Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm ra. Bu bir Kitabdır
sənə nazil elədik ki, Rəblərinin iznilə çıxarasan insanları zülmətlərdən
aydınlığa, güclü olan, öyülməli olan Allahın yoluna.
2. O Allahın yoluna ki, Onundur
göylərdə nə varsa, yerdə nə varsa, Şiddətli bir əzaba uğrayacaq
kafirlərin vay halına!
3. O kəslər ki, dünya həyatını
axirətdən çox sevirlər, Allahın yolundan döndərirlər adamları
və əyri görmək istəyirlər bu yolu - haqdan uzaq düşərək sapqınlıq
içində vurnuxur onlar.
4. Öz qövmünün dilində göndərdik
hər peyğəmbəri aydınlatsın ayələri soydaşlarına. İstədiyi kimsəni
azdırar, istədiyi kimsəni doğru yola yönəldər Allah. Güclüdür,
müdrikdir O.
5. Musanı da göndərmişdik ayələrimizlə.
«Zülmətlərdən aydınlığa çıxar sən öz qövmünü, Allahın günlərini
[köçüb getmiş qövmlərin başlarına gələnləri] xatırlat sən onlara,
Bunlarda, şübhəsiz, ayələr var səbr eləyən, şükr eləyən hər kəs
üçün» demişdik ona.
6. Musa öz qovmünə demişdi: «Anın
Allahın sizə verdiyi ne'mətini. Sizə işgəncə verən, qadınlarınızı
sağ saxlayıb oğullarınızın başını kəsən Fir'on ailəsinin əlindən
almışdı sizi. Böyük bir imtahana çəkmişdi sizi Rəbbiniz.
7. «Əgər Mənə şükr etsəniz, artıraram
sizə olan ne'mətimi, küfr etsəniz, bilin, şiddətlidir sizə verəcəyim
əzab» deyə bildirmişdi Rəbbiniz».
8. Musa dedi: «Sizlər və yer üzündə
kim varsa hamı küfr eləyərsə əgər, bilin, şübhəsiz, varlıdır [sizin
şükürünüzə möhtac deyil], öyülməlidir Allah».
9. Gəlib çatmamışmı sizə sizdən
öncə gəlib getmiş olanların, Nuh, Ad, Səmud qövmlərinin xəbərləri
və o kəslərin ki, Allahdan başqa heç kim tanımayır onları. Aşkar
dəlillər gətirmişdi o nəsillərə peyğəmbərləri. Hikkəsindən dişləyib
barmaqlarını «Sizinlə göndəriləni biz danırıq, nəyə səsləyirsinizsə
bizi ona şəkk gətiririk, şübhə edirik» dedilər.
10. «Göyləri, yeri yaradan Allahamı
şəkk gətirirsiz? Sizi itaətə çağırır O bağışlaya suçunuzun bir
qismini və bəlli bir əcələ qədər yubada cəzanızı» dedi peyğəmbərləri.
«Siz də bizim kimi sadəcə bir bəşərsiz. İstəyirsiz atalarımızın
dinindən döndərəsiz bizi. Elə isə aşkar bir dəlil gətirin [mö'cüzə
göstərin] bizim üçün» dedilər.
11. «Biz də sizin kimi bir bəşərik
sadəcə. Ancaq istədiyi bəndəsinə ne'mətini verər Allah. Allahdan
iznsiz sizə dəlil gətirmərik. Qoy Allaha güvənsinlər mö'min olan
kimsələr» dedi peyğəmbərləri –
12. «Niyə də güvənməyək Allaha,
yollarımızı göstərmədimi? Verdiyiniz əziyyətə əlbəttə ki, dözəcəyik.
Allaha güvənsinlər güvənmək istəyənlər».
13. Kafirlər peyğəmbərlərinə dedilər:
«Ya sizi yurdumuzdan mütləq qovub çıxardarıq, ya siz özünüz dönərsiniz
dinimizə!» Rəbləri də vəhy elədi peyğəmbərlərə: «Biz, şübhəsiz,
zalımları yox edəcəyik.
14. Onlardan sonra Biz sizi edəcəyik
o yerlərin sakini. Məqamımdan, təhdidimdən qorxan kimsə üçündür
Mənim verdiyim bu və'd».
15. Zəfər dilədi peyğəmbərlər
Rəblərindən, sarsılıb məğlub oldu hər natərəs yekəpər.
16. Cəhənnəmdir qabaqda beləsini
gözləyən. İrinli su içirərlər ona orada.
17. Qurtum-qurtum içsə də boğazından
keçməz bu su. Və ölüm də yerisə hər tərəfdən üstünə, ölməz o.
Bundan sonra da möhkəm bir əzaba düçar olar beləsi.
18. Rəblərini dananların işləkləri
kül kimidir. Fırtınalı bir gündə əsən külək göyə sovurar külü.
Çıxar əllərindən qazandıqları. Haqdan uzaq düşüb azmaq buna deyərlər.
19. Məgər görməzmi oldun, göyləri,
yeri haqq olaraq yaratmış Allah. İstəsə aradan götürər sizi, başqa
bir yaratdığını gətirər yerinizə.
20. Güc olmaz bu Allaha.
21. Allahın hüzuruna yığıldı hamı.
Zəiflər [tabeçilikdə olanlar] təkəbbürlük edənlərə [başçılara]
dedilər: «Biz sizə tabe idik. İndi necə, azacıq da olsa belə Allahın
əzabını bizdən sovuşdura bilərsinizmi?» Təkəbbürlük edənlər dedilər:
«Doğru yolu göstərsəydi bizə Allah, biz də sizi yönəldərdik doğru
yola. İndi artıq qəm yesək də, səbr etsək nə fərqi, sığınacaq
bir yerimiz yox bizim».
22. İş bitəntək şeytan dedi: «Haqq
və'dini vermişdi sizə, şübhəsiz, Allah. Mən də sizə və'd vermişdim,
xilaf çıxdım və'dimə. Sizin üstünüzdə mənim hakimiyyətim yoxdu
əsla. Fəqət mən çağırdım, siz də mənə səs verdiniz. Məni qınamayın,
özünüzü qınayın. Nə mən sizin dadınıza çatanam, nə siz mənim.
Mənim əlimlə Allaha qoşduğunuz şəriklərə də küfr etmişdim öncədən.
Ağrılı bir əzab gözləyir zalımları».
23. O kəslər ki, iman gətiriblər,
saleh işlər görüblər, içindən çaylar axan cənnətlərə girmiş onlar,
Rəblərinin iznilə oralarda əbədilik qalarlar. Bir-birinə arzuları
oralarda «Salam»dır [sülhdür],
24. Məgər görməzmi oldun necə
bir bənzətmə söyləmiş Allah: kökü yerə möhkəm işləyən, budaqları
göyə ucalan gözəl bir ağac kimidir gözəl kəlam [«lə iləhə illə-llah»].
25. Hər vaxtı çatanda Rəbbinin
iznilə meyvə verər o ağac. Allah insanlar üçün bənzətmələr deyir
ki, bəlkə öyüd alalar.
26. Pis kəlam da kökü yerdən üzülü
çürük ağaca bənzər.
27. İman gətirənlərin imanını
o möhkəm kəlam ilə dünyada və axirətdə sabit saxlayar Allah. Zalımları
azdırar Allah, dilədiyini eləyər Allah.
28. Məgər görməzmi oldun, Allahın
ne'mətini küfrlə necə dəyişmiş onlar, öz qövmlərini də məhvə yuvarlatmışlar,
29. salmışlar cəhənnəmə. Pisdən-pis
bir yermiş ora.
30. Allahın yolundan azdırmaqçün
adamları Ona şəriklər qoşdular. De ki, «Hələlik əylənib keçinin,
axır dönəcəksiniz od içinə».
31. İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və nə alış-verişin,
nə də dostluğun olmayacağı bir gün gəlməzdən öncə xərcləsinlər
onlara verdiyimiz ruzidən gizlində və açıqda.
32. Allahdır göyləri, yeri yaradan,
səmadan su endirən, bu su ilə yetirdiyi meyvələrdən sizə ruzilər
verən. Sizə gəmiləri tabe eləmiş əmrilə üzsün dənizdə onlar. Sizə
çayları tabe eləmiş.
33. Öz işində olan günəşi, ayı
sizə tabe eləmiş. Göcəni, gündüzü sizə tabe eləmiş.
34. Hər nə istəmişsiniz vermiş
sizə. Saymaq istəsəniz də saya bilməzsiniz Allahın ne'mətlərini.
Bununla belə yenə də çox zalımdır, naşükürdür insan.
35. Bir zaman İbrahim belə demişdi:
«Rəbbim! Bu şəhərdə [Məkkədə] əmin-amanlıq yarat. Məni və oğullarımı
bütlərə tapınmaqdan yayındır.
36. Rəbbim! İnsanların bir çoxunu
azdırar onlar. Bundan sonra kim mənə tabe olsa məndəndir, kim
çıxsa əleyhimə, bilsin, Sən günahlardan keçənsən, Rəhimsən.
37. Rəbbimiz! Uşaqlarımdan bə'zisini
Sənin Beyti Haramının [Kə'bənin] yanında, əkinsiz bir vadidə [Məkkədə]
yerləşdirmişəm namaz qılalar orada. Rəbbimiz! Elə et ki, insanların
bə'ziləri mehr salsınlar onlara, meyvələrdən ruzilər yetir onlara
Sənə şükr eləsinlər.
38. Rəbbimiz! İçimizi, çölümüzü
Sən, şübhəsiz, bilirsən. Yerdə, göydə nə varsa heç bir şey Allahdan
gizli qalmaz.
39. Həmd olsun Allaha, bu qoca
vaxtımda mənə İsməili, İshaqı bəxş eləmiş. Duanı eşidəndir Rəbbim,
şübhəsiz.
40. Rəbbim! Namaz qılan elə məni
və züryətimdən bə'zisini. Rəbbimiz! Qəbul buyur duamı!
41. Rəbbimiz! Haqq-hesab çəkilən
gün mənim, atamın, anamın və mö'minlərin keç günahından!»
42. Sən elə bilmə zalımların işləklərindən
xəbərsizdir Allah. Onlara möhlətini yubadar ta o günə qədər ki,
gözlər dəhşət içində bərələ qalacaqlar.
43. O gün başları göyə dikilə-dikilə,
gözləri donub qala-qala, ürəkləri boş ola-ola çaşqınlıq içində
vurnuxarlar.
44. İnsanlara sən öncədən xəbər
ver əzabın gələcəyi günü: «Rəbbimiz! Yaxın bir vaxta qədər möhlət
ver bizə, Sənin çağrışına gələrik, peyğəmbərlərin ardınca gedərik»
deyər o gün zalımlar. «Yaxşı bəs əvvəllər and içməmişdinizmi məgər,
sizə ölüm yoxdur?
45. Özlərinə zülm etmişlərin məskənində
sakin idiniz. Sizə bəlli olmuşdu onlara etdiklərimiz və neçə-neçə
bənzətmələr söyləmişdik sizin üçün».
46. Qurama qurmuş onlar. Dağları
yerindən tərpədəcək olsa belə quramaları Allahın cəzasından qurtara
bilməz onları.
47. Sən elə bilmə elçilərinə verdiyi
və'də xilaf çıxandır Allah. Şübhəsiz, güclüdür, intiqam alandır
Allah.
48. O gün yer başqa yerlə dəyişdirilir,
hamı Allahın, hər şeyi qəhr eləyən tək Tanrının hüzuruna çıxır.
49. Və o gün günaha batmışları
zəncirlənmiş görürsən.
50. Qətrandandır köynəkləri, oda
bürünmüş üzləri.
51. Hər kəsə qazancına görə qarşılıq
verir Allah. Şübhəsiz, hesabı tez aparandır Allah.
52. İnsanlara bir bəyannamə olaraq
nazil olmuş bu Qur'an. Nazil olmuş ki, xəbərdarlıq alalar, bilələr,
Tanrı olaraq təkdir O. Və öyüd ala ağlı olan kimsələr.
|