«Bütün
insanlara həcci elan et. İstər piyada olsun,
istər minklə, gəlsinlər hüzuruma uzaq yollardan».
(Həcc surəsi 27).
Həcc hicrətin
doqquzuncu ilində fərz (mütləq) sayılıb. Hər il müsəlman
təqviminin on ikinci – zilhiccə ayında həyata keçirilir. Həcc
yetkinlik yaşına çatmış, ağlı başında olan, həcc üçün vəsaiti
olan, azad müsəlmanlar üçün fərz buyurulur.
Əbu Hamid əl-Qəzaliyə görə, «Allah Beyti-Ətiqi (Kəbə) ziyarət
eləməyi qulu ilə əzab arasında bir qalxan, pərdə etmişdir». Ömürdə
bir dəfə həyata keçirilməsi lazım gələn bu ibadət islamın rükun
və əsaslarından biridir. «Məni azdırdığına görə mən də onları
sapdırmaq üçün Sənin doğru yolunun üstündə oturacam» dedi iblis”
(Əraf,16). Bu ayədə sözü keçən yolu bəzi təfsirçilər
Məkkə yolu kimi izah edirlər. Yəni şeytan bu yolu strateji bir
yol sayıb ziyarəti pozmaq üçün gücünü əsirgəmir.
Ziyarət
yeri Səudiyyə Ərəbistanının Hicaz vilayətidir. Müqəddəs «qara
daş»ın (həcərül-əsvəd) olduğu Kəbə Məkkədədir. Kəbə tərəfləri
altı metr, hündürlüyü isə yeddi metr olan kubşəkilli binadır.
Onun üstünə kisvə adlanan örtük salınıb. Damdan təqribən bir metr
yarım aşağıda örtük bir metr enində zolaqla haşiyələnib. Haşiyənin
üstü boyunca qızılı hərflərlə Quran surələri yazılıb. Səfa və
Mərva təpələri, müqəddəs Zəmzəm quyusu, Məkkədə və onun həndəvərində,
Məhəmməd peyğəmbərin, Fatimənin, raşidi xəlifələr Əbubəkrin, Ömərin,
Osmanın, peyğəmbərimizin həyat yoldaşı Aişənin məzarı, Peyğəmbərimizin
məqbərəsi və üç müqəddəs məsciddən biri – Peyğəmbər məscidi isə
Mədinədədir. Həcc qaydalarına görə, zəvvarlar Məkkəyə ihram adlanan
xüsusi geyimdə qədəm basırlar. Bu paltara nə maşın, nə də əl iynəsi
dəymir. Ayaqqabı da bütöv materialdan hazırlanmalı və onun heç
bir bağı olmamalıdır. İhram iki parça bezdən və ya kətandan ibarət
olur. Onun bir parçası ilə bədənin qurşaqdan aşağı hissəsini bürüyür,
nisbətən iri olan digər parçasını isə sol çiyindən aşırıb sağ
qolun altına salır, bədənin yuxarı hissəsini örtürlər.
Həcc
qaydalarına görə, ihram geyinəndən sonra həccin axırınadək onu
çıxarmaq olmaz. İhram geyənin dırnağını tutması, üzünü və başını
qırxdırması, sabun işlətməsi, tənbəki çəkməsi qadağandır. Zəvvar
heç kəsin xətrinə dəyməməli, səsini ucaltmamalı, heç nəyi, hətta
milçəyi belə öldürməməli, ağacdan yarpaq belə qoparmamalıdır.
Həcc mərasimi təvafdan (dolanmaq) başlayır. Kəbənin ətrafına dolanan
zəvvarlar astadan bu sözləri tələffüz edirlər: «Ləbbeyk, Allahümmə,
ləbbeyk. Lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə vənnimətə ləkə vəlmülkə
lə şərikələk» (Allahım, budur, sənin qarşındayam. Sənin
şərikin yoxdur, Sən yeganəsən.). Kəbənin ətrafına yeddi
dəfə saat əqrəbin hərəkətinin əksi istiqamətində dolanandan sonra
yeddi dəfə də Səfa və Mərva arasında mərasim qaçışı həyata keçirilir.
Səfa ilə Mərva arasındakı qaçışın da öz mənası var. Deyilənə görə,
İbrahim peyğəmbərin zövcəsi Həcər su tapmaq ümidi ilə bu iki təpənin
arasında yeddi dəfə o tərəf-bu tərəfə qaçıb – şeytan ona ilğım
göstərib. Səfa və Mərva arasındakı qaçışa səy də deyilir.
Bir
versiyaya görə isə səy Qiyamətdə savab və günahları çəkən tərzinin
iki gözü arasında gedib-gəlməyi xatırladan hərəkətdir. Hər kəs
beləcə əzab ilə əfv arasında o baş bu başa qaçdığını xatırlamalıdır.
Səfanı həsənə (yaxşılıq), Mərvanı isə seyyiət (günah) çəkən tərəzi
gözünə bənzədirlər. Kəbənin qızıla çəkilmiş qapısı ilə üzbəüz
Məqami-İbrahim adlı tikili var. İbrahim peyğəmbərə hörmət əlaməti
olaraq zəvvarlar burada iki rükət namaz qılırlar. Zəmzəm quyusu
Məqami-İbrahimin yanında yerləşir. Sonra Məkkənin iki saatlığında
olan Mina vadisində daş yığıb İblisin mücəssəməsini daşlayırlar.
Bu daşları atan kəs özünü İbrahim peyğəmbərə bənzətməlidir. Çünki
İblis o yerdə İbrahim peyğəmbərin qəlbinə vəsvəsə vermək, həccini
şübhəyə almaq istəmişdi. Buna görə Allah şeytanı daşlamağı məsləhət
görmüşdü. Əgər zəvvarın qəlbinə: «Şeytan İbrahim peyğəmbərə göründüyü
üçün o daş atdı. Mənə görünmür, necə daş atım?» şəklində vəsvəsə
gəlsə, demək bu şeytandandır. Ona görə ciddi və səmimi şəkildə
onu daşlamaq və bilmək lazımdır ki, o daşlar şeytanın sifətinə
dəyir, daş atmaqla onun belini sındırırsan.
Müzdəlifə dağının yanında
qalan zəvvarlar həccin doqquzuncu günü Ərafat vadisinə gəlir,
orada Məkkə imamının xütbəsini dinləyirlər. Bir hədisdə «Şeytan
heç vaxt ərəfə günü olduğu kimi kiçilmiş, zəlil, həqir və əsəbi
olmaz» deyilir.
Həccin onuncu günü Qurban
bayramı (eydi-əzha) başlayır. Bu barədə Qurani-Kərimdə deyilir:
«Şahidlik eləsinlər özlərinin xeyrinə olanlara. Məlum günlərdə
Allahın ruzi olaraq verdiyi qurbanlıqları kəsərkən ansınlar Allahın
adını. Bunlardan özünüz də yeyin, zavallı yoxsullara da yedizdirin»
(Həcc, 28).
Mədinəyə yola düşməzdən
əvvəl zəvvarlar vida əlaməti olaraq Kəbə ətrafına dolanır (təvaf
əl-vida) və hacı ləqəbini alırlar. Yolüstü zəvvarlar Taif şəhərində
də olurlar. Bu şəhər onunla əlamətdardır ki, Məhəmməd peyğəmbər
Məkkədən Mədinəyə hicrət edəndə onu izləyənlərdən qurtulmaq üçün
buradakı mağarada gizlənmişdi. Mədinədəki Peyğəmbər məscidi bişmiş
kərpicdəndir. Məscidin cənub-qərb hissəsində Peyğəmbərimizn məqbərəsi
yerləşir.
Həcc və ümrəsiz də Kəbəni
ziyarət etmək müstəhəb sayılır. Kim zəkat vermədən və həccə getmədən
ölərsə, ikinci dəfə dünyaya gəlməsini təmənna edər ki, borcdan
çıxsın. Bir sıra təfsirçilər Müminun surəsinin 99-cu ayəsini
belə təfsir edirlər. Ayədə deyilir: «Deyəcəklər: Rəbbim, məni
dünyaya qaytar. Ta ki, yarımçıq qoyduğum işləri tamamlayım».
Həcc
üçün evdən çıxan hər kəs: Əvvəla, tövbə etməli, zülmlə aldığı
malları, götürdüyü əmanətləri sahiblərinə qaytarmalıdır. Həccə
gedən vətəni ilə də əlaqəsini kəsməlidir. Bir daha oraya dönməyəcək
kimi vətənlə vidalaşmalıdır. Ailə üzvlərinə vəsiyyətini etməlidir.
Həcc səfəri üçün vidalar zamanı o, axirət gününün ayrılığını xatırlamalıdır.
Həccə gedən qadındırsa, bir məhrəm adamı ilə getməsi vacibdir.
Həcci başa vurub qayıdan kəs istər-istəməz həccinin qəbul olunub-olunmaması
barədə düşünür. Bu keyfiyyəti qəlbindən və əməllərindən öyrənməyə
çalışmalıdır. Əgər qəlbinin dünyadan daha da uzaqlaşdığını, Allaha
daha yaxın olduğunu, əməllərinin şəriət mizanı ilə çəkildiyini
duyursa, o zaman həccinin qəbul olunduğuna inanmalıdır. Çünki
Cənab Haqq ancaq onu sevənin əməlini qəbul edir. Və kimi sevərsə,
ona yardımçı olur. Sevgisinin əlamətlərini ona bildirir və göstərir.
Həcci bitirən kəs belə bir şey hiss edərsə, demək, həcci qəbul
olunub. Əgər tam bunun əksi isə səfərindən ona yalnız məşəqqət
və yorğunluq qalacaq.
|