“Bunlar
Tanrı ayələri, oxuyuruq bunları sənə haqq ilə. Elə isə bəs hansı
hədisə inanar onlar Tanrıdan, ayələrdən sonra?” (Cəsiyə 6)
Ölkəmiz müstəqil olandan sonra insanlar uca dinimiz islamı yenidən
öyrənmək imkanı əldə etdilər. Quran tərcümə olundu, dini məsələləri
izah edən məqalələr yazıldı, kitablar çap olundu. Xaricdən külli
miqdarda dini ədəbiyyat gətirildi. Ruhanilər bir qədər də fəallaşdı.
Cəmiyyətin dini məsələlərlə bağlı informasiya almaq imkanları
genişləndi. Amma təəssüf ki, istər çap məhsullarında, istər elektron
KİV-də, istərsə də ayrı-ayrı din bilicisi sayılanların izahında
islamla bağlı ayrı-ayrı məsələlər, bu və ya digər anlayışlar ya
əsasən, ya da tamamilə hədislərlə izah olunur. Nədir hədis? Biz
dinimizi hədislərdənmi öyrənməliyik? Onlarsız keçinmək olmazmı?
Bəs Quran nə üçündür?
Hədis yazma yasağı
”Hədis” sözü xəbər, söz,
hekayə, söhbət mənası verir. Hədis deyəndə peyğəmbərimizin sözləri
və ya müsəlman icmasının dini-hüqüqi həyatı ilə bağlı hərəkətləri
nəzərdə tutulur. Allah elçisi öz sağlığında hədislərin yazılmasını
qadağan edib. Buna heç kəsin şübhəsi yoxdur. Hədis yazanlar da
bunu iqrar edirlər. Qurandan başqa bir din qaynağının olmasına
qarşı mübarizə peyğəmbərimizin prioritetləri sırasında olub. O,
həyatı boyu danışdıqlarının yazılıb toplanmasına icazə verməyib.
Bundan başqa, Allah elçisinin söyləmədiyi bir sözü onun adına
bağlamaq və ya hədis uydurmaq bir hədislə haram qılınıb: 'Hər
kim mənim adımdan yalan söyləyərsə, cəhənnəmdəki yerinə hazırlaşsın"
(Buxari, “Elm” 38, “Cenaiz” 33, “Ənbiya” 50, “Ədəb” 109;
Müslim “Zühd” 72; Əbu Davud, “Elm” 4; Tirmizî “Fitən” 70, “Elm”
8, 13; İbn Macə, “Müqəddimə” 4; Darimi, “Müqəddimə” 25, 46; “Müsnəd”,
II/47, 83, 133, 150, 159, 171).
Mənbələr bildirir ki, hədis yazmaq rəşidi xəlifələrin zamanında
da yasaq olub. Xəlifə Ömər ibn Xəttab vali və Quran müəllimi kimi
ayrı-ayrı vilayətlərə göndərdiyi şəxslərin qarşısına şərt qoyurmuş
ki, hədis danışmasınlar. Ömər ən çox hədis danışan Əbu Hüreyrəyə
hədis danışmağı yasaqlayıb, Əbu Dərda, Əbu Məsud əl-Ənsari, ibn
Məsud kimi böyük səhabələri hədis danışdıqları üçün Mədinədə göz
dustağı edib.
Bundan başqa, deyilənə görə, xəlifə Əli ibn Abutalıb xalqa xitab
edərək belə deyib: “Əlində yazılı hədis olan onu məhv etsin. İnsanlar
üləmanın hədislərinə uyub Rəblərinin kitablarını tərk edərək həlak
olublar”. O, hədis adı ilə əldən-ələ gəzən mətnlərin bir yerə
yığılaraq yandırılmasını əmr edib.
Peyğəmbərimizin guya
hədisləri yazmağa icazə verməsi barədə də hədislər var. Bunların
birində deyilir ki, guya Abdullah ibn Əmr deyib: “Mən peyğəmbərimizin
dediyi hər şeyi yazıb əzbərləyirdim. Qüreyş mənə bunu yasaqladı.
Mən daha yazmadım və vəziyyəti peyğəmbərimizə dedim. O, belə buyurdu:
“Yaz, canımı əlində tutan qüdrətə and içirəm ki, məndən yalnız
gerçək sözlər çıxar” (İbn Hənbəl, “Müsnəd“ 2/162).
Türk təfsirçisi Süleyman
Atəş bu uydurma haqda belə yazır: “Əvvəla, Qüreyşin Abdullah bin
Əmri hədis yazmamağa çağırmasının heç bir anlamı yoxdur. Əgər
Qüreyş deyəndə Məkkə dövründəki Qüreyş nəzərdə tutulursa (bu söz
bu anlamda işlədilir), onlar hədis bir yana, Qurana da inanmırdılar.
Peyğəmbərin hicrəti zamanı Abdullah bin Əmrin hələ yeddi yaşı
tamam olmamışdı. Üstəlik, o, müsəlman deyildi, çünki atası müsəlmanlığı
qəbul eləməmişdi. Abdullah o zaman peyğəmbərin sözünü yazacaq
və bunu düşünəcək yaşda deyildi. Atası Əmr ibn əl-As Hüdeybiyyə
döyüşündən sonra müsəlmanlığı qəbul edib. Əgər Qüreyş deyiləndə
Məkkənin fəthindən sonra müsəlman olmuş qüreyşilər nəzərdə tutulursa,
onların da peyğəmbərin sözünün yazılmasını qadağan etməsi düşünülə
bilməz. Çünki onlar Məkkədə, peyğəmbər Mədinədə yaşayırdı. Məlumdur
ki, peyğəmbərimizin özü sözləri Qurana qarışmasın deyə hədislərin
yazılmasını yasaq edərək “Məndən Qurandan başqa bir şey yazmayın,
kim məndən Qurandan başqa bir şey yazıbsa, onu məhv etsin” deyib
(Müslim, Zühd, 72; Darimi, Müqəddimə, 42). Bu halda onun
Abdullaha “Yaz, məndən haqdan başqa bir şey çıxmaz” deməsi tühafdır...
Əgər peyğəmbərin dediyi bütün sözlər vəhy olsaydı, vəhy katibi
olan Əbubəkr, Ömər, Osman, Əli kimi böyük səhabələr Quran ayələrini
yazdıqları kimi, onun sözlərini də yazardılar”.
Hədislər nə vaxtdan yazılıb
Rəşidi xəlifələrindən
sonra hədis yazma işi yenidən rəvac tapıb. Deyilənə görə, ilk
dəfə xəlifə Müaviyə öz hakimiyyətini möhkəmlətmək üçün hədislərdən
yararlanıb. O, Şamı paytaxt elan edəndən sonra şəhəri və xəlifəni
müqəddəs elan edən hədislər meydana çıxıb. Guya peyğəmbər deyib
ki, ümmətin ən dəyərli kadrları Şamda toplaşacaq. Şam əsgərlərindən
70 mini Qiyamətdə sorğu-suala tutulmadan cənnətə gedəcək. Şam
xalqı Allahın qılıncıdır... Sonuncu hədisə o da əlavə edilir ki,
şamlıların vuruşduğu asilər Əli ibn Abutalıbın tərəfdarlarıdır.
Təbii ki, qarşı tərəf də borclu qalmayıb, onların cavabını verib.
Nə iləmi? Əlbəttə, “hədislə”. Sonrakı dönəmlərdə müxtəlif məzhəb
qurucuları və hədis alimləri öz məzhəblərinin doğruluğunu müdafiə
etmək üçün çoxlu hədislərdən istifadə ediblər. Onlardan hədislərə
ən çox təpki göstərən Əbu Hənifə olub. Deyilənə görə, o, cəmi
17 hədisi doğru sayıb. Əbu Hənifə öz mövqeyini belə izah edib:
“Quranın xilafına olan bir hədisi rədd etməyim peyğəmbəri və Onu
təkzib etməyim kimi qəbul edilməməlidir. Bu, batil bir xəbəri
peyğəmbərə istinad edənlərin rədd edilməsidir”. Məzhəb liderlərindən
ən aydın təfəkkürlüsü olan bu şəxs müxtəlif təzyiqlərə məruz qalıb.
Onu hətta kafir adlandıranlar olub. Bir sıra müəlliflər onun müsəlman
olub-olmamasının mübahisəli olduğunu, “küfründən dönmək üçün üç
dəfə tövbəyə çağırıldığını” yazır. Əbu Hənifə əhli-sünnətin toxunulmaz
elan etdiyi Buxari tərəfindən də etibarsız elan edilib.
Digər məzhəb liderlərinin
və hədis alimlərinin istifadə etdiyi hədislərin sayı on minlərlə
ölçülür. Deyilənə görə, hədis uyduranların bəzisi sonradan bu
suçunu boynuna alıb. Məsələn, dindən çıxdığı üçün edama məhkum
edilən İbn Əbül Avca adlı birisi boynu vurulmazdan öncə deyib:
“İçində halalı haram, haramı halal qıldığım dörd min hədis uydurdum”.
Hədislərin səhihliyi barədə deyilənlər nə qədər səhihdir
Hədislərin dəqiq sayını
bilən yoxdur. Deyirlər ki, ibn Hənbəl milyona yaxın hədis bilirmiş.
O, “Müsnəd”ini 750 min hədisdən, İmam Malik “Müvətta”sını 100
min hədisdən seçərək hazırlayıb. Həmin kitabda on min seçilmiş
hədis var imiş. Əsər hicri 148-ci ildə hazır olub. Sonralar o
hər il bu hədisləri yenədən gözdən keçirib. Quran məntiqinə tərs
düşənləri bir-bir kitabdan çıxarıb. Lap sonda “Müvətta”dakı hədislərin
sayı 500-ə enib. Deyilənə görə, Atik əz-Zübeyri bu barədə belə
deyib: “Malik “Müvətta”ya on minə qədər hədis toplamışdı. Bunları
hər il gözdən keçirir və bir qismini çıxarıb atırdı. Axırda burda
beş yüz hədis qaldı. Əgər bir az da yaşasaydı, hamısını ata bilərdi”.
Hədislərin uydurmalardan təmizlənməsi üçün çalışanlardan biri
də Buxaridir (Məhəmməd bin İsmayıl əbu Abdullah əl-Cufi,
810-870). Deyilənə görə, o, uzun illər müxtəlif vilayətləri
– Hicaz, Misir, İraq, Xorasanı gəzib, minə yaxın şeyxlə görüşüb
və hədislərin səhih olub-olmadığını dəqiqləşdirmək üçün çalışıb.
Sonunda “səhih hədisləri” müəyyən edərək, kitab halına salıb.
Onun yazdıqları hədis tərəfdarlarının ən ciddi mənbələri sırasındadır.
Hətta bu gün onun bir hədisini belə səhih saymayanı kafir elan
edənlər var. Amma gəlin bir az dərindən düşünək. Peyğəmbərin dövründə
yasaq edilən, onun vəfatından yüz il sonra yazıya alınan və getdikcə
sayı artaraq bir milyona yaxınlaşan hədislərin səhih və ya qeyri-səhihliyini
yoxlamaq ayrı-ayrı fərdlərin gücü daxilindədirmi? Məsələn, deyirlər
ki, Buxari başqalarının yazdığı 600 min hədisin səhih və ya qeyri-səhih
olduğunu yoxlayıb, bundan başqa 200 min hədisi isə o, müəllimlərindən
və hədisçılərdən toplayıb. Nəhayət, cəmi 7 400 hədisi səhih kimi
qəbul edib. Cəmi altmış il ömür sürən bir şəxsin bu qədər hədisi
Quranla və hədislərlə müqayisə etməsi, hədis zənciri ilə gedib
ilkin mənbəni və onun etibarlılıq dərəcəsini müəyyən etməsi və
qərar verməsi heç cür mümkün ola bilməz. Çünki hər bir hədisə
cəmi ikicə saat vaxt sərf edilərsə (əslində bir hədisin səhih
olub-olmadığını bu müddət ərzində müəyyənləşdirib qərar vermək
mümkün deyil) 800 min hədisi sərf-nəzər etmək üçün lazım olan
vaxt 1 milyon 600 min saat edir. Gündə 24 saat fasiləsiz işləyən
adam 182 il çalışmalıdır ki, işin sonuna çatsın...
Bundan başqa, Buxari anadan olanda peyğəmbərimizin vəfatından
180 ilə yaxın zaman keçmişdi. Peyğəmbərimizin, rəşidi xəlifələrin
zamanında yasaq olunan, yüz ildən artıq müddətdə dildən-dilə keçən
hədislərin səhihliyi necə yoxlanıla bilərdi? Cümlədə sözün, hətta
vurğunun mənaya necə təsir elədiyi bəllidir. Peyğəmbərə aid edilən
sözlərin yüz ildən artıq müddətdə ağızdan-ağıza keçərək təhrif
olunmadan qalması nə dərəcədə realdır? Hədislərə dair bir rəvayət
peyğəmbər sözünün necə təhrif olunduğuna örnəkdir. Bir dəfə Əbu
Hüreyrə deyirmiş ki, guya peyğəmbərimiz belə söyləyib: “Ev, at
və arvad uğursuzluq gətirir”. Peyğəmbərimizin həyat yoldaşı Aişə
ona irad tutaraq deyib: “Peyğəmbər elə söz söyləməyib. O deyirdi:
“Cahiliyyə əhli deyirdi ki, ev, at və arvad uğursuzluq gətirir”.
Bundan başqa, bu və ya digər hədisin gedib hansısa səhabəyə bağlanaraq
dəqiqləşdirilməsi də hələ o sözlərin peyğəmbərə aidliyinin təsdiqi,
yəni hədisin səhihliyi anlamına gəlməz. Qurana müraciət edək.
Tövbə surəsində peyğəmbərimizə deyilir ki, ətrafında münafiqlər
var və peyğəmbər onları tanımır, Allah taala tanıyır: “101. Bədəvilərdən
aranızda ikiüzlülər var, Mədinə əhlindən ikiüzlülüyündə qalanlar
var. Onları siz tanımırsız, Biz tanıyırıq”. Belə olan halda hədisi
nağıl edənin o münafiqlərdən biri olub-olmadığını, görəsən, hədis
alimləri necə müəyyən ediblər? Peyğəmbər ətrafında olanları tanıya
bilmədiyi halda iki yüz il sonra hədis toplayanlar onları necə
tanıyıblar? Aşağıda səhih deyilən hədislərdən bir neçə örnək verəcəyik,
qoy oxucu özü qərar versin.
Qiyamətlə bağlı bir neçə hədisə baxaq: “Əbu Hüreyrədən xəbər verirlər
ki, (Allah ondan razı olsun) Allahın elçisi (Allahın salat və
salamı üzərinə olsun) dedi: “Nə qədər ki, siz yəhudilərlə vuruşmayıbsınız
və arxasında yəhudi gizlənən hər daş “Ey müsəlman, mənim arxamda
yəhudi gizlənib, onu öldürsənə” deməyib, Qiyamət qopmayacaq» (“Səhihi-Buxari”
1202 (2926); “Əbu Hüreyrədən xəbər verirlər ki, (Allah
ondan razı olsun) Allahın elçisi (Allahın salat və salamı üzərinə
olsun) dedi: «Nə qədər ki siz balaca gözlü, qırmızı sifətli, yastı
burunlu, sifəti döyülmüş qalxana bənzəyən türklərlə vuruşmayıbsınız,
Qiyamət qopmayacaq. Və nə qədər ki, siz tükdən sandalı olan adamlarla
vuruşmayıbsınız, Qiyamət qopmayacaq». (“Səhihi-Buxari”
1203 (2928); “Xəbər verilir ki, Ənəs (Allah ondan razı
olsun) deyib: «Allahın elçisi (Allahın salat və salamı üzərinə
olsun) dedi: “Qiyamətin yaxınlığının əlaməti budur: elm yox olacaq,
cəhalət kök salacaq, adamlar çoxlu şərab içəcək, zinakarlıq geniş
yayılacaq» (“Səhihi-Buxari” 70 (80); “Xəbər verilir
ki, Ənəs (Allah ondan razı olsun) deyib: «Sizə bir hədis söyləyəcəm.
Bir dəfə Allah elçisinin (Allahın salat və salamı üzərinə olsun)
belə dediyini eşitdim: “Qiyamətin yaxınlığının əlaməti budur:
elm yox olacaq, cəhalət və zinakarlıq geniş yayılacaq, qadınların
sayı çox artacaq, kişilərin sayı azalacaq, əlli qadına onları
himayə edəcək bir kişi düşəcək” (“Səhihi-Buxari” 71 (81).
Başqa bir hədisdə isə deyilir ki, peyğəmbərimizdən Qiyamətin nə
vaxt olacağını soruşublar və guya o, yaxınlıqdakı bir uşağı göstərərək
belə cavab verib: “Əgər bu uşaq yaşasa, qocalmamış Qiyamət qopar...”
(Buxari, “Ədəb” 95, “Rikak” 42, Müslim, “Fitən”, 136-139)...
Halbuki, Quranda deyilir ki, Qiyamətin nə vaxt qopacağını heç
kəs bilmir: «Səndən soruşarlar, Qiyamət saatı nə vaxt gəlib çatacaq?
De ki, «BUNU YALNIZ RƏBBIM BILIR, Ondan başqa kimsə yoxdur bildirə
o vaxtın saatını. Göylərə və yerə ağırlıq kimi çökən o saat kəsdirəcək
üstünüzü qəflətən» (Əraf, 187). Daha biz heç
nə demirik.
Hədislər din
qaynağıdırmı?
Hədisləri islam hüququnun iki təməlindən biri kimi götürənlər
Həşr surəsinin 7-ci ayəsinə də istinad edirlər. “Məğlub şəhərlərin
əhalisindən Allahın Öz Rəsuluna verdiyi qənimətlər Allah, Rəsul,
Rəsulun qohumları, yetimlər, yoxsullar, yolçular üçündür. Qənimət
beləcə paylanar ki, sizdən olan varlıların arasında əldən-ələ
ötürülən sərvətə çevrilməsin. Rəsul nə versə sizə, götürün, nəyi
yasaq bilsə sizə, bundan əl götürün. Qorxun Allahdan. Şübhəsiz,
Allahın cəzası şiddətlidir”. Bu ayə ilə bağlı türk təfsirçisi
Süleyman Atəş belə yazır: “Bu ayədə qəsd edilən peyğəmbərin verdiyi
qəniməti könül rizası ilə qəbul etməkdir, amma alimlər bu ayədən
peyğəmbərin əmrlərinə əməl etmək, yasaqlarından isə qaçmaq lazım
gəldiyi nəticəsini çıxarıblar.
Peyğəmbərin əmrləri istər
Quran ayələri ilə, istərsə də Allahdan gələn ilhamla verilsin,
bunlara uymaq, yasaqlardan qaçmaq hər bir müsəlmanın işidir”.
Bu ayə ilə bağlı görkəmli türk ilahiyyatçısı Yaşar Nuri Öztürkün
fikirləri daha tutarlıdır: “Bu ayə qənimət bölünən zaman narazılıq
edənlərə xəbərdarlıqdır. Ayə bu səbəblə enmiş olsa da, mənasının
ümumi olması əsasdır. Yəni peyğəmbərin gətirdiyi hər şey alınmalıdır.
Onun gətirdiyi Qurandır. Peyğəmbərin yasaqladığı hər şeydən uzaq
durma əmrinin Qurandan kənar qadağaları da ehtiva elədiyi də ağıla
gələ bilər. Amma əslində belə deyil. Çünki yasaqlamaq - haram
elan eləmək, təhrim səlahiyyətindən istifadə etməkdir. Quran həzrəti-peyğəmbərə
təhrim – haram qılma səlahiyyəti vermədiyi üçün (“Ey Peyğəmbər!
Zövcələrinin rəğbətini qazanasan deyə Allahın sənə halal bildiyini
niyə özünə yasaq eləyirsən? Günahlardan keçəndir, Rəhimdir Allah”
(Təhrim 1)) peyğəmbərin yasaqladığı şeylərin çərçivəsini
Quran müəyyən edəcək” (Yaşar Nuri Öztürk “Qurandakı islam”
İstanbul, 1995, səh. 512-513).
Başqa bir məqam. Quran
vəsiyyətin, borcların yazılmasının gərək olduğunu vurğulayır.
Haqlı olaraq soruşulur: konkret şəxslərə aid vəsiyyətlərin yazılmasını
tövsiyə edən Allah taala əgər hədislər dinin qaynağıdırsa, onların
yazılmasını niyə buyurmayıb? Hansının ictımai əhəmiyyəti daha
böyükdü?
Hədislərə dinin
və ya ümmətin yox, kütlənin ehtiyacı var
Bəs hədislərin bu qədər
çoxalıb yayılmasının səbəbləri nədir? İbn Xəldun “Müqəddimə” adlı
əsərində yazır: “Ərəblər nə kitab, nə də elm əhli deyildilər.
Onlara hakim olan həyat tərzi bədəvilik və cahillik idi. Yaradılışın
sirləri, kainatın durumu, və başqa mövzularda bir şey öyrənmək
istəyəndə onlardan əvvəl kitab verilənlərdən soruşar və onlardan
yararlanardılar. Onlara bu barədə məlumat verənlərin sırasında
Kaab əl-Ahbar, Vehb ibn Münəbbih, Abdullah bin Səlam var idi.
Hədisə əsaslanan təfsirlər bu cür adamların danışdığı rəvayətlərlə
dolub”. Təkcə ərəb cəmiyyətində yox, hər yerdə kütlə yeniliyə
onu narahat edən bir şey kimi baxıb. Quran sirlərinə baş vurmaq
üçün dərindən-dərinə düşünmək lazımdır. Bu, kütləyə xas keyfiyyət
deyil. Kütlə nağılvari təfəkkürə, miflərə meyllidir. Ona görə
də Quran hikmətlərindənsə hədislər onun ruhunu daha çox oxşayır.
Bu xüsusa diqqət çəkən görkəmli ilahiyyatçı Yaşar Nuri Öztürkün
bir fikrinə haqq qazandırmamaq olmur: “Kütlə mövcud olana, ənənəyə
təslim olmağın rahatlığından uzaqlaşmağı əsla istəməz. Haqq əri
kütləni yuxarı çəkəndə kütlə rahatsız olar, yuxusu qaçar”
(“Qurandakı islam”, İstanbul 1995, səh. 123). Hədis uyduranlar
qara camaatın bu özəlliyindən çox bacarıqla istifadə ediblər.
Hədisləri kimlər
quraşdırıb?
Çoxları. Məlumlarının içində hətta müsəlman olmayan da var. İslam
dini güclənəndən sonra İran, Bizans kimi imperatorluqlara son
qoydu. Ətrafda bu dinin belə böyük uğurlar qazanmasını istəməyən
başqa qüvvələr də olub, təbii. Qurana müdaxilə imkanı olmadığından
bütün qəsdli təxribatlar hədislər yolu ilə edilib. Tövrat mətnləri,
Talmud əfsanələri, xristianlığa aid rəvayətlər, farsların, romalıların
bir sıra rəvayət və əfsanələri hədis adı ilə külliyyatlara daxil
edilib. Nəticədə insanlar Qurandan uzaqlaşdırılıb. Bu istiqamətdə
çox böyük təxribat aparanlardan birinin Kaab əl-Ahbar adlı yəhudi
kahini olduğu deyilir. Deyilənə görə, o israiliyyatın dinimizə
qarışdırılması istiqamətində ən çox iş görən adamdır. Onun peyğəmbərimizin
vəfatından sonra Əbubəkr və ya Ömərin hakimiyyəti zamanında müsəlmanlığı
qəbul etdiyi və ya bunu dediyi bildirilir.
Peyğəmbərimizə istinadən
deyilən “İsrail oğullarından hədis öyrənin, bunda zərər yoxdur”
sözləri Abdullah bin Əmr adlı hədis söyləyənə aid edilir. Bu hədis
Tirmizi, Əbu Davud və Buxarinin əsərlərində yer alır. Mənbələr
məlumat verir ki, Abdullah bin Əmr Kaab əl-Ahbarın tələbələrindən
olub. Onun danışdığı bu hədislə sanki israiliyyatın islama axmasına
yol açılıb. Deyilənə görə, Abdullah iki minik heyvanı yükü israiliyyat
gətirib onları müsəlmanlar arasında yayırmış. Mənbələr yazır ki,
Kaab əl-Ahbar özündən hədis uydurmaqla qalmır, bunları Əbu Hüreyrə,
Abdullah bin Əmr, ibn Ömər, ibn Abbas vasitəsilə yayırmış. Xəlifə
Ömər Kaab əl-Ahbarın bu hərəkətini qınayıb, xəbərdarlıq edib və
onu sürgünlə hədələyib.
Ötən əsrin alimlərindən
misirli Mahmud əbu Reyyə xəlifə Ömərin öldürülməsində Kaabın barmağı
olduğunu yazır: “Həzrəti Ömər bu dahi yəhudini ağıllı və israrlı
şəkildə izləyib və bir sıra çirkin əməllərinin fərqinə varıb,
amma Ahbar öz dühasının gücü ilə və Ömərin yaxşı niyyətli olması
səbəbindən ona qələbə çalıb. Ahbar Ömərə gizli və açıq tələlər
qurub. Məsələ Ömərin qətlinə qədər gedib çıxıb. Əldə olan məlumatların
hamısı bu qətlin gizli bir cəmiyyətdə tərtiblənmiş olduğunu göstərir.
Böyük düha Kaabın üzvlərindən biri olduğu bu cəmiyyətin rəhbəri
Hürmüzan idi. Məlum olduğu kimi, Hürmüzan Xuzistan kralı idi və
Mədinəyə əsir kimi gətirilmişdi. Hz. Ömərin qətli Əbu Lülüə adlı
birinə tapşırılmışdı” (Mahmud Əbu Reyyə, “Muhammedi Sünnetin
Aydınlatılması”, səhifə 171).
Hesab olunur ki, yaradılış,
cənnət, cəhənnəm, Qiyamət barədə hədislərin böyük qismi Kaabın
uydurmalarıdır. Onlardan bəziləri: Əbu Hüreyrə peyğəmbərin belə
söylədiyini deyib: "Nil, Seyhan, Ceyhan ve Fərat cənnət çaylarıdır."
Eyni sözü Kaab da söyləyib: "Allah taala Cənnətin dörd çayını
yer üzünə yerləşdirib: Nil cənnətdəki bal çayıdır, Fərat cənnətdəki
şərab çayıdır. Seyhan cənnətdəki su çayıdır. Ceyhan isə cənnətdəki
süd çayıdır". Kaabın uydurmalarından başqa nümunələr: “Allah
Yer üzünə baxdı və belə dedi: “Sənin bir bölümünə toxunacağam”.
Dağlar Ona tərəf qaçmağa başladı. Qaya aşındı. Allah onlara təşəkkür
edib ayağını üzərlərinə qoydu”; “Hesab üçün diriltmə və hesab
Beytül-Məqdisdən başlayacaq. Burada dəfn edilənlər əzaba uğradılmayacaq”.
Bu sözlər Əbu Hüreyrəyə istinadən deyilir: "Allah Rəsulu
buyurdu: "Allah iki ayağı yerdə, boynu isə göydə olan və
davamlı olaraq 'Səni təsbih edirəm, Rəbbim! Sən nə ucasan!' deyən
xoruz haqda sizə danışmağıma icazə verdi." Bu hədis də Kaab
əl-Ahbarın sözüdür: "Allahın boynu göylərin altında, ayağı
isə Yerin aşağısında olan bir xoruzu var. Allah ucadan səslənəndə
o bağırır və belə deyir: "Qüddüs, Məlik və Rəhman olan Rəbbim!
Səni təsbih edirəm. Səndən başqa ilah yoxdur!" Qeyd edək
ki, bu, boş, mənasız uydurma peyğəmbər sözü kimi əsrdən-əsrə,
nəsildən-nəsilə keçib. Və onu rədd edənlər savadsız ruhanilərin
qəzəbinə tuş gəlib. On doqquzuncu əsrdə Seyid Əzim Şirvani bu
barədə “Qafqaz müsəlmanlarına xitab” adlı şerində yazırdı:
Məsələn, bir müəllimi-ələm,
Deyə xurşidi mərkəzi-aləm,
Deyə sabit günü, Yeri səyyar,
Zəlzələ baisin bilirsə buxar,
Deyə kim var əraziyi-tisin,
Yerin altında yoxdu gavi-zəmin...
EDƏ ƏRZIN XÜRUSUN inkar,
Etməyə bu kəlama istiğfar,
Deyəcəklər bu cümlə kafərdir,
Bu şəqi münkiri-peyğəmbərdir...
Ümumiyyətlə, əl-Ahbarın
dəst-xətti Əbu Hüreyrənin hədislərində çox aydın seçilir. Məsələn,
Əbu Hüreyrə rəvayət edib ki, guya peyğəmbər belə deyib: “Günəş
və Ay Qiyamət günü cəhənnəmdə iki öküzdür”. Ondan soruşublar ki,
günahları nədir? Əbu Hüreyrə: “Sənə peyğəmbər sözü söyləyirəm,
inanmırsanmı?” deyə cavab verib. Eyni sözün Kaab əl-Ahbar tərəfindən
də söylənildiyi məlum olur: “Günəş və Ay Qiyamət günü iki qısır
öküz kimi gətiriləcək və cəhənnəmə atılacaq. Ona tapınanlar onları
orada görəcək”. Deyilənə görə, Kaab uydurduğu hədisləri Əbu Hüreyrə
vasitəsilə yayır, özü onları təkrar danışanda Əbu Hüreyrəyə istinad
edirmiş.
Etnik təyinatlı
hədislər
Hədislərin bir qismi
xilafətin ərazisi genişlənəndən sonra ayrı-ayrı milli, etnik mənafelərə
xidmət üçün yaradılıb. "Allah taala dillər içində ən çox
farscaya nifrət edir. Şeytanlar xuzistanlıların dili ilə, cəhənnəmliklər
buxaralıların dili ilə, cənnətliklər isə ərəblərin dili ilə danışırlar”.
Bu uydurma hədisə başqa bir uydurma hədislə cavab verilir: "Ərşin
ətrafındakı mələklər farsca danışırlar. Uca Allah içində mülayimlik
olan bir şeyi vəhy edəndə onu farsca vəhy edər, içində şiddət
olan bir şey vəhy edəndə onu ərəbcə endirər”. Bu tip hədislərin
uydurma olduğunu hədisçilər də qəbul edir.
Bu və ya digər etnosu
öyən və ya pisləyən hədislərə nümunələr: "Ərəbləri sevmək
üç səbəbə görə məcburidir. Çünki mən ərəbəm, çünki Quran ərəbcədir,
çünki cənnət sakinləri ərəbcə danışır. Kim ərəbləri xoşlamaz və
ya nifrət edərsə, o mənə nifrət etmiş sayılır”; “Ərəbləri sevmək
iman sahibi olmaq deməkdir, onlara nifrət etmək imansızlıq deməkdir”;
“Millətlərin ən mükəmməli və ucası ərəblərdir. Ərəblərin ən ucası
qüreyşilərdir. Qüreyşilərin ən ucası isə bəni-Haşim qəbiləsidir.
Ərəbləri kiçildən müşrik sayılmalıdır. Ərəbin varlığı islamiyyətin
varlığı deməkdir"; “Hafızə on qisimdir, doqquzu türklərdə,
biri digər insanlardadır”; "Mən qulaqları dəlik atların belində
gələn və atlarını Fərat və Dəclənin kənarına bağlayan türkləri
görən kimi oluram"; "Allah qəzəblənəndə vəhyi farsca,
razı olduğu zaman ərəbcə endirir"; "Türklər sizə toxunmadıqca
onlara toxunmayın”; "İstanbul, əlbəttə, fəth ediləcək. Onu
fəth edən əsgər nə gözəl əsgərdir, onu fəth edən komandir nə gözəl
komandirdir!"; "Kim farsca danışsa, cinnəti artar, mürüvvəti
azalar." Bəzi hədislər irqçi mahiyyətdədir: “Abdullah bin
Ömərdən rəvayət edirlər ki (Allah hər ikisindən razı olsun) Allah
elçisi (Allahın salat və salamı üzərinə olsun) belə deyib: “Siz
yəhudilərlə vuruşacaqsınız. Onlardan kimsə daşın arxasında gizlənəndə
daş deyəcək: “Ey Allahın bəndəsi, bax, mənim arxamda yəhudi gizlənib,
onu öldür» (“Səhihi-Buxari”, 1201 (2925) və ya
"Zəncinin qarnı tox olanda zina edər, acanda isə oğurluq
edər"; "Zəncilərdən uzaq olun. Çünki onlar çirkin məxluqlardır”
və s. Bunlar əsla bütün dünyaya rəhmət olaraq göndərilən peyğəmbərimizin
sözü ola bilməz.
“Xoşməramlı”
hədislər
Hədislərin bir qismi
insanları dinə təşviq ermək üçün uydurulub. Bunları uyduranlar
islama xidmət etdiklərini düşünüblər: “Hər kəs bazar ertəsi günü
dörd rükət namaz qılar və hər rükətdə Fatihə, ayətül-kürsi, İxlas,
Fələq və Nas surələrini bir dəfə oxuyar, salam verəndə on dəfə
istiğfar edər, on dəfə də salavat çevirərsə, bütün günahları əfv
olunar. Allah taala ona cənnətdə ağ incidən düzəldilmiş on otaqlı
bir köşk verər. Hər otağın uzunluğu və eni üç min arşındır. Birinci
otaq ağ gümüşdən, ikincisi qızıldan, üçüncüsü incidən, dördüncüsü
zümrüddən, beşincisi zəbərcəddən, altıncısı iri incilərdən, yeddincisi
parlayan bir nurdandır. Otaqların qapıları əmbərdəndir, hər qapının
qabağında zəfərandan örtük var...”.
Mifik və şəhvani hədislər
də kütlənin dini hisslərini gücləndirməyə hədəflənib: “Nuhun gəmisi
yeddi dəfə Kəbəni təvaf etdi. Sonra da məqamda yeddi rükət namaz
qıldı”; “Nuh tufanı zamanı yaşayan Avc bin Unukun boyu 3000 qulac
uzunluğundaydı (qulac - açılmış qollar uzunluğu). Tufan zamanı
su onun topuğundan idi. Əlini dənizə salıb balıq tutur, onları
Günəşə uzadaraq bişirirdi”; “Peyğəmbərimizin iki kürək sümüyü
arasında iynə dəliyi böyüklüyündə iki göz vardı. O iki gözü ilə
arxasını görürdü və paltarı o gözlərin görməyinə mane olmurdu”;
“Rəsulullah Ayı ikiyə böldü. İki parça olan Ay Yerə enərək bir
parçası bir cibinə, o biri parçası isə digər cibinə girdi";
"Gözələ baxmaq ibadətdir"; "Allah gözəlləri odla
cəzalandırmaqdan həya edər”; “Dörd şey dörd şeydən doymaz: dişi
erkəkdən, torpaq yağışdan, göz baxmaqdan, qulaq xəbərdən";
"Cənnətlik bir adama 4000 bakirə, 8000 dul və 100 huri verilir"....
Başqa dinlərin izləri
Əbu Hüreyrədən rəvayət edilən hədislərin bir qismində Tövratın
və israiliyyatın izləri aşkar görünür. “Peyğəmbər dedi: «...Əgər
Həvva olmasaydı, qadınlar öz ərlərini aldatmazdı” (“Səhihi-Buxari”
1338 (3330). Qeyd etmək istərdik ki, Quranda qadağan
olunmuş meyvənin yeyilməsində Həvvanın günahı barədə bir işarə
belə yoxdur. Amma Bibliyaya görə, ilan Həvvanı aldadıb və Allahın
yasaq etdiyi meyvəni yedirib. Həvva bu meyvədən Adəmə də verib
və ona da yedirib. Sonra Adəm Həvvanı günahlandırıb, Həvva isə
ilanı (Varlıq 3\1-6). Göründüyü kimi, Həvva burada
mənfi planda verilir, Adəm isə arvadının sözünə baxdığına görə
məsul tutulur: «Həvva ağacdan meyvə dərdi və yedi, həmçinin yemək
üçün əri Adəmə də verdi. Bundan sonra Allah Adəmə dedi: «Arvadinin
sözünə qulaq asib sənə «meyvəsini yemə» dediyim ağacdan yediyinə
görə torpaq sənin ucbatindan lənətə gəlib» (Varlıq kitabı).
Guya bundan sonra ağrı ilə övlad dünyaya gətirmək vəzifəsi Həvvanın
boynunda qalır və ona ana mənasında Həvva adı verilir (Varlıq,
3\20).
”Səhihi-Buxari”də qadının kişinin qabırğasından yaradıldığını
deyən hədis də var: “Əbu Hüreyrədən xəbər verirlər ki, (Allah
ondan razı olsun) Allahın elçisi (Allahın salat və salamı üzərinə
olsun) dedi: «Kim Allaha və Qiyamət gününüə inanırsa, öz qonşusunu
incitməsin! Və (hər zaman) qadınlarla yaxşı davranın. Axı həqiqətən
onlar qabırğadan yaradılıb. Əgər qabırğanı düzəltmək istəsən,
onu sındırarsan, əgər ona dəyməsən, əyri də qalacaq. (Ona görə
həmişə) qadınlarla yaxşı davranın» (”Səhihi-Buxari” 1772
(5185, 5186). Bu hədis də Tövratdan gəlir. Varlıq kitabında
oxuyuruq: “18 Və Allah taala dedi: insanın tək qalması yaxşı olmaz,
ona müvafiq bir köməkçi də yaradaq… 21. Və Allah taala insanı
dərin yuxuya verdi; elə ki, insan yatdı, onun qabırğalarından
birini götürüb yerini ətlə doldurdu. 22. Və Allah taala insanın
qabırğasından ona arvad düzəltdi və onu insanın yanına gətirdi.
23. Və insan dedi: bax bu, sümük mənim sümüyümdəndir və bu ət
mənim ətimdəndir, o, arvad adlanacaq, çünki ərindən götürülüb”
(Tövrat, Varlıq 2:18-23). Qeyd edək ki, qadının
mənfi planda verilməsi cahilliyyə dönəminə aid bir yanaşma idi
və bu səbəbdən kütlə üçün çox qəlbəyatımlı idi.
Başqa bir hədis: “Əbu
Hüreyrədən xəbər verirlər ki (Allah ondan razı olsun), peyğəmbər
(Allahın salat və salamı üzərinə olsun) belə dedi: «Gerçəkdən
Allah qısqancdır. Allahın qısqanclığı imanlı adamlar Onun yasaqlarını
pozanda üzə çıxır”. (“Səhihi-Buxari” 1779 (5223). ”Ey
Məhəmmədin icmasının üzvləri, Allaha and olsun, Onun qadın və
ya kişi bəndəsi zina edəndə heç kim Allah qədər qısqanclıq hissi
keçirmir! (“Səhihi-Buxari” 531 (1044). Allahın
qısqanması haqda deyilən bu hədis də Qurana ziddir. Bu da Tövratdan
gəlir: «Sənin Rəbbin qısqancdır» (Çıxış 20: 5). Əbu
Hüreyrənin peyğəmbərin sözü kimi söylədiyi "Allah Adəmi öz
surəti üzrə yaratdı" hədisi Quranın “Onun bənzəri yoxdur”
(Şura 11) ayəsinə ziddir. Bunun da Tövratdan gəldiyi
heç kəsdə şübhə doğurmur: “Varlıq”da oxuyuruq: “Allah dedi: Bizim
surətdə, Bizə bənzər insan yaradaq: qoy onlar dənizdəki balıqlara,
göylərdəki quşlara, əhliləşdirilmiş heyvanlara, həşərata və bütün
yer üzünə hökmranlıq ersinlər” (1:26): “Allah
beləliklə onu Öz surətində, Allahın surətində yaratdı” (1:27).
Biz Tövratı Allah taalanın endirdiyinə şübhə etmirik. Quranda
deyilir: «Bəs Musanın nur olaraq, insanlara yol göstərən haqq
olaraq gətirdiyi Kitabı kim nazil eləmiş?” (Ənam, 91).
Amma Quranda bu Kitaba insan müdaxiləsi olduğu deyilir: “Ayrı-ayrı
kağızlara salıb onun bir qismini göstərir, çoxunu gizlədirsiniz.
Sizin və atalarınızın bilmədiklərini ondan öyrənmisiniz» (Ənam,
91). Kim zəmanət verə bilər ki, rəsm çəkməyin yasaqlığı,
zina edənlərin daşqalaq olunması, Həvvanın kəc qabırğadan yaradılması
barədə rəvayətlər, Musa peyğəmbərin Əzrailin gözünü çıxarmasından
bəhs edən “səhih hədis” (“Səhihi-Buxari” 639 (1339)
dinimizə peyğəmbər sözü adı ilə məhz Kaab əl-Ahbar kimilərin əli
ilə və ya onların vasitəsilə keçərək hədis külliyyatlarına daxil
edilməyib?
Nun balığının nağılı
Hədislər din qaynağı
olmadığından Quranı təfsir edən zaman onlardan istifadə yanlış
nəticələrə gətirib çıxarır. Bu tip təfsir yazanlardan ən məşhurlardan
biri - on dördüncü əsrdə yaşamış İbn Kəsir görün Bəqərə surəsinin
29-cu (“Yer üzündə nə varsa, sizin üçün yaratmış, sonra göyə çəkilib
yeddi səma düzəltmiş. Hər şeyi bilən Odur”) və Qələm surəsinin
1-ci (“Nun. And olsun qələmə və onun yazdıqlarına”) ayəsinin təfsirində
görün nələr yazır: “Allah yaratdıqlarını yaratmaq istəyəndə incə
sudan buxar meydana gətirdi. Buxar suyun üzündən yüksəldi və bu
yüksələn şeyə yüksəklik mənasında göy dedi. Sonra suyu qatılaşdırdı
və ondan bir yer meydana gətirdi. Sonra bu yerləri parçaladı və
onları iki gündə - bazar və bazar ertəsi günü yeddi yer halına
gətirdi. Yeri balığın üzərində yaratdı. Bu balıq Allah taalanın
Qələm surəsində “Nun və Qələmə and olsun ki” deyə söz edilən Nun
balığıdır. Balıq sudadır. Su isə qayalığın üzərindədir. Qayalıq
isə heç bir şey bitirməyən böyük bir daşın üzərindədir. Daş isə
bir mələyin belindədir. Mələksə bir qayanın üzərindədir. Qaya
küləkdir. Həzrəti Loğmanın “Nə göy vardı, nə yer, balıq hərəkət
etdi və qımldadı, yer üzü sarsıldı və üzərinə dağlar çəkilərək
dayandırıldı. Bunu üçün dağlar yer üzünə oturdulub” deyə bəhs
etdiyi qaya budur.”
İbn Kəsirdən üç yüz il
əvvəl yaşamış dünya şöhrətli alim Əbu Reyhan Biruni 11-ci əsrdə
Yerin kürə şəklində olduğunu və Günəşin ətrafında fırlandığını
yazmış, planetimizin radiusunu son dərəcə dəqiq müəyyən eləmişdi.
Əgər o, İbn Kəsirin yazdığı hədisin təsir dairəsində qalsaydı,
elmə hansı xidməti edə bilərdi? Zaman göstərdi ki, Biruni haqlı
imiş. Demə Yerin kürə şəklində olması Quranda yazılıbmış: “Vəl'arda
ba'de zalikə dehaha - Bundan sonra da yeri yayıp dəvəquşu yumurtası
biçimində yuvarlaq elədi” (Naziat surəsi 30, Yaşar Nuri
Öztürkün açıqlaması). Bütün bunlardan sonra belə bir
sual vermək yerinə düşər: Quranı kənarda qoyub hədislərlə bu cür
izahlar verənlər, uydurma hədislərlə insan təfəkkürünün elmi araşdırmalara,
Quran ayələrini açmağa yönəlik yolunu kəsənlər “O kəslər ki, ayələrimizin
gücünü zəiflətmək üçün səy göstəriblər, cəhənnəm əhlidir onlar”
(Hac 51) ayəsinin təsir dairəsinə düşmürmü?
Quran hədisləri
qəbul etmir
Yuxarıda dedik ki, peyğəmbərimiz
və rəşidi xəlifələr hədislərə yasaq qoyublar. Çünki dini məsələlərdə
hökm yalnız Allaha məxsusdur. Əgər peyğəmbər hədisləri din qaynağı
kimi qəbul etsəydi, onun vəfatından sonra Quran kimi onun sözləri
də kitab şəklinə salınıb qorunardı. Əgər hədislər din qaynağı
olsaydı, uca Tanrı Quran kimi onları da qoruması altına alardı.
Əgər hər ikisi din qaynağıdırsa, birinin Allah tərəfindən qorunub,
digərinin qorunmaması, üstəlik peyğəmbər və rəşidi xəlifələr tərəfindən
yasaq edilməsi necə izah oluna bilər? “Quranmı, hədismi?” dilemmasına
hədis tərəfdarlarının cavabından belə çıxır ki, Allah taala, peyğəmbərimiz
və onun ən yaxın, vəfalı, mətin və əqidəli silahdaşları olan rəşidi
xəlifələri dinə ziyan vurublar və bu ziyanın ağırlığı hədis alimlərinin
üzərinə düşüb....
Bu gün Quran islamından
uzaq düşmüşük. Dinin nə olduğunu və nə olmadığını Qurandan öyrənməliyik.
Nəyin haram olduğunu, nəyin olmadığını Qurandan öyrənməliyik.
Dinimizə qayıtmaq istəyiriksə, Qurana qayıtmalıyıq. O, Allah sözüdür,
nurdur, insanları qaranlıqlardan aydınlığa çıxarır. Quran onun
ayələrinə alternativ və ya paralel qaynaqların olmasını qəbul
etmir. Allah taala ayələrin gücünü zəiflətmək istiqamətində səy
göstərənləri təhdid edir. Müqəddəs Kitabımızda müsəlmanların Qurandan
uzaq düşəcəyinə işarə də var: “Ey Rəbbim, qövmüm bu Quranı tərk
etdi, ona baxmadılar” dedi Rəsul!” (Furqan 30).
Din Allahın dinidir, hökm qaynağı Qurandır. Peyğəmbər isə təbliğçidir.
O, möminləri müjdələyir, inanmayanları isə xəbərdar edir. Hədis
tərəfdarları isə peyğəmbərimizi dinin həmmüəllifi hesab edirlər.
Müsəlmanların dini həyatını tənzimləməkdə hədislərin dinin ikinci
qaynağı olduğunu iddia edən məzhəb rəhbərləri və hədis alimlərinin
məntiqindən belə çıxır.
Allah taala müxtəlif
uydurmalara, rəvayətlərə istinad edib hökm çıxaranlara acı aqibət
vəd edir: “Bəlkə, onların şərikləri var və bu şəriklər də Allahın
dində izn vermədiyi bir şeyi qanun bilmiş onlara? Qiyamət barədə
öncədən verilən vəd olmasaydı, bu dünyanın özündəcə verilərdi
cəzaları. Şübhəsiz, ağrılı bir əzab gözləyir zalımları” (Şura
21). Allah taala “Quran mübhəmdir, onu yalnız hədislərin
köməyi ilə anlamaq mümkündür” deyənlərin də cavabını verib Müqəddəs
Kitabımızda. Yusif surəsindən verdiyimiz ayə Quranda hər şeyin
təfsilatı ilə aydın şəkildə verildiyinə diqqət çəkməklə yanaşı
gələcəkdə uydurma hədislərin yaradılacağını da vurğulayir: “And
olsun, onların qissələrində bir ibrət var ağıl, könül yiyələrindən
ötrü. Bu elə bir HƏDIS DEYIL UYDURULA, təsdiqidir özündən öncəkinin,
TƏFSILIDIR HƏR ŞEYIN, bir bələdçi, mərhəmətdir inananlara” (Yusuf
111).
Quran ayələri Allah sözüdür,
Hədislərin böyük əksəriyyəti isə müxtəlif zamanlarda müxtəlif
intellektual səviyyəli, müxtəlif niyyətli, müxtəif inanclı ayrı-ayrı
şəxslər tərəfindən uydurulub, onlar insan sözüdür. Bir qismi xoş
niyyətlə yaradılb, başqa bir qismində məkrli niyyət var, hansısa
qismi peyğəmbərə böhtandı. Hədislər Quranın formalaşdırdığı dünyagörüşünün
şüurlara daha da aydın şəkildə yerləşməsinə yardım etmir, əksinə,
ayələri düzgün anlamağa əngəl yaradır. Yuxarıdakı nümunələrdən
gördüyümüz kimi, bəziləri bundan daha artıq zərərlidir - bu sistemi
dağıdıcı mahiyyətdədir. Hədislərin böyük hissəsi geriçiliyə, məzhəbçiliyə,
islamın inkişafına əngəl olmaq istəyənlərin mənafeyinə xidmət
edir. İnsanı elə bir labirintə salır ki, oradan çıxmaq çox çətindir.
HƏDİSLƏRİN PEYĞƏMBƏR SÖZÜ KİMİ TƏQDİM EDİLMƏSİ MÜSTƏQİL DÜŞÜNCƏNİN
KÜFR OLMASI QORXUSUNU YARADIR. O maneəni aşa bilməyən şüur faciəvi
şüurdur, yeniliyə qapalı şüurdur. Quran insanların əlindən tutub
onları elmə aparır. Hədislərin böyük qismi insanları qaranlığa
- zülmətə, xaosa aparır. Deyirlər, saxta pulları cinayətkarlar
hazırlayır, onların yayılmasında isə namuslu adamlar da (bilmədən)
iştirak edir... Bəlkə, uydurma hədislərin yayılmasında iştirak
etməyək? Yazını Quran ayəsi ilə başladıq, Quran ayələri ilə bitirmək
istəyirik: “Baxışlardan keçirməzmi oldular göylərlə yerin hakimiyyətini,
Tanrı nə yaratmışsa onu?! Düşünməzmi oldular onu ki, bəlkə, gəlib
yaxınlaşmış özlərinin müddəti?! Bundan sonra bəs hansı hədisə
inanar onlar?” (Əraf 185); “Yazıqlar olsun o
gün yalanlayan kəslərə! (50) Bundan sonra bəs
hansı hədisə inanar onlar?” (Mursələt 49-50);
“İnsanlardan eləsi var satın alır hədis əyləncəsini ki, elmsizlik
üzündən Tanrı yolundan azdıra, o yolu əyləncə edə. Alçaldıcı əzabı
var belələrinin” (Luqmən 6).
Burda nöqtə qoymaq olar.
|