Rəhman
və Rəhim Allahın adıyla
1. Ucalardan ucadır Allah,
Məscidi Haramdan ətrafını barlı-bərəkətli elədiyimiz Məscidi Aksaya
aparmış Öz bəndəsini bir gecə. Aparmış ki, ayələrimizdən bə'zisini
ona göstərək. Şübhəsiz, eşidəndir, görəndir hər şeyi Allah.
2. «Məndən başqasını
vəkil tutmayın» deyə İsrail oğullarına yol göstərən Kitab verdik
Musaya.
3. Ey Nuhla birgə gəmidə
daşıyaraq nicat verdiyimiz kimsələrin törəmələri! Şübhəsiz, çox
şükr eləyən bir bəndəydi Nuh.
4. Biz Kitabda [Tövratda]
belə bir hökm kəsdik İsrail oğullarına: «O yerdə siz iki kərə
qarışıqlıq salacaqsız və lovğalandıqca lovğalanacaqsız».
5. İlk öncə olacağın
və'dəsi yetişən zaman çox güclü bəndələrimizi sizin üstünüzə saldıq,
onlar da yurdunuzda hər bir evi nəzarətə aldılar. Bu bir və'd
idi, yerinə yetməliydi.
6. Sonra itkilərinizi
yenidən bərpa elədik. Mal-dövlət, oğullar verərək sizə yardım
göstərdik, sayınızı çoxaltdıq.
7. Yaxşılıq eləsəniz,
özünüzə yaxşılıq eləmiş olursunuz. Pislik eləsəniz də eləcə. Sonuncu
olacağın və'dəsi yetişən zaman yenə bəndələrimizi göndərdik ki,
üzünüzü qaraldaraq pis günə qoyalar sizi, ilk dəfə olduğu sayaq
Beyt əl-Məqdisə girələr və ələ keçirdiklərini məhv edələr.
8. Dedik bəlkə bundan
sonra rəhmi gələ sizə Rəbbinizin. Bir də fəsad törətsəniz, Bizim
də üzümüz dönər və cəhənnəmi kafirlərə məhbəs edərik.
9. Şübhəsiz, ən düz yola
yönəldir insanları bu Qur'an. Böyük bir əcirlə müjdələyir yaxşı-yaxşı
işlər görən mö'minləri bu Qur'an.
10. O kəslər ki, axirətə
inanmayırlar, ağrılı bir əzab hazırlamışıq onlara.
11. Xeyir-dua dilədiyi
sayaq şər-dua da diləyər insan [xeyir iş görmək istəyə-istəyə
özünə şər qazanar]. Əslində hər şeydə hövsələsizdir insan.
12. İki ayə olaraq var
elədik biz kecəni, gündüzü. Gecənin ayəsini yox eləyib [rahatca
uyumağınız üçün işığını söndürüb] gündüzün ayəsini nur olaraq
var elədik ki, arayasınız Rəbbinizin kərəmini, biləsiniz ilin,
vaxtın hesabını. Bildirmişik hər şeyi birər-birər.
13. Hər insanın tale
yükünü, gördüyü işlərin yükünü boynuna yükləyib ona daşıtdırarıq
və qiyamət günü vərəq-vərəq açarıq önündə bir kitabı.
14. «Oxu kitabını, sən
özün özünə bəsinsən bu gün, özünlə özün çək haqq-hesabını».
15. Kim taparsa doğru
yolu, bu onun lehinədir, kim saparsayolundan, bu onun əleyhinə.
Günahı olan adam başqasının günah yükünü daşıyan deyil. Biz elçi
göndərməyincə əzab verən deyilik.
16. Hər hansı şəhəri
məhv eləmək istəsək varlı-karlı başçıları doğru yola çağırarıq,
əmrimizdən çıxarlar-gerçək olar istəyimiz, darmadağın edərik bu
şəhəri.
17. Nuhdan sonra neçə-neçə
nəsli yox elədik. Bəndələrinin günahlarını təkcə Rəbbinin bilməyi
və görməyi bəs eləyər onlara.
18. Tələsiyən həyatı
[dünya həyatını] istəyən kəs bilsin, istədiyimiz adama istədiyimiz
qədər tələsik verərik onu. Sonra cəhənnəm edərik beləsinin yerini
və qınanmış, qovulmuş təkin vasil olar oraya.
19. Axirəti arzulayan,
iman gətirərək ona layiq sə'y göstərən kimsələrin sə'yləri qəbul
buyurular Allahın dərgahında.
20. Hamısına - onlara
da, bunlara da verərik Rəbbinin vergisindən. Rəbbinin vergisi
heç kimə yasaq deyil.
21. Onların birini digərindən
gör bir necə bu dünyada üstün tutmuşuq. Daha böyük məqamlar, daha
böyük üstünlüklər isə axirətdədir.
22. Allaha tay tutmayasan
başqa tanrını, yoxsa qınanmış olarsan, təkbaşına qalarsan.
23. Rəbbin buyurmuş ki,
təkcə Ona ibadətdə olasız, ataya-anaya yaxşılıqlar edəsiz. İkisindən
birisi, yaxud da hər ikisi qocalıq çağlarında sənin yanındadırsa,
nəbadə «Uf» deyəsən, onların üstünə səsini ucaldasan. Sən onlarla
gözəl danış, gözəl din.
24. Onlar üçün rəhm umaraq
tapdala öz qürurunu və de ki, «Rəbbim, məni uşaqlıqdan necə böyüdüblərsə,
Sənin də onlara rəhmin gəlsin eləcə».
25. Rəbbiniz daha yaxşı
bilir içinizdə olanı. Düz əməlli olsanız, bilin, Ona itaətə qayıdanların
günahından keçər O.
26. Qohuma, yoxsula və
yolçuya haqqını ver. Sərvətini əbəs yerə səpələyib sovurma.
27. Sərvətini əbəs yerə
səpələyib sovuranlar şeytanların dostlarıdır. Şeytan da ki, nankor
çıxmış Rəbbinə.
28. Rəbbindən umduğun
rəhməti gözlədiyinçün [kasıb düşən vaxtında] məcbur olsan onlardan
[qohum, yoxsul və yolçudan] üz döndərəsən, barı yüngülcə bir sözlə
könlünü al onların.
29. Əlini bağlı tutub
xəsislik eləmə, büsbütün də açma onu, yoxsa qınayarlar səni, peşmançılıq
çəkərsən.
30. İstədiyi kimsəyə
bol-bol, istədiyi kimsəyə də müəyyən bir miqdar ilə verər ruzini
Rəbbin. Şübhəsiz, bəndələrinin halını biləndir, görəndir O.
31. Yoxsulluqdan qorxaraq
övladlarınızı öldürməyin. Sizin də, onların da ruzisini verən
Bizik. Onları öldürmək, şübhəsiz, böyük günah deməkdir.
32. Zinaya yaxın durmayın,
çirkin bir əməldir, pis bir yoldur bu.
33. Allahın haram qıldığı
canı haqq aşkara çıxmayınca öldürməyin. Haqsız yerə öldürülən
kimsənin yiyəsinə haqq vermişik ölüsünün haqqını qatildən ala.
Ancaq o da öldürəndə həddini aşmamalı [qatilin yerinə başqasını
öldürməməli]. Şübhəsiz, ona da yardımımız yetişər.
34. Ərsəyə yetməyincə
yetim yalnız insafla davranın onun malıyla. Vəfa edin əhdinizə.
Verdiyi əhdə görə hər kəs cavab verməli.
35. Ölçüdə-çəkidə düzlük
gözləyin. Bu daha yaxşı olar, daha çox xeyir gətirər.
36. Bilmədiyin bir şeyin
dalına düşmə. Şübhəsiz, qulaq, göz və ürək - bunların hamısı sorğuya
çəkilər tutduğun işə görə.
37. Torpağın üstündə
şəstlə yerimə, yeri deşən deyilsən, boyun çatmaz dağlara.
38. Məkruh olan pis şeylərdir
bunların hamısı Rəbbinin dərgahında.
39. Bu dediklərimiz hikmətlərdir,
Rəbbin sənə vəhy eləmiş. Başqa bir tanrını Allaha tay tutmayasan.
Yoxsa qınanmış və qovulmuş təkin atılarsan cəhənnəmə.
40. Rəbbinizmi sizin
üçün oğlanları, Özü üçün mələkləri qızlar olaraq seçib ayırmış?
Böyük-böyük danışırsız doğrusu.
41. Bu Qur'anda Biz hər
şeyi birər-birər açıqlamışıq ki, öyüd alalar. Yalnız nifrətini
artırmış bu onların.
42. De ki, «Dedikləri
sayaq Ona tay tanrılar olsaydı əgər, ərşin sahibinə sarı yol arayardı
bunlar».
43. Dediklərinin fövqündədir,
ucadan ucadır, uludan uludur O.
44. Öyər Onu yeddi göy,
yer və bunlarda olanlar. Bir məxluq olmaz ki, Onu öyməyə. Amma
siz anlamazsız onların öyümünü. Şübhəsiz, çox həlimdir, günahlardan
keçəndir O.
45. Qur'an oxuduğun zaman
səninlə axirətə inanmayanların arasına gizli bir pərdə salarıq.
46. Yrəklərinə bir örtük
çəkərik ki, anlamaq istəsələr belə anlaya bilməsinlər oxuduğunu.
Qulaqlarından da ağır bir yük asarıq. Təkcə Rəbbinin adını anan
zaman Qur'anda nifrətlə geriyə dönüb gedərlər.
47. Biz çox yaxşı bilirik
nə səbəbə səni dinləyir onlar və yaxşı bilirik ki, gizli söhbətlərində
zalımlar «Siz sadəcə cadulanmış bir adamın arxasınca gedirsiz»
deyirlər.
48. Gör bir səni nələrə
bənzədirlər. Doğru yoldan azmış onlar, doğru yola aparan bir yol
da tapmaz onlar.
49. Dedilər: «Sümüklərimiz
çürüyəndən sonramı yenidən xəlq edilib diriləcəyik?»
50. De ki, «İstər daş
olun, istər dəmir,
51. istər də ürəyinizdə
böyütdüyünüz hər hansı bir varlıq olun, hökmən diriləcəksiniz».
Deyəcəklər: «Kim bizi qaytaracaq həyata?» De ki, «Sizi ilk öncə
yaradan». Və təəcüblə baxaraq sənin üzünə «Bu nə zaman olacaq?»
deyərlər. De ki, «Olsun yaxın zamanda».
52. Sizi çağırdığı gün
Onu həmd edərək çağrışına gələrsiz və sizə elə gələr ki, torpağın
üstündə və altında çox az müddət qalmısız.
53. Bəndələrimə de ki,
danışarkən bir-birinə gözəl-gözəl sözlər desinlər. Şeytan vurmaq
istər aralarını. Şübhəsiz, açıqca düşməndir insana şeytan.
54. Rəbbiniz daha yaxşı
tanıyır sizi. İstəyəndə rəhmi gələr, istəyəndə əzab verər sizə
O. Biz səni onlara vəkil göndərməmişik.
55. Rəbbin daha yaxşı
bilir göylərdəkilər kimdir, yerdəkilər kim. Bir-birindən üstün
tutduq peyğəmbərləri. Davuda da Zəbur verdik.
56. De ki, «Allahı qoyub
başqalarına tanrılar olaraq tapınırdınız, çağırın gəlsin onlar.
Düşdüyünüz sıxıntıdan sizi nə çıxara bilərlər, nə də bu sıxıntını
bir yana döndərərlər».
57. Dua etdikləri bütləri
də, bunların Ona ən yaxın olanları da Rəblərinə yaxınlaşmaq üçün
vəsilə axtararlar. Onun rəhmətini dilərlər, əzabından qorxarlar.
Həqiqətən də, Rəbbinin əzabından həzər etməli!
58. Elə bir şəhər yox
ki, qiyamət günü gəlməzdən öncə onu yox eləməyək, şiddətli bir
əzaba onu uğratmayaq. Bu, Kitabda yazılmış.
59. Mö'cüzələr göndərməkdən
Bizi saxlayan odur ki, öncəki nəsillər danmışdılar onları. Gözlə
görülə bilən bir mö'cüzə - dişi dəvə vermişdik Səmuda. Zülm etdilər
dəvəyə. Yalnız qorxuzaraq imana gətirmək üçün göndəririk mö'cüzələri.
60. Bir vaxt sənə demişdik: «Rəbbin insanları salmış əhatəsinə».
Sənə göstərdiyimiz görümlə, Qur'anda göstərilən mə'lum ağacla
sınamışdıq insanları sadəcə. Qorxuzurduq onları. Amma bu da böyüdürdü,
artırırdı onların azğınlığını.
61. «Adəmə səcdə eləyin»
söyləmişdik mələklərə bir zaman. Onlar səcdə elədilər, iblis eləmədi,
«Gildən yaratdığınamı səcdə eləyim?» dedi.
62. «Bir de görüm məndən
üstün yaratdığın kimsə bumu? And olsun ki, qiyamətə qədər mənə
möhlət versən əgər, mən bundan törəyənləri nəsil-nəsil yox edərəm,
yalnız az bir qisminə ilişməz mənim şərim».
63. «Get və bil ki, onlardan
kim sənə uyacaq olsa, bütöv bir cəza olaraq cəhənnəmdir hamınızın
cəzası» dedi Allah.
64. «İnsanlardan kimə
gücün yetərsə səsinlə oynat onu yerindən, atlılarını, piyadalarını
qat onların içinə, şərik çıx onların mal-dövlətinə, övladlarına
[bunları haram yolla qazanmağa sövq elə], və'dlər ver onlara -
aldatmaqdan savayı bir şey və'd eləməz onlara şeytan. –
65. Mənim mö'min bəndələrimə
isə sənin gücün yetən deyil!» Rəbbinin vəkilliyi yetər onlara.
66. Onun bol ne'mətindən
əldə edəsiz deyə dənizdə gəmiləri sizdən ötrü üzdürən Rəbbinizdir.
Şübhəsiz, sizə qarşı Rəhimdir O.
67. Dənizdə bir sıxıntıya
düşsəniz, Ondan başqası adına tanrılar olaraq dua elədikləriniz
yox olub gedərlər. Elə ki, quruya çıxardı sizi, Ondan üz döndərərsiz.
Nankordur insan beləcə.
68. Məgər siz əminmisiniz,
O sizi quruda da yerə batırmayacaq, başınıza daş yağdırmayacaq?
Bundan sonra özünüzə bir vəkil də tapmazsınız.
69. Yoxsa siz əminmisiniz,
küfrünüzə görə O sizi bir daha dənizə qaytarmayacaq, hər şeyi
yarıb keçən fırtınalı bir küləyi üstünüzə göndərməyəcək, sizi
suda boğmayacaq? Bundan sonra özünüzə bir dost da tapmazsınız
bu elədiyimizə görə Bizdən cavab istəyə.
70. Bolluca ne'mət vermişik
Adəm oğullarına. Quruda, dənizdə daşımışıq onları. Təmiz-təmiz
şeylərdən ruzilər vermişik onlara. Yaratdıqlarımızın çoxundan
üstün tutmuşuq onları.
71. O gün bütün insanları
başçılarıyla birgə çağırarıq bir yerə. Əməl dəftərləri sağ əldən
verilənlər oxuyarlar dəftərlərini. Az da olsa haqlarında bir haqsızlıq
edilməz.
72. Bu dünyada kor olan
kəs kordur axirətdə də. Doğru yoldan sapmışların sapmışıdır beləsi.
73. Azca qalmışdılar
səni vəhy elədiyimizdən ayırıb fitnə toruna salalar, bizə yalan
yaxaraq başqa bir şey deyəsən. Bundan ötrü səni özlərinə dost
da seçmək istədilər.
74. Sənə səbat verməsəydik,
az qala azacıq meyl edəcəkdin onlara.
75. O zaman həyatın da,
ölümün də əzabını Biz sənə iki qat dadızdırardıq. Və bizə qarşı
çıxmaq üçün kimsə yardım eləməzdi sənə.
76. Az qalmışdılar yürdundan
didərgin salalar səni. Səndən sonra orda çox qalmazdılar.
77. Səndən öncə göndərdiyimiz
peyğəmbərlərin taleyinə yazılan qanundur bu. Bir şey dəyişilməmiş
Bizim qanunumuzda.
78. Günəş qərbə əyiləndən
gecənin zülməti gələnə qədər namaz qıl. Qur'an oxunan sübh namazını
da unutmayasan. Mələklər şahidlik edərlər sübh vaxtının namazına.
79. Gecənin bir vaxtı
oyan və yalnız sənə aid olan namazı da qıl. Bəlkə həmd edilən
bir məqama qovuşdura Rəbbin səni bununla.
80. De ki, «Rəbbim, məni
salacağın yerə [Mədinəyə] sidq ilə sal razı qalım, çıxaracağın
yerdən də elə çıxar ki, ürəyim orada qalmasın. Mənə Öz dərgahından
dəlil ver köməyim olsun» .
81. De ki, «haqq üzə
çıxmış, batil yoxa çıxmış». Yoxluğa məhkumdur batil, şübhəsiz.
82. Mö'minlərə Qur'andan
şəfa və rəhmət verən şeylər nazil eləyirik. Bu da yalnız zalımların
ziyanını artırır.
83. Elə ki, insana ne'mət
verərik, üz çevirib uzaqlaşar verdiyimizdən. Bir şərə ilişəndə
isə mə'yus düşər beləsi.
84. De ki, «Hərə öz biçimində
görər işini. Rəbbiniz yaxşı bilir kim daha çox doğru yola tapınmış».
85. Səndən ruh barədə
soruşarlar. De ki, «Rəbbimin işidir ruh. Sizə elm adlı şeydən
çox az vergi verilmiş».
86. İstəsəydik Biz əgər
sənə vəhy elədiyimizi aradan qaldırardıq. O zaman bir kimsə belə
tapılmazdı Bizə qarşı çıxmaq üçün sənə vəkillik eləyə.
87. Vəhylərini səndə
saxlamışsa O, demək rəhmətini Rəbbin sənə bəxş eləmiş. Şübhəsiz
böyükdür sənə verdiyi ne'mət.
88. De ki, «Bütün insi-cin
bir yerə cəm ola və gətirmək istəyələr bu Qur'anın mislini, gətirə
bilməzlər onun mislini arxa durub bir-birinə yardım eləsələr də».
89. İnsanlara Biz hər
şeyi neçə-neçə misalla açıqlayıb bildirmişik bu Qur'anda. Fəqət
küfrdən əl çəkməmiş ki, çəkməmiş əksər adamlar.
90. Dedilər: «Yerdən
bizə bir bulaq qaynatmayınca sənə iman gətirən deyilik.
91. Yaxud da sənin xurmalı,
üzümlü bir bağın olmalı ki, ağaclar arasından çaylar axıtmalısan
orada.
92. Ya da dediyin kimi
parça-parça başımıza tökməlisən səmanı, yaxud da önümüzə gətirməlisən
Allahı və mələkləri.
93. Ya qızıldan evin
olmalı, ya da göyə qalxmalısan - oxumalı olduğumuz bir Kitab göndərməsən
bizə oradan, sənin göyə qalxmağına inanmarıq da». De ki, «Ucalardan
ucadır Rəbbim. Mən də peyğəmbər olaraq göndərilən bir bəşər deyiləm,
bəs nəyəm?»
94. İnsanların imanının
qarşısını təkcə o şey alar ki, doğru yol çıxan zaman qarşılarına
«Allah bizə peyğəmbər olaraq bir bəşərmi göndərdi?» söyləyər onlar.
95. De ki, «Yer üzünün
sakinləri burda gözib-dolaşan mələklər olsaydılar, Biz səmadan
onlara elçi olaraq bir mələk göndərərdik».
96. De ki, «Mənimlə sizin
aranızda Allahın şahidliyi yetərlidir». De ki, «Bəndələrin halını
biləndir, görəndir O».
97. Allah kimi yönəldirsə
doğru yola, tapıbdır o haqq yolunu. Kimi də azdırırsa, Allahsız
olduğundan dostsuz qalar beləsi. Kor olaraq, lal olaraq, kar olaraq
üzü üstə sürükləyib cəm edərik onları bir yerə qiyamət günü. Cəhənnəmdir
onların yuvası. Səngiyəndə hər dəfə cəhənnəm odu, od üstünə od
qoyub artırarıq alovu.
98. Bu, onlara verdiyimiz
cəzadır. Ayələrimizi danmışdılar, «Sümüyümüz çürüyüb torpağa qarışandan
sonramı yenidən xəlq edilib diriləcəyik?» söyləmişdilər.
99. Göyləri, yeri yaradan
Allah onlar sayaq məxluqlar yaratmağa da qadirdir axı, bilməzmi
oldular bunu? Onlar üçün əcəl [ölməyin və dirilməyin vaxtını]
tə'yin eləmiş O, bu əcəlin gəlməyinə şübhə yox. Zalımlar da küfrdən
əl çəkməz ki, çəkməzlər.
100. De ki, «Rəbbimin
rəhmət xəzinələrinə siz sahib olsaydız belə xərcləməkdən çəkinərək
onlardan bərk tutardınız». İnsan çox xəsis olar.
101. Doqquz sayda aşkar
[əsa, işıldayan əl, çəyirtgə, qurbağa, qan, tufan, məhsul qıtlığı,
İsrail oğullarının başı üstünə dağın qaldırılması, daşdan suyun
fışqırması] vermişdik Biz Musaya. Bunu İsrail oğullarından soruşa
da bilərsən. Onların yanına [Fir'onun sarayına] gələndə Musa «Ey
Musa, görürəm cadulayıblır səni» demişdi Fir'on.
102. «Sən ki, artıq bilirsən,
yalnız göylərin, yerin Rəbbi nazil eləyib bunları». Eləyib ki,
görüb ibrət alalar. Ey Fir'on, mən də səni artıq məhv olmuş sanıram»
demişdi Musa.
103. Fir'on istədi onları
[Musanı və qövmünü] yerindən eləyib didərgin sala. Biz də suda
boğduq onu və onunla olanların hamısını.
104. Sonra İsrail oğullarına
«Bu torpaqda məskunlaşın. Elə ki, qiyamət və'dəsi gəlib yetişdi,
hamınızı bir yerə cəm edərik» dedik.
105. Biz Qur'anı haqq
olaraq nazil etmişik və haqq olaraq qalmış o. Səni də yalnız müjdə
verən, xəbərdarlıq eləyən bir elçi olaraq göndərmişik.
106. Qur'anı hissə-hissə
nazil eləmişik ki, sən onu insanlara tələsmədən oxuyasan.
107. De ki, «Siz ona
inana da bilərsiniz, inanmaya da. Fəqət Qur'an nazil olmamışdan
elm alan kəslər Qur'an oxunan zaman üzü üstə yerə düşərək səcdəyə
qapılarlar».
108. Deyərlər: «Ucalardan
ucadır Rəbbimiz. Şübhəsiz, Rəbbimizin və'di gerçək olacaq».
109. Yzüqoylu düşərək
ağlayar onlar. Onların Allaha tə'zimini daha da artırar Qur'an.
110. De ki, «İstər Allah,
istər Rəhman deyin Ona, hansını deyirsiz deyin. Təkcə Ona aiddir
ən gözəl adlar». Sən namaz qılan zaman nə çox ucadan, nə də çox
pəsdən oxu, bu ikisinin arasında orta bir səs seçib oxu.
111. Və belə de: «Həmd
olsun Allaha, yoxdur Onun uşağı, yoxdur Onun tanrılıqda şəriki,
heç zaman alçalmamış, heç kəsdən yardım almamış». Ululardan ulu
bilib tə'riflə Onu.
|