Bu günlərdə
Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansı «Nəriman Qasımoğlu
hicab anlayışının islam dininin tələbləri kontekstində qadınlara
aid baş örtüyü kimi qələmə verilməsinə qarşı» adında dinləmə
keçirib. «Hüquq» Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun sədrlik
etdiyi tədbirin məruzəçisi, ilahiyyatçı alim Nəriman Qasımoğlu
və dinləmədə cavabdeh qismində dayanan kulturoloq Aydın Talıbzadə
arasında diskussiyadan bir hissə.
A.Talıbzadə:
«Professor Niyazi Mehdi mənə deyəndə ki, əgər istəsən, vətəndaş
dinləməsində tanınmış islamşünas Nəriman Qasımoğlunun hicabla
bağlı iddiasına qarşı çıxış edə bilərsən, əvvəlcə tərəddüd keçirdim.
Amma sonra fikirləşdim ki, niyə də olmasın, axı hicab da insanın
müxtəlif həyat situasiyalarında taxdığı maskaların bir təzahürü
kimi çözülməyə şanslıdır. O səbəbdən mən hicabla bağlı çoxsaylı
müəlliflərin tarixi və analitik yazılarını oxumağa başladım,
qısa bir vaxtda qədərincə dəyərli məlumat topladım. İslamda
«hicab» məsələsi mənə zaman-zaman dünya mədəniyyətlərində müxtəlif
mənəvi-əxlaqi kontekstlərdə görünmüş hicablanmaq probleminin
yalnız tərkib hissəsi kimi göründü. Hicab sosial-kulturoloji
təzahürdür. Hicab qadının toxunulmazlıq hüququnun nümayişidir.
Hicab qadınlığın manifestasiyasıdır. Hicab qutsal qadağanı eyhamlaşdırmaq
vasitəsidir. Hicab qadının psixo-fizioloji təhlükəsizliyinin
təminatçısıdır.
Düzü,
mən vətəndaş dinləməsinə bu fikirlərlə gəldim və çıxışımda daha
çox kulturoloji aspekti günün prioriteti sandım. Nəriman Qasımoğlu
hicabla ilişikli irəli sürdüyü iddianı birbaşa Quran ayələri
üzərində qurmuşdu və göstərirdi ki, onlardakı hicabın baş örtüyü
kimi qələmə verilməsi heç də düzgün deyil. Əlbəttə ki, Quranı
tərcümə etmiş birisilə bu müstəvidə dartışmaq mənim üçün asan
olmayacaqdı. Lakin mən sübut etməyə çalışdım ki, hicab mədəniyyətlər
tarixində heç də kişilərin qurnazlığı, eqoizmi, despotizmi nəticəsində
ilişib qalmayıb. Əgər insanlıq nə vaxtsa hicabı öz mənəvi-ruhi
rahatlığına görə «kəşf» edib tapıbsa və bunu adətə, ənənəyə
çeviribsə, biz hicaba, hicabı formalaşdırmış ənənəyə bir kulturoloji
faktor kimi hörmətlə yanaşmalıyıq.
Amma bizim dinləyicilərimiz
yalnız gənc insanlar idi və onların yaş hüdudu heç 23-ü də keçməmişdi.
Niyə mən bu məqamı xüsusi vurğulayıram? Auditoriyanı məsələnin
elmi-kulturoloji aspekti yox, onun sosial tərəfi, günümüzlə
əlaqəsi maraqlandırırdı. Bu yöndə isə mənim düşüncələrim bir
düz xətt üzrə düzənlənir. Belə ki, demokratik toplumda hicab
hər bir qadının öz azad seçimi olmalıdır və ona hicabla bağlı
göstərilən hər hansı bir təzyiq azadlığa təcavüz kimi qiymətləndirilməlidir.
Bu vətəndaş dinləməsində
mən özüm üçün belə qərara gəldim ki, hicaba qayıdış Azərbaycanın
müasir gerçəkliyində nonsensdir, mümkünsüzdür və gənclərin böyük
əksəriyyəti bu məsələyə demokratik dəyərlər çərçivəsindən yanaşıb
onu bir elə də toplum üçün aktual saymır. O ki qaldı mənə, məhz
bu dinləmədən sonra hicabın kulturoloji gələnəyi və sosial-fəlsəfi
mahiyyəti barədə elmi bir məqalə yazmağı planlaşdırdım».
N.Qasımoğlu:
«Bilirsiniz, ənənəvi dindarlar üçün hicab anlayışı dinimizin
tələbləri kontekstində qadınlara aid baş örtüyü kimi qavranıldığından
ümumən dini geyim kodeksinə riayət məsələsi həm də artıq etiqadi
bir bağlamda təqdim edilir və bu etiqadi müstəvidə məsələyə
başqa cür yanaşma birmənalı olaraq rədd olunur. Halbuki Müqəddəs
Oxuda «hicab» sözü bir termin olaraq müsəlman ölkələrində nəzərdə
tutulduğu kimi geyim tərzinə qətiyyən aidiyyatı olmayan bir
anlayışdır. Bu söz 7 ayədə keçir və o 7 ayənin heç birində bu,
baş örtüyü və ya hansısa başqa bir geyim üçün nəzərdə tutulmur.
Ayələrdən
biri Həzrət Məryəmlə bağlıdır: «Məryəmi də an Yazıda. Ailəsindən
kənarlaşıb çəkilmişdi şərq tərəfdə bir yerə. Bir hicab (hərfən
«pərdə») çəkmişdi aralarına. Biz Öz Ruhumuzu göndərdik ona,
doğruçu bir insan kimi göründü ona» (19, 16-17).
Sədd surəsindəki ayədə
də söhbət inananlarla dananlar arasında çəkilən pərdədən gedir:
«İki tərəf arasında bir hicab (hərfən «pərdə»), sədd üstündə
adamlar...» (7, 46).
Başqa bir ayədəsə
Rəbbimiz buyurur: «Yalnızca bir vəhy ilə, yaxud hicab (hərfən
«pərdə») dalından danışar bəşərlə Tanrı. Ya da bir elçi göndərər,
vəhy eyləyər ona istədiyi nəsnəni. O, uca, hikmət yiyəsi» (42,
51).
Başqa ayələrin orijinalında
da işlənən «hicab» sözü «pərdə» anlamındadır. Bir sözlə, Müqəddəs
Oxuda gedən «hicab» sözünün müsəlman qadınlarına aid bilinən
baş örtüyünə heç bir dəxli yoxdur».
Arqumentlərinə qarşı
cavabdeh A.Talıbzadənin sözlərinə gəlincə, ilahiyyatçı alim
deyir: «Aydın Talıbzadə tanınmış kulturoloqdur, arqumentləri
də kulturoloji idi. O, qadınların yaşmanmasının əski yəhudi,
hind, yunan köklərindən itələnərək əsaslandırdı ki, Müqəddəs
Oxudakı hicabı bu ənənələrdən çıxış edərək yozsaq, ənənəvi dini
anlamlar alınacaq. Ancaq hər halda o da etiraf etdi ki, toplumda
qadınların hicab və hicabsızlıqla bağlı seçənək azadlığı olmalıdır».