Cəlil MƏMMƏDQULUZADƏ
HİCAB MƏSƏLƏSİ VƏ CAVABIMIZ
Dünyada
hər nə cür çətin və xariqüladə bir məsələ bəsirət və insaf ilə
müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılır. Həqiqət axtarılan
yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə əlbət, şüurlu
ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad
məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır. Bu səbəblədir
ki, «ixtilafü ümməti rəhmətün» buyurulubdur.
Amma heyf ki, zəmanəmizin biz mollaları arasında ixtilaf aləmin
başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri
dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz
başımıza bir avam dəstəsi yığıb «təkfir» silahı ilə vuruşmağa
başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı
öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan
gələn mənfəəti-şəxsiyyəni həmişə saxlamaq üçün araya min cür böhtan
və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda,
öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe
olaq; görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq:
filankəs, məsələn, hicabı inkar edib dinindən çıxıb, onun qanı
halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların
qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn
edir ki, bir para mollalarımızda doğrudan, din, millət və vətən
qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar.
Amma vallah, yalan: gündə
yüz kərrə milli və dini haqq və ixtiyarımıza toxunurlar. Milli
və dini hüquq və namusumuzu ayaqlar altına alırlar. Lakin heç
birimizdə dodaq tərpədəcək bir cürət yox. Cümləmiz siçan kimi
evlərimizin deşiklərinə soxulub və canımızın qeydinə qalırıq.
Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik.
Amma, Allah göstərməsin ki, bir adam tərəqqiyi-milli naminə bir
ixtilaflı məsələdən bəhs aça və ya «adət»in ziddinə gedə, hər
deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz
guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib
zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avamı
aldatmaq, «mən varam» demək, yalançı alimlik göstərmək, asanca
şöhrət qazanmaqdır. Nə deyim, Haqq taala cümləni biz mollaların
fəndu felindən, riyasət və mənfəət tamahından, ikiüzlülük sifətindən
uzaq eləsin.
Mən Molla Nəsrəddin keçən
nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın
rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab
edirəm və üz açmağı caiz bilən üləmanın rəyini xoşlayıram. Mən
heç vaxt damdandüşmə deməmişəm ki, haşa hicab yoxdur. Bu söz mən
Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə
də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni «övrət»dir,
arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı
isə haramdır.
Bunda heç bir zərrə şəkk
yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir
qismi deyir ki, üz və əl açmaq ancaq namaz vaxtında ola bilər,
özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan
təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır
ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır.
Biz üz açmağı haram bilən
rəy və qövllərin çoxunu bilirik. Bizə «Təzə həyat» sütunlarında
uzun-uzun etiraz yazanlar zəhmət çəkib üz açmağın haramlığına
şəhadət verən dəlilləri yazırlar. Məsələ madam ki, ixtilaflıdır,
əlbət, haramlığına dair də dəlillər çox olacaq, caizliyinə dair
də.
Sözün canı bundadır ki,
aya üz və əlləri örtmək «icmai» və «zəruridin»dir ya «ixtilaflı»?
Əgər ixtilaflı isə nahaq başınızı ağrıtmayın, öz xəyalatınızla
təkfirə cürət etməyin. Yox, üz və əlləri açmaqda zərrə qədər ixtilaf
yoxsa, isbat edir, kəmali-məmnuniyyətlə qəbul edib səhvimizi iqrar
edərik.
Biz üz və əlləri göstərməyin
caiz olmağını özümüzdən demirik, bəlkə, məşhur üləmanın aşağıdakı
ibarələrindən qanırıq: Şeyx Tusi mərhum «Nəhayə» və «Tibyan» adlı
kitablarında, Seyid Sahibi-Riyaz «Şərhi-kəbir»də, şeyx Yusif Bəhrani
«Hədayiq»də və şeyx Küleyni və sairləri qədim üləmadan və cəmaəti-mütəəxxirdən
deyrlər ki: «Şəriəti-Məhəmmədiyyədə əcnəbiyə, yəni yad arvadın
üzünə və əllərinə baxmaq biduni-ribə və tələzzüd caizdir. Arvada
üzünü örtmək caiz deyildir». Seyid Sahibi-Riyaz «Şərhi-kəbir»dən
savayı bu barədə xüsusi bir risalə yazıb orada üzüaçıqlığı haram
bilən alimlərin dəlillərini birbəbir rədd edib isbat edir ki:
«Yad arvadın üzünə və əllərinə baxmaq caizdir».
«Vəla yübdinə
zinətəhünnə illa ma zəhərə minha».
Övrət ya əcnəbiyədir, ya məhrəm, əcnəbiyə olduqda ya azaddır,
ya kəniz. Əgər əcnəbiyə və azadə isə, cəmi bədəni övrətdir və
caiz deyildir baxmaq məgər üzünə və əllərinə. Ondan ötrü ki, övrət
möhtacədir üzünü açmağa alqı və satqı vaxtında və əllərini çıxartmağa
aldığı şeyi almağa və satdığı şeyi, ya pulu verməyə. Amma şərti
odur ki, baxmaqda fitnə olmaya («Təfsiri-kəbir», Əllameyi
- Fəxr Razi, səhifə 375).
Övrətin kişiyə baxmağı:
əgər kişi əcnəbi isə, övrət yeri göbək ilə dizlərinin arasıdır.
Bəzi deyibdir ki, cəmi bədəni övrətdir övrətlərdən ötrü (yəni
övrət kişinin heç yerinə baxa bilməz) məgər üzünə və əllərinə,
necə ki kişinin halətidir övrət ilə (kişi övrətin heç yerinə baxa
bilməz, məgər üzünə və əllərinə). Amma əvvəlinci qövl səhihdir
ondan ötrü ki, arvadın bədəni fizzətə övrətdir, bu dəlil ilə ki,
övrət bədəni açıq olduğu halda, namazı səhih deyildir. Amma kişinin
namazı səhihdir.
Və əgər kişi övrətə məhrəm
isə ya zövcüdür, ya zövcündən qeyri isə, göbək ilə dizlərinin
mabeyni övrətdir və əgər zövcü isə və yainki övrət kəniz isə,
cəmi bədəninə baxa bilər və habelə zövcə və kəniz zövcün və ağasının
(«Təfsiri-kəbir», səhifə 377).
Zinət xüsusda bəzi qail
olub arizi-zinətə: libas, rəng, həna, sürmə, vəsmə, xatəm, bilərzik,
xalxal və gərdənbənd kimi. Bəzi qail olubdur xilqəti zinətə. Əqrəb
budur ki, xilqəti zinət daxildir «zinətəhünnə»yə. Zinəti-arizi
və sonra əmələ gəlmə zinətə qail olanlar münhəsir ediblər zinəti
fövqdə zikr olunan şeylərə.
Zinəti xilqətə həml edənlər
deyiblər ki, «ma zəhərə minha»nın mənası budur ki, adət cari olubdur
o yerləri zahir etməyə, məsələn, övrətdə üz və əllər, çünki şəriəti-hənəfiyyə
və səhlə və səmhədir və zərurət təqazə edir üzü və əlləri zahir
etməyə və ona binaən üləma ittifaq ediblər ki, üz və əllər övrət
deyildir («Təfsiri-kəbir» səhifə 378).
«İlla ma zəhərə
minha» – işə məşğul olan vaxtda alət görsənər üzük, sürmə
və xizab kimi, bu dəlil ilə ki, onları örtməkdə aşkara çətinlik
var. Bəzi deyibdir ki, zinətdən murad zinətin özü deyildir, bəlkə,
zinətin yeridir. Və zinət ibarətdir xilqəti və ariz zinətlərdən
və üz ilə iki əl hökmdən xaricdir. Ondan ötrü ki, onlar övrət
deyildir («Təfsiri-ibn Səud», səhifə 259).
Təfsiri Qazi həmin fövqdə
yazılan qövl və ibaratın eynini nağıl etdikdən sonra bu qövlü
də əlavə edir ki, üz və əllər övrət olmamaq namaz vaxtındadır,
nəinki baxmaq vaxtında («Təfsiri-Qazi», səhifə 138).
Zinət bir rəvayətdə zinəti-zahirədir:
sürmə və üzük, xalxal, bilərzik. Bir rəvayətdə üz və əllər və
iki ayaqdır («Təfsiri-Qazi», səhifə 342).
«İlla ma zəhərə
minha» ibarətdir üzdən və əldən. Pəs ona əcnəbinin baxmağı
caizdir əgər fitnəyə bais olmaya («Təfsiri-Cəlalin», səhifə
156).
«Vəla yəzrübnə
bixümrəhünnə əla cüyubəhünnə».
Zəmani-cahiliyyə övrətləri
baş örtüklərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları
açıq qalardı və boğazü və gərdənbəndləri görsənərdi. Ona görə
əmr olundu ki, «baş örtüklərini boyunlarına salsınlar ki, boyunları
və boğazları və tükləri və qollarında, boyunlarında olan zinətləri
məstur olsun» («Təfsiri-kəbir», səhifə 379).
Həmən ibarətlə və qərar ilə yazılıbdır Təfsiri-ibn Sudda,
səhifə 359.
Örtsünlər başlarını və
boyunlarını və sinələrini çarqatları ilə (Cəlalin, səhifə
156). «Vəla yəzrübnə bixümirihinnə əla cüyubihinnə»,
yəni boyunların örtsünlər. («Təfsiri-Safi»).
Hicab ayəsi (53-cü ayə):
«Ya eyyühəlləzinə amənu la tədxilu büyutin-nəbi illa ən yözənə
ləküm ila təam qeyrə nazirinə innəhü və lakin iza ədöytüm fədxülu
fəiza tömətüm fəntəşirüu vəla məstanisinə lihədisin innə zaliküm
kanə yözin-nəbi fəyəstəhyi minküm vəllahu la yəstəhyi minəlhəq
və iza səəltəmuhunnə mətəən fəsəluhunnə min vərai hicabə zəalikum
əthərü liqülubəkom və qülubəhunnə». Yəni «ey o kəslər
ki, iman gətiribsiniz, daxil olmayın peyğəmbərin evlərinə, məgərinki
izn verilə yeməyə (yəni yeməyə dəvət olunan vaxtdan qabaq getməyin)
o halda ki, müntəzir olmayasınız təam gəlmək vaxtına (yainki gözləriniz
təamın qabına müntəzir ola ki, nə vaxt gələcək). Amma zəmani ki,
çağırıldınız, daxil olunuz, zəmani ki, yediniz, dağılıb gediniz
və bir-biriniz ilə tələbi-üns etməyin, betəhqiq sizin bu əməliniz
peyğəmbərə əziyyət verər, o sizdən həya edər (sizə gedin deməyə).
Və illah həya etməz haqqı deməyə. Zəmani ki, peyğəmbərin övrətlərindən
(ainki mütləq övrətlərdən) bir şey istəməli oldunuz, sual ediniz
pərdə dalısından. Bu gunə hicab dalısından sual və cavab etmək
pakizəraqdır həm sizin qəlblərinizə və həm övrətlərin qəlblərinə
(pis gözlə baxmaqdan ibarətdir)». Bu tərcümə mütabiqdir cümlə
təfsir ilə.
Təfsiri-Qazidə rəvayət
olubdur ki, Ömər raziallah ənh dedi ki: Ya Rəsullalah, sənin yanına
cümlə pis və yaxşı adamlar gəlir, əgər əmr edəsiniz, ümməhati-möminin
pərdə dalısında oturalar yaxşı olardı. Sonra bu ayə nazil oldu.
Yainki bir gün ziyafət məclisində bir adamın əli Aişəyə dəydi,
bu ayə nazil oldu. Bu ayənin zikrindən sonra Allah taala buyurur
ki, «La cina əleyhən fi abaihən ... iləs...» Ləfzən tərcüməsi:
«Günah yoxdur övrətlərə atalarında və övladlarında və qardaşlarında
və qardaşları övladlarında və bacıları övladında və öz cinsi övrətlərə
və o kəslərə ki, o övrətlərin əlləri malik olubdur (qul və kəniz)
və gərəkdir ki, Allahdan qorxalar, bedürüsti ki, Allah taala hər
şeyə xəbərdardır».
Təfsiri-Qazidə: zəmani ki, hicab ayəsi nazil oldu, atalar və övlad
və qohumlar ərz etdilər həzrət Rəsul əleyhissalama ki, aya öz
qızlarımız, bacılarımız və qohumlarımız ilə pərdə dalısından danışaq?
Pəs bu ayə nazil oldu. «Təfsiri-Safi» bunun misli. «Təfsiri-kəbir»
Fəxri Razi: Zəmani ki, hicab ayəsi nazil oldu, o hökmdən Allah
taala məhrəmləri istisna etdi. Bu ayənin üzü örtməyə dəlaləti
yoxdur, o cəhətə ki, məhz bu ayənin şəni-nüzulu biduni-izn özgə
evinə daxil olmaq barəsindədir».
Yəni, ey Peyğəmbər, degilən
övrətlərinə və qızlarına və möminlərin övrətlərinə ki, evdən çıxan
vaxtda yaxın etsinlər kəndilərinə çadralarını, bu günə örtünməklə
kənizlərdən fərq olunsunlar. Və bu sürətdə onlara əziyyət olunmazlar
ki, o növ əziyyətlər kənizlərə olunur (Qazi Beyzavi).
Caiz deyildir əcnəbiyə
övrətə baxmaq məgər üzünə və əllərinə, əgər şəhvət qorxusu olmaya.
Bunların dəlil cəvazi təqazayi-zərurətdir, almaq və vermək və
övrətin üzünü tanımaq üçün müamilə vaxtında əcnəbi kişilər ilə,
tainki övrət öz dünya güzəranını əmələ gətirə bilə. Əsl dəlil
bu xüsusda ayeyi-şərifədir: «La lübdinə zinətəhünnə illa məzəhərə
minha». Ümumi səhabə buna qaildir ki, zahir zinətdən murad sürmə
və üzüyün yerləridir ki, ibarətdir üzdən və əllərdən. Amma ayaqlarda
bir rəvayət odur ki, ayaq da övrət deyildir, bu cəhətə ki, yol
getməyə ehtiyac olmağa görə aşkar etmək olar. Bir də bu cəhətə
ki, şəhvət üz və əllərdə ola bilər, onlara baxmaq caiz olduqda
ayağa baxmağın cəvazi betəriqi-ula caiz ola bilər. Amma bir rəvayətə
görə ayaqlar övrət hesab olunar sair vaxtda, amma namaz vaxtı
övrət deyildir («İxtiyar»).
Azadə övrətin cəmi bədəni
övrətdir məgər üzü və əlləri, Allah taala həzrətlərinin «vəla
yübdinə zinətəhünnə illa məzəhərə minha» fərmanına görə, ibn Abbas
buyurubdur ki, zinəteyndən murad sürmə və üzükdür və zinəti zahir
etmək lazım tutub onun yerini zahir etməyi. Sürmə üzün və üzük
əllərin zintidir («Kitabi-İxtiyar»).
«Və cəmi bədənülhürrə
övrətün illa vəchühə və kəfiha və qədəmiha və ləza təmtənü min
kəşifə vəchüha beynərrical lilfətnətü vəla yəcuzinnəzərü ileyha
beşəhvətin kevəchüləmrədü və əmma yədunəha fihəl». Mənası:
«Üz, əl və ayaqlardan savayı arvadın cəmi bədəni övrətdir. Fitnə
olan təqdirdə üz açmaq da məmnudur. Şəhvətlə oğlan uşağın üzünə
baxmaq caiz olmadığı kimi arvadın üzünə baxmaq da caiz deyildir.
Amma şəhvət ilə baxılmasa, halaldır» («Müntəqi-Fitva»
kitabı).
Əllameyi-mərhum «Təzkirə»
kitabının dördüncü fəslində buyurur: məsələtün ünas tayfasının
övrət yeri cəmi bədənidir, məgər üzü. Cəmi üləma bunda ittifaq
edibdir, məgər Əbu Bəkr ibn Əbdürrəhim ibn Hüşşam (hədis rəvayət
edənlərdən birisidir). O deyibdir ki, ünasın hər yeri övrətdir,
hətta dırnaqları da. Bu ravinin qövlü qeyri-məqbuldur icma vasitəsilə.
Amma iki əllər – üz kimidir
bizim üləmanın yanında və buna qail olubdur Şafei, Övzai və Əbu
Sur. Bu dəlil ilə ki, «vəla yübdinə zinətəhünnə illa məzəhərə
minha»nı İbn Abbas (peyğəmbərin əmisi oğlu ki, müfəssirlərin böyüyüdür)
təfsir edibdir üzə və əllərə.
Fazili-hindi «Kəşfül-lüsam»
kitabında ki, əllameyi-mərhumun «Qəvaid» kitabının şərhidir, beşinci
fərdə buyurur: «Vacibdir övrətə bədənini namaz vaxtında örtmək,
məgər üzünü və əllərini, necə ki bu məsələ yazılıbdır «Məbsut»,
«Mötəbər», «İsbah» və «Came» kitablarında. Bu sözün dəlili odur
ki, Səhih ibn Müslimdən rəvayət olubdur ki, övrət üçün caizdir
namaz qılmaq köynəkdə, əgər qalın ola ki, bədən görünməyə. Köynək
əlləri və qədəmləri örtməz, çarqat da üzü örtməz. O hədis vacibilə
ki, Fatimə əleyha səlamullah namaz qılırdı, əynində köynək və
başında çarqat elə kiçik idi ki, başının tükünü və qulaqlarını
örtmək qədərindən artıq deyildi.
«Müntəha» kitabında (Əllamənindir)
cəmi üləma icma edibdir üzdə və habelədir «Təzkirə» (Əllamənindir).
«Müxtəlif» və «Mötəbər» kitablarında və «Müntəha»da sərahətə zikr
olunubdur üləmaların icmaı iki əllərdə və dəlil gətiriblər bunu
ki ehtiyac vadar edir üzü və əlləri açmağa. Və ibn Abbas təfsir
edibdir «illa məzəhərə minha»nı üzə və əllərə və əlavə haramdır
üzü örtmək niqab ilə ehram vaxtında «Zikri» kitabında (Şəhidi-əvvəlindir)
üləma icma edibdir övrət üçün üzünü örtməmək.
«Şərhi-kəbir»də sətri-övrət
babında üz və əllər övrət olmamaq barəsində ixtilafi-əqvalı nağıl
etmək bədində buyurur: Bəlkə, məşhur fitva və rəvayət cəhətinə
ancaq üz və əllərdə sətrir vacib olmamağıdır. Caizdir əcnəbi kişi
övrətin əllərinə və üzünə baxmaq (necə ki nikah kitabında təfsilən
nağıl olunacaqdır). Genə çox istidlaldan sonra buyurur: «vəla
yübdinə zinətəhünnə illa mazəhərə minha» belə təfsir olubdur ki,
ibarətdir üzdən və iki əllərdən və bəzi rəvayətlərdə iki qədəmlər
dəxi belədir və Küleyni rəhmətullah da buna qaildir, buyurubdur
ki, mən xəbərdar olmamışam bu sözün xilafına qail olan kəsə.
Ey nadan mollaların sözünə
qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat! Görürsünüz,
nə qədər böyük müctəhidlər və alimlər üz açmağın caiz olduğunu
yazırlar. Biz də məsələni ixtilaflı bilib üz açmağın caiz olmağını
yazdıq, hətta bu xüsusda Qurani-Kərimdən dəlil gətirdik. Lakin
mən Molla Nəsrəddinə inanmayıb, sizi bu günlərə, bu həqarətlərə
salan bir para ruhani dərisindəki qurtların sözünə allanırsınız.
Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var. Görürsünüz,
nə qədər böyük müctəhidlər üz açmağı ixtilaflı bir məsələ bilir.
Halbuki bizi təkfir edən qərəzkarlar öz şəriətlərindən, öz kitablarından
xəbərləri olmaya-olmaya götürüb yalandan yazırlar ki, və sizi
qandırmaq istəyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur.
Həmd olsun, özünüz görürsünüz,
kimlərdir şəriətini bilməyib kor-koranə əl-ayaq çalanlar, kimlərdir
həqiqəti gizlədib, camaatı aldadıb ələ salanlar!
“Molla Nəsrəddin”
jurnalı, 25 iyun 1907
|