Uca Tanrı Quranda bütün xalqlara peyğəmbər göndərildiyini
deyir. Bu, Onun rəhməti, insanlara acıması, yardımıdır: «Hər bir
millətin bir peyğəmbəri vardır» (Rad, 7). Peyğəmbərlər yüksək
mənəvi dəyərlər sahibi olur. Allah taala onları insanların içindən
seçir. Xəlifəlik vəzifəsini lazımınca yerinə yetirməyin məsuliyyətini
dərk edib bütün çətinliklərə qatlanan bu insanlar Allah qatında
yüksək nüfuz sahibidirlər: «Peyğəmbərə salavat göndərər Allah
və mələklər» (Əhzəb, 56).
Allah peyğəmbərləri göndərir
ki, onlar insanlara salamatlığa və səadətə aparan yolları göstərsin.
«Məxluqatın peyğəmbərlərə olan ehtiyacı insanların həkimə olan
ehtiyacı kimidir. Ancaq bu fərqlə ki, həkimin doğruluğu yoxlamaqla,
peyğəmbərlərinki isə möcüzə ilə olur» yazır Qəzali.
Bəlaların ən
böyüyü peyğəmbərlərə gəlir
Peyğəmbərlər Allahın
sevdiyi kəslərdir. Onlar haqq yolunda insanların mürşidi, yollarına
işıq tutan kəslər olublar. Allah sevgisi ilə hər şeyi ediblər.
İnsanların çoxunun tab gətirmədiyi situasiyalarda Allah sevgilərinin
daha üstün olması səbəbindən hər şeyə dözüblər, qatlanıblar. Deyirlər
ki, bəlaların ən böyüyü peyğəmbərlə gəlir. Və başqa insanlar da
insanlığı nə qədər yüksəkdirsə, daha çox sıxıntıya məruz qalır.
Onlar Allahın qəhrini də lütfü kimi könül xoşluğu ilə qəbul edəcək
bir səlim qəlb sahibi olarlar.. Bu xüsusu nəzərə alıb deyirlər
ki, bu dünya axirət ərlərinə, axirət də bu dünya adamlarına haramdır.
Axilles qəhrəman
deyil
Axilles qəhrəman deyil.
O, anasının onu yeraltı çayda çimizdirməsi, bu səbəbdən də ona
ox və qılıncın təsir etməməsi səbəbilə qalib gəlir başqalarına.
Bu, start vəziyyətində oyun qaydalarının pozulması yolu ilə, ədalətsizlik
yolu ilə qələbədir. Amma peyğəmbərlərin işi başqadır. Onlar peyğəmbərliyə
nə soy ilə nail olublar, nə də sehrli bir özəlliklə başqalarından
fərqləndiriliblər. Daha doğrusu, onlara verlən bu və ya digər
imkan üçün birinci növbədə onlar bərabər start vəziyyətində öz
imanları ilə hamıdan üstün olublar. Peyğəmbərlərlə hökmdarların
fərqi isə odur ki, birincilər hilminin və insanlara sevgisinin
əzabını çəkir, ikincilər isə hökm etmənin zövqünü dadır.
Suçlulardan ibarət
düşmənlər
Peyğəmbərlər dünyadakı
nöqsanlılarla üz-üzə olub, ömürləri mücadilə ilə keçir. Onların
tərəf müqabili günahkarlar, tamam əks qütbdə olan insanlardır.
«Biz hər bir peyğəmbərə suçlulardan ibarət düşmənlər var etmişik"
(Furqan, 31). Peyğəmbərlər onlara alternativ
göstərir: başqa cür də yaşamaq olar, belə daha yaxşıdır, bu cür
yaşayıb Allah razılığına nail olmaq olar. Onda təkcə müvəqqəti
olan bu dünyada yox, həm də müvəqqəti olmayan o dünyada da özünə
xoş sonuc əldə edərsən. Peyğəmbərlər onlara yol göstərir ki, içlərindəki
pozitiv potensialın varlığının fərqində olsunlar, onu hərəkətə
gətirsinlər və faydasındın bəhrələnsinlər. Müqəddəs Kitabımızdan
öyrənirik ki, peyğəmbərlər də səhvə yol verərmiş. Axı İnsandılar!
Beləliklə...
Adəm peyğəmbər
Adəm ilk insan və peyğəmbərdir.
Onun üçün asan olan o idi ki, Allah dərgahında olmuşdu. Yaşamaq
üçün cənnətə gətirilmişdi. Və burada yaşamaq üçün imtahandan uğurla
çıxmalı idi. Allah taala onunla əhd də bağlanmışdı: «Biz Adəmlə
əhd bağlamışdıq» (Ta-hə 115). Amma Adəm peyğəmbər
bu imtahandan uğurla çıxmır. Qadağan olunmuş meyvə qarşısında
əhdi unudur və cənnətdən qovulur. Bu, şeytanın fəal cəhdləri ilə
baş tutub: «Şeytan pıçıldadı: «Ey Adəm, sənə əbədiyyət ağacını,fani
olmayan bir səltənəti göstərimmi? O ağacın meyvələrindən yedilər,
ayıb yerləri göründü. Bunları cənnət yarpaqlarıyla örtməyə başladılar»
(Ta-hə,120-121). Rəbbimiz Adəm peyğəmbəri zəif
olmaqda, səbatsızlıqda qınyaır: «Əhdini unutdu o. Səbat adlı şey
görmədik biz onda» (Ta-hə, 115).
Yunus peyğəmbər
Quranda deyilir ki, Yunus
peyğəmbər böyük bir şəhərə peyğəmbər olaraq göndərilibmiş. «Yüz
min, yaxud daha çox adama peyğəmbər göndərdik onu» (Saffət,
147). Bu şəhərin Dəclənin kənarında, indiki Mosulun yerində
olan Ninəva şəhəri olduğu güman edilir. Rəvayətə görə, Yunus peyğəmbər
otuz üç il camaatı imana çağırıb, amma cəmi iki adam iman edib.
Və o dözməyib, yorulub, usanıb, vəzifəsini yarımçıq qoyaraq şəhəri
tərk edib. Quranda səbrsizlik qınağı Yunus peyğəmbərə də ünvanlanıb:
«Rəbbin Öz hökmünü verənə qədər səbr elə! Balıq sahibinə (Yunus
peyğəmbər) oxşamayasan» (Qələm, 48). Quranda
onun hirslənib getdiyi deyilir: «Zunnunu da yada sal. Hirslənərək
gedərkən zənn elədi Biz onu sıxıntıya salmarıq. Və nəhayət, qaranlıqlar
içində «Səndən başqa tanrı yoxdur. Ucalardan ucasan. Mən gerçəkdən
zalım idim!» deyərək çağırmışdı Rəbbini» (Ənbiya, 87).
«Batmaq təhlükəsi yaranan zaman püşk atdılar. Yunusun bəxtinə
düşdü püşk» (Saffət, , 141).
Musa peyğəmbər
Musa peyğəmbər tutulan
iradlardan biri onun səmimiyyəti ucundan yol verdiyi xəta ilə
bağlı idi. Bir adam öldürmüşdü. «Sən qətlə yetirmişdin bir nəfəri...»
(Ta-hə, 40). Bu qətllə bağlı başqa bir yerdə – Qasas
surəsində məlumat verilir: «Gördü iki nəfər bir-birilə
boğuşur. Biri öz qövmündən, digəri düşmənlərdən idi. Qövmündən
olan kimsə düşməni əleyhinə yardım istədi Musadan. Musa düşmən
qövmdən olanı elə vurdu ki, oradaca canı çıxdı» (Qasas,
15). Musa peyğəmbər sonradan o qışqırıqçının fitnəkar
olduğunu anlayır və Allah onun suçunu bağışlayır. Quranda Musa
peyğəmbərin Xızırla qarşılaşması da verilir. Onda biliyinin çox
olması qənaəti yaranmaışdı. Şəms Təbrizli «Məqalat»ında
yazır: Həzrəti Musa (Tanrının salamı üzərinə olsun) «Mən yer üzündə
olan insanlardan daha bilikliyəm» deyə bir az təkəbbür göstərincə
Allah onu Xızır əleyhissalama həvalə etdi ki, onunla dolaşsın,
mənlik fikrini özündən uzaqlaşdırsın»
Davud peyğəmbər
Rəvayətə görə, Davud peyğəmbərin 99 arvadı olub. Bir gün balkonda
duranda daha bir gözəl qadın görür və ona da evlənmək istəyir.
Allaha dua eləməyə başlayıb. Bu vaxt iki nəfər gəlib və onunla
görüşmək istədiyini deyib. Gözətçilər buraxmasa da, onlar divardan
keçirlər. Biri Davud peyğəmbərin sağında, o biri solunda oturub.
Həmin rəvayət Qurandakı bu ayələr əsasında yaranıb: «Xəbərin varmı
sənin o şikayətçilərin əhvalatından. Dırmaşaraq mə'bədin divarına
girmişdilər Davudun yanına, ürkmüşdü onlardan Davud. Demişdilər:
«Qorxma, biz iki şikayətçiyik. Birimiz qəsd eləmiş o birinin haqqına.
Haqq ilə hakimlik elə aramızda, basma haqqı, doğru yolun ortasına
yönəlt bizi» (Sad 21-22). Sonra onlar şikayətlərini
peyğəmbər və hökmdar olan Davuda belə çatdırırlar: «Bu mənim qardaşımdır.
Doxsan doqquz qoyunu var, mənimsə bircə qoyunum. «Bunu da mənə
ver» dedi. Mübahisəmiz düşdü, məni məğlub elədi». Davud dedi:
«Sənin qoyununu öz qoyunlarına qatmaqla haqqını tapdamış o. Təcavüz
eləyər bir-birinin haqqına şəriklərin bir çoxu. Ancaq iman gətirənlər,
əməli salehlərsə bunlara aid deyil, sayları da lap azdır». Davud
zənn elədi imtahana çəkilir. Rəbbindən məğfirət dilədi, əyildi,
Ona tutdu üzünü» (Sad 23-24).
Davud səhvini anladıqdan
sonra tövbə edir, Allahdan bağışlanmasını istəyir. Allah onun
bağışlandığını bildirir: «Beləcə bağışladıq onu. Payını çox eləmişik
dünyada, gözəl bir məqama yetişmiş axirətdə» və belə vəhy edir:
«Ey Davud! Biz səni yer üzünün xəlifəsi elədik. Sən haqq ilə hakimlik
elə insanlar arasında. Olma nəfsinin əsiri, səni Allah yolundan
azdırar nəfsin. Haqq-hesab çəkilən günü unutduğuna görə şiddətli
bir əzaba düçar olar Allahın yolundan azan adamlar» (Sad
25-26).
Zəkəriyyə peyğəmbər
Quranda deyilir ki, Allah
taala Zəkəriyyə peyğəmbərə oğul mücdəsi verəndə o, belə deyib:
«Rəbbim, qocalıq haqlamış məni, arvadım da sonsuzdur, oğlum necə
ola bilər?» (Məryəm, 8). Yəni şübhəyə düşür,
Allah taalanın sonsuz qüdrətini lazımınca qiymətləndirmir. Mövlana
«Fihi ma fih»də bu xüsusda yazır: «Allah ona bildirdi: «Ey Zəkəryyə,
ipin ucunu itirdin ha. Mən sənə yüz min kərə səbəblərdən kənar
işləri göstərdiyim halda sən hələ səbəblərin bəhanələr olduğunu
bilmirsənmi? Bu anda mən gözünün önündə səndən qadın və hamiləlik
olmadan da yüz min uşaq dünyaya gətirə bilərəm. Buna gücüm yetər...
Mən ruhlar aləmində səni ata-anasız yaratmadımmı? Sən var olmadan
da üzərində lütf və inayətim yox idimi? Bunları niyə unudursan?»
qarşılığını verdi».
Məhəmməd peyğəmbər
Kainatın fəxri, insanlara
«işıq saçan bir nur» (Əhzəb 46) olaraq göndərilən
Uca Peyğəmbərimiz Məhəmməd Mustafa bəşəriyyət üçün əxlaq cəhətindən
«ən gözəl nümunədir» (Əhzəb 21). Bununla belə,
Quranda peyğəmbərimizə də kiçicik irad var. Bir kora lazımi diqqət
yetirmədiyinə görə. Abəsə surəsində deyilir:
«Tökdü qaş-qabağını, çevirdi üzünü peyğəmbər. Bir kor kimsə gələn
zaman yanına. Nə bilirsən, bəlkə söhbətini eşidərək paklanacaqdı.
Yaxud bir öyüd alacaqdı, gərəyinə gələcəkdi bu öyüd. Amma kim
ki, varlıdır, sən yalnız ona diqqət yetirirsən. Bir halda ki,
paklığa çağırmaqdır Sənin işin sadəcə. Amma yanına gələn zaman
Allahdan qorxan bir kəs. Ondan üz döndərirsən. Belə davranmayasan.
Allahın ayələri bir öyüddür, hamıdan ötrüdür (Abəsə, 1-11).
Nəhayət
Bütün bunları yazmaqla
güman edilməsin ki, bəlkə də, gizlədilməsi lazım gələn sirləri
açırıq. Əsla, bu iradları edən Allah taala onları gizləməyib,
Kitabında yazıb ki, nəticə çıxaraq. Nə də ona görə yazmırıq ki,
«bax, peyğəmbərlərin də nöqsanı olur» deyək, nöqsanlardan daha
az çəkinək. Bunları ona görə sadaladıq ki, üstün əxlaqın peyğəmbərlərə
hansı çətinliklərə başa gəldiyininin fərqinə bir daha varaq, onların
daha yaxından dərk edək və daha çox sevək. Eyni zamanda, onları
alternativ sitayiş mənbəyinə çevirməyək.
|