İblis
dünyada şərin və allahsızlığın ilk səbəblərindən biri kimi tanınır.
Bu sözün yunanca «dyabolos» sözündən yaranma olduğu ehtimal edilir.
«İblis» sözündən başqa bəzən analoji, bəzənsə identik anlamda
«şeytan», «xaris», «əzazil», «xənnas» və s. adlar da işlənir.
Müsəlman duaları bir qayda olaraq «Əuzu billahi min əş-şeytanir-rəcim»
- «Daşlanmış şeytandan qaçıb Allaha sığınıram» sözləri ilə başlayır.
Qeyd edək ki, əsasən eyni anlamda, bəzən isə İblisin tərəmələri
mənasında işlənən «şeytan» sözünün «satana»dan götürüldüyü deyilir.
Bu söz islamdan əvvəl də ərəblər arasında işlənib. Həm ilan mənasında,
həm də şəxs adı kimi. İslam öncəsi ərəblər şeytanın insana nəsə
öyrətdiyinə inanırdılar. İslamın ilk zamanlarında məkkəlilər Məhəmməd
peyğəmbərin təbliğatını şeytanın təlqini sayırmışlar: «Qovulmuş
şeytan kəlamı deyil bu kitab» (Təkvir, 25).
Dinimizdə İblisin antiinsan
fəaliyyətinin başlanğıcı kimi Uca Tanrının ilk insanı – Adəmi
xəlq elədiyi zaman götürülür. Ona kimi İblis də başqaları kimi
Allaha ibadət edir, destruktiv fəaliyyət ilə məşğul olmurmuş.
Hicr surəsində deyilir ki, Allah insanı qara palçıqdan xəlq eləyib
ona öz nəfəsindən üfürəndən sonra mələklərə əmr edir ki, Adəmə
səcdə eləsinlər. Təkcə İblis əmri icra eləməkdən boyun qaçırır,
Adəmə səcdə eləməkdən imtina edir: «Quru gildən, qara palçıqdan
yaratdığın bəşərə səcdə eləyən deyiləm» - dedi İblis»
(Hicr, 33). Və bundan sonra o, Allahın dərgahından qovulur:
«Elə isə çıx oradan, sən artıq dərgahdan qovulmuşsan, – dedi Allah
– Qiyamət gününə qədər lənətə gələcəksən» (Hicr, 34-35).
Qurana görə, bundan sonra İblis Allahdan Qiyamət gününə qədər
möhlət alır və Allaha sadiq olan bəndələrdən başqa hamını doğru
yoldan azdıracağını deyir. ilkin olaraq o, cənnətə enərək ilk
insanı – Adəmi və Həvvanı yoldan çıxarır: «İkisini də azdırdı
şeytan orada» (Məidə, 36). İblis Adəm və Həvvanı
Allah tərəfindən yeyilməsi qadağan olan meyvəni yeməyə şirnikdirir.
«Ayıb yerlərini göstərməkçün onlara: «Bu ağacı Rəbbiniz ancaq
ona görə yasaq eləmiş ki, siz mələk olmayasınız, burada da əbədilik
qalmayasınız» pıçıldayıb dedi şeytan. Ağacdan meyvə daddıqca ayıb
yerləri göründü, cənnət yarpaqları ilə oralarını örtməyə başladılar»
(Əraf, 20-22).
İblisin təkəbbürünün
səbəbi haqda Quranda əlavə məlumat verilməsə də, bu barədə islamda
rəvayət var. Söyləyirlər ki, İblisin adı Əzazil (bəzi mənbələrə
görə, Xaris) imiş. Cinlər yerdə üsyan edəndə Allah onu bu üsyanı
yatırmağa göndərib. O, bu vəzifənin öhdəsindən bacarıqla gəlib.
Amma qələbəsindən sonra təkəbbür sahibi olub. Görünür, yuxarıdakı
rəvayət İblisin cin nəslindən olduğunu deyən ayənin təsiri ilə
yaranıb. Hesab olunur ki, İblisin hərəkəti mələklərə yaraşmayan
bir tövrdür. Və bu yanlış hərəkətə əslində olan qarışığa görə
yol verdiyin deyirlər. Ehtimal edirlər ki, əgər o, digər mələklər
kimi pak olsaydı, bunu etməzdi. Cinlər üzərindəki qələbəsinə görə
iblisin məqamı yüksəldilsə də, o, təkəbbürü ucbatından bu məqamı
qoruya bilməyib və Allah dərgahından qovulub: «Adəmə səcdə eləyin»
demişdik mələklərə bir zaman. Hamı səcdə elədi, iblis eləmədi.
Cin nəslindəndi o» (Kəhf, 50).
Cinlərin də savab və
günah sahibi olması, Kitabların onlara da göndərilməsi, bir sözlə,
iradə azadlığına malik olub, xeyir və şəri seçməkdə azad olmaqları
haqda Quranda məlumat verilir: «Ey cin və insan cəmiyyətləri.
Sizə içinizdən peyğəmbərlər gəlmədimi?» (Ənam, 130).
Məhəmməd peyğəmbərin insanlara olduğu kimi, cinlərə də ilahi əmrləri
təbliğ etdiyi deyilir. Cinn surəsində bu barədə ayə var: «De ki,
«Mənə vəhy edilib, mən Quran oxuyan zaman bir dəstə cin qulaq
verib dinləmiş, qayıdıb öz qövmünə belə söyləmiş: «Heyrətamiz
bir Quran dinləmişik. Doğru yola yönəldəndir bu Quran, buna iman
gətirmişik» (Cinn, 1-2). Əhqaf surəsində isə
deyilir: «Cinlərdən bir neçəsini sənə tərəf göndərmişdik, Qurana
qulaq verələr. Onu dinləməyə başlayan zaman: «Susun!» - dedilər
bir-birinə. Quran oxunub qurtaran kimi qayıtdılar xəbərdarlıq
eləsinlər öz qövmlərinə. Dedilər: «Ey qövmümüz! Allah yoluna çağıran
peyğəmbərin səsinə səs verin, ona iman gətirin, günahlarınızdan
keçsin, ağrılı bir əzabdan qorusun sizi Allah» (Əhqaf,
29-31). Bu ayələrə istinad edib demək olar ki, İblisin
şəri həm də cinlərə ünvanlanıb. Qiyamətdən sonra İblis və ona
uyanlar cəhənnəmə göndəriləcəklər: «Cəhənnəmə tullayarlar onları.
Dallarınca da hamılıqla İblisin adamlarını» (Şuara, 94-95).
Dinimizdə
İblisə münasibət şərə münasibətdir. Hər halda başqa canlılar üçün
olmasa da, insanlar üçün ən böyük yaramazlığı o edib. İnsanları
gələcəyinidən məhrum edir, yaxşını pis, pisi isə yaxşı göstərməklə
günaha sövq edir, cəhənnəm üçün vəsilə olur. Onu da qeyd edək
ki, ibtidai dini təsəvvürlərdə, hətta Kitab əhli olan bir sıra
xalqların mifoloji təsəvvürlərində şər daha təhlükəli görünür,
təqdim olunur, nəinki müsəlmanlıqda. Qədim türk dini təsəvvürlərində
xeyir allahı Ülgenlə yanaşı, onun şər qardaşı Erlik obrazı da
var. Adamlar xeyir allahı Ülgenlə yanaşı ona da qurban verirlər.
Və bu qurban sevgi və ya minnətdarlıq nəticəsi deyil, qorxudandır.
Çünki Erlik insanlara xəstəliklər və başqa bəlalar göndərir. Nenlərin
mifologiyasında vəziyyət buna oxşardır. Xeyiri təmsil edən «allah»
Numuya qarşı şəri təmsil edən Nqo obrazı var. Nqo da Erlik kimi
yeraltı dünyanın ağasıdır. O da öz nökərləri – şər ruh olan nqılekalar
vasitəsilə insanlara cürbəcür xəstəliklər göndərir. Adamlar xəstələnəndən
sonra Nqo onların canını yeyir. Nəticədə adam ölür. Nqo həm də
demiurqdur. Yəni o, dünyanın yaradılmasında Numu ilə bərabər iştirak
edib, əziyyət çəkib. Həm pozitiv, həm neqativ fəaliyyəti olub.
Müsbət işi o olub ki, Nqo möhkəm dursun deyə, yerin altına balina,
yerin üstünə isə dağları – Ural dağlarını qoyub. Nenlər düşünür
ki, Nqo elə qorxaq deyil, lap Numu ilə davaya da qalxışır. İldırım
çaxanda nenlər deyirlər ki, Ay və Gün üstündə Numu ilə Nqo dalaşır.
Çünki Nqo Ayı və Günü yeraltı dünyaya aparmaq istəyir. Ora qaranlıqdır
axı. Mənfi işi isə odur ki, oğrudur, Numudan torpaq rüşeymi –
gil oğurlayır və ondan öləri adamlar düzəldir, sonra da onları
yeyir.
Zərdüştilikdə şərin
təcəssümü olan Əhrimən də çox güclüdür. O, xeyir allahı Hörmüzün
qardaşı, ali allah kimi təsəvvür olunan Ervanın oğludur. İki qardaş
– Hörmüz və Əhrimən insanlar üzərində hakimiyyəti qardaşcasına
- rotasiya qaydası ilə həyata keçirirlər. Adama (daha doğrusu,
«allaha») üç min il. Şərə qulluq edənlər o dünyada Əhrimənin,
xeyir sözlü, xeyir düşüncəli və xeyir əməllilər isə Hörmüzün hüzuruna
gedirlər. Yəhudilikdə şərin simvolu, demonik varlıqların patriarxı
Satanadır. Onunla yanaşı Əzazil və bir sıra başqa şeytani subyektlərdən
də söz açılır, amma onların eyni varlıqmı, yoxsa birinin digərinin
törəməsi və s. olması anlaşılmır, bu məsələ açıq olaraq qalır.
Yəhudilər Əzazildən qorxur və Yəhva ilə bərabər ona da qurban
verirdilər. Bu mərasim bağışlanma cünü – «yom kippur» bayramı
zamanı həyata keçirilirdirdi.
Zaman keçdikcə dini düşüncədə
şərin imkanı haqda olan təsəvvürlər də təkamülə məruz qalıb. Göründüyü
kimi, ibtidai dinlərdə və bir sıra sadalanan sonrakılarda şər
böyük iddia sahibi kimi görünür. Şər təmsilçiləri hakimiyyətə
şəriklik edir, panteonda yer alırlar. Üstəlik, onlar Allahın varlığının
tərkib hissəsi kimi götürülürlər. Erlik Kudayın, Əhrimən isə Ervanın
dosdoğma övladıdır. Bu isə qədim təsəvvürlərdə şərin özünün də
ilahi mahiyyətdən gəlməsi inancının ifadəsidir. Bəlkə də, həm
də bu səbəbdən şərlə hesablaşır, ondan qorunmaq üçün qurban belə
kəsirdilər. Xristianlıqda isə vəziyyət bir başqadır. «Allah nurdur
və bu nurda heç bir qaranlıq yoxdur» sözlərində şərin köklərini
Allahda aramaq cəhdlərinə etiraz olunur.
Şər əsl qiymətini islam
dinində alır. Allahdan başqa heç kəsdə qüdrət və qüvvət olmadığını
deyən dinimiz demonik varlıqlarla «hakimiyyət bölgüsünü» rədd
etməklə qalmır, şərin təcəssümü olan şeytanı qanundan kənar elan
edir və hər bir kəsi onunla mübarizəyə çağırır. Onunla hər hansı
anlaşmanı rədd edir. İslamda Allahın şərə olan münasibəti, şərin
acizliyi dəfələrlə vurğulanır. Baxın, Allah onu dərgahdan necə
qovur: «Düş aşağı oradan, sən nə hədlə böyük-böyük danışırsan
orada, rədd ol, sən alçağın birisən» - dedi Allah» (Əraf,
13). Və ya: «Şeytana bənzəri var münafiqlərin. İnsana
«küfr elə» deyər. Küfr eləyərsə insan, «Mən səndən uzağam, aləmlərin
Rəbbi olan Allahdan mən qorxaram» - deyər şeytan» (Haşr,
16).
Şeytan Allah tərəfindən
rədd edildiyi üçün ona münasibətdə bu xüsusat nəzərə alınmalıdır.
İslam düşüncəsinə görə qovulmuş şeytanla işbirliyi qurmaq, onun
pıçıldadıqlarına uymaq allahsızlıqdır. Naşükürlükdür. Hər kim
onu qovar, öz xeyrinə, hər kim ona uyar, öz zərərinə. Beləliklə,
dinimizdə insanlara məsləhət görülür ki, hər zaman şərə qarşı
mübariz olsunlar. Quranda şeytanın vəsvəsələrinin bəzi aspektləri
də açıqlanır. Məsələn, şeytan adamları kasıbçılıqla qorxuzub şərə
təhrik etmək istəyir. «Şeytan sizi kasıbçılıqla qorxudur və sizə
çirkin işlər görməyi buyurur. Allah isə sizə məğfirət və fəzilət
vəd edir» (Baqara, 268). Adam bu təhriklərə uymamalıdır,
çünki ruzi verən Allahdır. Uca Tanrının adlarından biri – Rəzzaq
«rizq verən» deməkdir.
İblisin keyfiyyətlərindən
biri də onun saxtakarlığıdır. O, şübhəsiz, böyük saxtakardır.
İnsanlara yaxşını pis, şəri isə xeyir kimi göstərib onları yoldan
çıxarır. Mahiyyətindəki yaramazlıq görünüşündə də özünü büruzə
verir. O, özü də insanların gözünə görünəndə olduğu kimi görünmür.
Cəlbedici bir şəkildə – gözəl qadın, mələk, peyğəmbər və s. şəkildə
özünü göstərir. Əks təqdirdə kimi aldatmaq olar? Fərqli təqdimdə,
demək, bir iblisanəlik var. Göründüyü kimi olmaq, olduğu kimi
görünmək haqda məşhur kəlam, yəqin ki, bu səbəbdən deyilib. Həqiqət
libasındakı bütün yalanlar iblisanədir. İblis pisi yaxşı göstərdiyi
kimi, eyni zamanda, yaxşıları da pis göstərir. Adamlar Quran oxumaq,
ibadət eləmək istəyəndə şeytan mane olmaq üçün əlindən gələni
edir. Amma elə bir cəhəti var ki, bu sarıdan bəzi insanların onu
geridə qoyduğunu düşünmək olar. İblis saxtakarlıq etməzdən öncə
bu barədə səhih məlumat verir: «Rəbbim! Məni azdırdığına görə
mən onlara mütləq bər-bəzəkli göstərərəm günah işləri və doğru
yoldan azdırararm hamısını. Sənə sadiq olanlardan savayı» (Hicr,
39).
Göründüyü kimi, başqa
bir sıra dinlərdə hakimiyyəti bölmək davası edən və bəzən buna
nail olan şərin fəaliyyət sahəsi dinimizdə lokallaşıb. O, Allahla
davaya çıxacaq durumda deyil, adamların qəlbi uğrunda ayrı-ayrı
fərdlərin daxilindəki mələklərlə mübarizə aparır və heç də hər
zaman uğur qazanmır, çünki hökmü Allahın əsl bəndələrinə çata
bilməz, yalnız sapmışlara yetər.
İblisin görkəmi barədə
məlumatlar da fərqlidir. Òörê mifologiyasında Erlik ucaboylu qoca
kimi təsvir olunur. Haça saqqalı dizinə qədərdir. Saçları pırtlaşıqdır.
Qulaqlarının dalına keçirilən uzun, qara qıvrım bığları var. Qara
və keçəl öküzə, qara yorğa ata və ya qara çəpsiz qayığa minib
gəzir. Əlinə qamçı əvəzinə qara ilan götürür. İncildə İblisin
görkəmi haqda heç bir məlumat verilmir. Amma orta əsr təxəyyülü
onun təsvirini verib. Çoxlu əlləri, quyruğu var, ağzı cəhənnəmin
qapısıdır və s. İslam mifologiyasında şeytan kor təsvir olunur.
Səbəbi haqda deyilir: «Məlumdur və «Íasixül-təvarix»də də yazılb
ki, həzrət İbrahim əsrində həzrət Cəbrayıl qanadı ilə vurub şeytanın
bir gözünü tökdü. Odur ki, şeytana lənət oxuyanda «Lənət sənə
gəlsin, kor şeytan» deyirlər» (Ə. Haqverdiyev, «Xortdanın
cəhənnəm məktubları»). İslam mifik qaynaqlarına görə,
İblis yerdəki bütün şər qüvvələrə başçılıq edir. Həm də onları
yarada bilir. Özü və komandası, adətən, xarabalıqlarda, qəbiristanlıqlarda,
hamamlarda, bazarlarda dolanır, şərab içir, mahnı, rəqs və şeri
sevir.
Yuxarıda deyildiyi kimi,
İblis, şeytan çox zəifdir, hökmü ancaq zəiflərə yetir: «Sən güc
gələ bilməzsən mənim bəndələrimə, hökmün ancaq sapmışlara yetə
bilər» (Hicr, 42). Bəs sapmışların ürəyinə o,
necə yol tapır? Mifologiyada iki variantda izah var. Bir rəvayətdə
insanı yoldan çıxarma məsələsində İblisin uğuru belə izah olunur:
«Allah həzrət Adəmin qəlibini palçıqdan düzəltdirib və qoéub ki,
qurusun. O vaxt mələklər bir-bir gəlib Adəmin qəlibinə tamaşa
edirmişlər. Şeytan da gəlir tamaşaya. Adəmin qəlibi boş küp kimi
bir şey imiş. Şeytan elə o vaxtdan bic imiş. Mələklərdən xəlvət
özünü verib qəlibin içinə və gəzməyə başlayıb. Onun içərisinə
tam bələd olub».
|
“Molla
Nəsrəddin” jurnalında şeytan təsviri |
Başqa bir rəvayətə görə,
Adəm və Həvva cənnətdən qovulandan sonra şeytan öz oğlu Xənnası
onlara qulluqçu kimi göndərir. Xənnas onları qarabaqara izləyirmiş.
Onun hərəkətlərindən bezən Adəm və Həvva qurtulmaq üçün tədbirlər
düşünürlər. Bir gün onu dəniz sahilinə aparırlar. Xənnas qayanın
üstündən dənizə baxdığı zaman onu arxadan itələyib dənizə salırlar.
Boğulduğuna arxayın olub geri qayıdırlar. Yaşadıqları alaçığın
yanına gələndə Xənnası orada oturan görürlər. O, heç nə olmayıbmış
kimi: «Harda qaldınız, səhərdən sizi gözləyirəm» – deyir. Növbəti
sui-qəsd zamanı Adəm və Həvva ocaq qalayır, qəflətən onu tonqala
itələyib yandırırlar. Oradan çıxmadığını görəndə arxayın evə qayıdır,
amma bu dəfə də Xənnasın çadırın qabağında oturub onları gözlədiyini
görürlər. Nəhayət, ocaq qalayıb, qazan asırlar. Su qızdırıb, Xənnası
qazana basır, bişirib, ətini yeyirlər. Rəvayətdə deyilir ki, o
vaxtdan şeytan insanın içindədir. Öz destruktiv fəaliyyətini fərdin
içində həyata keçirir. Göründüyü kimi, Quranda şeytan mənasında
işlənən Xənnas rəvayətdə şeytanın oğlu olaraq tanıdılır. Müsəlman
mifologiyasında şeytanın Xənnasdan başqa iki qız övladı da olduğu
deyilir. Şeytanın şərindən qorunmaq üçün, adətən, Nas surəsini
oxuyurlar.
|