Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm ra. Bunlar
Kitabın, haqqı, batili aşkarlayan Qur'anın ayələridir.
2. Qiyamət günü küfr
eləyən kəslərin ürəyindən keçər ki, kaş müsəlman olaydılar.
3. Qoy yesinlər, içsinlər,
dünyadan kam alsınlar, ümidlə yaşasınlar. Görəcəklər nə imiş tutduqları
işlərinin axırı.
4. Məhvə düçar etdiyimiz
hər hansı bir şəhərin mə'lum əcəl yazısı var.
5. Nə qabaqlaya, nə də
ötürə bilər bir ümmət öz əcəlini.
6. Dedilər: «Ey zikr
göndərilən kəs, sən məcnunsan, şübhəsiz.
7. Doğru sözlü, düz əməlli
kimsəsənsə, bizə mələkləri di gətirsənə».
8. Yalnız haqqı yetirmək
naminə nazil olar mələklər, kafirləri göz açmağa qoymaz belə mələklər.
9. Şübhəsiz, Qur'anı
göndərən də Bizik, Qur'anı qoruyan da.
10. Səndən əvvəl də peyğəmbərlər
göndərmişdik öncəki nəsillərdən olan firqələrə [müxtəlif ümmətlərə].
11. İstehzayla yanaşdılar
hər gələn peyğəmbərə.
12. Beləcə salırıq Biz
suçluların ürəyinə kafirlik mərəzini.
13. Onlar iman gətirməzlər
Rəsula. Öncəki ümmətlər də beləcə danırdılar peyğəmbərləri.
14. Göydən bir qapı açsaydıq
əgər onların üzünə və göyə çıxsaydılar,
15. deyərdilər: «Gözlərimiz
qapanmış, artıq cadulanmışıq».
16. Göydə bürclər var
etmişik. Ulduzlarla bəzəmişik onları zillənən gözlər üçün.
17. Hər qovulmuş şeytandan
qorumuşuq onları alovlu şö'lələrlə.
18. Göylərə oğru-oğru
qulaq kəsilən kəsi tə'qib edər parlaq alov şö'ləsi.
19. Döşəyib düzənləmişik
yer üzünü. Möhkəm duran dağlar qurmuşuq burada. Münasib biçimdə
bitirmişik hər bir şeyi burada.
20. Dolanışıq düzəltmişik
burada sizin üçün və sizin ruzi verə bilmədikləriniz üçün.
21. Bizdədir hər şeyin
xəzinələri. Yalnız mə'lum miqdar ilə göndəririk hər şeyi.
22. Biz küləyi mayalandıran
olaraq göndərmişik. Səmadan su endirmişik, onu içizdirmişik sizə.
Sizdə deyil bu suyun xəzinələri.
23. Can alıb can verənlər,
əlbəttə ki, Bizik, Biz! Gerçək varislər də Bizik [ölməyən, daimi
olan, hər məxluqa varis olan Bizik],
24. Sizdən öncəkilərdən
də, sonrakılardan da Bizim xəbərimiz var.
25. Onları bir yerdə
cəm eləyən, şübhəsiz, Rəbbindir sənin. Müdrikdir, hər şeyi biləndir
O.
26. Quru gildən, qara
palçıqdan yaratdıq Biz insanı.
27. Öncə cinləri yaratmışdıq
tüstüsüz oddan.
28. Bir zaman sənin Rəbbin
mələklərə demişdi: «Mən quru gildən, qara palçıqdan bir bəşər
xəlq eləyəcəm.
29. Onu düzəldəndən sonra,
Öz ruhumdan ona üfürəndən sonra əyilərək səcdə eləyin ona».
30. Mələklər hamılıqla
ona səcdə elədilər.
31. Təkcə iblis eləmədi,
istəmədi səcdə edənlərdən ola.
32. «Ey iblis, səni səcdədən
edən nədir?» dedi Allah.
33. «Quru gildən, qara
palçıqdan yaratdığın bəşərə səcdə eləyən deyiləm» dedi iblis.
34. «Elə isə çıx oradan,
sən artıq qovulmuşsan» dedi Allah -
35. «Qiyamət gününə qədər
lə'nətə gələcəksən!»
36. İblis dedi: «Rəbbim!
İnsanların təkrar diriləcəyi günə qədər möhlət ver mənə barı».
37. Allah dedi: «Di götür,
sən möhlət alanlardansan
38. o mə'lum vaxtın günü
gələnə qədər».
39. İblis dedi: «Rəbbim!
Məni azdırdığına görə mən də onlara mütləq bərbəzəkli göstərərəm
günah işləri və doğru yoldan azdıraram hamısını
40. Sənə sadiq bəndələrdən
savayı».
41. Allah buyurdu: «Qorumalı
olduğum doğru yol budur.
42. Sən güc gələ bilməzsən
Mənim bəndələrimə. Hökmün yalnız sənə uyan sapmışlara yetə bilər».
43. Şübhəsiz, bu kəslərin
hamısına və'd olunan yerdir cəhənnəm.
44. Onun yeddi qapısı
[qatı] var. Hər qapının kafirlərindən ayrılmış olan öz payı var.
45. Cənnətlərdə, bulaqlar
başındadır müttəqilər, şübhəsiz.
46. «Daxil olun oralara
salamatlıq, arxayınlıq içində».
47. Onların ürəyində
kin deyilən nə varsa çıxarıb atmışıq. Taxtların üstündə qardaşlar
sayaq üzbəüz əyləşiblər.
48. Yorğunluq bilməzlər
nədir, oralardan çıxası da deyillər.
49. Bəndələrimə soraq
ver, günahları bağışlayan, Rəhim olan təkcə Mənəm!
50. Ancaq verəcəyim əzab
da çox ağrılı əzabdır! 51. İbrahimin qonaqlarından da eləcə sən
onlara xəbər ver.
52. Gəldilər yanına,
«Salam» dedilər ona. «Biz sizdən qorxuruq» dedi İbrahim.
53. «Qorxma, gəldik sənə
müjdə verək, biləyən bir oğlun olacaq!» dedilər.
54. «Bu qoca vaxtımdamı
məni müjdələdiniz? Görün bir nə xəbərlə məni müjdələyirsiz?!»
dedi.
55. «Biz səni gerçəklə
müjdələdik. Heç vaxt ümidsiz olma» dedilər.
56. «Sapmışlardan savayı
axı kim üzər ümidini Rəbbinin rəhmətindən?» dedi.
57. «İşinizin adı nədir,
elçilər?» dedi.
58. Dedilər: «Günahkar
bir qövmün üstünə göndərilmişik.
59. Ancaq Lutun ailəsi
onlardan deyil. Onu, ailəsini hamılıqla xilas edəcəyik.
60. Təkcə arvadının əzab
içində qalmağına qərar vermişik».
61. Elçilər gələndə Lutun
yanına
62. Lut dedi: «Tanımaq
olmayır sizi, kimsiniz?»
63. Dedilər: «Qövmünün
şübhə ilə yanaşdığı əzabı gətirib gəlmişik sənin yanına.
64. Haqq ilə gəlmişik
yanına. Doğru sözlü, düz əməlli kimsələrik, şübhəsiz.
65. Gecənin bir yarısı
ailəni evdən çıxarıb yola sal, özün də onların arxasınca düş.
Nəbadə sizdən biriniz dönüb baxa arxaya. Hara deyilərsə sizə,
qoşun oraya».
66. Ona vəhy elədik:
«Sabahı açınca qövmünün adamları, kəsiləcək kökləri».
67. Şəhər əhli kefləri
kök gəldilər.
68. Lut dedi: «Bunlar
mənim qonaqlarımdır, məni biabır eləməyin!
69. Allahdan qorxun,
məni xəcil eləməyin!»
70. «Özgələri qonaq qəbul
etməyi yasaq bilmədikmi sənə?» dedilər.
71. «Etdiyinizi edəcəksinizsə,
bu da mənim qızlarım» dedi.
72. Sənin həyatın haqqı,
sərxoşluq içində kor-koranə vurnuxurdular.
73. Və dan yeri ağaran
zaman yaxaladı onları o uğultu.
74. Alt-üst elədik yurdlarını,
odda bişmiş daş yağdırdıq üstlərinə.
75. Bu deyilənlərdə,
şübhəsiz, ayələr var görüb-götürənlər üçün.
76. Bir yolun üstündədir,
durur o yerlər.
77. Bu da bir ibrət verir
iman gətirənlərə.
78. Zalım olan kimsələrdi
eykəlilər, şübhəsiz [Şüaybın soydaşları olan bu adamlar «eykə»də,
yə'ni ağacları sıx meşəlikdə yaşayırdılar].
79. Və onlardan da Biz
intiqam almışıq. Hər ikisinin [Sədumun və Eykənin] taleyi göz
önündədir.
80. Hicr [Mədinə ilə
Şam arasında yerləşən bu vadidə Səmud peyğəmbərin soydaşları məskunlaşmışdılar]
camaatı danırdı peyğəmbərləri.
81. Onlara ayələrimizi
vermişdik, bunlardan üz döndərirdilər.
82. Dağlarda arxayın-arxayın
özlərinə evlər qururdular.
83. Və dan yeri ağaran
zaman yaxaladı onları o uğultu.
84. Əzabı onlardan sovuşdurmadı
əldə elədikləri [tikdikləri qalalar, yığdıqları mal-dövlət].
85. Yalnız haqq olaraq
yaratmışıq göyləri, yeri və bunların arasında olanları. Qiyamət
saatı, şübhəsiz, gələcəkdir! Və sən də öz qövmünə yumşaq ol, onlarla
yaxşı dolan.
86. Şübhəsiz, hər şeyi
yaradan, hər şeyi bilən sənin Rəbbindir, Rəbbin!
87. Biz sənə daima təkrarlanan
yeddi ayəli Fatihəni və Qur'ani Əzimi vermişik.
88. Kafirlərdən bə'zilərinə
verdiyimiz gəldi-gedər şeylərə dikməyəsən gözünü. Onların küfrü
üzündən üzülməyəsən. Mö'minləri qanadının altına al,
89. de ki, «Allahın əzabının
gəlməyini öncədən xəbər verən təkcə mənəm».
90. Hissələrə bölənlərə
[yəhudilərə və xristianlara] də Biz əzab göndərmişik.
91. O kəslərə ki, hissələrə
ayırıblar Qur'anı.
92. Rəbbinə and olsun,
Biz onların hamısından cavab istəyəcəyik
93. tutduqları işlərin
barəsində.
94. Sənə buyurulanları
açıq-aşkar bəyan elə və müşriklərdən üz çevir.
95. Səni ələ salanlara
Biz özümüz yetərliyik.
96. O kəslərə ki, başqa
bir tanrını da tay tuturlar Allaha. Görəcəklər nə imiş tutduqları
işlərinin axırı.
97. And olsun, bilirik,
onların sözlərindən ürəyin sıxılır sənin.
98. Həmd edərək an Rəbbini
və səcdə qılanlardan ol!
99. Və ölənə qədər ibadət
elə Rəbbinə!
|