Qurani-Kərimdə
bəhs olunan peyğəmbərlərdən biri də Huddur. Onun Ad qövmünə göndərildiyi
bildirilir. Ad əhalisinin Nuh peyğəmbərdən sonra bütpərəstliyə
yuvarlanan ilk qövm oldüğü fikri də geniş yayılıb. Hud peyğəmbərin
özünün Nuhun oğlu Samın nəslindən olduğu güman edilir. Tövrat
və İncildə Huddan bəhs edilmir.
Düşünən başlar
üçün…
Quranda müxtəlif tayfa
və qövmlərin başına gələn hadisələrin nəql edilməsində məqsəd
baş verən hadisələrin səbəbini bilmək, analoji səhvlərə yol verməmək,
ibrət almaq, onları bir daha təkrarlanmamaqdır. Quranda bu barədə
deyilir: “Şübhəsiz, peyğəmbərlərin qissələrində ibrət dərsləri
var düşünən başlar üçün» (Yusuf 111). Quran ayələrinə
istinad edib müəyyən etmək olur ki, Ad qövmünün bütpərəstlikdə
israrı davamlı, uzun müddətli olub və Hud peyğəmbər də bu qövmü
haqq yoluna dəvət etmək üçün göndərilən yeganə peyğəmbər yox,
onlardan biri olub: «Ad qövmü də danmışdı göndərilən elçiləri»
(Şuara 123). Ondan əvvəl də Ad qövmünü haqq yola
dəvət edənlərin olduğunu, amma onların nəticə çıxarmadığını, cəza
da almadıqlarını başqa ayələrdən də görürük. Hud peyğəmbərin təbliğinə
qarşılıq onlar belə deyirmişlər: «Bizdən öncəki nəsilləri də beləcə
qorxuzurdular. Əzaba uğrayan deyilik» (Şuara 137-138).
Ad qövmü və onların
düşüncələri
Ad qövmü Ərəbistan yarımadasında
yaşayıb. Onların məskun olduğu ərazi, deyilənə görə, indi Rubul-xali
adlanır və burda hazırda heç bir həyat əlaməti yoxdur – nə su
nə bitki örtüyü. Amma arxeoloci qazıntılar zamanı qumların altında
bir şəhərin qalıqları tapılıb. Hesab olunur ki, bu, İrəm şəhəridir.
Quranda İrəm şəhərinin
adı da çəkilir: «Məgər bilməzmisən Rəbbin nələr eləmiş Ad qövmünə,
uca-uca dirəklər tək boy-buxunlu İrəm əhlinə. Onlar kimi məxluq
yoxdu heç bir ölkədə» (Fəcr 6-8). Rəvayətlərdə
adlıların uca boylu, qədd-qamətli olması haqda ayrı-ayrı fikirlər
var və bəzən konkret rəqəmlər də deyilir.
Quran təsvirinə görə
bu yerlər çox bağlı-bağçalı, yaşıllıqlarla süslənmiş bol sulu
bir ərazi imiş. Əhali isə yetərincə varlı və təmin olunmuş imiş.
Başqa qövmlər kimi, Ad qövmü də çox zəngin həyat süsürmüş və varlılığından
yolunu azıbmış. Quranda bu barədə deyilir: «Mal-qara, oğul-uşaq
vermiş sizə O. Bağçalar, axar-baxarlı yerlər vermiş sizə O. Qorxuram
böyük günün əzabına uğrayasız» (Şuara 133-135).
Ad qövmü tikinti-abadlıq işləri də aparır, böyük binalar ucaldır,
su ambarları da düzəldidmiş: «Əbədilik yaşamağımı güman edərək
böyük su ambarları düzəldirsiniz” (Şuara 129). Varlı-dövlətli
olmaqlarına baxmayaraq, insanların bir-birinə münasibəti istənilən
səviyyədə deyilmiş. Güclü olan zəifi əzməkdən çəkinməzmiş. Cahiliyyə
toplumundakı kimi, ürəklər qatılaşıbmış: «Bir kimsəni döyəndə,
ya öldürəndə, rəhm nədir bilməzsiniz» (Şuara, 130).
Ad qövmü təkallahlılıqdan uzaqlaşınaqla yanaşı, hər sahə üzrə
özlərinə «allah» seçdiklərindən və onlara tapındıqlarından Hud
peyğəmbərin təbliğini qəbul etmirlər. Başqa bir çox peyğəmbərin
rastlaşdığı ittihamla üzləşir Hud peyğəmbər. Ona da dəli deyirlər.
Və bunu belə əsaslandırırlar: «Sən dəlisən, görünür, bizim allahlar
sənin ağlını alıb: «Nə deyə bilərik, tanrılarımızdan bə'zisinin
pisliyi keçmiş sənə» (Hud, 54). Öyüdün onlara
heç bir təsiri olmayacağına özləri də əmindirlər: “Dedilər: «Öyüd
versən də, verməsən də, bizim üçün nə fərqi?» (Şuara 136).
Komfortlu həyat onlarda
şükür duyğusu yox, təkəbbür əmələ gətirib. Nemətin əsl sahibinə
şükür etmir, özlərini çox güclü sayırmışlar: «Ad qövmünə gəlincə,
yer üzündə haqsız yerə təkəbbürlük etmişdilər. Demişdilər: «Kimdir
bizdən güclü olan?» Onları yaradan Allahın özlərindən daha güclü
olduğunu bilmirdilər, deyilmi? Ayələrimizi danırdılar beləcə»
(Fussılət 15).
Axirətə, öləndən sonra
dirilməyə də inanmayıblar. Onların inkarları, qəddarlığı və özündən
razılığı, hesab günü deyilən bir günün varlığına inanmamalarından
qaynaqlanır. Quranda bu barədə deyilir: «Bu elçinin qövmündən
olub kafirlik eləyən, axirətə qovuşmağı danan o kübarlar ki, biz
onlara dünya həyatında bolluca ne'mət vermişdik, dedilər: «Bu
da sizin kimi bir bəşərdir, sadəcə, yediyinizdən o da yeyər, içdiyinizdən
o da içər. Özünüzün bənzəri bir bəşərə itaətdə olsanız, ziyana
düşərsiniz. Bumu və'd verir sizə öləndən və torpağa, bir yığın
sümüyə dönəndən sonra qəbirdən çıxacaqsız. Heyhat! Heyhat... Sizə
və'd verilən sizdən nə qədər uzaq! Həyatımız yalnız bu dünyadadır.
Yaşayırıq, ölürük. Bir də dirilən deyilik. Allahın adına yalnız
yalan yaxır bu, biz buna inanan deyilik» (Muminin 33-38).
Hud peyğəmbərin dəvəti
Hud peyğəmbər yerli adam
olub. O, Ad qövmünü tövhidə, Allaha şərik qoşmamağa dəvət edib.
«Ad qövmünə göndərdik Biz Hudu, onların öz qardaşını elçi olaraq.
Dedi: «Ey qövmüm, təkcə Allaha ibadət eləyin, yoxdur sizin Ondan
başqa tanrınız. Allaha şərik qoşmaqla Ona böhtan yaxırsız» (Hud
50). Bu barədə Əraf surəsində də danışılır və bəlli olur
ki, bu çağırışlar müqabilində Ad qövmünün adamları heç bir nəticə
çıxarmırmış: «Yoxdur sizin Ondan başqa tanrınız. Yoxsa Ondan çəkinməzmi
olacaqsınız?» (Əraf). Onlar isə çəkinməmək bir
yana Allah elçisini yalançı adlanqdırıblar: «Onun qövmündən olan
kafir kübarlar dedilər: «Biz səni ağılsız görürük, yalançılardan
sayırıq» (Əraf 66).
Ad qövmünə şans
verilməsi
Doğru yola gəlmələri
üçün Allah taala onlara qıtlıq verir. Bir müddət yağış yağmır.
Yunus peyğəmbərin xitab etdiyi Ninəva camaatından fərqli olaraq,
buranın varlı-dövlətli insanları nəticə çıxarmaq əvəzinə, bunu
müvəqqəti sanır və çıxış yolunu müşriklikdən əl çəkməkdə yox,
əksinə, öz bütlərinə qurban kəsməkdə görürlər. Hud peyğəmbər bunun
çıxış yolu olmadığını deyir, qurtuluşa aparan doğru yolu onlara
nişan verir: «Ey qövmüm, məğfirət diləyin Rəbbinizdən, sonra tövbə
eləyib üzünüzü tutun Ona. O da bolluca yağış göndərər göydən sizə,
güc qatar gücünüzə. Günah işlətməyin, Ondan üz döndərməyin». Dedilər:
«Ey Hud, dediyinə bir dəlil gətirmədin bizə. Təkcə sənin sözünlə
tanrılarımızı tərk eləyən deyilik, sənə inanan deyilik» (Hud
52-53). Ayədəki «güc qatar gücünüzə» ifadəsi də çox uğurludur.
Çünki güc adlılar üçün böyük bir dəyər idi. Amma qəlbləri yumşalmır.
Hudu onları doğru yoldan - atalarının yolundan sapdırmağa çalışmaqda
suçlayırlar: «Dedilər: «Demək sən gəldin ki, atalarımızın ibadət
elədiklərindən əl çəkib tək Allaha ibadət eləyək. Doğru sözlü,
düz əməlli kimsəsənsə qorxuzduğun o əzaba sal bizi» (Əraf
70).
Nəhayət, xəbərdarlığın
heç bir nəticəsini görməyən Hud peyğəmbər Allahdan onların cəzalandırılmasını
istəyir: «Rəbbim, mənə yardım elə, məni danırlar» dedi. «Çox keçməz
ki, peşmançılıq çəkərlər» dedi Allah. Və haqq olaraq haqladı onları
o uğultu. Çörə-çöpə çevirdik onları. Rəhmətdən iraq olsun, məhv
olsun zalım qövm!» (Muminin 39-41). Ad qövmü
zalım olub. Və zülmün hər üç növü var onların tutumunda: Allahla
münasibətdə zülm – ona şərik qoşurlar. Özlərinə zülm – nəfslərinə
zülm edirlər. Bir də başqalarına zülm – güclü olan zəifi ayaqlayır,
yuxarıdakı ayələrdən birində deyildiyi kimi, rəhmsizcəsinə döyür,
öldürürlər.
Fəlakət zamanı
nə baş verib?
Nəhayət, yolunu azanlar
cəzalanır və Hud peyğəmbər və onunla azlıqda qalan möminlər qurtulur:
«Öz rəhmətimizlə xilas elədik Hudu və tərəfdarlarını. Kəsdik kökünü
ayələrimizi dananların, imana gəlməyənlərin» (Əraf 72).
Küfr və üsyanda israr
edən Ad əhli özlərinə çox arxayın olduqlarından bəla gələndə bunu
yağış buludu hesab ediblər: «Görəndə ki, göy üzünü tutan bir bulud
gəlir, yönəlir onların vadiləri səmtinə, dedilər: «Yağış yağdıracaq
bizə bu bulud». Hud dedi: «Xeyr, bu sizin tələsdirdiyiniz şeydir,
sizə ağrılı bir əzab daşıyan küləkdir, öz Rəbbinin əmri ilə məhv
eləyər hər şeyi». Viran olmuş evlərindən savayı heç nə gözə dəyməyirdi
sübh açılanda. Beləcə cəzalandırarıq günah yiyələrini. Sizə yer
vermədiyimiz yerlərdə yerləşdirmişdik onları. Qulaqlar, gözlər,
ürəklər vermişdik onlara. Onların karına da gəlmədi ki, gəlmədi
nə qulaqları, nə gözləri, nə ürəkləri. Danmışdılar Allahın ayələrini.
Haqladı onları lağa qoyduqları şeylər» (Əhqaf 24-26).
Bu fəlakət haqqında Zariyət
surəsində deyilir: «Ad qövmünün məhvi də ibrət alınası bir əhvalatdır.
Acı külək göndərmişdik üstlərinə. Qabağına çıxanı toz eləyib sovururdu
göyə» (Zariyat 41-42). Haqqa surəsində fəlakəin
müddəti haqda da məlumat var: «Hər şeyi qabağına qatıb aparan
vıyıltılı bir yel ilə məhv edildi Ad qövmü. Yeddi gecə, səkkiz
gün bu yeli üstlərinə aramsız əsdirdi Allah. Görürsən kökündən
qopmuş xurma ağacları kimi necə sərilmişlər yerə. Görəsən, onlardan
bir sağ qalan varmıdır? (Haqqa 6-8). Buradakı
səkkizinci ayədəki sual, təbii ki, ritorikdir.
Fəlakətdən sonra Ad qövmünün
durumu Quranda belə təsvir olunur: «Ad qövmü də danmışdı peyğəmbərini.
Axır gördülərmi verdiyim əzab nə imiş, bildilərmi elədiyim xəbərdarlıq
nə imiş? Başdan-başa nəhs olan bir gündə vıyıltılı sərt külək
göndərdik üstlərinə. Kökündən qopmuş xurma ağacları kimi adamları
qatıb qabağına aparırdı külək» (Qamər 18-20).
Fəlakət nəticəsində şəhər
tamamilə qumun altında qalıb. Keçən əsrin sonunda arxeoloqlar
deyilən ərazidə on iki metrlik qumun altında bir şəhər qalıqları
tapıblar. Elmi ədəbiyyatda bu şəhər Ubar adlanır. Bunun Quranda
adı çəkilən İrəm şəhəri olduğu güman edilir.
|