Rəhman
və Rəhim Allahın adıyla
1. Göylərdə nə varsa,
yerdə nə varsa həmd oxuyar Allaha. Güclüdür, müdrikdir O.
2. Kitab əhlindən olan
kafirləri evlərindən çıxardaraq ilk dəfə sürgün eləyən Odur. Güman
eləməzdiniz çıxalar evlərindən. Güman elədilər qurduqları qalaları
Allahın əzabının qarşısını kəsəcək. Yrəklərinə qorxu salmışdı
Allah. Dağıdırdılar evlərini öz əllərilə [qapı-pəncərəni və s.
başqa yerə daşımaq üçün] Mö'minlər də əl qatırdı onlara. Alın
dərsinizi, ey bəsirəti olanlar!
3. Talelərinə bu sürgünü
yazmasaydı da başqa bir əzaba hökmən düçar edəcəkdi onları Allah.
Od əzabı gözləyir axirətdə onları.
4. Allaha və Rəsuluna
qarşı çıxmışdılar. Kim Allahın əleyhinə çıxarsa, bilsin, Allahın
cəzası şiddətlidir.
5. O kafirlərin yurdunda
xurma ağaclarını kəsməyiniz, yaxud da kəsməyərək öz kökləri üstündə
qoyub getməyiniz Allahın iznilə idi. Yolsuzları beləcə cəzalandırar
Allah.
6. Allahın Öz Rəsuluna
yetirdiyi qəniməti qazanmaq üçün siz nə at çapdınız, nə də dəvə
sürdünüz. Elçilərini istədiyi kəslərdən üstün tutar Allah. Hər
şeyə qadirdir Allah.
7. Məqlub şəhərlərin
əhalisindən olaraq Allahın Öz Rəsuluna verdiyi qənimətlər Allah,
Rəsul, Rəsulun qohumları, yetimlər, yoxsullar, yolçular üçündür.
Qənimət beləcə paylanar ki, sizdən olan varlıların arasında əldən-ələ
ötürülən sərvətə çevrilməsin. Rəsul nə versə sizə, götürün, nəyi
yasaq bilsə sizə, bundan əl götürün. Qorxun Allahdan. Şübhəsiz,
Allahın cəzası şiddətlidir.
8. Allahın verdiyi bu
qənimətlər xüsusən də yoxsul olan mühacirlər üçündür. Yurdundan,
əmlakından ayrı düşmüşlər, Allahın lütfündən pay diləyirlər, Onun
rizasını arzulayırlar, Allaha və Rəsuluna yardım eləyirlər. Doğru
sözlü, düz əməlli kimsələrdir onlar.
9. O kəslər ki, yurd
salmışdı Mədinədə öncədən, din-iman mərkəzinə döndərmişdi buranı,
yanlarına hicrət eləyərək gələnləri sevər onlar. Bu kəslərə verilən
qənimət mallara görə həsəd hissi keçirməzlər içlərində. Bu qənimət
mallara möhtac olsalar belə, qənimət bölgüsündə özlərindən öndə
tutarlar hicrət eləyənləri. Uğura uğrayanlardır nəfsinə güc gələnlər.
10. Onlardan [mühacirlərlə
ənsardan] sonra gələnlər «Rəbbimiz! Bizi və bizdən öncə iman gətirmiş
qardaşlarımızı bağışla, mö'minlərə qarşı kin-küdurət salma bizim
ürəyimizə. Rəbbimiz! Sən, şübhəsiz, şəfqətlisən, Rəhimsən» deyərlər.
11. Kitab əhlindən olan
kafir qardaşlarına münafiqlər görmədinmi nə deyirlər: «Elə ki,
didərgin saldılar sizi, biz də sizinlə birgə mütləq çıxıb gedərik.
Sizin əleyhinizə olan bir kimsəyə heç zaman itaətdə olmarıq. Savaşmaq
zorunda qalsanız əgər, sizə mütləq yardım edərik». Allah Özü görür
ki, bunlar yalançıdırlar.
12. Kafirlər didərgin
salınarsalar, münafiqlər onlara qoşulan deyillər. Savaşmaq zorunda
qalarsalar da münafiqlər onlara yardım edən deyillər. Yardımına
yetişsələr onların, geri dönüb qaçarlar, özləri də bir yardım
görməzlər daha.
13. Münafiqlərin ürəyinə
qorxu salan Allahdan çox sizsiniz. Çünki onlar anlamaz kimsələrdir.
14. Onlar [yəhudilər
nəzərdə tutulur] bir cəm halında yalnız qala divarlarıyla dövrələnmiş
şəhərlərdə, divarlar arxasından savaşarlar sizinlə. Möhkəm düşmənçilik
var aralarında. Sən onları bir bilirsən, ancaq ürəkləri bir-birindən
ayrıdır. Düşüncəsizdir onlar.
15. Onların o kəslərə
bənzəri var ki, bir az öncə gördükləri işlərinin cəzasını dadmışlar
artıq [«Bədr» savaşı zamanı] Ağrılı bir əzab gözləyir həmin kəsləri.
16. Şeytana da bənzəri
var münafiqlərin. İnsana «Küfr elə» deyər. Küfr eləyərsə insan,
«Mən səndən uzağam, aləmlərin Rəbbi olan Allahdan mən qorxaram»
deyər şeytan.
17. Od içində görəcək
hər ikisi axırını. Od içində əbədilik qalarlar. Budur zalımların
cəzası.
18. Ey iman gətirənlər!
Qorxun Allahdan. Hər kəs baxsın sabahkı gününə özü üçün nə hazırlamış.
Qorxun Allahdan. İşləklərinizdən xəbərdardır Allah.
19. Oxşamayın o kəslərə
ki, unutmuşlar Allahı, Allah da özlərini unutdurmuş onlara. Yolsuzlardır
belələri.
20. Cəhənnəmlə cənnət
adamları bir deyillər. Məhz cənnət adamlarıdır ki var, qurtuluşa
çıxanlar.
21. Bir dağın üstünə
nazil eləsəydik Qur'anı, görərdin Allahın qorxusundan Ona baş
əyərək parça-parça olur dağ. Düşünüb daşınalar deyə belə-belə
bənzətmələr deyirik insanlara.
22. Odur Allah. Ondan
başqa tanrı yoxdur. Görülməzi, görüləni bilən Odur. Rəhmandır,
Rəhimdir.
23. Odur Allah. Ondan
başqa tanrı yoxdur. Hər şeyin yiyəsi, pak, nöqsansız, peyğəmbərlik
verən, hər şeyə göz olan, güclü, hər şeyi buyruğuna tabe eləyən,
uludan ulu Odur. Ona qoşduqları şəriklərdən ucadadır.
24. Odur Allah, hər şeyi
yaradan, yaratdığına gözəl görkəm verən. Ona aid olar ən gözəl
adlar. Həmd oxuyar Ona göylərdə nə varsa, yerdə nə varsa. Güclüdür,
müdrikdir O.
|