Rəhman və Rəhim Allahın adıyla
1. Əlif ləm ra. Bu bir Kitabdır
ki, müdrik və hər şeydən xəbərdar Allah
ondakı ayələri tamama yetirəndən sonra birər-birər açıqlamış bunları.
2. Açıqlamış ki, Allahdan başqa
heç kimə tapınmayasız. Mən Onun
dərgahından sizlərə xəbərdarlıq çatdıranam, müjdə verənəm.
3. Siz də Rəbbinizdən məğfirət
diləyin, sonra Ona tövbə eləyin. O da
tə'yin olunmuş əcəl gələnə qədər yaxşıca dolandırsın sizi və hər
fəzilət yiyəsinə
qaytarsın fəzilətini. Və əgər haqdan üz döndərsəniz, özünüz bilin,
qorxuram ki,
böyük günün əzabına düşəsiniz.
4. Allahın dərgahına axır dönəcəksiniz.
Hər şeyə qadirdir O.
5. Bilin, Ondan gizlənmək üçün
ikiqat bükülərlər. Bilin, geyimlərinə
bürünsələr belə onların içinə də, çölünə də bələddir Allah. Ürəklərdə
gizlənəni
biləndir Allah.
6. Yer üzündə elə bir canlı yox
ki, onun ruzisini Allah verməyə. Canlıların
qərar tutmaq və əmanət olaraq qalmaq məkanına, zamanına bələddir
O. Bu
deyilənlərin hamısı yazılmış aydınca bir Kitabda.
7. Ərşi su üstündə ikən göyləri
və yeri altı gündə yaratmış O. Yaratmış
ki, hansınızın yaxşı işlər gördüyünü yoxlaya. Ancaq yenə «Öləndən
sonra
diriləcəksiz» desən, «Bu dediyin açıq-aşkar cadudan başqa bir
şey deyildir»
deyəcək küfr eləyən kimsələr.
8. Və əgər əzabın gəlməyini bir
neçə müddətliyə tə'xirə salarsaq onlar
üçün, «Nədir o əzabı tutub saxlayan?» deyəcəklər. Bilin, o əzab
başlarına gələn
gün aralanmaz onlardan və haqlayar onları bu lağa qoyduqları.
9. Dadızdırsaq insana rəhmətimizi,
sonra əlindən alsaq bunu, mə'yus olub
artırar o küfrünü.
10. Sıxıntıya düşəndən sonra dadızdırsaq
ona bir ne'məti, «Ötdü, getdi pis
günlərim» deyər, lovğa-lovğa sevinər.
11. Səbr eləyən, yaxşı-yaxşı işlər
görən kimsələr bu qəbildən deyillər.
Məğfirət, böyük əcir hazırlanmış onlara.
12. Bəlkə də sənə vəhy olunan
bə'zi ayələri çatdırmırsan və eşidəndə
ki, «Niyə ona bir xəzinə göydən göndərilməmiş, onunla bir mələk
göydən
gəlməmiş?» deyir müşriklər, sıxılır ürəyin. Hərçəndi sən ancaq
xəbərdarlıq
eləyənsən, hər şeyə vəkilliyisə Allah eləyər.
13. Yoxsa ki, «Qur'anı uydurmuş
o» deyərlər? De ki, «Elə isə siz
də bu Kitabın bənzəri onca surə uydurun və əgər doğru sözlü, düz
əməlli
kimsələrsinizsə, Allahdan başqa kimləri çağıra bilirsinizsə çağırın
yardım
göstərsinlər sizə.
14. Səsinizə səs verməsələr, bilin,
Allahın elmilə göndərilmiş bu Kitab və
Ondan başqa tanrı yoxdur. Və təslim eləyin özünüzü Allaha».
15. O kəslər ki, dünya həyatını,
onun zər-ziynətini arzulayırlar, gördükləri
işlərin qarşılığını bütünlüklə, azaldıb əskiltmədən verərik Biz
onlara orada.
16. Oddan başqa bir şey düşməz
nəsibinə onların. Yoxa çıxar qayırdıqları
şeylər, batil olar gördükləri işlər.
17. Aşkar dəlil göndərmiş Peyğəmbərə
Rəbbi və onun ardınca da Onun
şahidi [Cəbrail] nazil olmuş. Daha öncə isə Kitabı [Tövratı] Musaya
göndərmiş
O. Aşkar dəlil təməlinin üzərində olan kəslər inanarlar Qur'ana.
Firqələrin hansı
biri küfr edərsə Qur'ana, yeri od olar onun. Sən də şəkk gətirmə
buna. Rəbbinin
göndərdiyi haqdır bu axı. Amma yenə inanmayır adamların bir çoxu.
18. Allahın adına yalan yaxandan
daha zalım kim ola? Rəblərinin
hüzuruna gətirərlər bu yalançı kəsləri və şahidlər deyərlər: «Bunlardır
Rəblərinin adına yalan yaxan kimsələr». Bilin, zalımların üstündədir
Allahın
lə'nət yazısı.
19. O kəslər ki, döndərərlər adamları
Allah yolundan, əyri-üyrü görmək
istəyərlər bu yolu, onlar, bəli, məhz onlardır axirəti dananlar.
20. Aciz qoya bilməz onlar yer
üzündə Allahı. Allahdan başqa dostları da
olmaz, əzab dalınca əzab gələr onlara. Haqqı eşidə bilmirdi, görə
bilmirdi onlar.
21. Bunlar o kəslərdir ki, itiriblər
özlərini və onlardan uzaq düşərək yoxa
çıxıb uydurduqları şeylər.
22. Əlbəttə bunlardır axirətdə
ən çox ziyan çəkənlər.
23. O kəslər ki, iman gətiriblər,
yararlı işlər görüblər, Rəblərinə boyun
əyib asudəlik tapıblar, cənnət əhlidir onlar və orada əbədilik
qalarlar.
24. Kar-korla eşidən-görən kimidir
bu iki firqə [kafirlər və mö'minlər].
Uyğundurmu bir-birinə vəziyyəti onların? Uyğun deyilsə əgər, bundan
ibrət
dərsi almazmısınız?
25. Öz qövmünə göndərdik Biz Nuhu
elçi olaraq. Dedi: «Mən sizlərə
açıq-aşkar xəbərdarlıq eləyənəm.
26. Təkcə Allaha ibadət eləyin. Yoxsa ki, qorxuram acı günün əzabına
düşəsiz».
27. Onun qövmündən olan kafir
kübarlar dedilər: «Görürük, sən də bizim
kimi bir bəşərsən sadəcə. Görürük, aramızda olan alçalmışlar qoşulurlar
sənə
düşünüb-daşınmadan. Yoxdur sizin bizdən bir üstünlüyünüz. Biz
sizi yalançılar
sayırıq».
28. Nuh dedi: «Ey qövmüm, aşkar
dəlillə əgər göndərmişsə, Rəbbim
məni, rəhmət göndərmişsə mənə Öz dərgahından və bunlar sizə qaranlıq
qalmışsa, deyin, heç məcbur edərik ki, istəməyə-istəməyə bunları
qəbul edəsiz?
29. Ey qövmüm, peyğəmbərlik etməyimə
əvəz olaraq sizdən sərvət
ummuram, əcrimi Allah verər. İman gətirənləri də sizdən ötrü yanımdan
qovan
deyiləm. Rəblərinə qovuşar onlar. Mən görürəm, bixəbər kimsələrsiz.
30. Ey qövmüm, onları qovar olsam,
kim mənə yardım eləyər, kim məni
Allahın qəzəbindən qoruyar? Bunu düşünməzmisiniz?
31. Mən sizə demirəm məndədir
Allahın xəzinələri. Mən qeybi də
bilməzəm. Demirəm mən mələyəm. Sizin xor baxdığınız kəslər üçün
də
demərəm: «Bir xeyir verməyəcək onlara Allah». Onların içini Allah
daha yaxşı
bilir. Mən belə bir söz desəm, zalımlardanam, deməli».
32. «Ey Nuh, bizimlə höcət etdin,
höcətində uzaq getdin. Doğru sözlü,
düz əməlli kimsəsənsə əgər, di gətir başımıza və'd etdiyin əzabı»
dedilər.
33. «Ancaq Allah gətirər o əzabı
başınıza istərsə əgər. Siz Onu aciz qoya
bilməzsiniz» dedi Nuh.
34. «Öyüd də vermək istərsəm əgər,
verəcəyim öyüdün olmaz
faydası azdırmaq istəmişsə sizi Allah. Odur Rəbbiniz sizin, Onun
dərgahına
dönəcəksiniz».
35. Yoxsa ki, «Qur'anı bu uydurmuş»
deyərlər? De ki, «Onu
uydurmuşamsa, bu mənim öz günahımdı, sizin deyil. Sizin batdığınız
günaha
mənim heç bir dəxlim yox».
36. Nuha vəhy olundu: «Artıq sənin
qövmündən iman gətirən gətirib,
gətirməyən də gətirməyəcək. İmansızların işləkləri üzündən üzülməyəsən.
37. Səndədir gözümüz, düzəlt dediyimiz
gəmini. Zalımların barəsində bir
daha Mənə xitab eləmə. Suda boğulacaqlar».
38. Gəmi düzəldirdi Nuh, onu lağa
qoyurdu qövmünün kübarları
ötüşdükcə birər-birər yanından. Nuh dedi: «Siz lağ etməyinizdə
olun, biz də
sizə lağ edərik beləcə.
39. Görərsiz kimlərin başına gələcək
alçaldıcı o əzab, kimlərə qismət
olacaq əbədilik bir əzab».
40. Nəhayət, gəlib çatdı əmrimiz,
qaynadı təndir [sular]. Nuha
dedik: «Dediyimiz o kimsələr bir yana, iki-iki, öz tayı ilə bərabər
yerləşdir
gəmiyə hər şeyi. Ailəni və imana gələnləri də mindir gəmiyə».
İmana
gələnlərinsə sayı çox az idi.
41. Nuh dedi: «Haydı, minin gəmiyə,
gəminin getməsi də, dayanıb
durması da Allahın əmrilədir. Bağışlayandır, Rəhimdir Rəbbim mənim,
şübhəsiz».
42. Aparırdı onları dağlar kimi
qabaran dalğalar arasıyla gəmi,
kənarda duran oğlunu səslədi Nuh: «Oğlum, min gəmiyə bizimlə,
kafirlərlə
qalmayasan».
43. «Bir dağa sığınaram, qoruyar
sudan məni dağ» dedi oğlu. «Bu gün
Allahın əmrinə heç nə əngəl ola bilməz, Onun rəhm elədiyi kimsələrdən
savayı
heç kim qurtula bilməz» dedi Nuh. Və dalğa girdi arasına onların,
boğuldu
Nuhun oğlu.
44. «Ey yer, ud suyunu! Ey səma,
tut suyunu!» deyildi. Su çəkildi, bitdi iş.
Cudiyə oturdu gəmi, «Zalımlar uzaq olsun Allahın rəhmətindən»
deyildi.
45. Rəbbini səslədi Nuh: «Rəbbim,
mənim ailəmdəndi oğlum, Sənin
və'din [ailəmi xilas eləmək və'din] haqq və'didir. Sən hakimlərin
hikmətlisisən».
46. «Ey Nuh, sənin ailəndən deyildi
o. Tutduğu iş yaramaz bir işdi. Və sən
də Məndən bilmədiyin bir şeyi diləmə. Məsləhət bilirəm cahillərdən
olmayasan»
dedi Allah.
47. «Bilmədiyim bir şeyi Səndən
diləməyimdən Sən Özün məni qoru,
Rəbbim. Bağışlamasan məni, acımasan halıma ziyana uğrayanlardan
olaram»
dedi Nuh.
48. «Ey Nuh, sağ-salamat en gəmidən.
Xeyir-bərəkət verərik sənə və
səninlə olanlardan törəyən ümmətlərə. Ancaq o ümmətlərdən elələri
də olacaq
bir müddət yaşadarıq, sonra ağrılı bir əzaba uğradarıq onları»
deyildi.
49. Bunlar qeyb xəbərləridir vəhy
edirik Biz sənə. Nə sən, nə də sənin
qövmün bilməzdiniz bunları Qur'an gəlməzdən öncə. Elə isə səbr
elə, xoşbəxt
sonluq müttəqilər üçündür.
50. Ad qövmünə göndərdik Biz Hudu,
onların öz qardaşını elçi olaraq.
Dedi: «Ey qövmüm, təkcə Allaha ibadət eləyin, yoxdur sizin Ondan
başqa
tanrınız. Allaha şərik qoşmaqla Ona böhtan yaxırsız.
51. Ey qövmüm, buna əvəz olaraq
sizdən bir əcir uman deyiləm. Əcrimi
xaliqim verər. Bir ağıl işlətsəniz!
52. Ey qövmüm, məğfirət diləyin
Rəbbinizdən, sonra tövbə eləyib
üzünüzü tutun Ona. O da bolluca yağış göndərər göydən sizə, güc
qatar
gücünüzə. Günah işlətməyin, Ondan üz döndərməyin».
53. Dedilər: «Ey Hud, dediyinə
bir dəlil gətirmədin bizə. Təkcə sənin
sözünlə tanrılarımızı tərk eləyən deyilik, sənə inanan deyilik.
54. Nə deyə bilərik, tanrılarımızdan
bə'zisinin pisliyi keçmiş sənə». Hud
dedi: «Allahı şahid tuturam, siz də şahid olun ki, Ona qoşduğunuz
şəriklərdən
uzağam.
55. Allahı qoyub kimlərə tapınmısınızsa,
onlarla bərabər hiylə qurun
mənə, heç göz açmağa da qoymayın məni.
56. Mən mənim də, sizin də Rəbbiniz olan Allaha güvəndim. Bir
canlı
tapılmaz ki, ona dəyməmiş olsun əli Allahın. Doğru yolun üstündədir,
əlbəttə,
Rəbbim mənim.
57. Ondan üz döndərsəniz, özünüz
bilin, yetirməli olduğumu artıq
yetirmişəm sizə. Başqa bir qövmü gətirər Rəbbim sizin yerinizə.
Heç bir zərər
toxundura bilməzsiniz Ona. Hər şeyə göz qoyar Rəbbim, şübhəsiz».
58. Gəlib çatdı əmrimiz, rəhmətimizlə
xilas elədik Hudu və onunla
birgə iman gətirənləri. Şiddətli bir əzabdan qurtardıq Biz onları.
59. Bu da ki, Ad qövmünün adamları.
Dandılar Rəblərinin ayələrini,
üsyan elədilər peyğəmbərlərinə, tabe oldular hər nataraz yekəpərin
əmrinə.
60. Bu dünyada da, qiyamət günündə
də lə'nətə gəlmiş onlar. Axı
danmışdı öz Rəbbini Ad qövmü, axı uzaq düşmüşdü Rəbbinin rəhmətindən
Hudun mənsub olduğu bu Ad qövmü.
61. Səmud qövmünə də göndərdik
Biz Salihi, onların öz qardaşını elçi
olaraq. Dedi: «Ey qövmüm, təkcə Allaha ibadət eləyin, yoxdur sizin
Ondan
başqa tanrınız. Odur sizi torpaqdan inşa eləyən, yer üstündə yerləşdirən.
Ondan
məğfirət diləyin, sonra Ona tövbə eləyin. Yaxındır bəndəsinə,
istəyinə cavab
verəndir bəndəsinin Rəbbim, şübhəsiz».
62. Onlar dedilər: «Ey Salih,
bunları deməmişkən biz sənə bel
bağlayırdıq. Sənmi qoymayırsan bizi ibadət eləyək atalarımızın
tapındıqlarına?
Sənin çağırdığın şeyə biz şübhəylə yanaşırıq doğrusu».
63. Salih dedi: «Ey qövmüm, mən
Rəbbimdən gələn aşkar dəlil təməlinin
üstündəyəm, peyğəmbərlik göndərmiş O mənə Öz dərgahından. Ona
üsyan
etmiş olsam, kim məni qoruyar Allahın əzabından? Ziyanımı artırmaqdan
savayı
bir xeyriniz dəyməz mənə.
64. Ey qövmüm! Bu, Allahın dəvəsidir,
sizin üçün bir dəlildir. Qoyun onu
otlasın Allahın torpağında. Nəbadə ona bir pisliyiniz toxuna,
yoxsa yaxındakı bir
əzab yaxalar sizi».
65. Kəsdilər dəvəni. Salih dedi:
«Üçcə gün də yaşayın öz yurdunuzda,
sonra öləcəksiniz. Bu deyilən yalan deyil».
66. Gəlib çatdı əmrimiz. Rəhmətimizlə
xilas elədik əzabdan, o günün
zillətindən Salihi və onunla bərabər iman gətirənləri. Qüvvətlidir,
güclüdür,
şübhəsiz, Rəbbin sənin.
67. Yaxaladı zalımları o uğultu,
yurdlarında meyit düşüb diz çökərək
qaldılar.
68. Sanki bu yerlərdə heç yaşamamışdılar
da. Axı Səmud qövmü
danmışdı öz Rəbbini, axı Səmud qövmü uzaq düşmüşdü Rəbbinin rəhmətindən.
69. Mücdə gətirmişdi İbrahimə
Bizim elçilər [mələklər] Ona «Salam!»
dedilər. O da «Salam» dedi onlara. Az keçmədi qızardılmış bir
buzovu gətirdi.
70. Görəndə ki, uzatmırlar əllərini
buzova, bu ona xoş gəlmədi, qorxu
düşdü içinə. «Qorxma, biz Lut
qövmünə göndərilmiş elçilərik» dedilər.
71. Onlara qulluq eləyən İbrahimin
arvadı güldü. Biz də ona İshaqın,
İshaqın da ardınca Yaqubun dünyaya gələcəyi xəbərini müjdə verdik.
72. «Vay başıma, mən qoca qarıyam,
ərim də qoca kişi, necə uşaq doğa
bilərəm? Doğrusu, bu çox qəribə bir iş olar» dedi İbrahimin arvadı.
73. «Ey evin xanımı, sənəmi qəribə
gəlir əmri Allahın. Rəhmətini,
bərəkətini sizdən əskik etməz Allah. Şübhəsiz, öyülməlidir, nəcibdir
O» dedilər.
74. İbrahimi qorxu tərk eləyəndən
və müjdə gələndən sonra ona, başladı
bizimlə mübahisə etməyə Lut qövmü barəsində [yə'ni elçilərimizi
dilə tuturdu
ki, Lut qövmünü əzabdan qurtarsınlar, yaxud əzablarını azaltsınlar].
75. Həqiqətən, həlimdi, həssasdı,
Allaha üz tutandı İbrahim.
76. «Daha bəsdi, di əl çək mübahisədən,
İbrahim. Artıq gəlib yetişmiş
sənin Rəbbinin əmri. Geriyə dönməz bir əzab gələcəkdir başlarına»
dedi elçi
mələklər.
77. Elçilərimiz gələn zaman Lutun
yanına, kədərləndi, çox sıxıldı. «Bu
gün ağır gündür» dedi. 2
78. Axışıb gəldilər onun yanına
qövmünün adamları. Əvvəllər də pis-
pis işlər görürdülər. Lut dedi: «Ey qövmüm, budur mənim qızlarım.
Onlarla
evlənmək sizin üçün daha pak bir iş olar. Qorxun Allahdan, qonaqlarımın
yanında biabır etməyin məni. Yoxmu məgər aranızda bir ağıllınız?»
79. «Qızlarınla işimizin olmadığını
bilirsən. Və nə istədiyimizi də yaxşı
bilirsən» dedilər.
80. «Kaş ki, sizə güc gələcək
gücüm olaydı, ya da güclü bir qəbilədə
sığınacaq tapaydım» dedi Lut.
81. Mələklər bunu görüb dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik.
Gecənin bir vaxtı ailənlə çıx aradan, çatmazlar onlar sənə. Arvadından
savayı bir
kimsə sizlərdən ayrı düşməsin. Onların başına gələn onun da başına
gələcəkdir,
şübhəsiz. Və'dələri gün doğana qədərdir. Sübh yaxında deyilmi?»
82. Gəlib çatdı əmrimiz, yurdlarını
alt-üst elədik, daş yağdırdıq üstlərinə.
Odda bişmiş gildəndi bu daşlar.
83. Nişanlanmış Rəbbinin dərgahında,
zalımlardan uzaq düşməz bu
daşlar.
84. Mədyən qövmünə də göndərdik
Biz Şuaybı, onların öz qardaşını elçi
olaraq. Dedi: «Ey qövmüm, təkcə Allaha ibadət eləyin, yoxdur sizin
Ondan
başqa tanrınız. Ölçüdə, çəkidə heç kimi aldatmayın. Mən sizi bolluq
içində
görürəm. Mən qorxuram o gün gələ və o günün əzabı hər yandan çulğaya
sizi.
85. Ey qövmüm, çəkidə, ölçüdə
düzlük gözləyin. İnsanların şey-şüyünü
əskik eləməyin. Düzələndən sonra nizamı yer üzünün pozğunçuluq
törədib
qarışıqlıq salmayın.
86. Allahın verdiyi halallıq sizə
daha çox xeyir gətirər əgər mö'minsinizsə.
Məndən yalnız deməkdir, sizin işlərinizə mən göz qoyan deyiləm».
87. Dedilər: «Ey Şuayb, sənin
namazınmı deyir tərk eləyək atalarımızın
tapındıqlarını, omu qoymayır bizi malımız-dövlətimizlə nə bilirik
eləyək? Bəli
də sənsən təkcə həlim və ağıllı olan».
88. Şuayb dedi: «Ey qövmüm, mən
Rəbbimdən gələn aşkar dəlil təməlinin
üstündəyəm, gözəl ruzi vermiş mənə. Necə bilirsiniz, heç çıxarammı
mən Ona
qarşı? Mən pozan deyiləm sizə bildirdiyim qadağanları. Gücüm yetən
qədər sizi
islah eləməkdən savayı bir diləyim yox mənim. Tək Allah olar köməyim.
Təkcə
Ona güvəndim, Təkcə Ona üz tutaram.
89. Ey qövmüm, özünüzü gözləyin
ki, mənə qarşı çıxmanız günaha
salmaya sizi, Nuh və Hud qövmlərinin, yaxud Salih qövmünün düşdüyü
bəla
başınıza gəlməyə. Lut qövmünün taleyi də sizə uzaq bir şey kimi
gəlməsin.
90. Rəbbinizdən məğfirət diləyin,
sonra Ona tövbə eləyin. Şübhəsiz,
Rəhimdir, mö'minləri çox sevəndir, Rəbbim mənim».
91. Dedilər: «Ey Şuayb, dediklərinin
bir çoxunu anlamırıq, biz səni zəif
görürük. Qəbilən olmasaydı, səni daşa basardıq. Yoxdur sənin bizə
görə bir
dəyərin».
92. Şuayb dedi: Ey qövmüm, mənim
qəbiləm sizin üçün Allahdan
dəyərlimi ki, arxa çevirdiniz Allaha? İşləklərinizi, şübhəsiz,
bilir Rəbbim.
93. Ey qövmüm, nə eybi, siz öz
işinizdə olun, mən də öz işimdəyəm.
Alçaldıcı əzaba kimin düşəcəyini, kimin yalançı olduğunu biləcəksiniz.
Siz
gözləməyinizdə olun, mən də sizinlə birgə gözləməkdəyəm».
94. Gəlib çatdı əmrimiz. Rəhmətimizlə
xilas elədik Şuaybı və onunla
bərabər iman gətirənləri. Zalımları
da yaxaladı o uğultu, yurdlarında meyit
düşüb diz çökərək qaldılar.
95. Sanki o yerlərdə heç yaşamamışdılar
da. Bilin, Səmud qövmü kimi
Mədyən qövmü də uzaq düşdü Allahın rəhmətindən.
96. Musaya ayələrimizi və aşkar
bir dəlil verib göndərdik onu
97. Fir'onun və onun adamlarının
yanına. Bunlar isə Fir'onun buyruğuna
qul oldular. Doğru yola aparmırdı Fir'onun buyruğu.
98. Qiyamət günü də öz qövmünün
önündə gedər, od içinə aparar
soydaşlarını Fir'on. Getdikləri yer pisdən pis bir yer imiş.
99. Bu dünyada da, qiyamət günündə
də onlar lə'nətə gəlmiş. Bu nə
murdar töhfə imiş.
100. Bu deyilənlər şəhərlərin
əhvalatlarıdır Sənə danışırıq. O şəhərlərin
ki, bə'zisi hələ durur, amma, əhalisi məhv olmuş, bə'zisi də əhalisiylə
birgə yer
üzündən silinmiş.
101. Onlara zülm eləyən Biz deyildik,
özləri özlərinə eləyirdilər. Rəbbinin
əmri gəldi, Allahı qoyub tapındıqları başqa tanrıları heç nəyi
sovuşdurmadı
onlardan, ziyanlarını artırmaqdan savayı bir işə yaramadılar.
102. Zalımlıq eləyən şəhərləri
yaxalayanda da belə yaxalar Rəbbin. Ağrılı
olar, şiddətli olar verdiyi əzab.
103. Axirət əzabından qorxanlar,
şübhəsiz, bunlardan ibrət almalı. Bu,
insanların bir yerə toplaşacağı gündür. Bu, bütün varlıqların
gözə görünəcəyi
gündür.
104. O günü bir müddət tə'xirə
salarıq.
105. O gün gələn zaman Allahdan
iznsiz heç kim danışa bilməz. Oraya
cəm olanların kimisi bədbəxtdir, kimisi xoşbəxt.
106. Bədbəxtlər od içindədir,
nalə çəkər, inləyərlər.
107. Rəbbinin istəyi bir yana,
onlar orada əbədilik qalarlar nə qədər ki,
göylər durur, yer durur. Şübhəsiz, dilədiyini eləyəndir Rəbbin
Sənin.
108. Xoşbəxtlər cənnətdədir. Rəbbinin
istəyi bir yana, onlar orada
əbədilik qalarlar nə qədər ki,
göylər durur, yer durur. Vergisini kəsirsiz verər
Allah.
109. Heç şübhən olmasın, bu kimsələrin
tapındığı tanrıları əzaba sürüklər
onları. Onlar da ataları kimi bütlərə tapınırlar. Onların da payını
kəsirsiz verərik
Biz.
110. Elə ki, Musaya verdik Kitabı,
çəkişməyə başladılar bir-biriylə.
Rəbbinin öncədən dediyi söz olmasaydı [cəzanın qiyamətə qədər
tə'xirə
salınması haqqında] dərhal həll olunardı ixtilafları. Şəkk gətirmiş
Kitaba, şübhə
içində vurnuxur onlar.
111. Şübhəsiz, işləklərinin əvəzini
verəndə kəsirsiz verər hamıya Allah.
Hamının işlərindən xəbərdardır O.
112. Elə isə sənə necə buyurulubsa,
eləcə sən də doğrucul ol, səninlə
bərabər tövbə edən kimsələr də. Həddinizi aşmayın. İşləklərinizi,
şübhəsiz,
görəndir O.
113. Zalımlara meylinizi salmayın,
yoxsa, od tutarsınız və Allahdan başqa
dostlarınız da yoxdur ki, Onun əzabından qoruyalar sizi. Yardımsız
qalarsınız.
114. Gündüzün iki ucu arasında
və gecəyə yaxın saatlarda [sübh, günorta,
axşam, günbatandan əvvəl və günbatandan sonra] namaz qılın. Yuyub
aparar bir
para günahları bu gözəl namazlar. Bu deyilənlər bir xatırlatmadır
ibrət alanlar
üçün.
115. Səbrli ol, yaxşıların əcrini
zay eləməz Allah.
116. Sizdən öncəki nəsillərin
ağıllıları yer üzündə pozğunçuluq
yaymaqdan yayındırmalı deyilmidilər adamları? Onların yalnız az
bir qismi
buna əməl elədi, biz də məhz bu kimsələri xilas elədik. Zalımlarsa
özlərinin
rifahının hayında günahlara batdılar.
117. Nahaq yerə şəhərləri məhv
eləməzdi Rəbbin, düz əməlli deyildi
bunların əhalisi.
118. Vahid ümmət eləyərdi insanları
diləsəydi Rəbbin əgər. Bir-biriylə
çəkişməkdəydi onlar.
119. Təkcə Rəbbinin rəhm etdiyi
kimsələr çəkişmədən uzaq olar. Beləcə
yaratmış insanları Allah. Rəbbini «And olsun, Mən cəhənnəmi insanlarla
və
cinlərlə dolduracam» sözü yerinə yetmiş beləcə.
120. Elçilərin hər cür əhvalatlarını
sənə danışırıq ki, qüvvət tapsın ürəyin,
açılsın ruhun. Sənə göndərilən bu ayələrdən mö'minlər haqqı görməli,
öyüd,
ibrət almalı.
121. İmana gəlməyənlərə de ki,
«Nə eybi, siz öz işinizdə olun, biz də öz
işimizdəyik.
122. Siz gözləməyinizdə olun,
biz də gözləməkdəyik».
123. Yalnız Allah bilir göylərin,
yerin görünməzlərini. Allaha qalar bütün
işlər. Ona tapın, Ona güvən! Gördüyünüz işlərdən xəbərsiz deyil
Rəbbin.
|