Həvva
insan nəslinin anası, ilk insan və peyğəmbər Adəmin zövcəsidir.
İslamda «Həvva» kimi işlənən bu ad ibranicə Tövratda «Havvah»,
Tövratın yunanca tərcüməsində «Eva», latıncasında «Heva» kimi
işlənir. Tövrata görə, Həvvaya bu adı Adəm verib və mənası da
canlı, yaşayan deməkdi. (Varlıq, 3.20). «Həvva» sözünün aramicə
olub ilan mənası verməsi fikri də geniş yayılıb. Niyə belə deyilməsi
isə bu cür izah olunur: ilan Həvanın məhv olma səbəbi olub, Həvva
da Adəmin ilanı olub.
Tövratda
Tövratda bir yerdə (mətndə)
insanın ilkin olaraq kişi və qadın olaraq yaradılması göstərilirsə
(Varlıq 1\27, 5\2), bir başqa yerdə əvvəlcə kişinin
(Varlıq 2\18-23) sonra isə arvadın yaradılıdığı
qeyd olunur. Bu ikinci rəvayətə görə, Adəm yaralıdıqdan sonra
Rəbb ona bir köməkçi yaratmaq məqsədilə torpaqdan heyvanları,
quşları yaradır. Adəm bütün bunlara ad qoyur. Amma bunlarda özünə
uyğun bir köməkçi tapa bilmir. Belə olanda Rəbb Allah onu dərin
yuxuya verir, qabırğasından bir qadın düzəldib ona gətirir.
Bəs niyə qabırğadan?
Tövrat təfsirçiləri bunu belə izah edirlər: Allah Həvva təkəbbürlülük,
lovğalıq etməsin deyə onu Adəmin başından, başqasına baxmaması
üçün gözündən, başqasını dinləməməsi üçün qulağından, dedi-qodu
etməsin deyə ağzından, qısqanc olmasın deyə ürəyindən, oğurluq
etməsin deyə əlindən, veyil-veyil gəzməsin deyə ayaqlarından yaratmayıb.
Təvazökar olması üçün bədəninin gizli hissəsindən - sağ böyründəki
on üçüncü qabırğa sümüyündən yaradıb. Bu təfsirdə Adəmlə bağlı
diqqət çəkən məqam onun yaradılışdan nöqsanlı olmasıdır.
Tövrata görə, Adəm əvvəlcə
Həvvaya İşşah adı verir. Onlar çılpaq şəkildə ikisi də cənnətdə
gəzirmiş və utanc duymurlarmış. Burada xeyir və şəri bildirən
bir ağac varmış və meyvəsindən yemək yasaq olunubmuş: «Allah demişdi
ki, əgər onlar bu əmrə əməl etməsələr, öləcəklər».
İlan Həvvanı aldadır
və Allahın yasaq etdiyi meyvəni yedirir. Həvva bu meyvədən Adəmə
də verir və ona da yedirir. Nəticədə onların gözü açılır və çılpaq
olduqlarının fərqinə varırlar. Adəm Həvvanı günahlandırır, Həvva
isə ilanı (Varlıq 3\1-6).
Göründüyü kimi, Həvva
burada mənfi planda verilir, Adəm isə arvadının sözünə baxdığına
görə məsul tutulur: «Həvva ağacdan meyvə dərdi və yedi, həmçinin
yemək üçün əri Adəmə də verdi. Bundan sonra Allah Adəmə dedi:
«ARVADININ SÖZÜNƏ QULAQ ASIB SƏNƏ «MEYVƏSİNİ YEMƏ» DEDİYİM AĞACDAN
YEDİYİNƏ GÖRƏ TORPAQ SƏNİN UCBATINDAN LƏNƏTƏ GƏLİB. ÖMÜR BOYU
ONDAN ZƏHMƏTLƏ QİDALANACAQSAN… Yarandığın torpağa dönüncəyə qədər
alnının təri ilə çörək yeyəcəksən» ("Varlıq"
kitabı). Bundan sonra ağrı ilə övlad dünyaya gətirmək
məsələsi Həvvanın boynunda qalır və ona ana mənasında Həvva adı
verilir (Varlıq, 3\20 ).
Daha sonra Adəm və Həvva
cənətdən çıxarılır (Varlıq 3\22-24). Həvva əvvəlcə
Qabili, sonra Habili dünyaya gətirir (Varlıq 4\1-2).
Habilin öldürülməsindən sonra Həvva Şiti doğur (Varlıq
4\25).
İncildə
Xristianlıqda Adəm peyğəmbərə
və Həvvaya aşkar mənfi münasibət var. Yasağı pozduğuna görə, günahı
dünyaya gətirdiyinə görə Adəm peyğəmbər suçlandırılır. İncildə
İsa Məsihin şəcərəsinin başlanğıcı Adəmdən götürülsə də,
(Lukanın müjdəsi, 3: 23-38) onlar bir-birinə qarşı qoyulur.
Belə ki, İncilə görə, ölüm və zülm ilk günahdan – Adəmin günahından
qaynaqlanır. İncilin məntiqinə görə, ilk günah olmasaydı, insanlar
üçün ölüm olmayacaqdı. Onlar iztirabarlara məruz qalmayacaq, cənnət
həyatı yaşayacaqdılar. Amma Adəm peyğəmbər sınaqdan uğurla çıxa
bilməyib. O, yasağı pozub. «Buna görə necə ki, günah tək bir adam
vasitəsilə (Adəm peyğəmbər – V.S.) və ölüm günah
vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi»
(Romalılara məktub, 5:12). İncilə görə, Adəm
peyğəmbər tərəfindən yol verilən günahı İsa öz saleh əməli ilə
yuyub və bütün bəşəriyyəti reabilitasiya edib: «Deməli, bir nəfərin
(Adəm peyğəmbər – V.S.) təqsiri üzündən bütün insanlar
necə məhrumiyyətə uğradılarsa, eləcə də tək bir Nəfərin (İsa
peyğəmbər –V.S.) salehliyi nəticəsində bütün insanlara
yaşamaq üçün bəraət verildi» (İncil, Romalılara məktub,
5:18).
Həvvaya münasibət Adəm
peyğəmbərə olandan daha sərtdir. İncildə o, Məryəmlə qarşılaşdırılır.
Bu qarşılaşdırmalarda Məryəmin müsbət, Həvanın isə mənfi cəhətlərinə
diqqət çəkilir. Məryəm səbatlı, Həvva isə səbatsız olaraq göstərilir.
Həvvanın aldadıcı olduğuna diqqət ayrılır: «…Çünki ilk yaradılan
Adəm olmuşdur, Həvva isə sonradan yaradılmışdır. Aldanan da Adəm
olmamışdır, LAKİN QADIN ALDANIB CİNAYƏTKAR OLDU. Amma qadın Uşağın
doğulması ilə xilas olacaqdır. Bir şərtlə ki, onlar mötədilliklə
iman, məhəbbət və qüdsiyyətdə yaşasınlar» (İncil, Timoteyə
birinci məktub, 2: 13-15). Xristianlıqda kişinin qadın
üzərində hakimiyyəti də əsaslandırılır, çünki əvvəl kişi yaradılıb,
sonra qadın.
İslamda
İslamda başqa mövzularda
olduğu kimi, Quranda ətraflı şəkildə bəhs olunmayan məsələlər
israilliyyat hesabına doldurulduğu kimi, Həvva ilə bağlı da çoxlu
belə faktlara rast gəlinir. Bunlardan biri də qabırğa məsələsidir
- Həvvanın Adəmin qabırğasından yaradılması. Qadınlarla bağlı
onları nöqsanlı olaraq göstərmək üçün işlənən «gəc qabırğa» ifadəsi
bu rəvayətlərdən qaynaqlanır. Bəzi hədislərdə qadının qabırğa
sümüyündən yaradılması deyilməklə yanaşı, əgər Həvva olmasaydı,
qadın ərinə xəyanət etməzdi tipində nöqteyi-nəzərlər də var və
bunlar, təbii ki, Quran məntiqi ilə səsləşmir. Bundan başqa, bir
sıra təfsir kitablarında Allah taalanın Adəmi yuxuya verib, onun
qabırğasından Həvvanı yaratması deyilir. Bir başqasında Adəmin
ağlı üstündə olan zaman yasaq meyvəni yemədiyi nəql olunur. Guya
Həvva ona içki içirərək sərxoş edib, sonra onu ağacın yanına gətirərək
yasaq meyvəni yeməyə təhrik edib. Bundan əlavə, yuxarıda bəhs
edilən Bibliya və israilliyat qaynaqlarının təsiri ilə günahın
törədilməsində Həvvanın rolu səbəbindən qadınların hamilə olması
və uşaq dünyaya gətirmə kimi cəzaya məruz qalması məsələsi də
bir sıra islam qaynaqlarında yer alır.
Günümüzdə çap olunan
«Peyğəmbərlərin həyatı» adlı kitabda (müəllifi Seyyid Kamal) da
günahın ünvanı xüsusunda balans yaratmağa yüngülvari cəhd olsa
da, Həvvanın israiliyyatda olan mənfi imicinin təsirini görürük:
«HƏVVA BAXDI, ADƏM DƏ BAXDI… Şeytan Adəm və Həvvaya and içdi ki,
onlarnı xeyrini və əbədiyyətini istəyir. Bu dəhşətli anda Adəm
Allahı unutdu. O, Allahla bağladığı əhd-peymanı yaddan çıxardı.
Öz-özünə fikirləşdi ki, həmişə Allahı yad edər və eyni zamanda
əbədi olaraq ömür də sürə bilər. O həyəcanlı anlarda HƏVVA ƏLİNİ
UZADARAQ AĞACIN MEYVƏSİNDƏN DƏRƏRƏK YEDİ. HƏQİQƏTƏN, LƏZZƏTLİ
VƏ GÖZƏL İDİ. O, MEYVƏLƏRDƏN ADƏMƏ DƏ VERDİ. Adəm öz əhd-peymanını
unudaraq onları yedi».
Quranda
Quranda Həvva adı işlənmir,
ondan «Adəmin zövcəsi» deyə bəhs edilir: «Ey Adəm, öz zövcənlə
cənnətdə qal…» (Baqara, 35; Əraf 19); «Dedik:
«Ey Adəm, sənə də, zövcənə də düşməndir o, şübhəsiz. Gözlə sizi
cənnətdən çıxarmasın, əziyyətə düşərsən…» (Ta-hə 117).
Quranda Adəmin yaradılışı barədə bir sıra ayələrdə geniş
danışılsa da, Həvvanın onun hansısa orqanından yaradılması barədə
heç nə deyilmir. Birlikdə cənnət yerləşdirilməsi və oradan çıxarılması
barədə söz açılır:
«Ey Adəm, öz zövcənlə
cənnətdə qal, orada olandan istədiyiniz qədər yeyin, yalnız bu
ağaca yaxınlaşmayın, yoxsa ki, zalımlardan olarsınız» dedik» (Baqara,
35).
Şeytanın Həvvanı azdırması
və ya Həvvanın təhriki ilə Adəmin bu suçu işləməsi barədə də heç
nə deyilmir. Əgər Tövratda şeytanın Həvvaya yaxınlaşıb onu yoldan
çıxarmasından danışılırsa, Quranda Adəmə müraciət edib və onun
ağlını başından çıxardığı göstərilir: «Şeytan pıçıldadı: «Ey Adəm,
sənə əbədiyyət ağacını, fani olmayan bir səltənəti göstərimmi?»
O ağacın meyvəsindən hər ikisi yedilər. Ayıb yerləri göründü.
Bunları cənnət yarpaqlarıyla örtməyə başladılar. Rəbbinə asi oldu,
yolundan azdı Adəm» (Ta-hə 120-121). Quranda
bu ilk günahla bağlı həm Adəm, həm də Həvva məsul tutulur: «İkisini
də azdırdı şeytan orada» (Baqara, 36); «Ayıb
yerlərini göstərməkçin onlara «Bu ağacı Rəbbiniz ancaq ona görə
yasaq eləmiş ki, siz mələk olmayasız, burada da əbədilik qalmayasız»
pıçıldayıb dedi şeytan. «Mən gerçəkdən öyüd verənlərdənəm» deyib
and içdi onlara şeytan. Aldatdı onları…» (Əraf 20-22).
Quranda Adəmin torpaqdan,
Həvvanın isə Adəmdən yaradıldığı deyilir: «Ey insanlar, qorxun
Rəbbinizdən və bilin, tək bir candan yaratmış sizi O. Və bu candan
onun tayını, sonra da bir cüt candan xeyli sayda kişilər və qadınlar
yaratmış» (Nisa 1); «Odur sizi tək bir candan
yaradan. Və bu candan onun tayını da var eləmiş ki, onunla rahatlıq
tapsın tayı» (Əraf 189); «Sizi tək bir candan
yaratmış. Sonra da bu candan tayını var eləmiş» (Zumər
6).
Şeytanın təhriki ilə
qadağanı pozandan sonra Adəm və Həvva cənnətdən qovulublar: «Bir-birinizə
düşmən olaraq düşün yer üzünə, orada bir müddət keçinərsiniz»
dedik» (Baqara, 36). Nəhayət, qeyd etmək istərdik
ki, bu cəzanın verilməsində bəşəriyyətin anası olan Həvvanın hansısa
xüsusi rolunu arayıb qadınları aşağılamaq istəyənlərin Quranda
fikirlərinə dəstək axtarışları hələ ki, bir nəticə vermir.
|