1822-ci
ildə rus dramaturqu, şair və diplomat A.S. Qriboyedov Küxelbekerə
yazırdı: «...Və mən fərəhlə sənə ötən əsrlərdə nəşr olunmuş kitabdan
bir rəvayət öyrədəcəm. Erut və Merut Allah tərəfindən məhəbbətin
insanları şirnikləndirməsinin qabağını almaq üçün göndərilən iki
mələk olub. O zaman gözəl qadın şəklində Venera planeti yerə enib.
Allah elçiləri onu görərək çaşıb, hisslərinin bütün gücü ilə ona
sarılıblar <…> O isə onu istəyənlərdən qurtularaq yüksəyə
uçub və göy cisimlərində öz yerini tutub. İki mələk də onun ardınca
gedib, ancaq qaranlıq və boşluğa düşüblər».
Bu məktubda adı çəkilən Erut və Merut Qurandakı Harut və Marutdur.
Bunu Quranda bu mələklərin adı çəkildiyi Baqara surəsi ilə təsbit
etmək olmur. Çünki ayədə deyilən mələklərin bu tip hərəkətləri
barədə bir kəlmə də deyilmir, amma orta əsrlərdə bir sıra təfsir
kitablarında Harut və Marutdan danışılanda məhz Qriboyedovun vurğuladığı
məqamlar barədə təfsilat verilir.
Qeyd edək ki, “Harut” və “Marut” sözləri ərəb əsilli deyil. Onların
mənşəyi haqda müxtəlif fikirlər var. Tədqiqatçıların onları müxtəlif
din və inanclardakı obrazlarla eyniləşdirmək cəhdləri bir çox
hallarda özünü doğrultmur. Çünki deyilən əsatir personajlarının
bir çoxu yalnız adının fonetik tərkibi cəhətdən maraq doğurur.
Məsələn, zərdüştilikdəki Haurvatat və Ameretat adları tərkibcə
oxşar olsa da, onların missiyası tamam başqadır. Haurvatat (müasir
farscada Xordad, adı İranın hicri-şəmsi təqvimində 3-cü aya verilib)
suların, Ameretat (müasir farscada Mordad, adı İranın hicri-şəmsi
təqvimində 5-ci aya verilib) isə bitkilərin qoruyucusudur. Onların
günahı, cəzası barədə əsatirlərdə heç bir məlumat yoxdur. Amma
Midraş Avkir adlı yəhudi təfsir kitabında verilən bir rəvayət
adlar fərqli olsa da, Qriboyedovun yazdığı süjetlə səsləşir. Orada
deyilir ki, Nuh tufanından sonra insanların hələ də bütpərəstliyə
meyl etməsi Tanrını hirsləndiribmiş. Şamxazay və Azael adlı iki
mələk Tanrıya bildirir ki, insanın yaradılması səhv bir iş olub.
Onlar günahlardan qaçmır, fitnə-fəsada uğrayırlar. Və bildirirlər
ki, onlar yer üzünə enib insanlar arasında Tanrının hökmünü yaya
bilərlər. Mələklər yerə enəndən sonra Ester adlı bir qıza rast
gəlirlər və Şamxazay ona aşiq olur. Ester təslim olmağın müqabilində
Şamxazaydan ilahinin sirli adını öyrətməsini xahiş edir. Adı öyrənəndən
sonra onu zikr edib səmaya ucalır, Şamxazay və Azael isə yerdə
qalır. Rəvayətə görə, Esterin Ona çatmaq üçün səyinin əvəzində
Tanrı onu ulduza çevirir. Şamxazay və Azael isə yerdə insan qızları
ilə evlənir, bəzi insanlara sehr öyrədirlər. Göründüyü kimi, bu
rəvayətdə adlar fərqli olsa da, süjet eynidir.
Maraqlıdır ki, bu rəvayət hədis kimi islamda da geniş yayılıb.
Əhməd bin Hənbəlin “Müsnəd”ində Abdullah bin Ömərin nəql etdiyi
söylənən hədisə görə, mələklər Allah taalaya özlərinin insanlardan
daha itaətkar olduğunu bildiriblər. Allah onlara tapşırıb ki,
yerə göndərmək üçün iki mələk seçsinlər. Harut və Marut seçilib
və yerə göndərilib. Yerdə Zöhrə adlı qadın onların qabağına çıxıb.
Mələklər ona sahib olmaq istədiklərini deyəndə Zöhrə qarşılarına
şərt qoyub ki, Allaha şərik qoşsunlar. Amma mələklər bu təklifi
rədd edib. İkinci dəfə qadın bir uşaq gətirib və onu öldürmələrini
istəyib. Mələklər bunu da rədd edib. Nəhayət, Zöhrə onlara şərab
içmək təklif edib. Onu içən mələklər digər günahları da ediblər.
Başqa bir rəvayətə
Görə, Zöhrə onlardan ismi-əzəm duasını öyrənərək göyə ucalıb və
Zöhrə ulduzuna çevrilib, Süleyman peyğəmbər isə bu iki mələyə
dünya və ya axirət əzabı arasında seçim etməklərini istəyib. Harut
və Marut bu dünyada cəza çəkmək istəyiblər. Bundan sonra onlar
Babil quyusunda başı üzrə asılıblar. Bir başqa əsatirdə isə deyilir
ki, guya yerə üç mələk enibmiş. Onlar insandan daha dözümlü və
səbatlı olduqlarını sübut etmək istəyirmiş. Onlardan biri çox
tezliklə səhvini başa düşüb və geri qayıdıb. O birilər isə Harut
və Marut imiş. Onlar gözəl qadınlara aludə olub, sonra bütpərəstliyə
meyl eləyiblər, qətl törədiblər və s. Təfsir alimləri bir qayda
olaraq bu hədisləri zəif sayıblar və qəbul etməyiblər. İbn Kəsirə
görə, böyük ehtimalla, bu rəvayət Kaab əl-Ahbar vasitəsilə hədis
kimi təqdim olunub. Kaab əl-Ahbar raşidi xəlifələri dövründə yaşamış
yəhudi kahini olub və başda əbu Hüreyrə olmaqla Abdullah bin Əmr,
İbn Ömər və İbn Abbas kimi şəxslərdən istifadə edərək israiliyyatı
hədis adı altında müsəlmanlar arasında yayıb. Bu ehtimalı həqiqətə
yaxın kimi qəbul edənlər çoxdur.
Qeyd edək ki, islamda günahkar mələklər anlayışı yoxdur. Qurana
görə, mələklər Allaha sözsüz tabe olurlar. Onlar Allaha çox ixlasla,
həvəslə qulluq edir, öz işlərindən zövq alırlar. Bu səbəbdən Uca
Tanrının sevgisinə nail olublar. Quranda mələklərə and da içilir:
«And olsun səmada süzən mələklərə. And olsun Allahın yolunda bir-biri
ilə yarışdıqja yarışan mələklərə. And olsun dünya işlərini nizamlayan
mələklərə» (Nəziat, 3-5). “Canlı adına göylərdə nə varsa, yerdə
nə varsa, səcdə qılar Allaha. Mələklər də eləcə. Təkəbbürlük etməz
onlar. Onlardan ucalarda qərar tutan Rəblərindən qorxarlar, onlara
əmr edilən şeyləri yerinə yetirərlər” (Nəhl, 49-50); “Bu mələklər
Allahın əmrindən çıxan deyillər, onlara deyiləni dərhal eləyərlər”
(Təhrim 6).
Başqa səmavi dinlərdə isə iddia olunur ki, “günahkar” mələklər
də əvvəllər Allah tərəfindən xeyirxah, nurlu yaradılıblar. Onların
əsas qayəsi də Allaha yaxınlaşmaq imiş. Amma müxtəlif səbəblərdən
üz döndərib asi olublar və şər qüvvə təmsilçilərinə çevriliblər.
Harut və Marutun “prototipləri” də bu sıradandır.
Peterin ikinci məktubunda haqqında danışılan mələklərin Harut
və Marut olması da ehtimal olunur: “Çünki Allah günaha batmış
mələklərə rəhm etməyib onları cəhənnəmə atdı və qaranlıqda zəncirlə
bağıadı ki, qiyamətə kimi həbsdə saxlansınlar” (Müqəddəs həvari
Peterin ikinci məktubu, 2:4).
Quranda Harut və Marutun insanlara nəsə öyrətdiyi deyilir. Amma
bu zaman onlar xəbərdarlıq da ediblər ki, bu elmdən pis məqsədlə
istifadə etmək olmaz. Baqara surəsində deyilir: «Kafirlik eləyənlər
o şeytanlar idi. Onlar insanlara cadu və Babildə Harut və Marut
adlı mələklərə göndəriləni öyrədirlər. Bu mələklərsə: «Biz bir
fitnəyik (sizi, sadəcə, sınaqdan keçiririk), kafirlik eləməyin»
deməsəydilər, kimsəyə bir şey öyrətməzdilər. İnsanlar həmin mələklərdən
ərlə arvadın arasını vuracaq şeyləri öyrənirdilər, amma Allahdan
xəbərsiz kimsə zərər çəkməzdi. Özlərinə yararlı deyil, zərərli
şeylər öyrənirdilər. Bilirdilər ki, bu əməllərinə görə axirətdə
bir nəsibləri olmayacaq. Əvəzində özlərini satdıqlarının nə pis
şey olduğunu biləydilər kaş» (Baqara, 102).
Tanınmış türk təfsirçisi Həmdi Yazıra görə, Harut və Maruta insanlara
çatdırmaq üçün vəhy verilməyib, onlara öyrədilən ilham ilə verilib
və xeyir üçün istifadəsi nəzərdə tutulub. Maraqlıdır ki, cadu
ilə Harut və Maruta öyrədilən ayədə fərqli şeylər kimi verilir.
Amma mələklərə məxsus olan bu qiymətli şeylər fitnəyə də müsaiddir.
Yəni xəbis adamlar ondan qeyri-məşru məqsədlər üçün istifadə edə
bilərlər. Ayədən aydın olur ki, Harut və Marutun mənimsədiyi və
öyrətdiyi elmdən pis məqsədlə istifadə edib ərlə arvadın arasını
vurmaq, fitnələr çıxarmaq, insanların əxlaqını pozmaq olar. Amma
o da vurğulanır ki, bütün bunlar Allahın izni olmadan mümkün deyil.
Çünki insana fayda və ya ziyan yalnız Onun izni ilə ola bilər.
İnsanlar Allaha sığınmalıdır. Sehrdən ən çox ziyan çəkən isə sehrbazlıq
edənlərdir. Göründüyü kimi, Harut və Marutdan bəhs edilən yeganə
Quran ayəsi yuxarıdakı rəvayətlər üçün heç bir əsas vermir.
Şərq ədəbiyyatında Harut və Marutdan söz açılarkən Quranın məlum
ayəsindən daha çox yuxarıda söz açılan rəvayətlərin izlərini görürük.
C. Ruminin «Məsnəvi»sində Harut və Marut barədə deyilənlərə diqqət
yetirək. Mövlana təkəbbür və lovğalığın ziyanından, insanların
imtahanının çətinliyindən danışarkən məlum rəvayətlərdən çıxış
edib belə bir fikir yürüdür: «(Ağlın ağlından qaçan, peyğəmbər
və övliyalara uymayan şəxs) məşhur Harut və Maruta bənzəyər. Onlar
da qürurları üzündən zəhərli ox yedilər. Müqəddəs yaradılışlarına,
mələk olduqlarına arxayın oldular. ...Bu iki mələk cahan xalqının
günahlarını, pisliyini görəndə hiddətlərindən əllərini dişləyirdilər.
Fəqət gözləriylə öz ayıblarını görmürdülər. Tanrı Harut və Maruta:
«Əgər siz nurdan yaradılmış məsum mələksinizsə, aldanmış, ziyankar
günahkarları görməyin. Şükr edin ki, şəhvətdən və cinsi təmayüldən
qurtulmuşsunuz. Əgər sizə də şəhvət versəm, artıq göy üzü sizi
qəbul etməz. Özünüzə gəlin, lənətlənmiş şeytan sizə qalib gəlməsin»
dedi...». Rumi də Harut və Marutun Babil quyusunda cəzalandırıldığını
yazır. («Məsnəvi», I cild, 266-268).
Məlumdur ki, orta əsrlər Şərq ədəbiyyatında dini motivlərə geniş
yer ayrılır. Xüsusən poeziyada gözəllərin təsvirində bədii təsvir
və ifadə vasitələrin sırasında dini motivlərlə bağlı təşbih, epitet
və mübaliğələr geniş yer alır. Məsələn, gözəllərin “qan tökməsindən”
danışılarkən bir qayda Adəmin oğlu Qabilin adı çəkilir. Məsələn,
Füzuli gözəlin gözlərinin öldürücülüyündən danışarkən belə yazır:
Nola qan tökməkdə mahir olsa çeşmin mərdümü,
Nütfeyi-Qabildürür, qəmzən kimi ustadı var.
Qadın gözəlliyinin ölmüş aşiqi “diriltmək” xüsusiyyətindən danışılanda
isə adətən, İsa peyğəmbər xatırlanır:
Aşiqə şövqinlə can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana,
Qadın gözəlliyinin sehrindən danışılanda isə çox vaxt Harut və
Marutdan söz açılır. İnsanı sehrləmək məharətində gözəllər bu
“sehrkar” mələklərə, gözəllərin zənəxdanı (çənədəki çökək) onların
başı üstə asıldığı Babil quyusuna bənzədilir:
Ey mələkru, abu gildən çıxmadan Adəm hənuz,
Çahi-Babildə gözün Haruta sehramuz idi. (Əhməd Paşa).
Göründüyü kimi, poeziyada yuxarıda söz açılan qondarma hədisin
təsiri var.
Şərqdə bu motiv geniş yayıldığından Harut və Marutun Babil quyusunda
asıldığını təsvir edən miniatürlər də olub.
ƏDƏBİYYAT
1. 1.Qurani-Kərim, N.Qasımoğlunun açıqlaması, Bakı, 1993.
2.Mevlana, “Mesnevi”, I cild, MEB yayınları, İstanbul, 1991.
3.Ислам, энциклопедический словарь, Наука, Москва, 1991.
4.Yaşar Nuri Öztürk, Kuran`dakı islam, İstanbul 1995
5.Kuran'i Kerim tefsiri, Elmalılı Muhammed Hamdi Yazır, http://www.kuranikerim.com/t_elmalili_index.htm
6. M.Füzuli, Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb”, 1992
РЕЗЮМЕ
Данная статья затрагивает
тему о двух ангелах – Харут и Марут, обозначенных в Коране как
духовные существа, обучающие людей науке. Наука эта понимается
не как колодовство, однако может быть использована в негативных
целях. Религиозные сказания относительно личностей и судеб Харут
и Марут не созвучны с Кораном. Автор полагает, что эти сказания,
которые широко использованы в восточном искустве, не имеют отношения
к источникам Ислама.
SUMMARY
The article is about
two angels mentioned in Koran under the titles Harut and Marut.
Both are said in a related Koranic verse to be teaching people
a science which although is assumed to be not a witchery but can
be used for negative purposes. The religious stories shedding
light on the identity and fate of Harut and Marut prove to be
not consonant with their Koranic version. The author considers
that sources of these stories widely used in Eastern art have
no original relatedness to Islam.
|