.
Islamdan öncə bəşəriyyətə göndərilən bütün elçilər, Kitablar Quranda
Allahın insanlara müraciəti kimi götürülüb v onların haqq olması
deyilir. Əvvəlki Kitabların, peyğəmbərlərin bütün insanlara göndərilməsi
haqda elə bir məlumat yoxdur. Əksinə, ayrı-ayrı Kitab, sühuf və
əvvəlki Kitabların haqq olması təsdiq edən peyğəmbərlərin konkret
hansı ünvana göndərilməsi haqda məlumatlar var. Quranda Kitab
məsələsi tez-tez dilə gətirilir. Deyilir ki, Adəmə, onun oğlu
Şisə, İdris peyğəmbərə və İbrahim peyğəmbərə sühuf – səhifələr
göndərilib. Bunlarin hamısınin bir yerdə yüz səhifə olmasi fikri
var. O cümlədən Adəm peyğəmbərə on səhifə, Şis peyğəmbərə əlli
səhifə, İdris peyğəmbərə otuz səhifə və ibrahim peyğəmbərə on
səhifə göndərildiyi deyilir. Bundan başqa, Musa peyğəmbərə Tövrat,
Davuda Zəbur, İsaya İncil və Məhəmməd peyğəmbərə Qurani-Kərim
göndərilib. Quran bu göndərilənlərin hamısının haqq olması fikrini
irəli sürür: «(Peyğəmbər və müsəlmanların) hamısı Allaha, mələklərinə,
Kitablarına, peyğəmbərlərinə iman etdilər. Allahın peyğəmbərlərini
bir-birindən ayırd edə bilmərik, dedilər» (Baqara, 285).
Bu peyğəmbərlərdən bəzisi bir ailənin (məsələn, Adəm peyğəmbər),
bəziləri bir tayfanın, qövmün peyğəmbəri olublar, Quran isə bütün
bəşəriyyətə ünvanlanıb və Məhəmməd peyğəmbər bütün insanların
və cinlərin peyğəmbəridir.
Quranda
hər bir xalqa öz dilində danışan peyğəmbərlər göndərildiyi deyilsə
də, bütün peyğəmbərlər haqda məlumat verilmir: «Şübhəsiz ki, Biz
səndən əvvəl bir çox peyğəmbərlər göndərdik. Kimindən danışdıq
sənə, kimindən danışmadıq» (Ğafir, 78). İbrahim
peyğəmbərə göndərilən səhifələr Quranda «İbrahimin yazısı» deyə
anılır: «Əhdinə vəfa eləyən İbrahimin yazısında olanları bilmirmi
o? (Nəcm, 37). Quran insanlara tövsiyə edir ki,
onlara göndərilən Kitablar və peyğəmbərlərin çağırışları üzrə
din həyatı sürsünlər. Ən düzgün yolun iman və saleh əməl olduğu,
kafirlik edənlərin doğru yola çəkilməyəcəyi vurğulanır: «Kafir
qövmü doğru yola çəkməz Allah. De ki: «Ey Kitab əhli! Tövrata,
İncilə və Rəbbinizdən sizə nazil olana əməl eləməsəniz, bir özülün
üzərində deyilsiniz, deməli» (Məidə, 68). Və ya: «İmana gələnlər,
yəhudilər, sabiilər, xristianlardan kim inanarsa Allaha və axirət
gününə, yaxşı işlər görərsə, onlara zaval yoxdur, dərd əlindən
üzülməzlər» (Məidə, 67-69). Həcc surəsində «yəhudi»,
«xristian» və «sabii» sözləri ilə yanaşı «məcusi» sözü də işlənir.
«İman gətirənləri, yəhudiləri, sabiiləri, xristianları, məcusiləri
və bütpərəstləri Qiyamət günü bir-birindən ayırar Allah»
(Həcc, 17). Bu sözun «maq» sözündən
yarandığı ehtimal olunur. Ayədə bu sadalananları qiyamət günü
Allahın bir-birindən ayıracağı deyilir. Hesab etmək olar ki, alacaqları
əvəz nöqteyi-nəzərindən məcusilər bütpərəstlərlə Kitab əhli arasındadır,
yəni bütpərəstlərdən üstün durumdadırlar. «Sabii» dedikdə isə
Quranda konkret kimlərin nəzərdə tutulması haqda ziddiyyətli fikirlər
var. Bunların hansısa bir yəhudi və ya xristian sektası olması
fikri daha çox yayılıb. Amma həniflərin nəzərdə tutulması haqda
ehtimal da geniş yayılıb.
Quranda
Kitab əhlinə olan münasibət çox həssadır. Onlara kafirlərə qarşı
mübarizədə müsəlamanlarla bir olmaq, Allaha şərik qoşmamaq, əsl
dinə müdaxilə edib onu əslindən uzaqlaşdırmamaq tövsiyə olunur:
«Əgər üz çevirsələr, bilsinlər pozğunluq edənlərin əməllərini,
şübhəsiz, bilir Allah. «Ey Kitab əhli, gəlin sözü bir yerə qoyaq,
Allahdan başqasına ibadətdə olmayaq, Ona şərik qoşmayaq, Allahı
qoyub bir-birimizin arasında Rəbləri axtarmayaq» - söylə onlara.
Əgər üz çevirsələr, «Şahid olun, biz müsəlman olmuşuq» - söylə
onlara» (Əli İmran, 63-64). Təbii ki, islamın
yaranışı bütpərəstlərlə Kitab əhli arasında uçurumu bir qədər
dərinləşdirdi və monoteist düşüncə tərzi tərəfdarlarını bir cəbhəyə
toplayıb onları bir-birinə daha da isinişdirdi, amma bu, Kitab
əhlinə bir sıra qınaqların irəli sürülməsini əngəlləmədi. Bu iradları
belə qruplaşdırmaq olar:
«Unutqanlıq»
qınağı. Bir sıra məqamlarda Kitab göndərilənlərin vəfasızlığı,
«unutqanlığı» xatırladılır, onlara ünvanlanan qınaqların və bir
sıra inamsızlıqların səbəbləri açıqlanır: «İsrail oğullarından
söz almışdı Allah. On iki başçı seçdik onların arasından. «Mən,
şübhəsiz, sizinləyəm. Namaz qılsanız, zəkat versəniz, elçilərimə
inansanız, onlara yardım göstərsəniz, Allaha gözəl bir borc versəniz,
yuyaram günahlarınızı, salaram sizi içindən çaylar axan cənnətlərə.
Bundan sonra da sizdən kimlər küfr etmiş olsa, doğru yoldan sapmış
olur» dedi Allah. Verdikləri sözü pozduqlarına görə onları lənətlədik,
qəlblərini qəddar elədik» (Maidə, 12-13).
Təhriflərə aid
qınaq. Quranda o da göstərilir ki, göndərilən Kitablar
sonradan insan müdaxiləsinə məruz qalıb. Onların mətni kimlərinsə
marağına uyğun olaraq dəyişdirilib. İstər Tövrat, istərsə də İncil
bu sarıdan istisna təşkil etmir. Elə İncilin yetmişdən artıq variantının
olması, bunlardan yalnız dördünün kilsə tərəfindən qəbul edilməsi,
qalanlarının isə rədd edilməsi hər kəsə bəllidir. Müqəddəs Kitabımızda
bu xüsusda deyilir: «Dəyişdirərək kəlmələrin yerlərini təhrif
eyləyir mənanı onlar. Unudublar onlara xatırladılan şeylərin bir
hissəsini. Hələ də xəyanət görürsən onların bir çoxundan. Ancaq
necə olsa, bağışla, əfv et onları. Allah sevər gözəl davrananları»
Və ya: «Biz xrisianıq» deyənlərdən də vəd almışdıq. Unutdular
onlara xatırladılan şeylərin bir hissəsini və qiyamətə qədər düşmənçilik,
kin-küdurət saldıq onların arasına. Onların nə iş tutduğunu onlara
xəbər verəcək Allah» (Əli İmran14-15). Quran
isə insan müdaxiləsi görmədiyinə və Allah tərəfindən qorunacağından
ona iman gətirmək Kitab əhlinə də tövsiyə olunur: «Ey Kitab əhli,
Sizə Bizim rəsul gəlib, Kitabdan gizlədiyiniz şeylərin çoxunu
açıqlayır sizə o və çoxunun da üstündən keçib o. Sizə Allahdan
bir nur gəlib, aydın bir Kitab gəlib» (Əli İmran, 15).
Quranda deyilən Kitablardakı
ayrı-ayrı təhriflərin mahiyyəti barədə də söz açılır. Bunlardan
biri Allah obrazının antropomorizmə uğradılması (insani sifətlər
verilməsi) faktıdır. Bu barədə belə deyilir: «Küfr elədi o kəslər
ki, «Məryəm oğlu Məsihdir Allah» - dedilər» (Əli İmran,
17); «Yəhudilər və xristianlar: «Biz Allahın oğlullarıyıq,
Onun sevimliləriyik» - dedilər. «Elə isə bəs niyə əzab verir günahlarınıza
görə Allah? Siz də Onun yaratdığı bəşərsiniz» söylə onlara» (Əli
İmran, 18). İkinci bir təhrif Allahın göndərdiyi Müqəddəs
Kitabların ümumiyyətlə danılmasıdır: «Bir şey göndərməmiş bəşərə
Allah» - dedilər. De ki, «Bəs Musanın nur olaraq, insanlara yol
göstərən haqq olaraq gətirdiyi Kitabı kim nazil eləmiş? Ayrı-ayrı
kağızlara salıb onun bir qismini göstərir, çoxunu gizlədirsiniz.
Sizin və atalarınızın bilmədiklərini ondan öyrənmisiniz»
(Ənam, 91). Quran yəhudiləri bu Êitabı təhrif etməkdə
ittiham edir: «Tövrata, İncilə və Rəblərinin göndərdiyi Qurana
əgər gərəyincə əməl eləsəydilər, başlarının üstündə yetişən, ayaqlarını
altında bitən nemətlərdən yeyərdilər» (Maidə, 66). «Tövrata
görə cavab yükü daşıyan kimsələr belində kitablar daşıyan ...
kimidir. Nə pis bir şey imiş Allahın ayələrini dananların bənzəri»
(Cümə, 5). Onlar həm də olmayan qadağaları qoyduqlarına
görə məsul tutulurlar.: «Bütün yeməklər halal idi İsrail oğullarına,
İsrailin özünə haram saydığından savayı. Tövrat nazil olmamışdı
o vaxt hələ. Doğru sözlü, düz əməlli kimsələrsinizsə əgər, gətirin
Tövratı, oxuyun onu» - söylə» (Əli İmran, 93).
İslama olan yanlış münasibətə görə qınaq. Bəzən Kitab əhlindən
olanların müsəlmanlara qarşı olan xoşagəlməz münasibətlərindən
söz açılır. Onlar müsəlmanlara pozucu təsir göstərmək cəhdləri
edirlər: «Kitab əhlinin bir qismi istərdi sizi azdıra yolunuzdan.
Özləri də bilmədən azdırırlar özlərini». «Yəhudi, xristian olmayan
girməyəcək cənnətə» dedilər. Bu, onlara elə gəlir. De ki, doğru
sözlü, düz əməlli kimsələrsinizsə, gətirin dəlilinizi»
(Baqara, 111).
Məhəmməd peyğəmbərə
yanlış münasibətə görə qınaq. Əski Kitablardakı təhriflərdən
biri kimi də Məhəmməd peyğəmbər haqda olan informaiyaların gizlədilməsi
göstərilir: «Yaxşılığı o kəslərin taleyinə yazacağam ki, Allahdan
qorxur, zəkat verir və ayələrimizə inanır onlar. Və o kəslərin
ki, Tövratda və İncildə haqqında yazılan Rəsulun, oxumaqla, yazmaqla
işi olmayan Məhəmməd peyğəmbərin ardınca gedir onlar. Peyğəmbər
onlara yaxşı işlər buyurar, pis işlərdən onları ayırar, təmizi
halal, murdarı haram qılar onlara. Yüklərini yerə endirər, zəncirlərini
açar o» (Əraf, 156-157). Və ya: «Məryəm oğlu
İsa da: «Ey israil oğlulları! Mən Allahın sizlərə göndərdiyi elçisiyəm.
Məndən öncə nazil olmuş Tövratı təsdiq edirəm, məndən sonra gələcək
Əhməd adlı peyğəmbərin mücdəsini gətirmişəm» demişdi»
(Saff, 6); «Kitab verdiklərimiz öz oğulları kimi tanıyırlar
onu (Məhəmməd peyğəmbəri). Fəqət yenə onlardan bəzisi bilərəkdən
gizlədir gerçəyi» (Baqara, 146).
Qeyri-səmimilik
qınağı: Cümə surəsində özlərini Allahın dostları adlandıran
yəhudilərə müraciətlə deyilir: «Əgər səmimisinzsə, Allahdan ölüm
təmənna edin» (Cümə, 6).
«Üçlük» uydurmasına
görə qınaq: Bəlli olduğu kimi, troitsa – xristian dini
təsəvvürlərinə görə Allahın üç ipostası ideyası 381-ci ildə Konstantinopol
soborunda qəbul edilib. Bu, çox qədim dinlərdən gəlmə bir təzahürdür.
Belə ki, xristianlıqdan çox əvvəl Hindistanda trimurti adlanan
üçlük (Brahma, Vişnu, Şiva), Misirdə Osiris, İsida, Qor, Babildə
Anu, Ea, Bel və başqaları məlumdur. Bir sıra tədqiqatçılar hesab
edir ki, bu üçlüklər çoxallahlılıqdan təkallahlılığa keçid mərhələsidir.
Yəni çoxallahlıqdan təkallahlığa keçid üçün əvvəlcə «allahlar»
panteonu bir monoqam ailədə birləşdirilir. Quranda xristianların
İsa peyğəmbəri və Müqəddəs ruhu Allah adlandırmalarına etiraz
edilir: «Üçdür» deməyin öz xeyriniz üçün, son qoyun buna. Allah
tək tanrıdır. Bir övlad yiyəsi olmaqdan ucalardadır O»
(Nisə, 171). Bu inancın onları küfrə apardığı dà deyilir:
«Küfr elədi o kəslər ki, «Allah üçün üçüncüsüdür» dedilər. Tanrı
yalnız tək tanrıdır» (Məidə, 73).
Başqaları ilə müqayisədə
Quranda xristianlar haqda daha rəğbətlə danışılır: «Möminlərə
ən çox sevgi bəsləyən insanlar arasında «biz xristianlarıq» deyənləri
tapacaqsan. Çünki keşişlər və rahiblər var bunların arasında.
Təkəbbürlük etməz onlar. Rəsula nazil olanı dinləyə-dinləyə haqqı
öyrənib bildiklərinə görə onların göz yaşlarının daşdığını görürsən.
Deyirlər: «Rəbbimiz, imana gəldik, şahidlərlə bir yazıya al bizi.
Axı nəyə görə inanmayaq Allaha və bizə gələn gerçəyə, bir halda
ki, saleh qövmə qatılmağı umuruq Rəbbimizdən. Bu sözlərinə görə
içindən çaylar axan və içində əbədilik qalacaqları cənnətlər vermiş
onlara Allah» (Məidə, 82-85).
Orta əsrlərdə Kitab əhli
ilə davranış fiqh qaydaları ilə tənzimlənirdi. Onlar hələ orta
əsrlərdə sərbəst və aşkar şəkildə öz mərasimlərini keçirmək, ibadət
yerləri saxlamaq hüququna malik idilər. Êèòàá əhlindən olanlar
müsəlman icmasının himayəsi altında qorunur və əhli-zimmə (himayə
olunanlar) kateqoriyasına aid olunurdular. Fiqh Kitab əhlinin
hazırladığı yeməyi yeməyin mümkünlüyünü deyir, onlarla evlənməyə
icazə verirdi. Onlar ictimai həyatda fəal iştirak edir, inzibati
aparatda vəzifələr tuturdular. Məhəmməd peyğəmbər və rəşidi xəlifələr
onların sıxışdırılmasına yol vermirdilər.
Bir
sözlə, islam ölkələrində Kitab əhli olanların vəziyyəti Avropada
qeyri dindən olanların vəziyyətindən çox üstün olub. Hətta o zaman
yəhudi və Şərq xristianları Qərb ölkələrində yaşamaqdansa, müsəlmanlar
arasında yaşamağa üstünlük verirdilər. Onlara bir sıra tələblər
qoyulurdu ki, bunu da tam təbii saymaq olar. Məsələn, on birinci
əsrdə irəli sürülən altı şərt bunlardir: Qurana küfr etməmək,
islam dininə lağ etməmək, Məhəmməd peyğəmbərin əleyhinə danışmamaq,
müsəlman qadınlarla zina etməmək və evlənməmək, müsəlmanları başqa
dinlərə keçməyə təhrik etməmək, müsəlmanlarla vuruşanlara yardım
etməmək. Sələmçilik və şərabçılıq islamda qadağan olunduğundan
yəhudi və xristianlar bu sahəni öz əllərinə alıb külli miqdarda
vəsaitlər əldə edirdilər. Xristian icması rəhbərləri müsəlman
hakimiyyət orqanları ilə müqavilələr bağlayır, icmanın inzibati
işlərini tənzimləyir, məhkəmə hakimiyyətini özləri həyata keçirirdilər.
Xristinalar xilafətin kargüzarlıq işlərini həyata keçirilməsində
də mühüm rol oynayırdılar. Abbasilər zamanında inzibati aparatda
yüksək vəzifələr tutur, fatimilər zamanında isə hətta vəzir olanları
da vardı.
|