«Onun
elmindən yalnız Onun istədiyi qədər bir şey qavraya bilərlər (Baqara,
255).
İnsanlar
tarix boyu müxtəlif dinlərə inanıb və fərqli şəkillərdə ibadət
ediblər. Günlük həyatlarında olduqları kimi, inanc məsələsində
də fərd, qrup və cəmiyyətlər fərqli şəkildə düşünməyə, fərqli
şeylərə inanmağa adət edib. Qeyd edək ki, bəşər övladı bu xüsusda
hürr olaraq yaradılıb. Bu hürriyət onun fitrətinin ünsürlərindəndir.
Quranda Allah taala bir çox ayələrdə bütün insanların
tək bir din üzrə olmasını istəmədiyini dilə gətirir. Uca Tanrı
polifoniya tərəfdarıdır, unisonu sevmir. Küfrü özünə ideal seçənlərə
də onlara bəs edəcək qədər azadlıq verib. Peyğəmbərlərin kafirlərə
təzyiq etməsinə qətiyyən yol verilmir. «Və de ki, haqq Rəbbinizdəndir.
Elə isə diləyən iman etsin, diləyən inkar etsin...» (Kəhf
29); «Əgər Rəbbin diləsəydi, yer üzündə kim varsa, hamısı
iman edərdi, O halda, mömin olsunlar deyə onları sənmi məcbur
edəcəksən?» (Yunus, 99).
İnsanlaşdırma,
milliləşdirmə
Zaman-zaman özünü və
kainatı kimin yaratması haqda suala cavab axtaran insan hər şeyi
yaradan uca bir varlığın var olması nəticəsinə gəlib. Bu fövqəlkeyfiyyətlər
mifoloji təfəkkür səviyyəsinə enəndə qəribə görüntülər alınır.
Çünki insan bu fövqəladəliyə biçim verəndə malik olduğu duyğu
orqanlarının xidmətindən yararlanır. Məsələn, güc anlayışı əzələ
gücü, böyüklük uzunluq ölçüləri, qədimlik qocalıq cizgiləri ilə
və s. ilə ifadə olunur. Hindlilərin “Həzrət Çaitanya Mahaprabhunun
təlimi” adlı kitabında yazılır: “Dördbaşlı Brahma çoxlu
başqa Brahmaların Krişnaya ehtiramlarını bildirməyə gəldiklərini
gördü. Onların bəzilərinin on, bəzilərinin iyirmi, bəzilərinin
yüz, bəzilərinin hətta milyon başı vardı”. Göründüyü kimi, bu
təsvirdə yaradıcıya forma verilib və onun insandan artıq imkanları
(hər şeyi eşidən, görən, nəzarətdə saxlayan, ağıllı və s.) formada
öz təzahürünü primitiv şəkildə – çoxlu baş şəklində tapıb. Antropomorfizm
səmavi dinlərdən də yan keçməyib. Yəhudilərdə Yəhvaya aid edilən
xüsusiyyətlərə baxaq. O «yorulub dincəlir» (Təkvin, 1-2),
«cənnətdə gəzinir» (Təkvin, 3-8), «peşman olur»
(Çıxış, 32: 14), «qısqanır» (Çıxış, 20:
6).
Antik yunan filosofu,
antropomorfizmin və mifologiyanın ilk tənqidçilərindən biri, Eleya
məktəbinin banisi Kolofonlu Ksenofanın (e.ə. 6-5-ci əsrlər) fikrincə,
xalq, tayfa, etnos necədirsə, «allahları» da elə olur: «Həbəşlər
öz «allahlarını» fındıqburun və qara, frakiyalılar mavigözlü və
sarıyanız görür». Ksenofan daha sonra yazırdı: «Əgər öküz, at
və şirin əli olsaydı və onlar şəkil çəkə bilsəydilər, öz «allah»larını
öküz, at və şir şəklində çəkərdilər».
«Yetər ki, ömrü
uzun olsun...»
Qurandakı bəzi ayələrin
düzgün anlaşılmaması islamda da Allahın necəliyi haqda bir sıra
fərqli təsəvvürlər yaranıb. Bu barədə Şəms Təbrizlinin «Məqalat»ında
verdiyi lətifə çox ibrətamizdir: “Biri
Həmədan şəhərində vəz edirdi. “Hər kəs Allahı varlıqlardan birinə
bənzədir” deyə tənqidè ôèêèrëÿr äåéèräè. Şəhərin vaizi gəldi.
Kürsüyə çıxdı və təşbih ilə bağlı ayələri sıralamağa başladı:
“Rəhman ərş üzərində istila və qələbə ilə hakim oldu” (Ta-hə,
5); “Rəbbin gəldi, mələklər sıra ilə düzüldü” (Fəcr,
22); “Üstlərindəki Rəblərindən qorxarlar” (Nəhl,
50) və s.. Vaiz bu ayələri təşbih yönündən söyləməyə
başladı. Hədis də söyləyirdi: “Allah Adəmi öz surətinə uyğun yaratdı”;
“Rəbbimi qırmızı paltarda gördüm” və s. Axırda dedi: “Vay o kimsələrə
ki, Allahı bu sifətlər ilə təşbih etməzlər”. Camaat evinə getdi.
Eşitdiklərini arvad-uşağa başa salıb dedilər: “Allahı ərş üzərində
bilin. Çox gözəl bir surətdə, kürsüdə oturub və ayaqlarını aşağı
sallayıb. Şəhər vaizinin dediyi kimi, mələklər də ətrafında dövrə
vurub. Hər kim “Onda bu surət yoxdur” desə, imanı yoxdur. Vay
onun ölüsünə, vay onun məzarına”.
Bir həftə sonra şəhərə
qərib bir sünni vaiz gəldi. “Onun bənzəri yoxdur” ayəsini misal
gətirdi. “Təşbihçilərin dərisi soyulasıdı” dedi. Hər kim surətdən
söz açarsa, cəhənnəmdən qurtula bidməz. Allaha məkan isnad edənin
vay halına” dedi. Sünni vaizin bu sözlərini eşidənlər çox qorxdular.
Bunlardan biri evinə gələndə iftar belə etmədi. Evin bir kənarına
çəkilib başını dizi arasına alıb ağlamağa başladı. Ətrafına toplaşan
uşaqlarını bağıraraq qovdu. Axırda arvadı onu xəlvətə çəkib bu
halın səbəbini soruşdu: “Sən səbrli bir kişi idin, başına bir
iş gələndə təhəmmül edir, Allaha bel bağlayırdın. İndi nə oldu?”
Bu sözlərdən kişinin ürəyi yumşaldı: “Nə edim, arvad, keçən həftə
alimin biri dedi ki, Allahı ərş üzərində bilin, başqa cür düşünən
kafirdir”. Bu həftə başqa bir alim gəldi. “Hər kim Onu səmada
təsəvvür edərsə, o kimsənin əməli və ibadəti qəbul edilməz. Çünki
Allah məkandan münəzzəhdir” dedi. İndi bu bir-birinə zidd sözlərin
hansını əsas tutum. Aciz qalmışam” dedi. Qadın dedi: “Heç aciz
qalma, çaşıb-eləmə. Allah istər ərş üzərində olsun, istər ərşdən
uzaq olsun, istər bir yerdə otursun, istər yersiz olsun, YETƏR
Kİ, ÖMRÜ UZUN OLSUN, DÖVLƏTİ SONSUZ OLSUN. Sən öz dərvişliyini
düşün, öz vəzifəni yerinə yetir”.
«Təkcə Ona yalvararsınız»
Dilimizdə olan «Allah»
sözünün ərəbcə «əl-ilah»dan yarandığı güman edilir. Tədqiqatçılar
bu sözün otuza qədər izah variantını irəli sürürlər. Daha çox
qəbul edilən varianta görə, «ilah» «ələhə-yəluhu» sözündəndir
və «qulluq edilən» anlamı verir. Bu adın Ondan başqasına verilmədiyini
demək olar. Quranda bu barədə söz açılır: «Necə bilirsən, varmı
Onun adaşı?» (Məryəm, 65). Qədim ərəblər islamdan
öncə də bütlərin üzərində Uca Tanrının olduğunu təsdiq edirdilər.
Qurani-Kərim onların «Allah», «Əziz», «Alim» - deyə adlandırdığı
qüdrətin bütün kainatı yaratdığına, Günəş və Ayın hərəkətini nizama
qoyduğuna inandığıíû deyir: «Göyləri, yeri yaradan, Günəşi, Ayı
buyruğu altına alan kimdir? – soruşsan, «Allahdır» - deyəcəklər»
(Ankəbut, 61). Və ya: «Neçə-neçə peyğəmbərlər
göndərmişdik əvvəlki nəsillərə. Məsxərəyə qoymuşdular hər gələn
peyğəmbəri. Və Biz də məhv eləmişdik onların içində ən qüvvətli
olanları. Öncəki ayələrdə bildirilmiş aqibəti belələrinin. Onlardan
«Göyləri, yeri kim yaratmış?» -soruşsan, «Güclü olan, hər şeyi
bilən yaratmış göyləri, yeri» - deyərlər» (Zuxruf, 6-9).
İslamdan öncə bu tayfaların, eyni zamanda, Allahın adına and içdikləri
də xəbər verilir: «Var gücüylə Allaha and içərlər ki, əgər bir
möcüzə gəlsə onlara, mütləq inanarlar ona» (Ənam, 109).
Və ya: «Var güclərilə Allaha and içdilər: «Ölən bir kimsəni dirildən
deyil Allah» (Nəhl, 38). İslamdan öncəki ərəblərin
həyatlarının sıxıntılı vaxtlarında da Allaha sığındıqlarını əks
etdirən ayələr var: «De ki, düşündünüzmü halınız necə olacaq uğrasanız
Allahın verdiyi əzaba? Allahdan savayı kimə dua edib yalvaracaqsınız?...
Təkcə O-na yalvararsınız» (Ənam, 40-41).
Hamı Allah üçün
çalışır
Mövlanaya görə, bütün
insanlar Allah üçün çalışır. Qarşısına Allahın yolu ilə getməyi
məqsəd qoyanlar da, Onu inkar edənlər də. Alim də, cahil də. Müttəqi
də, kafir də. Hamı Onun işini görür. Fəqət “çox təbii ki, Allahın
bu işdəki məqsədini bilməzlər. Bu işi etməkdəki qayələri, düşüncələri
başqadır. [Məsələn] Allah dünyanın qalmasını istər, onlar şəhvətlə
məşğul olarlar. Bir qadınla öz zövqləri üçün yaşayarlar. Buradan
bir uşaq hasil olur. Beləcə öz zövqləri və ləzzət almaları üçün
bir iş görürlər və dünya məhz bununla qalır, qərar bulur. Heç
də o niyyətlə etmədikləri halda, gerçəkdə Allahın qulluğunu yerinə
yetirmiş olurlar”(«Fihi ma fih» 25-ci fəsil)
«Heç bir şey
Ona vacib deyil»
Qəzali «Ehyayi-ülumiddin»də
Allahın zatı haqqında danışanda Onun qədimliyini, əbədiliyini,
cövhər, ərəz, cisim olmadığını və s. təfərrüatı ilə izah edir.
Məkan və zamandan münəzzəh olduğunu yazır. Əqaidlə məşğul olan
eyni zamanda deyirlər ki, Allah mütləq iradə sahibi olduğundan,
istədiyini edər. Buna görə «Allahın belə etməsi vacibdir» demək
doğru deyil. Bu məsələdə heç də hamı həmfikir deyil. Əbu Hamid
əl-Qəzali «İhyayi-ülumiddin»də yazır: «Allah bəndələri barədə
istədiyini edər. Heç bir şeydə bəndələr üçün mənfəətli olanı etmək
də Allah vacib deyil. Bəlkə, Allah haqqında vacib düşünülə bilməz.
Çünki Allah etdiyindən məsul deyil. Bəlkə, məsul olan məxluqatdır.
Doğrusu, bilmək istərdim, mötəziləçilər «Bəndə üçün yararlı işin
edilməsi Allah üçün vacibdir» hökmünü aşağıda çəkdiyimiz nümunədə
nə ilə isbat edə bilər? Budur nümunə: Fərz edək ki, müsəlman olaraq
ölən ölən bir uşaq ilə bir yetkin kəs arasında axirətdə bir münaqişə
olub. Çünki yaşlı adamın dərəcəsi uşağa nisbətən daha yüksəkdir.
Çünki yaşlı kişi iman edib, ibadətləri yerinə yetirib, çox zəhmətə
qatlanıb. Və mötəziləyə görə, yaşlı adama yüksək dərəcənin verilməsi
Allaha vacibdir. Çünki əgər uşaq:
-Ya Rəbbim! Bunun dərəcəsini
nədən məndən yüksək etdin – desə, Allah:
-Çünki həddi buluğa çatdı,
ibadətlərlə məşğul oldu – deyər. Uşaq:
-Məni kiçik ikən öldürən
sənsən, Madam ki bəndələr üçün (mötəziləçilərə görə) ən mənfəətli
olanı etmək sənin vəzifəndir, niyə böyüyüb dinə xidmət edənədək
həyatımı uzatmadın? Bu, ədalətə zid düşmürmü? – deyər. Allah:
-Mən dəqiq bildim ki,
əgər sən həddi büluğa çatsan, mənə ortaq qoşacaqsan və ya üsyan
edəcəksən. Bunun üçün sənə faydalı olan uşaq ikən ölmək idi –
deyər.
Bu, mötəziləçilərin Allah
adına bəyan etdiyi üzrdür. Fəqət Allah bu üzrü bəyan edəndə kafirlər
cəhənnəmin ən alt qatından qalxıb bağrmağa başlayaraq deməzlərimi:
- Ey Rəbb! Əcəba, həddi-büluğa
çatandan sonra sənə şirk qoşacağımızı bilmirdinimi? Niyə bizi
uşaq ikən öldürmədin? Biz indi müsəlman uşaqdan daha aşağı dərəcəyə
razıyıq. Bizi buradan çıxar. Bu
vaxt kafirlərin sualına necə cavab verilməlidir?»
«Onların dediklərindən
ucadadır...»
Yuxarıda dedik ik, hər
kəs Allahı öz düşüncəsinə görə təsəvvür edir. Amma o, təsəvvürlərə
sığmaz. Çünki təsəvvürü O yaradıb. Təsəvvür hadis, Allah qədimdir.
Onun ortağı, bənzəri, Onunla davaya qalxacaq başqa birisi də yoxdur.
Bunun dəlili: «Allahdan başqa tanrılar olsaydı əgər, pozulardı
nizamı göylərin, yerin. Onların dediklərindən ucadadır ərşin xaliqi
Allah» (Ənbiya, 22) ayəsidir.
Yazını Allah taalanın
Özü haqqında dedikləri ilə tamamlayaq: «Allahdan başqa tanrı yoxdur.
O diridir, əbədidir. Yaratdıqlarının üstündədir Allahın gözü.
Onu nə mürgü tutar, nə yuxu. Göylərdə nə varsa, yerdə nə varsa
Onundur. Onun izni olmadan kim gələ bilər yanına iltimas üçün.
Onların nə elədiklərini, eləyəcəklərini bilir O. Onun elmindən
yalnız Onun istədiyi qədər bir şey qavraya bilərlər. Onun kürsüsü
göyləri, yeri tutmuş. Bunları hifz eləmək Ona ağır olmaz. Böyükdür,
ucadır O » (Baqara, 255 (Ayətül-kürsi).
|