Dinimizdən
söz düşəndə onun mahiyyəti, gözəllikləri, hikmətləri qalır kənarda
və söhbət bir qayda olaraq gəlir haramların, yasaqların üzərinə.
Bu stereotip münasibət, istər özümüzün olsun, istər də özgə din
mənsublarının, ilahi dəyərlərin düzgün qavranılmasına, populyarlaşmasına
əngəl törədən səbəblərdəndir. Islamı haramlar, yasaqlar dini kimi
təqdim edib onu gözdən salmaq istəyənlərin təbliğatı da öz gücünü
tarixən biçimlənmiş və dəyişməz qalan ənənəvi baxışlardan alır.
Bəllidir ki, Quran ayəsində-aynasında
görünənlər tariximizin şahidlik etdiyi və yaşatdığı nəsnələrdən
çox zaman fərqlənir. Və nə yazıq ki, müsəlman qadının düçar olduğu
çeşidli haqsızlıqlar bütün dövrlərdə əsasən islam yasaqları adına
yazılmış və şəriət bəraətlərilə yozulmuşdur. Nümunə üçün götürək
elə qadın üçün nəzərdə tutulan örtük məsələsini.
Mövhumat üləmasının istinad
etdiyi bir ayə var, istərdim buna bir aydınlıq gətirim. Rəbbimiz
buyurur: “Ey peyğəmbər! Zövcələrinə, qızlarına, inananların qadınlarına
de ki, bir yerə çıxarkən cilbablarını (hərfən “örtüklərini”) salsınlar
üstlərinə. Belədə daha yaxşı. Tanıyarlar onları, əziyyət verməzlər
onlara” (“əl-Əhzəb” – Firqələr, 59).
Örtük salma tövsiyəsi
konkret tarixi kontekstdə onunla bağlıdır ki, mömin qadınlar,
ayədən də göründüyü kimi, o uzaq zamanların ağır ictimai mühitində
yarıçılpaq cariyələrdən, kənizlərdən fərqlənə bilsinlər, onları
tanısınlar, onlara sataşıb əziyyət verməsinlər. Ayənin müasir
düşüncə kontekstində açıqlaması bunu izah edir ki, o örtük deyilən
material sadəcə üst geyimi anlamına gəlir. Və deməliyəm ki, bunun
da Quranda nə rəngi, nə də biçiminə aid bir qeyd yoxdur. Müqəddəs
Oxu sadəcə abırlı geyim tərzini təşviq edir. Bu barədə Rəbbimizin
qadınlara konkret buyuruğu da var: “...Erkən cahiliyyədə olduğu
sayaq açılıb-saçılmayın...” (“əl-Əhzəb” – Firqələr, 33).
Söhbət abırlı geyim tərzindən
gedir. Abırlılıq ölçüləri isə hansısa konkret reseptə sığan məsələ
deyil, bu və ya başqa xalqın gəlişdirdiyi adət-ənənə ilə sıx bağlı
olur. Məsələn, Afrika qadını ilə Azərbaycan qadını arasında abırlı
geyim anlamında fərqlərin olması tamamilə təbiidir. Müqəddəs Oxunun
böyüklüyü ondadır ki, bu kimi bəzi məsələləri buraxır zamanın,
millətin gəlişən adət-ənənəsinin ixtiyarına. Soyuq Sibirdə yaşayan
müsəlmanla qızmar Ərəbistan səhrasında yaşayan müsəlmanın geyimində
mütləq fərq olacaq və abırlılıq ölçüləri də fərqli olacaq təbii.
Hər ikisi müsəlmandır deyə eyni tərzdə paltar geyinə bilməz. Iqlim
şərtləri, eləcə də millətin, toplumun ənənəsi bu məsələdə öz diqtəsini
qeyd-şərtsiz edəcək.
Qadın geyiminin Quran biçimini arayıb-axtaranların müzakirə açdıqları
və sitat gətirdikləri bir ifadə də budur: “...Vurmasınlar açığa
zinətlərini – o başqa ki, bunlardan hansılarsa görünən ola...”
(Nur, 31). Görünən ziynətlərin nədən və yaxud bədənin hansı hissəsindən
ibarət olduğuna dair Quranda açıq bir məlumat verilmir. Və bütün
çağları hikmətlərilə qucan müqəddəs Oxu bunu da buraxır iqlimin,
zamanın, adət-ənənənin, zövqün – və mən bir az da irəli gedib
deyərdim, dəbin tələbinə.
Mübahisə doğuran başqa
bir məsələ “hicab” anlayışı ilə bağlıdır. Ənənəvi dindarlar üçün
bu anlayış dinimizin tələbləri kontekstində qadınlara aid baş
örtüyü kimi qavranıldığından ümumən dini geyim kodeksinə riayət
məsələsi həm də artıq etiqadi bir bağlamda təqdim edilir və bu
etiqadi müstəvidə məsələyə başqa cür yanaşma çox zaman qəbul edilmir.
Məsələ burasındadır ki, müqəddəs Oxuda “hicab” sözü bir termin
olaraq müsəlman ölkələrində nəzərdə tutulduğu kimi geyim tərzinə
qətiyyən aidiyyatı olmayan bir anlayışdır. Bu söz müqəddəs Oxuda
7 ayədə keçir və o 7 ayənin heç birində bu, baş örtüyü və ya hansısa
başqa bir geyim üçün nəzərdə tutulmur.
Ayələrdən biri Həzrət
Məryəmlə bağlıdır: “Məryəmi də an Yazıda. Ailəsindən kənarlaşıb
çəkilmişdi şərq tərəfdə bir yerə. Bir hicab (hərfən “pərdə”) çəkmişdi
aralarına. Biz Öz Ruhumuzu göndərdik ona, doğruçu bir insan kimi
göründü ona” (Məryəm, 16-17).
Baxaq “əl-Əraf” (Sədd)
surəsindəki ayəyə ki, orada da söhbət inananlarla dananlar arasında
çəkilən pərdədən gedir: “İki tərəf arasında bir hicab (hərfən
“pərdə”), sədd üstündə adamlar...” (46).
Başqa bir ayədəsə Rəbbimiz
belə buyurur: “Yalnızca bir vəhy ilə, yaxud hicab (hərfən “pərdə”)
dalından danışar bəşərlə Tanrı. Ya da bir elçi göndərər, vəhy
eyləyər ona istədiyi nəsnəni. O, uca, hikmət yiyəsi” (Şura, 51).
Başqa ayələrin orijinalında
da işlənən “hicab” sözü “pərdə” anlamındadır: “Onun (yəni peyğəmbərin)
qadınlarından bir nəsnə istəyəndə, bir hicab (hərfən “pərdə”)
arxasından istəyin...”(“əl-Əhzəb” – Firqələr, 53); “Gizləndi günəş
hicabın (hərfən “pərdənin”) arxasında...” (Sad, 32); “Dedilər:
“Qəlblərimiz örtülüdür sənin çağırdıqlarına, ağırlıq var qulaqlarımızda,
hicab (hərfən “pərdə”) var səninlə aramızda. Sən öz işində ol,
biz də öz işimizdə” (“Fussılət” – Müfəssəl açıqlanmış, 5); “Oxu
oxuduğun zaman gizli bir hicab (hərfən “pərdə”) salarıq səninlə
o kəslərin arasına ki, inanmırlar axirətə.” (“əl-İsra” – Gecə
ikən aparılma, 45).
Bir sözlə, müqəddəs Oxuda
gedən “hicab” sözünün müsəlman qadınlarına aid bilinən baş örtüyünə
heç bir dəxli yoxdur.
Yeri gəlmişkən, geyim
məsələsi ilə ilgili bir ayəyə də diqqət çəkmək istərdim ki, bu
ayədən məqsəd “taqva”nın, yəni Allahdan çəkinmə duyğusunun pal-paltar
kimi şərtiliklərdən üstünlüyünün vurğulanmasıdır. Rəbbimiz buyurur:
“Ey Adəm oğulları! Sizə geyim endirdik örtə ayıblarınızı. Bərbəzəkli
geyimlər də eləcə. Taqvadan (çəkinmə duyğusundan) geyim ki var
– bu daha yaxşı...” (“əl-Əraf” - Sədd, 26).
“Taqvadan geyim” könüllərin,
ağılların iman örtüyü mənasındadır. Yəni imansız insan şüuru çılpaq
bədən kimidir, imansızlıq onun mənəvi eyiblərinin tablosudur.
“Taqvadan geyim”ə verilən üstün dəyəri belə qavramaq mümkündür
ki, insan üçün başlıcası Tanrıya iman məsələsidir, əibisə ilə
bəzənən zahiri görüntüsünü hərə istəyinə, adətə, zövqünə görə
də müəyyənləşdirə bilər. Burada dindarların iman kamilliyi üçün
nəzərdə tutulan məqam ondan ibarətdir ki, ənənəvi olaraq əxlaqi
dəyərlərin qorunması müstəvisində təlqin edilən məsələ heç də
geyimlə şərtlənmir.
Nur surəsində ayrıca
olaraq bir geyim məsələsinə də toxunulur və qadınların saçlarının
örtülməsi zərurətini o surədə bir ayə ilə əsaslandırmağa çalışırlar.
Ifadənin ərəbcəsi belədir: “valyadribnə bixumuruhinnə alə cuyubihinnə”.
Baş örtüyü kimi bir çox ilahiyyatçıların qəbul etdiyi və ərəbcədə
“ximər” sözünün cəmi olan “xumur”la bağlıdır. Yalnızca “örtmək”
bildirən və X-M-R kökündən düzəlmə bu söz mütləq mənada sadəcə
“örtük” anlamındadır. Və bu təqdirdə söhbət yalnız qadın köksünün,
sinəsinin örtülməsi zərurətindən gedə bilər ki, müsəlman olsun,
ya qeyri-müsəlman, bütün mədəni millətlər içində buna əməl etməyən
yoxdur. Yeri gəlmişkən, mən də vaxtilə nəşr etdirdiyim Quranın
dilimizə tərcüməsi əsərimdə (Quran-i Kərim: Azərbaycan türkcəsində
açıqlama, 1993) yuxarıda ərəbcə gətirdiyim ifadənin tərcüməsini
ənənəvi izahlar üzərində qurmuşam. Yeni və hələ nəşr olunmamış
tərcümə əsərimdə isə bu ifadənin hərfən açıqlaması belə səslənir:
“Örtüklərini vursunlar döşlərinin üstünə”. Ənənəvi izahlarda həmin
sözü baş örtüyü kimi qələmə verib yazırlar ki, qadınlar baş örtüklərini
bağlayıb salmalıdırlar sinələrinin üstünə. Halbuki həmin sözün
nə “baş”, nə də “saç” sözü ilə əlaqəsi yoxdur. Qadınlara xitabən
başınızı, yaxud saçlarınızı örtün deyə müqəddəs Oxuda bir əmrə
rast gəlinmir də ki, bunu fərz əməllər sırasına aid edəsən.
Qadınlar üçün baş örtüyü
də dinlərə qədim mədəniyyətlərdən gəlib qarışmış adət-ənənədən
yaranmışdır. Baş örtüyü yəhudiliyə daxil olandan, buradan xristianlığa
adlayandan sonra islama da Qurandan kənar dini ədəbiyyatdan gəlmişdir.
İslam dininin əhatə dairəsi yetərincə böyükdür və dinimiz belə
xırdalıqların, şərtiliklərin fövqündədir. Dinimizi siyasi alətə
çevirmək istəyənlərin platformasında da yer alan bu baş örtüyü
məsələsini islamın tələbləri siyahısında təbliğ etməkdənsə daha
doğru olardı bunu buraxasan ayrı-ayrı insanların özlərinin iman
kamilliyi səviyyəsinə uyğun olaraq gəlişdirdiyi etiqadlarının
ixtiyarına. Bu mənada, görünür, maarifləndirmə işinin aparılmasına
da ehtiyac var. Digər müsəlman ödkələrindən fərqli ölkəmizdə bu
maarifləndirmə məsələsi üçün imkanlar daha genişdir. Bu, tarixən
gəlişib bizim nailiyyətimizə çevrilən Azərbaycan dindarlığının
verdiyi imkanlarla da bağlıdır.
Və nəhayət, yenə də qeyd
edim ki, dinimiz tarixi mədəniyyətlərin ənənələrindən gələn şərtiliklərin,
ekzotik xırdalıqların fövqündədir. Bu sonunculara dini don geydirmək
ona gətirib çıxarmış ki, islamı da həyati yaşıllığından çıxarıb
qara örtüklərə, qara bayraqlara, qaranlıqlara bürümüşük. Aydınlıqlara
çıxmağımızın çarəsi stereotip baxışlardan azad olmaqdır. Aktiv-dinamik
zəka mənbəyi Müqəddəs Oxu bizi buna yönəldir.
|