İlyas
peyğəmbər Quranda adı çəkilən elçilərdən biridir. Onun haqqında
ətraflı danışılmır. Adı başqa peyğəmbərlərlə bir yerdə çəkilir,
əməli salehlərdən olduğu, doğru yola yönəldildiyi vurğulanır.
Məlum olur ki, o da İsrail oğullarına göndərilən peyğəmbərlərdəndir.
Bibliyada İlyas peyğəmbər
haqqında xeyli məlumat var. Deyilir ki, İlyas (İliya) İsrailə
Ahavın hökmdarlığı zamanı peyğəmbər olaraq göndərilib. Ahav özünə
qədərki İsrail hökmdarlarının ən günahkarı imiş. Onun İzevel adında
bütpərəst bir arvadı varmış. O, istəyirmiş ki, insanlar Allaha
yox, Baal bütünə sitayiş etsin. Ahav və İzevel İlyas peyğəmbərə
nifrət edirmişlər. Çünki o, insanların qəlbində Allaha dönmək
arzusu oyadırmış. Həmin vaxtda xalq yolunu azır, bütlərə üz tutur
və nəticədə İlyasın duasına əsasən Allah xalqı cəzalandırır. «Üç
il yarım ərzində İsrail torpağında yağış olmadı. Qorxunc quraqlıq
oldu. Rəbb İlyasa buyurdu ki, xəlvət bir yerdə, çayın kənarında
Ahavdan gizlənsin. Allah quzğunlara əmr etdi ki, hər səhər və
hər axşam peyğəmbərə çörək və ət gətirsinlər. Çayın suyundan isə
peyğəmbər susuzluğunu yatırırdı» (Əhdi-ətiq, 3 Hökmdarlar,
17:1-6). Əhdi-ətiqdə İlyasın möcüzəsindən də danışılır.
İlyasın içdiyi su quruyur və Allah ona Sidon yaxınlığındakı Sarefat
şəhərinə getməyi, orada bir dul qadının evinə düşməyi məsləhət
görür: «Dul qadın oğlu ilə yaşayırdı və çox kasıb idi. Onun sonuncu
ovuc undan və tuluqdakı azacıq yağdan başqa heç nəyi yox idi.
Qadın bunu İlyasa deyəndə o, qadına belə cavab verdi: «Qorxma,
torpağa yağış verən günə qədər … küpdəki un tükənməz, tuluqdakı
yağ əskilməz». Sonra dul arvadın uşağı ölür və İlyas peyğəmbər
dua eləyir və Allah onu dirildir (3 Hökmdarlar 17:7-24).
Əhdi-ətiqə görə, İlyas
peyğəmbər Allahın əmri ilə Baal bütünə sitayiş edən Ahavla mübarizə
aparır və onun yanlışını sübut edir: «Bir gün Rəbb İlyasa buyurdu
ki, hökmdar Ahavın yanına getsin və Baal ilə Aşğoret adlı bütlərin
peyğəmbərlərini, eləcə də bütün xalqı Karmel dağına yığmağı xahiş
etsin. Hökmdar Ahav hamını dağa yığanda İlyas onlara bu sözlə
müraciət etdi: «Daha nə zamana kimi iki tərəf arasında dalğalanacaqsınız?
Əgər Rəbb Allahdırsa, Onun ardınca gedin, yox, əgər Baal Allahdırsa,
ona tabe olun». Sonra nəql olunur ki, Rəbbin peyğəmbərlərindən
İlyas tək imiş, Baalın isə dörd yüz əlli peyğəmbəri varmış. İlyas
peyğəmbər təklif edir ki, tərəflərin hərəsinə bir öküz versinlər.
Onlar öküzü kəsib odunun üstünə qoysunlar. Od vurmasınlar. Hər
kəs öz Allahını çağırsın. Odla cavab verən əsl Allahdır. Baalın
tərəfdarları «Ey Baal, bizi eşit» deyib ağıllarını itirənə qədər
bağırırlar. Amma od yanmır. Sonra İlyas peyğəmbər qurbangah tikir,
oraya odun qoyur. Öküzü kəsib odunun üstünə qoyur. Qurbangahın
ətrafını su ilə doldururlar. İlyas peyğəmbər duaya başlayır. Göydən
od düşüb qurbanılığı, odunu və daşları yandırır. Bunu görcək hamı
diz üstə çöküb deyir: «Rəbb Allahdır». (3 Hökmdarlar,
18:18-39). İlyas peyğəmbərdəq İncildə də söz açılır:
«Ataların ürəklərini uşaqlara, itaətsizləri salehlərin hikmətinə
döndərmək və Rəbbə hazırlanmış bir xalq təşkil etmək üzrə İlyasın
ruhu və qüdrəti ilə Rəbbin önündə yeriyəcəkdir» (Luka
1: 17).
Ənam surəsində İlyas
peyğəmbərin adı digər peyğəmbərlərlə yanaşı çəkilir, onun doğru
yola yönəldildiyi deyilir: «Dərəcələrlə ucaldırıq istədiyimiz
kimsəni. Şübhəsiz, müdrikdir Rəbbin, hər şeyi biləndir O. İshaqı
və Yaqubu da bağışladıq Biz ona, doğru yola yönəltdik hər birini.
Daha öncə Nuhu və onun soyundən olan Davudu, Suleyməni, Əyyubu,
Yusufu, Musanı və Hərunu yönəltmişdik doğru yola. Beləcə veririk
yaxşıların mükafatını. Zəkəriyyə, Yəhyə, İsa və İlyəsi də yönəltdik
doğru yola. Onlardan hər biri əməli salehlərdən idi. İsməil, əl-Yəsə,
Yunus və Lutu da yönəltdik doğru yola, aləmlərdən üstün tutduq
hər birini» (Ənam 83-86).
Ənbiya surəsində də İlyas
peyğəmbərin adı başqa peyğəmbərlərlə birlikdə çəkilir: «İsməili,
İdrisi, Zulkifli də yada sal. Hər biri səbr yiyəsiydi. Rəhmətimizin
ağuşuna aldıq onları, yaxşılardan idilər» (Ənbiya 85-86).
Saffət surəsində Musa
peyğəmbər və onun qardaşı Harun peyğəmbərdən bəhs ediləndən sonra
İlyas peyğəmbər haqqında bunlar deyilir: «İlyəs də göndərilmiş
elçilərdəndi. Bir zamanlar öz qövmünə demişdi: «Allahdan çəkinməzmisiniz?
Yaradanların yaradanını qoyub Bə'l bütünəmi tapınırsız? Allah
sizin də Rəbbinizdir, öncə gəlib-getmiş atalarınızın da».
Dandı onu soydaşları. Cəhənnəmlik olacaqdı hamısı Allaha sadiq
qalan bəndələrdən savayı. Yaxşı bir ad qoyub getdi gələcək nəsillərə.
Salam olsun İlyəsə. Yaxşıları mükafatlandırırıq beləcə» (Saffət
123-131). Bəzi hədis alimləri İlyas və İdris peyğəmbərin
eyni şəxs olması qənaətindədir. Bu barədə Buxari hədislərində
yazır. Mühyəddin ibn Ərəbi də belə düşünüb: «İlyas Nuhdan əvvəl
nəbi olan İdris əleyhissalamdır. Və Allah İdrisi uca məkana yüksəltdi.
İdris göylərin qəlbində, yəni Günəşdə olurdu. Sonra Baalbek şəhərinə
göndərildi. «Baal» bir bütün, «bek» isə hökmdarın adıydı. Baal
bütü bu yerin hökmdarına məxsus idi. Və İdris olan İlyas hacət
mənasına gələn lübnan adlı dağın yarılması ilə oddan bir at gördü.
Atı minəndə şəhvət ondan uzaqlaşdı…» (M.Ərəbi, «Füsus
əl-hikəm» İlyas sözündəki hikməti-nasiyyə»)
Quranda İlyas peyğəmbərdən
az bəhs edildiyindən onun haqqında İsrailiyyatdan gəlmə çoxlu
rəvayətlər yayılıb. Bu rəvayətlərdə deyilir ki, İlyas peyğəmbər
olaraq göndəriləndə İsraillilər on metr hündürlüyündə Baal adlı
bütə sitayiş edirmişlər. İlyas peyğəmbər onları Allah əzabı ilə
qorxudaraq bu yanlışdan uzaq olmağa çağırır. Amma adamlar onu
dinləmirlər. Özünü isə uzaqlaşdırırlar. Nəticədə Allahın qəzəbinə
gəlirlər. Yağışlar kəsilir, bərəkət aradan qalxır, heyvanlar qırılır.
Bu zaman İlyas peyğmbər isə gizlicə təbliğlə məşğul olurmuş. Kim
ona iman edirsə, evində bolluq və bərəkət varmış. Nəhayət, Baalbek
hökmdarları səhvlərini anlayıb İlyas peyğəmbərə üz tuturlar, ona
iman edirlər. Xahiş edirlər ki, Allaha dua eləsin və bu müsibət
aradan qalxsın. İlyas peyğəmbərin duası qəbul olunur. Bol məhsul,
bərəkət bərpa olunur. Amma onların haqq yolunda səbatları çox
sürmür. Yenidən doğru yoldan uzaqlaşırlar.
Belə qənaətlər də geniş
yayılıb ki, peyğəmbərlərdən dördü indi də yaşayır. Bunların ikisi
yer üzündədir: İlyas və Xızır. İkisi isə göydədir: İsa peyğəmbər
və İdris. İlyas və Xızırın ölümsüzlüyü barədə «Məsnəvi»də də danışılır:
«İlyas və Xızır kimi dünya durduqca dur, yer üzü lütfünlə göy
üzünə dönsün» (Məsnəvi, 6-cı cild, misra 188).
Belə fikir də var ki, Xızır quruda, İlyas isə dənizdə çətin vəziyyətdə
qalanlara yardım edir.
Xızırla İlyas peyğəmbərin
hər ikisinin diri olması və yer üzündə olması qənaəti onların
bir-biri ilə əlaqədə olması və ya bir şəxs olması qənaətlərini
də ortaya çıxarıb. Bəzi yerlərdə Xıdır Əlləz dedikdə eyni şəxs
nəzərdə tutulur. İslam dünyasının bir sıra yerlərində Xızır-İlyas
təkyəsi, Xızır İlyas kəndi və s. bu gün də var.
|