|   RU  |  EN  |.....


18 KƏHF SURƏSİ

Rəhman və Rəhim Allahın adıyla

1. həmd olsun Allaha, əyərsiz-əskiksiz nazil eləmiş bəndəsinə Kitabı

2. doğru yolu nişan verən yazı olaraq. Nazil eləmiş ki, bu bəndəsi dərgahından gələcək şiddətli bir əzabla qorxuzsun kafirləri, gözəl bir əcirlə müjdələsin gözəl-gözəl işlər görən mö'minləri.

3. Və bunlar orada [cənnətdə] əbədilik qalarlar.

4. Və qorxuzsun bu bəndəsi o kəsləri ki, «Bir övlad götürmüş Özünə Allah» deyirlər.

5. Bu barədə nə özlərinin, nə də ata-babalarının olmamış heç bilgisi. Onların ağzından çıxan söz çox böyük böhtan daşıyır. Yalnız yalan söz söyləyir onlar.

6. Onlar bu Qur'ana iman gətirmirlər deyə hirslənə-hirslənə, üzülə-üzülə sən həlakmı etməlisən özünü?

7. Yer üzündə olanlarla Biz yeri bəzədik ki, sınağa çəkib bilək, insanların hansı bir daha yaxşı işlər görür.

8. Şübhəsiz, yer üzündə olanları qupquru bir torpağa da döndərərik.

9. Yoxsa Kəhf və Raqim əhlinin taleyi sənə qəribə gəldi, elə bildin ayələrimizdən qəribəsi təkcə bu imiş?

10. Mağaraya sığınmışdı o cavanlar. Dedilər: «Rəbbimiz, dərgahından bizə rəhmət bəxş elə və bizə bir çıxış yolu tap düşdüyümüz bu işdən».

11. İllərlə yatızdırdıq mağarada onları.

12. Sonra da oyatdıq öyrənək ki, o iki dəstədən hansı biri yatdıqları müddəti daha düz hesablayacaq.

13. Onların əhvalatını gerçək olaraq danışırıq sənə. Şübhəsiz, Rəblərinə iman gətirən cavanlardı o kəslər. Biz də artırmışdıq imanlarını.

14. Cəsarət vermişdik ürəklərinə. Padşahın önündə qalxıb ayağa dedilər: «Göylərin, yerin Rəbbidir bizim Rəbbimiz. Ondan başqasına tanrı demərik. Desək küfrə batarıq.

15. Bu da bizim qövmümüz. Allahı qoyub tanrılar olaraq başqalarına tapınmışlar. Məgər bunların haqq olduğunu aşkara çıxaran bir dəlil gətirməli deyillərmi? Allahın adına yalan yaxandan daha zalım kim ola?»

16. «Onlardan və Allahdan başqası adına tapındıqları tanrılardan madam ki, ayrıldınız, mağaraya sığının, bolluca pay versin sizə rəhmətindən Rəbbiniz, işinizi avand eləsin» dedilər bir-birinə.

17. Bir nəzər sal günəşə, doğan zaman mağaranın sağ yanından, batan zaman sol yanından düşür gün. Və mağaranın geniş bir səhəsində rahatlıq taparaq uyumuş onlar. Bu deyilənlər Allahın ayələrindəndir. Allah kimi yönəldirsə doğru yola, haqq yolunu tapmış o. Kimi də azdırırsa, bir dost da tapmazsan ona doğru yolu nişan verə.

18. Onlar yuxudadırlar, ancaq görsən onları oyaq sanarsan. Onları sağa-sola çevirdik ki, ətlərini torpaq yeməsin. Onların iti də özləri sayaq uzanıbdır mağaranın önündə. Onlara baxsaydın əgər, qorxu dolardı içinə, baş götürüb qaçardın.

19. Onları bir daha oyatdıq ki, hal-əhval tutalar, sorğu-sual eləyələr aralarında. «Nə qədər yatdınız?» dedi birisi. «Yatdığımız bir gün, yaxud bir gündən də az olar» dedilər. «Rəbbiniz daha yaxşı bilir yatdığınız müddəti. Birinizi bu gümüş pulla göndərin getsin şəhərə, baxıb görsün hansı yeygi yaxşıdır, alıb gətirsin sizə. Elə ehtiyatla davranmalı ki, heç kim sizi tanımasın orada» dedilər –

20. «Əllərinə keçsəniz sizi daşqalaq edərlər, yaxud da döndərərlər öz dinlərinə. Bundan sonra bir daha qurtula bilməzsiniz».

21. Eləcə də göstərdik onları soydaşlarına. Bunu belə elədik ki, bilələr, haqdır və'di Allahın və qiyamət saatı, şübhəsiz, gələcəkdir. Yatmış cavanlar üçün nə iş görmək barəsində mübahisə edirdi mö'minlərlə kafirlər. Deyirdilər: «Onların üstündə bir bina tikin». Rəbləri onları daha yaxşı tanıyır. Onların halından halı olan mö'minlərsə dedilər: «Bir mə'bəd quracağıq onların üstündə».

22. «Yçdür sayları, dördüncüsü itləridir» söyləyəcək bəziləri, «beşdir sayları, altıncısı itləridir» deyəcək bir başqaları. Qeybə sarı daş atırlar elə bil. «Yeddidir sayları, səkkizincisi itləridir» deyənlər də var. De ki, «Onların sayını Rəbbim daha yaxşı bilir. Yalnız az adam bilər onların kim olduğunu. Bu qısaca deyiləndən savayı sən heç kimlə mübahisə eləmə və onların [Tövrat əhli yəhudilərin] heç birindən bu barədə soruşma.

23. Nəbadə deyəsən «Mən sabah filan işi görəcəyəm».

24. Deyəndə də «Allah qoysa» söyləməyi unutma. Unutdunsa an Rəbbini, de ki, «Kaş Rəbbim məni bundan [əshab-i kəhf barəsində bilgidən] daha yaxın bir məqama yetirə».

25. Mağarada üç yüz il qaldı onlar. Doqquz il də üstəlik [üç yüz il günəş, uç yüz doqquz il ay təqvimi ilə].

26. De ki, «Qaldıqları müddəti Allah daha yaxşı bilir». Göylərin, yerin görülməzini təkcə O bilir. Çox gözəl görəndir, çox gözəl eşidəndir hər şeyi Allah. Ondan başqa dostu yoxdur göylərin və yer əhlinin. Heç kimi şərik eləməz tanrılıqda Özünə O.

27. Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun sözlərini dəyişdirən tapılmaz. Ondan başqa bir kimsə də tapmazsan sənə sığınacaq verə.

28. Səhər-axşam Rəblərinin rizasını diləyərək Ona dua edənlərlə bərabər ol, bas nəfsini. Gözlərin onlardan ayrılmasın, bu dünyanın ziynətində qalmasın. Bizi unudub nəfsinə qul kəsilən və hər işində həddi aşan kimsəyə itaətdə olmayasan.

29. De ki, «Rəbbinizin dərgahından gəlmiş haqq. İnanmaq istəyən inansın, istəməyən dansın onu». Zalımlara elə bir od qoyacağıq ki, bu odun divarları hər yandan öz içinə alacaqdır onları. Əgər susuzluqdan fəryad çəksələr, metal ərintisi sayaq elə bir su verərik ki, bişirər onların sifətlərini. Bu nə pis içki oldu, bura nə pis yer oldu.

30. O kəslər ki, iman gətiriblər, saleh işlər görüblər, bilsinlər, gözəl işlər görənlərin əcrini zay etmərik.

31. Adn cənnətləri gözləyir onları. Oralarda ayaqları altından çaylar axar, qızıl-qızıl bilərziklər taxarlar, nazik, qalın yaşıl geyimlər geyərlər, taxtlarda əyləşərlər. Bu nə gözəl ne'mət imiş, buralar nə yaxşı imiş.

32. Sən onlara nümunə çək iki adamı. İki üzüm bağı vermişdik bunların birinə. Bağların ətrafında xurmalıqlar, aralarında əkin sahələri salmışdıq.

33. Məhsul vermişdi hər ikisi, heç nəyi əsirgəməmişdi öz yiyəsindən. Biz bir çay da axıtmışdıq bağların arasından.

34. Bu adamın başqa gəliri də vardı. Dostuyla söhbətində «Mən səndən varlıyam, sayca [ailənin böyüklüyü baxımından] səndən nüfuzluyam» dedi

35. və girdi bağına. Özünə zülm eləyirdi, dedi: «İnanmıram haçansa bunlar məhv ola.
36. İnanmıram haçansa gələ qiyamət günü. Rəbbimin dərgahına əgər dönəcək olsam, bundan daha yaxşısını mən orada tapacam».

37. Ona cavab olaraq dostu belə söylədi: «Səni öncə torpaqdan, sonra nutfədən, sonra da adam şəklinə salıb yaradanımı danan oldun?»

38. Mənsə deyirəm: «Allahdır O, Rəbbimdir O. Mən Rəbbimə şərik qoşan deyiləm».

39. Sən məgər bağına girdiyin zaman «Mə şə'ə-llah! Güc yalnız Allahdadır» deməli deyildinmi? Axı sən baxmamalıydın ki, mənim mal-dövlətim, övladlarım səninkindən azdır.

40. Rəbbim mənə sənin bağından daha yaxşısını verə bilər, səninkinin üstünə göydən bəla göndərə bilər və o zaman yerlə yeksan olar bağın.

41. Yaxud da quruyar bağının suyu və həmişəlik susuz qala bilərsən».

42. Məhv oldu o adamın bütün məhsulu. Bağının alt-üst olmuş çardaqları önündə duraraq çəkdiyi xərclərinə içində yana-yana «heç kimi Rəbbimə kaş şərik qoşmayaydım» deyirdi.

43. Allahsız qalmışdı deyə heç kimi də yoxdu ona yardım eləyə. Özü də ki, özünə yardım edə bilmədi.

44. Qiyamət günündə hökmranlığı varlığı haqq olan Allah eləyər. Mö'minlərə verəcəyi savab da, aqibət də daha çox xeyir gətirər.

45. Dünya həyatının nə olduğunu anlat onlara, bildir ki, su kimi bir şeydir bu dünya. Səmadan endirərik bu suyu, torpaqdakı bitkilərə qarışar. Bitkilər də sonradan küləklərin sovuracağı çör-çöpə dönərlər. Hər şeyə qüdrəti yetər Allahın.

46. Dünya həyatının ziynətləridir mal-dövlət və oğullar. Qalımlı olansa saleh işlərdir, bunların da daha çox xeyir gətirəcək savabı və bunlarla bağlı olan ən gözəl ümidlərin doğrulmağı Rəbbinin dərgahındadır.

47. Oynadarıq yerindən bir gün dağları, dümdüz görərsən yeri. Bir kimsəni buraxmadan hamını cəm edərik bir yerə.

48. Cərgə-cərgə Rəblərinə təqdim ediləcəklər. «İlk öncə Biz sizi necə yaratmışdıqsa eləcə də yanımıza gəldiniz. Deyirdiniz sizi dirildən deyilik, deyilmi?»

49. O əməl kitabı qoyulanda önlərinə orada yazılan işləklərindən görərsən suçlular necə düşər qorxuya. «Vay bizim halımıza. Xırdalı-irili nə varsa hər şeyi qeydə almış, hər şeyin sayını aparmış bu kitab» deyərlər. Gördükləri işləri çıxmış qabaqlarına. Haqsızlıq eləməz kimsəyə Rəbbin.

50. «Adəmə səcdə eləyin» demişdik mələklərə bir zaman. Hamı səcdə elədi, iblis eləmədi. Cin nəslindəndi o. Rəbbinin əmrindən sapındı iblis. Siz də ki, Məni qoyub iblisi və onun soyundan olanları dost tutursuz özünüzə. Zalımların dostlarını səhv salması nə pis şey imiş.

51. Nə göyləri, yeri yaradanda, nə də onların özlərini yaradanda yardım üçün yanıma çağırmadım onları [iblis və onun törəmələrini]. Adamları azdıran şeytanları Özümə yardımçı eləməmişəm.

52. O gün «Mənə qoşduğunuz şərikləri səsləyin gəlsinlər» deyər Allah. Səsləyərlər, cavab gəlməz. Bir cəhənnəm dərəsi düzəltmişik onların [bütlərlə bütpərəstlərin] arasında.

53. Suçlular elə ki, odu gördülər, bunun içinə düşəcəklərini yə'qin edərlər. Amma oddan can qurtarıb qaçmaq üçün bir yol tapa bilməzlər.

54. Neçə-neçə misal çəkib hər şeyi açıqlamışıq insanlara bu Qur'anda. Ən çoxu da mübahisə eləməkdir insanın [kafirin] iş-peşəsi.

55. Doğru yolu göstərək. Kitab da gələndən sonra insanların imana gəlməyinin, Rəblərindən məğfirət diləməyinin qarşısını təkcə o şey alar ki, öncəki nəsillərin başlarına gələnlər onlara da üz verər, yaxud da onların qarşısına o əzab [Bədr döyüşü zamanı ölümlərilə nəticələnən məğlubiyyat nəzərdə tutulur] çıxar.

56. Peyğəmbərləri göndəririk müjdə verələr, xəbərdarlıq eləyələr. Kafir kimsələrsə mübahisə edərək istərlər batillə haqqı boşa çıxaralar. Ayələrimi və onlara edilən xəbərdarlığı məsxərəyə qoyarlar.

57. Bir adam ki, Rəbbinin ayələri ona oxunmuş ikən bunlardan üz döndərə, gördüyü işlərini unuda, ondan daha zalım kim ola? Onların ürəklərinə pərdə çəkmişik, qulaqlarına ağırlıq qoymuşuq ki, anlamaq istəsələr də anlaya bilməsinlər Qur'anı. Doğru yola səsləsən də onları, əsla gələn deyillər.

58. Və günahlardan keçən və rəhmət yiyəsi Rəbbin əgər günahlarına görə cəza vermək istəsəydi onlara, tələsik göndərərdi Öz əzabını. Amma bunun onlar üçün və'dəsi var. Allahsız qala-qala bundan qaçıb qurtulmaq üçün özlərinə yer tapa bilməz onlar.

59. Bu da ki, o şəhərlər. Zalımlıqlarına görə məhv elədik bunların camaatını. Vaxt qoymuşduq öncədən Biz onların məhvinə.

60. Gənc dostuna bir zaman Musa demişdi: «İki dənizin qovuşuğuna yetişməyincə əl çəkən deyiləm bu səfərimdən, illərlə yol gedərəm mən».

61. İki dənizin qovuşuğuna yetişən zaman ikisi də unutdu o balığı. Yol tapıb dənizə yönəldi balıq.

62. Oradan aralanıb getdilər. «Yeygimizi çıxar yeyək. Yamanca yorulduq bu səfərdən» dedi Musa.

63. «Heç görürsən nə olmuş?! Qayada sığınacaq tapanda unutmuşam balığı. Bunu sənə söyləməyi şeytan unutdurmuş mənə. Qəribə bir şəkildə yol taparaq özünə dənizə yönəlmiş balıq» dedi dostu.

64. «İstədiyimiz də elə bu idi» dedi Musa. Qoyduqları izlərlə geriyə qayıtdılar.

65. Bəndələrimizdən birinə [Xıdıra] rast gəldilər. Ona dərgahımızdan rəhmət bəxş eləmişdik, elm öyrətmişdik.

66. «Sənə tabe olummu haqqı tapmağım üçün mənə də öyrədəsən sənə öyrədiləndən» dedi Musa Xıdıra.

67. «Sən dözə bilməzsən mənim elədiklərimə» dedi o. –

68. «Bilmədiyin bir şeyə necə dözə bilərsən?»

69. «Allah qoysa görərsən mən necə səbrliyəm. Əmrindən çıxan deyiləm» dedi Musa.

70. «Əgər tabesənsə mənə, bir şeyi sənə ezüm söyləməmişkən məndən heç nə soruşma» dedi Xıdır.

71. Yola düzəldilər. Axır gəlib bir gəmiyə mindilər. Gəmini dəlməyə başladı Xıdır. «Suda camaatı boğmaq üçünmü gəmini dəldin? Sən müdhiş bir iş elədin» dedi Musa.

72. «Sənə demədimmi məgər, sən dözə bilməzsən mənim elədiklərimə?» dedi Xıdır.

73. «Unutduğum şeyə görə məni qınama, bu işimə görə məni çox bərkə salma» dedi Musa.

74. Yenə də yol getdilər. Bir oğlan uşağına rast gəldilər. Öldürdü Xıdır onu. «Pak olan bir cana sən necə qıydın, axı o kimsəni öldürməmişdi» dedi Musa.

75. «Sənə demədimmi məgər, sən dözə bilməzsən mənim elədiklərimə?» dedi Xıdır.

76. «Əgər yenə səndən bir şey soruşsam, yoldaşlıq etməzsən mənə, məndən ayrılarsan, buna görə sən məzur da tutularsan» dedi Musa.

77. Yenə də yol getdilər. Axır gəlib bir şəhərə yetdilər. Şəhər əhlindən yemək istədilər, onları yeməyə qonaq etmək istəmədilər. Az qala uçulacaq bir divara rast gəldilər şəhərdə. Divarı düzəltdi Xıdır. Musa dedi: «İstəsəydin buna görə bir mükafat alardın».

78. Xıdır dedi: «Ayrılıq vaxtı çatmış. Səndən ayrılmamışdan səbrin çatmadığı şeylərin yozumunu sənə bir-bir deyəcəm.

79. O gəmi dənizdə çalışan bir neçə yoxsulun gəmisiydi. Onu korlamaq istədim. Çünki saz olan hər gəmini yiyəsindən zorla alan bir hökmdar güdürdü onları arxasından.

80. O oğlana gəlincə, mö'min kimsələrdi onun ata-anası. Qorxduq ata-anasını azğınlığa, küfrə sürükləyə bu uşaq.

81. Rəbblərindən dilədik ki, bundan daha pak, daha mərhəmətli olan bir övlad bəxş eləsin onlara.

82. O gördüyün divar isə şəhərdə yaşayan iki yetim oğlanındı. Altında onların xəzinəsi var idi. Ataları da yaxşı bir kişi idi. Rəbbin istədi ərsəyə yetsin yetimlər, sonra Rəbbindən rəhmət olaraq çıxarsınlar özlərinin xəzinəsini. Mən bunları özbaşıma eləmədim. Səbrinin çatmadığı işlərin yozumu budur».

83. Səndən Zu-l-Qarneynin barəsində soruşarlar. De ki, «Ondan sizə bir əhvalat danışacam».
84. Yer üzündə yer verdik ona, hər şeyin yolunu öyrətdik ona.

85. Bir yol tutub getdi o.

86. Axır gəlib günbatana yetdi o. Bulanıq bir bulaqda batan gördü günəşi. Bir qövmə rast gəldi bulaq başında. Dedik: «Zu-l -Qarneyn! Onları ya işgəncəylə, ya da gözəl rəftarla yola gətir».

87. Dedi: «Kim haqsızlıq eləyərsə, ona əzab verərik, sonra dönər öz Rəbbinin dərgahına və görünməmiş bir əzaba uğradar Rəbbi onu orada.

88. Kim imana gələrsə, saleh bir iş görərsə, gözəl bir mükafat gözləyir onu. Və yüngül buyruqlar verərik ona».

89. Sonra yenə bir yol tutub getdi o.

90. Axır gəlib gündoğana yetdi o. Bir qövmün başı üstə doğan gördü günəşi. O qövmün ki, heç bir örtük verməmişdik onlara qorunalar günəşdən.

91. Deməli, belə ... Zu-l-Qarneynin hər varından [qoşun, alətlər və s.] vardı Bizim xəbərimiz.

92. Sonra yenə bir yol tutub getdi o.

93. Axır gəlib iki səddin arasına yetdi o. Deyiləni çətinliklə anlayan bir qövmə rast düşdü orada.

94. Dedilər: «Zu-l-Qarneyn! Yəcuc və Məcuc buralarda qarışıqlıq salırlar. Sənə xərac verəkmi bizimlə onların arasında bir sədd çəkəsən?»

95. Zu-l-Qarneyn dedi: «Rəbbimin verdiyi daha verimli. Mənə öz gücünüzlə yardım eləyin bir sədd çəkim aranızda.

96. Dəmir külçələr gətirin». İki dağın arasını bunlarla doldurtdurub «Körükləyin» dedi. Od tutaraq qızaranda dəmirlər «Mis ərintisi gətirin töküm odun içinə» dedi.

97. Nə bu səddin üstündən aşmaq oldu, nə onu dələrək içindən keçmək oldu.

98. Zu-l-Qarneyn dedi: «Rəbbimin verdiyi bir rəhmətdir bu. Və'dinin və'dəsi yetişəndə Rəbbim yerlə-yeksan edər səddi. Gerçəkdir Rəbbimin və'di».

99. O gün biz onları tərk eləmişdik, dalğa-dalğa qarışırdılar biri-birinə. Sur çalınantək hamısını cəm elədik bir yerə.

100. Və cəhənnəmin hər üzünü göstərdik kafirlərə.

101. Yumuluydu gözləri Mənim öyüdlərimə, eşidə bilmirdilər dediklərimi.

102. Məni qoyub bəndələrimə [mələklərə, İsaya, Yzeyrə] dostlar olaraq tapınmaqda özlərinə bir faydamı gördülər kafirlik edən kəslər? Cəhənnəmi kafirlər üçün Biz sahmana salmışıq.

103. De ki, «Gördükləri işlərinin üzündən ən çox ziyan çəkənlərdən sizlərə danışımmı?»

104. Dünya həyatında göstərdiyi sə'yində sapmış onlar. Amma elədiklərini yaxşılıqlar sanarlar.

105. Bunlar o kəslərdir ki, danmışdılar Rəblərinin ayələrini, Onunla körüşməyin haqq olduğunu. Batil olmuş işləri. Qiyamət günündə Biz onlara heç bir dəyər vermərik.

106. Budur onların cəzası - cəhənnəm. Ayələrimə və elçilərimə rişxənd eləyirdilər.

107. O kəslər ki, iman gətiriblər, saleh işlər görüblər, onlar üçün Biz sahmana salmışıq Firdous cənnətlərini.

108. Oralarda əbədilik qalarlar, heç bir yerə dəyişməzlər o yerləri.

109. De ki, «Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb ola, Rəbbimin sözləri tükənməz ki, dəniz tükənər. Bir o qədər də mürəkkəb gətirsək yardım üçün, yazmaq üçün, Rəbbimin sözləri tükənməz ki, tükənməz».

110. De ki, «Mən də sizin kimi bir bəşərəm. Mənə vəhy olunur: Tanrınız tək Tanrıdır. Rəbbinə qovuşmağı uman kəs əməli saleh olmalı, Rəbbinə ibadət eləyirsə, heç kimi Ona şərik qoşmamalı».

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.