“Öyər
Tanrını göylərdə nə varsa, yerdə nə varsa. O, güclü, hikmət yiyəsi.
Onundur göylərlə yerin mülkü, hakimiyyəti. O dirildir, ölüldür.
O hər şeyə qadir. Əvvəl Odur, axır Odur, aşkar Odur, gizli Odur.
O hər nəsnəni biləyən” (“əl-Hadid” – Dəmir, 1-3).
Özünü bu cür tanıdan
ulu Tanrının bütün varlıqların üzərində şəriksiz hakimliyi, Öz
idarəsi altında saxladığı kainata rəhbərlik və sahiblik etməsi
ilk və son məqamda yaradıçı qüdrət özəlliyilə izah olunur.
Var olan hər nəsnənin
görülməz-görünərləri bütövlükdə və ayrı-ayrılıqda ucalardan uca
Qüdrətin yaradıçılıq hədəfindədir. Nəyin harada başladığı, harada
bitdiyi çağdaş təfəkkürümüzcə nə qədər mücərrəd anlaşılır-anlaşılsın,
ancaq bunun Tanrı iradəsi və idarəsində olduğu konkretdir. Olmuşların,
olurların, olacaqların arasında maddi-mənəvi varislik telləri,
təkamül pillələri, təbii-tarixi qanunauyğunluqlar İlahi Yaradıçılıq
kontekstindən kənarda deyil. Kütlənin itməməsi, maddənin enerjiyə,
enerjinin maddəyə çevrilməsi, eləcə də insanın maddi-mənəvi dəyərlər
yaratması və s.-ni ulu Yaradıçılıq işinin tərkib hissələri və
predmetləri olaraq qəbul etməyin əsasında nə durur? Bunların üzərində
ilahi möhrünün cizgiləri necə təcəlli tapır?
Materialistlərin “öncə
materiya, sonra şüur” platformasının basqısı ilə biçimlənmiş təfəkkür
tərzi həmin sualların cavabları qarşısına bəri başdan sədlər çəkir.
Bu sədləri aradan qaldırmaq işi isə ulu Zəkanın dərkinə doğru
istiqamətləndirən və insan ağlının sərhədlərini sökməkdə olan
ilahi vəhylərin öhdəsinə düşür.
Yəhudiliyin müqəddəs
Kitabı Törədə ilkin yaradılış barəsində belə deyilir: “Var olsun
işıq” – dedi Tanrı, var oldu içıq”. Bu ifadə müqəddəs Oxudakı
“ol dedi oldu” sözlərilə səsləşir.
Müqəddəs Kitabımızda
İlahinin kainat yaradıçılığı ilə bağlı işi təkcə “ol” buyuruğu-istəyilə
açıqlanıb qalmır, bu prosesin ayrı-ayrı epizodlarına da diqqət
çəkilir.
Öncə maddi varlığın ilk
maddəsinin tamlığından söz açılır: “Məgər o dananlar görməzmiydilər,
bitişikdi göylərlə yer, Biz ayırdıq onları...” (“əl-Ənbiyə” -
Peyğəmbərlər, 30). Başqa bir ayədə həmin maddənin ilkin durumu
haqqında məlumat verilir: “Sonra da tüstülü bir halda olan göyə
yönəldi...” (“Fussılət” – Müfəssəl açıqlanmış, 11). Daha sonra
ulu Tanrı göydəki ayələri – günəşi, ulduzları yaratdığını, bunların
trayektoriyasını, hərəkət məkanını müəyyənləşdirdiyini bildirir.
Beləliklə, sözü gedən kainat materialının hissələrə ayrıldığı
aşkarlanır ki, bunlar da Yaradanın icad etdiyi qanunlara tabe
tutularaq hər biri öz funksiyasını yerinə yetirməyə başlayır.
Ardınca da həyat gəlir: “...Və sudan var elədik canlı olan nə
varsa” (“əl-Ənbiyə - Peyğəmbərlər, 30).
Müqəddəs Oxuda həyat
yaradıçılığı prosesinə dair xeyli sayda ayələr var. Önəmlisi onu
qeyd etməkdir ki, bu prosesin başlanğıc hərəkəti fikirdən-istəkdən
işə-əmələ keçidin ifadəsi kimi şifahi əmrdən, “ol” buyuruğundan
ibarətdir. Təbii ki, insan özü yaradılmış olduğundan kainatın
yaradılışını təcrübədə təsdiq etmək gücündə deyil. Müqəddəs Kitabımız
bildirir ki, varlıqların yaradılış sirri məhz Allahın Özünə aiddir.
Və ortalığa istər-istəməz belə bir sual çıxır, bu deyilənlər barədə
“dini” və “elmi” olaraq qavradıqlarımızın arasında ziddiyyət varmı?
Təbii elmlər maddənin
son məqamda enerjiyə çevrilməsini vurğulayır. Fəlsəfi deyimlə,
söhbət varlıq cövhərinin-mahiyyətin var olan hər şeyi əhatə edən
sahədə hərəkətindən gedir. Və Tanrı sözünün güc daşıyıcısı, özü
də ən ulu və mükəmməl enerji qaynağı olduğunu vurğulayan ilahi
məntiqə görə, materiyanın özü də onu təşkil edən bütün ünsürlərilə
birlikdə həmin bu yaradıcı “ol” mənbəyindən yaranma hissəcik,
zərrəcikdir.
Astronomların apardığı
araşdırmalar kainatın davamlı olaraq genişləndiyini aşkarlamışdır.
Bu fikri nəzəriyyədə ilk dəfə Albert Eynşteyn irəli sürmüşdü.
Belə elmi fərziyyə də mövcuddur ki, kainatdakı bütün maddələr
ilkin bir atomun partlayışı ilə törənmişdir. Və həmin partlayış
sonucunda yaranmış kainat genişlənməyində davam edir. Bu genişlənmə
hadisəsinin Müqəddəs Oxuda yer alması həqiqətən hetrətamizdir.
“Zəriyət” - Sovuranlar surəsinin 47-ci ayəsinin populyar klassik
açıqlamasını bir yana qoyub hərfi tərcüməsinə baxaq: “Göyə gəlincə,
Biz onu əllərimizlə qurduq. Və Biz, şəksiz, genişləndirənlərik”.
Insan ağlının sərhədləri
də beləcə genişləndikcə Tanrıya yüksəliş yolları daha da asanlaşır.
|