İnsanların
bir sıra ortaq dəyərləri, ortaq və ya bənzər ənənələri də var.
Bunlardan biri də qurbandır. Tarix boyu qurbanın təqdim etmə,
kəsmə, yandırma, suda bîğma və s. kimi növləri olub. İnsanlar
Yaradıcıya, qarşısında özlərini aciz saydıqları fövqəltəbii güclərə,
şər ruhlara qurban veriblər. Bunlardan biri də insanın qurban
edilməsidir. Müasir əxlaq və mədəniyyətlərə zidd olan insan qurbanının
çox geniş coğrafiyada olması diqqəti cəlb edir.
Doğma övladın,
yaxın adamın, kimsəsizlərin, yadellilərin, qulların, hərbi əsirlərin
qurban edilməsi və s. şəklində olan bu qurbanlar çox yayğın olub.
Ümumiyyətlə, əski zamanlarda qurbanda məqsəd olaraq ilahi güclərdən
bir əvəz almaq düşüncəsi öndə gedib. Qurbanın Allahın qəzəbini
sovuşduracağına, şeytan və cinin zərərini aradan qaldıracağına,
təbii fəlakətlərdən, müharibədən, xəstəliklərdən qoruyacağına
inanılırdı. Bir sözlə qurban gözəl həyatın qarantiyası kimi düşünülüb.
Qədim Misirdə isə su bol olsun deyə gənc qıza gəlin paltarı geyindirib
onu Nilə atarmışlar.
«EPİDEMİYADAN
MÜDAFİƏ»
Etdikləri
hərəkətləri müqabilində alacaqları cəzadan təşvişə düşdüklərindən,
ehtimal olan bəlaları dəf etmək, xəstəliklərdən qorunma, fövqəlgüclərin
razılığına nail olma düşüncəsiylə bəşər tarixində çox tükürpədici
cinayətlər olub. «Cinayətkar Rusiya» adlı kitabda verilən məlumata
görə, 1855-ci ildə vəba xəstəliyi zamanı Novoqrud uyezdinin kəndliləri
«epidemiyanı dəf etmək üçün» (qeyd edək ki, xristianlıqda xəstəliklərin
ilahi cəza olması inancı var, təsadüfi deyil ki, birinci minilliyin
əvvəllərində xristianlıq təzəcə dövlət dini olanda xəstələri müalicəyə
icazə verilmrdi) feldşer Kozakeviçin məsləhəti ilə qoca qarı Lusiya
Mankovanı əvvəl qəbiristanlığa aparıblar sonra iələyib hazır qəbirə
salıb, diri-diri üstünü torpaqlayıblar.
«MƏN
BELƏ BUYURMAMIŞDIM»
İnsan qurbanlığı
müxtəlif formada – kəsmə, yandırma, dənizə və ya çaya atma, divara
hörmə və s. şəkillərdə olub. Yəhudilərin qədimlərdə ilahi qəzəbi
aradan qaldırmaq və ya heç olmasa zəiflətmək üçün qəbilə və ya
şəhərin ən gözəl qızını çaya atıb qurban etmək adəti olub. Tövratda
insan qurban verilməsi pislənilir. «Və Vaal qülləsini tikdilər
ki, öz ovladlarını qurban edib yandırsınlar, halbuki Mən onlara
belə buyurmamışdım və deməmişdim, ağlıma belə gəlməmişdi...» (Yeremiya
19:5). İnsanların zaman-zaman qurban kəsmək adı ilə tökdükləri
qanlar, göstərdikləri vəhşət çox dəhşətlidir. Bunlardan bir qismi
əski insanların qurbanın allahın qidası olması düşüncəsindən doğub.
Bu zaman qurbanlığın daha çox olması və ya daha əziz olması məqsədə
çatmaq üçün daha təsirli olduğu düşüncəsi olub.
«TİCARİ»
QURBANLAR
Qədim xalqlarda
xüsusən uşaqların qurban kəsilməsi (verilməsi) faktları çox olub.
Kiçik yaşlı uşaqların həyatına qəsd etməklə batil inanc sahibləri
öz «allah»ları ilə, əslində, ticarət edərdilər. Əvəzində bolluq,
müharibədə uğur, fəlakətlərdən qorunma kimi istənclər dururdu.
Görünür, zaman-zaman valideynlik duyuğuları üstün gələndə bu ənənə
bir qədər dəyişib, sadəcə, istənilən insanı qurbanı kəsməklə işi
yola verməyin mümkünlüyünə inanılıb. Məsələn, qədim yunanlar bir
vaxtlar əsasən, cinayətkarları və əsirləri qurban kəsərdilər.
Bu praktika şimali Avropada da yayğın olub. Vaxtilə bu coğrafiyada
həmin ehtiyacı ödəmək üçün qurbanlıq insan ticarəti ilə məşğul
olan xidmətlər də formalaşırdı. .
«HİYLƏ»NİN
KOMPENSASİYASI
Mənbələr
məlumat verir ki, qədim karfagenlilərlə Qədim Roma arasında əvvəlcə
Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahəsində hökmranlıq
uğrunda gedən işğalçılıq müharibələrində - bu müharibələr tarixdə
Pun müharibələri adlanır – uğursuzluğa düçar olanda karfagenlilər
məğlubiyyətlərini «allah»larının qəzəbi ilə motivasiya ediblər.
Əvvəllər onlar öz «allahlar»ı Kronosa xalqın seçmə uşaqlarını
qurban kəsərmişlər. Sonralar isə bunun üçün qıraqdan uşaq alıb
böyüdər və qurban veriblər. Müharibədə uğursuzluğa düçar olanda
qənaətə gəliblər ki, ilahları onlardan qisas alır. Onu aldadıblar.
Qərara gəlinir ki, bu hiyləni kompensasiya etsinlər. Ən əsilli
ailələrdən iki yüz uşaq ayırıblar. O vaxt qurban ayini belə icra
olunurdu. Qurbanlığı gətirib Kronosun mis heykəlinin qucağına
qoyardılar. Onun əlləri elə düzəldilmişdi ki, ora qoyulan qurbanlıq
sürüşüb içində yanar od olan quyuya düşür və yanırdı.
Antik dövrdə
insan qurbanının «ilah»ların insan ətindən ləzzət alması düşüncəsi
ilə yanaşı, onun qəzəbini azaltmaq üçün vasitə olması, qurbanın
itaət göstəricisi olması inancı da vardı. Bir sıra xalqlarda qəbilə
başçısı və ya hökmdarın o dünyaya onunla birlikdə yol yoldaşlığı
etmək üçün insanların öldürülüb birgə dəfni faktları var. Cənub
və qərb slavyanları böyük adamların dəfn edən zaman onunla bərabər
at öldürər, bəzənsə kölə və ya ölənin qadını da o dünyaya müşayiətçi
olmalı olurdu . Ərəb müəllifi ibn-Fədlanın 10-cu əsrin əvvəllərində
bir əsilzadə rusun dəfnində toyuq, it, inək, atla yanaşı onun
kənizinin də qurban verilməsi barədə məlumat verir. Başqa orta
əsr müəllifləri də ruslarda və slavyanlarda dəfn zamanı kəniz
və ya dul arvadın qurban verilməsi barədə məlumatlar var.
MÜHARİBƏDƏ
UĞUR
Bəşər tarixinə
ötəri nəzər salanda tikinti, bolluq, qəzəbdən qorunma ilə yanaşı,
müharibədə qələbə ilə bağlı da insanın qurban verlməsi ayininin
yer aldığını öyrənirik. Və bu ənənə lokal xarakter daşımayıb və
müxtəlif coğrafiyalarda yayılıb. Məsələn, Amerikadakı hindu tayfalarındanolan
irokezlər müharibə allahlarına qurban verir və belə dua oxuyurmuşlar:
«Sənin üçün veririk bu qurbanı, ey Arieskey. İstəyirik ki, onun
ətindən yeyib doyasan və düşmən üzərində qələbə çalmaqda bizə
yardım edəsən». Mayya hökmdarı isə (Meksika) döyüşçüləri vuruşa
dəvət edəndə öz bədənində yarıqlar açar və tökülən qanını allahlara
qurban etdiyini deyərdi. Onun arvadı da belə edərdi ki, allahlarının
lütfünə nail olsunlar. Döyüş qələbə ilə başa çatanda məğlublar
işgəncə ayininə məruz qalardı. Axırda ölərdilər. Böyük adamlar
qurşaqlarında düyünlü qaytanlar gəzdirərdilər: düyünlərin sayı
qurban verilən adamların sayını bildirərdi.
MÖVSÜM
QURBANLARI
Asteklərdə
olan yaz qurbanları da çox qəribədir. Onlar ali allah saydıqları
Tepkatlipokun şərəfinə bir il əvvəldən əsirlərin ən gözəlini seçib
ayırardılar. İl ərzində onun şıltağına dözər, hər cür cah-cəlalla
təmin edər, ən yaxşı yeməkləri yedirər və ciddi mühafizə edərdilər
ki, qaçmasın. Bayrama 20 gün qalmış dörd qəşəng qızı ona arvad
kimi verərdilər. Onlar da ilahə kimi şərəfli bilinərdi. Bu müvəqqəti
ləzzət əsirə baha başa gələrdi. Bayram günü onu məbədə aparar,
arxası üstə, sinəsi yuxarı qurbangaha qoyardılar. Sonra onun qanlı,
titrəyən ürəyini çıxarıb günəş allahına qurban deyərdilər.
QADAĞAN
OLUNMUŞ SATİ
Dəfnlə bağlı insanın özünü qurban verməsi ayini də məlumdur. Bu
ayin, əsasən, ər öləndə arvadın özünü yandırması şəklində icra
olunur. Hindistanda təsadüf edilən və sati adlanan bu ayin ölkənin
şimalinda bəzi kastalarda hələ də qalıb. Hindlilərin müqəddəs
kitabı sayılan Riqvedada sati haqda danışıldığından bu adətin
üç min ildən artıq tarixi olduğu düşünülür. Bəllidir ki, hindlilər
ölünü yandırırlar ki, ruhu bədəndən tez ayrılsın və çox əziyyət
çəkməsin. İngilislər 1829-cu ildə bu ənənəni qadağan etsələr də,
mənbələr 1833-cü ildə bir racanın dəfnində onun yeddi arvadı,
iki kənizi, dörd qulluqçusu və köləsinin də yandırılması haqda
məlumat verir. 1987-ci ildə isə Hindistanda satiyə təhrikə görə
cinayət məsuliyyəti müəyyən edilib. Elə icrası üçün də. Əgər özünü
yandıran qadın sağ qalarsa, onu da cinayət məsuliyyəti gözləyir.
Amma bu, hələ də həmin adətin aradan qalxması ilə nəticələnməyib.
«QURBAN BELƏ GƏLİNİ»
İnsanların bina, divar, qalaların təməlində hörülməsi ilə bağlı
roman və german dilli xalqların şifahi ədəbiyyatında nümunələrin
sayı-hesabı yoxdur. Kopenhagenin tarixi ilə bağlı əfsanədə kiçik
qız uşağnın qurban verildiyi bildirilir. Bütün bu deyilənlər sübut
edir ki, bu qədim adət xristianlığın qəbulundan sonra da varlığını
sürdürürb. Umumiyyətlə, tikintinin davamlı olması üçün müxtəlif
xalqlarda qurban verilməsi adəti olub. Serblərdə bununla bağlı
əfsanədə deyilir ki, Skadru qalasını tikən üç qardaş bir problemlə
üzləşir. Onların üç yüzə qədər fəhlə cəlb etməklə gündüz tikdiklərini
gecələr su pərisi vurub dağıdırmış. Axırda bu qənaətə gəlirlər
ki, mütləq insan qurban vermək lazımdır. Qərara alırlar ki, sabah
onların hansının arvadı yemək gətirsə, onu qurban versinlər..
Amma bu barədə, təbii ki, arvadlara heçə nə deyilməməlidir. Böyük
və ortancıl qardaş əhdi pozub öz arvadlarını xəbərdar edirlər.
Xəbərsiz olan kiçik qardaşın arvadı qardaşlara yemək aparır və
onu diri-diri divara hörməklə qurban verirlər. Onda qadın xahiş
edir ki, bir yaşı tamam olmamış körpəsini əmizdirmək üçün divarda
bir oyuq qoysunlar ki, nə qədər sağdır, o oyuqdan körpəsi onu
əmsin...
GERTRUDA KİLSƏSİ
Riqa şəhər arxivində tapılmış bir əlyazmasında deyilir: «1455-ci
ildə Riqa monastırına Henrix adında şəhərdə saleh əməlləriilə
tanınan bir şəxs gəldi. O öz həyatını elə başa vurmaq istəyirdi
ki, bu dünyada və axirətdə yaxşılar sırasında olsun. İstəyir ki,
onu diri-diri divara hörsünlar. Bu xahişi fransisk monastırına
çatdırırlar. Magistrat yazılı şəkildə arxiyepiskopa müraciət edir».
Ayrı-ayrı tikililərin tarixi ilə bağlı da çeşidli əfsanələr var.
Latviyada bir kilsənin tikintisi ilə bağlı rəvayətdə deyilir ki,
tikinti heç cür baş tutmurmuş. Belə ki, gün ərzində nə qədər daş
hörürlərsə, gecə sökülürmüş. Başa düşürlər ki, kilsəni insan qurban
vermədən tikmək mümkün olmaycaq. Rəvayətda deyilir ki, Gertruda
adında bir qız öz istəyini bildirir və onu diri-diri kilsənin
künclərindən birində divara hörüblər. Bundan sonra kilsə gecələr
sökülməyib və o kilsə indi Gertruda kilsəsi adlanır. Ümumiyyətlə,
Avropada tikintiləri araşdırarkən arxeoloqlar özüldə və ya divarda
dizi üstə, ayaqüstə, oturmuş vəziyyətdə qurban verilmiş çoxlu
insan cəsədi tapıblar.
ÖTƏN ƏSRİN QURBANLARI
Dünyanın heç bir ölkəsində insanın qurbanın kəsilməsini leqal
şəkildə icrasına icazə yoxdur. Amma ayrı-ayrı ölkələrdə yenə də
belə faktlar var. Afrikada yerləşən Qanadakı bir tayfada qəbilə
başçısının dəfnində uşaq qurban kəsilməsi ayini yenə var. 1979-cu
ildə bu məqsədlə dörd yaşlı uşaq oğurlanıb, amma polis cinayətin
qarşısını ala bilmişdi.
Ayində qurban kəsmək üçün cəhdlərdən birinin qarşısını almaq isə
mümkün olmayıb. Liberiyada bu işin işitirakçılardan biri ölkənin
daxili işlər naziri imiş. 1989-cu ildə qurban mərasimi ilə bağlı
həmin nazir məhkum edilib. Məlum olub ki, həmin ayində qurbanın
başını kəsib, ürəyini isə çıxarıblar. İndinin özündə hər il satanistlərin
İblisə qurban etmək üçün uşaqları oğurladıqları haqda çoxsaylı
məlumatlar var. İntorpola istinadən verilən məlumatlara görə,
1989-cu ildə və 1990-cı ilin ilk aylarında Qərbi Avropa, ABŞ və
Kanadada satanist sektalarda yüzdən artıq insan qurban verilib.
İslam insan qurbanını qadağan edir. Amma bizdə də bu cinayət olub
Özü də yaxın keçmişdə. Dünyada analoqu çox az olan bir vəhşət.
Pişəvəri hökuməti qan içində boğulandan sonra İranı şahı Azərbaycana
gələndə Ərdəbildə bir soydaşımız şahın ayağı altında öz doğma
oğlunu qurban kəsib.
|