Ən
qədim dövrdə yaşamış peyğəmbərlərdən biri İdrisdir. Onun həyatı
haqqında məlumatlar azdır. Quranın iki surəsində adı çəkilir.
Əbədi ölümsüz peyğəmbərlərdən bir sayılır Xızır və İlyasla yanaşı.
Hesab olunur ki, Adəm peyğəmbərdən sonra onun oğlu Şis (Şis peyğəmbərdən
Quranda söz açılmır), sonra isə İdris peyğəmbər olub. İslamda
da onun Qabildən törəyənlərə uymamağa çağırdığı deyilir. Bəzi
müəlliflər onun qabiloğulları ilə vuruşub onlara qalib gəldiyini
yazır. Bəlli olduğu kimi, kitablardan başqa ayrı-ayrı peyğəmbərlərə
səhifələr endirildiyi fikri var. Bunların yüz səhifə həcmində
olduğu söylənilir. Rəvayətə görə, bunların otuzu İdrisə endirilib.
Bibliya və rəvayətlərdə
Bibliyada İdris (Enox,
Yenox) Qabilin (Kain) böyük oğludur. (Varlıq kitabı). Əhdi-ətiqdə
İdris peyğəmbərin şəcərəsi haqqında məlumat verilir. Qabil nəslindən
olduğu deyilməklə yanaşı, İdrisdən Mafusal, Mafusaldan Lamex,
Lamexdən isə Nuh peyğəmbər olduğu nəql olunmaqla, Nuh peyğəmbər
onun nəticəsi kimi verilir (Varlıq 21-29). Bibliyada
İdris peyğəmbərin 365 il yaşadığı yazılır. Eyni zamanda deyilir
ki, o «Allahın hüzurunda gedirdi və o qeyb oldu, çünki Allah onu
aldı». Bu sətirlər sonralar yəhudilik, xristianlıq və islamda,
həmçinin kabbalistikada çoxlu əfsanələr yaradıb. İdris peyğəmbər
ənənədə yazının müəllifi (hətta o dünyada dəftərxana işlərini
aparan kargüzar), bəzən astroloq kimi verilir. O həm də Allahla
mistik qovuşmanın nümunəsi kimi də götürülür.
Bu peyğəmbərin göyə ucaldıldığı haqqında da rəvayət var. Guya
o göyə başqaları kimi bədəni tərk edərək yox, bədənlə aparılıb
və nə vaxtsa bura – yerə qaytarılacaq. Hətta bəzən onu mələklərin
rəhbəri statusu da verilib. Nəql olunur ki, Allah tərəfindən göyə
ucaldılan İdrisə keçmişin və gələcəyin sirləri açılıb. O ölülərin
dirilməsini, məhşəri, günahkarların cəhənnəmdəki cəzasını, möminlərin
cənnətdəki əcrini və s. öz gözləri ilə görür. Xristian təsəvvürlərinə
görə, o böyük dəbir kimi ilahi səltənətdə salnamə və protokol
işinə baxır. Vəhydəki «və iki şahidimə rüsxət verəcəyəm, onlar
da çula bürünüb min iki yüz altmış gün peyğəmbərlik edəcəklər...,
və onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən
çıxan canavar onlara qarşı vuruşacaq, onları məğlub edəcək və
öldürəcək. Onların cəsədləri məcazi dildə Sodom və Misir adlanan
böyük şəhərin baş küçəsində səriləcək. Bizim Rəbbimiz də orada
çarmıxa çəkilmişdir» (İncil, Allahın müüqəddəs həvari
Yəhyaya verdiyi vəhy, 11: 3, 7-8) sözləri kilsə ənənələrində
İdris və İlyas peyğəmbərə aid edilir. Düşünülür ki, onlar təbii
ölümlə ona görə ölməyiblər ki, «zamanın sonunda» yuxarıda deyildiyi
şəkildə şəhid olsunlar. Bununla bərabər İdris peyğəmbərin esxatoloci
rolu Adəmə yaxınlıqla diqqəti cəlb edir. O yaranışla dünyanın
sonunu birləşdirir. Mistik dairələrin ona olan marağı bəzən ortodoksalların
qısqanclığına səbəb olub və bu üzdən İdris peyğəmbərin günahları
haqqında da rəvayətlər yaranıb.
Hədislərdə
Dinimizdə olan hədislərin məzmunu yuxarıda sadalananlara bənzəir.
Belə bir hədis var ki, Məhəmməd peyğəmbər İdris peyğəmbərlə göyün
dördüncü qatında görüşüb – merac zamanı. Öncəki peyğəmbərlərdən
rastlaşdığı digərləri Musa, İsa və İbrahim olaraq göstərilir.
Təbərinin hədisində isə
İdris peyğəmbərin göyə çıxması vaqeəsi belə nəql olunur: «İdris
mələklərdən olan etibarlı dostuna deyir ki, məni göylərə qaldır.
Mələk onun xahişini yerinə yetirir. Onlar göyün dördüncü qatına
kimi qalxırlar. Ora çatanda Əzraillə rastlaşırlar və ondan soruşurlar
ki, İdris peyğəmbərin nə qədər ömrü şalıb? «O haradadır?» deyə
Əzrail soruşub. Budur, deyə mələk cavab verəndə «Maraqlıcır ki,
mənə deyilmişdi, İdris peyğəmbərin canını göyün döcrdüncü qatında
al və mən çox təəccüblənmişdim deyir Əzrail və İdris peyğəmbərin
canını alır.
Rəvayətlərdə
İslam rəvayətlərində
deyilir ki, İdrisin əsl adı Ahnuh (Hanuh)dur. Çox kitab oxuduğu
üçün ona İdris – çox dərs oxuyan deyilib. Ona peyğəmbərlik, hikmət
və sultanlıq verilib və bu üzdən ona «müsəlləs bin-nemə» - üç
nemət verilən adı verilib. İdris peyğəmbərin Babil və ya Misirdə
doğulub yaşadığı rəvayət olunur. Əhatəsində olan adamlar pozulubmuş.
Cəbrail dörd dəfə yerə enərək ona vəhy gətirib. İdris peyğəmbərə
otuz səhifə verildiyi deyilir. Rəvayətlərə görə, müasirləri onu
ağılsız sayırmışlar. Nəhayət, İdris peyğəmbər ona iman edənləri
də götürüb Babilistandan Misirə hicrət edib. Rəvayətlərdə onun
yetmiş iki dil bilməsi, hər qövmü öz dilində din ədəvət etməsi
haqda da danışılır..Çünki o, başqalarından fərqli olaraq qızıl,
gümüş və başqa qiymətli şeylərlə əsla maraqlanmazmış. Onun ürəyi
əbədi xəzinəyə can atırmış. Ağılı, ürəyi hamısı Göylərə məxsus
imiş. Üç yüz il qəlb təmizliyinə cəhd edib. Üç yüz il Allahla
bir gəzib.
Belə rəvayət var ki,
çox yaxşı insan olan İdris Əzraili aldadıb göyə çıxıb və Qiyamətə
qədər göyün müəyyən sahəsində qalacaq. Onunla bağlı bu da bildirilir
ki, qələmlə yazan ilk insandır. Tikməklə – dərziliklə məşğul olanların
da ilkidir. Ona qədər dəri paltar geyinərmişlər. Ulduzlara baxıb
tale müəyyən edirmiş. İslam rəvayətlərində də İdris peyğəmbərin
ölmədiyi fikri var.
Quranda
Qurani-Kərimin iki surəsində
– Məryəm və Ənbiyada İdris peyğəmbərin adı çəkilir. Məryəm surəsində
deyilir: “İdrisi də an Kitabda. Çox doğrucul bir insandı, peyğəmbərdi,
şübhəsiz. Ali bir məqama ucaltdıq onu» (Məryəm 56-57).
Buradakı «Ali məqama
ucaltdıq onu» ayəsini bəziləri İdris peyğəmbərin meracı kimi yozurlar.
Hətta göyün dördüncü qatına çıxmasının nəzərdə tutulduğunu deyənlərdə
var. Ənbiya surəsində isə Tdrisin adı digər peyğəmbərlərlə yanaşı
çəkilir: «İsməili, İdrisi, Zulkifli də yada sal. Hər biri səbr
yiyəsiydi. Rəhmətimizin ağuşuna aldıq onları, yaxşılardan idilər»
(Ənbiya 85-86).
Məkan ucalığı
Ərəbi İdris peyğəmbərin
yüksəldilməsini özünə məxsus şəkildə izah edir: «Ucalığın iki
nisbəti var: məkan ucalığı və məkanda olmaq ucalığı. Məkan ucalığına
«Onu uca məkana yüksəltdik» (Məryəm 57) sözüylə
işarə edilib. Və məkanların ən ucası üzərində fələklər aləminin
bir dəyirman kimi dövri-daim etdiyi məkandır, yəni Günəş fələyidir
və İdrisin ruhani məkanı bax buradadır» (Mühyəddin ibn
əl-Ərəbi, «Füsus əl-hikəm» İdris sözündəki hikməti-qüddüsiyyə).
|