Rəhman
və Rəhim Allahın adıyla
1. Həmd oxuyar Allaha
göylərdə nə varsa, yerdə nə varsa. Güclüdür, müdrikdir O.
2. Odur göylərin, yerin
yiyəsi. Can verən, can alan Odur. Hər şeyə qadirdir O.
3. Əvvəl Odur, axır Odur,
aşkar Odur, gizli Odur. Hər şeyi biləndir O.
4. Odur göyləri, yeri
altı gündə yaradan, sonra ərşdə qərar tutan. Torpağa nə girirsə,
torpaqdan nə çıxırsa, səmadan nə enirsə, səmaya nə qalxırsa bilən
Odur. Harada olsanız sizin yanınızdadır. Tutduğunuz işləri görəndir
Allah.
5. Odur göylərin, yerin
yiyəsi. Allahdır bütün işlərin yiyəsi.
6. Gecəni gündüzə qatar,
gündüzü də gecəyə. Yrəklərin içini biləndir O.
7. Allaha və Rəsuluna
iman gətirin. Sizi varis elədiyindən xərcləyin Allah yolunda.
Böyük bir əcir gözləyir iman gətirərək malını Allah yolunda sərf
eləyən kimsələri.
8. Niyə də inanmayasız
Allaha? Rəbbinizə iman gətirməyə çağırır sizi Rəsul. Axı sizdən
əhd almışdı Allah. İmana gəlmək istəyirsinizsə qoşulun Rəsulun
çağrışına.
9. Sizi qaranlıqlar içindən
aydınlığa çıxarmaqçün bəndəsi Rəsuluna aşkar ayələr nazil eləyən
Odur. Sizə qarşı şəfqətlidir, Rəhimdir.
10. Niyə də xərcləməyəsiz
malınızı Allah yolunda? Göylərin, yerin varisi Allahdır axı. Məkkənin
fəthindən öncə Allah yolunda malını sərf eləmiş və savaşmış kimsələrlə
bundan sonra Allah yolunda malını sərf eləyən və savaşan kəslər
bir deyillər. Bunlardan üstündür onlar. Hamısına cənnəti və'd
eləmiş Allah. Gördüyünüz işlərdən xəbərdardır Allah.
11. Kim Allaha gözəl
bir borc verərsə, qat-qat artıq qaytarar O borcunu. Səxavətlə
veriləcək bir əcir gözləyir həmin kəsi.
12. Qiyamət günü görəcəksən
mö`min kişilərlə qadınların önünə və sağına işıq salır iman nuru.
O zaman müjdə verib deyəcəklər onlara: «İçindən çaylar axan cənnətlər
sizindir bu gün. Oralarda əbədilik qalacaqsınız». Budur o böyük
qurtuluş!
13. Münafiq kişilərlə
qadınlar iman gətirənlərə «Bizi də gözləyin, sizə düşən işıqdan
biz də alaq payımızı» deyən gün, «Qayıdın geriyə, özünüz özünüzə
bir nur arayın» söyləyərlər onlara. Mö'minlərlə münafiqlər arasına
bir sədd çəkilər o gün. Bu səddin bir qapısı var, iç tərəfi rəhmətlə,
çöl tərəfi əzabla dolu.
14. İman gətirənlərə
«Sizinlə bir deyilmiydik biz məgər?» deyər münafiqlər. «Elədir,
ancaq siz özünüz özünüzü aldadırdınız, mö'minlərin nə vaxt həlak
olmağını gözləyib dururdunuz, Allahın əmri gələnədək dinə şəkk
gətirirdiniz, nəfsiniz aldatmışdı sizi və Allahın adıyla aldadıb
azdırırdı sizi şeytan» deyər iman gətirənlər.
15. Nə sizin fidyəniz,
nə də kafirlərin fidyəsi qəbul olunmaz bu gün. Od içidir yuvanız.
Budur layiqli cəzanız. Pisdən pisdir getdiyiniz yer!
16. O kəslər ki, imana
gəlmiş kimidir, ürəkləri çırpınmalı deyilmi Allahın adını anarkən
onlar? Onun göndərdiyi haqq kəlamına ürəkdən bağlanmalı deyilmi
onlar, vaxtı çatmayıbmı bunun? Öncədən Kitab verilən kimsələr
kimi olmaya belələri. O kimsələrin başları üzərindən uzun bir
zaman ötmüş [yə'ni peyğəmbərlərindən uzun müddət aralı düşmüşlər]
Yrəkləri daşa dönmüş. Yolsuz kimsələrdir artıq bir çoxu.
17. Bilin, torpaq öləndən
sonra onu dirildər Allah. Ayələri beləcə sizə açıqlayırıq bəlkə
bir düşünüb-daşınasız.
18. Sədəqə paylayan kişilərlə
qadınlara və Allaha gözəl bir borc verənlərə qat-qat artıq qaytarılar
verdiyinin əvəzi. Səxavətlə veriləcək bir əcir gözləyir onları.
19. Allaha və Rəsuluna
iman gətirənlər doğru sözlü, düz əməlli kimsələrdir, şahidlərdir
Allahın dərgahında. Əcir və nur veriləcək onlara. Kafirlik eləyib
ayələrimizi danan kimsələrsə cəhənnəmlik olacaqlar.
20. Bilin, oyundur, əyləncədir,
bəzənib-düzənməkdir, öz aranızda lovğa-lovğa güzəran keçirməkdir,
mal-dövlət yığmaqdır, oğul-uşaq çoxaltmaqdır dünya həyatı. Yağışın
bitirdiyi və əkinçilərə zövq verən bitkiləri andırır bunlar. Vaxt
ötdükcə quruyur, saralır, çör-çöp olur bitkilər. Axirətdə şiddətli
bir əzab da var, Allahın məğfirəti və rizası da. Yalnız göz aldadandı,
gəldi-gedərdi dünya həyatı.
21. Tələsin Rəbbinizin
məğfirətinə, göylə yer qədər geniş olan cənnətə. Allaha və Rəsuluna
iman gətirənlər üçün hazırlanmış bu cənnət. İstədiyi kimsəyə Öz
lütfündən verdiyi bir paydır bu. Böyük lütf yiyəsidir Allah.
22. Yer üzünə və sizin
başınıza elə bir müsibət gətirmərik ki, dərgahımızdakı yazıda
Biz bunu öncədən yazmamış olaq. Bu çox asan olar Allaha.
23. Bunu sizə deyirik
ki, sizdən yoxa çıxanlara kədərlənməyəsiz, sizə verilənlərə çox
sevinməyəsiz. Lovğalanıb öyünən kimsələrdən heç kimi sevməz Allah.
24. Bunlar o kəslərdir
ki, özlərinin xəsisliyi bir yana, başqalarını da xəsisliyə sövq
eləyərlər. Kim yerinə yetirmirsə öhdəsinə düşəni, bilsin, təkcə
Allahdır hamıdan varlı olan, həmd olunan.
25. Aşkar dəlillərlə
göndərdik elçiləri. Kitabı, mizanı onlarla nazil elədik. Hər şeydə
insaf gözləyə bəlkə insanlar dedik. Möhkəm, davamlı, insanların
bə'zi işlərində karına gələn dəmiri var elədik. Dedik qoy görsün
Allah kim Ona yardım eləyir, kim arxa olacaq Onun peyğəmbərlərinə
bunlar axirətə gedəndən sonra. Şübhəsiz, qüvvətlidir, güclüdür
Allah.
26. Nuhu və İbrahimi
göndərən Biz idik. Onların soyundan olan kimsələrə peyğəmbərlik,
Kitab verdik. Doğru yoldadır soydaşlarının bə'ziləri, yolsuzdur
bir çoxları.
27. Onların getdikləri
yolla bir-birinin ardınca göndərdik elçiləri. Məryəm oğlu İsanı
göndərdik, ona İncil verdik. Şəfqət və mərhəmət duyğusuyla yoğurduq
ona tabe olanların ürəklərini. Rahibliyisə onlar özlərindən icad
elədilər, Biz bunu onlara vacib bilməmişdik. Vacib bildiyimiz
şey Allahın rizasını diləməkdi sadəcə. Heç rahibliyə də gərəyincə
riayət eləmədilər. Onlardan iman gətirənlərin əcrini Biz vermişik.
Yolsuzlardır bir çoxu.
28. Ey İsaya iman gətirənlər!
Qorxun Allahdan, inanın Rəsuluna. Rəhmət payından ikiqat verər,
yolunuzu aydınladan nur verər sizə, bağışlar sizi Allah. Günahlardan
keçəndir, Rəhimdir Allah.
29. Kitab [Tövrat] əhlindən
olan kimsələr [Peyğəmbərə inanmayan yəhudilər] bilsinlər, Allahın
lütfündən heç bir şey qazana bilməyəcəklər. Bütün ne'mətlər Allahın
Öz əlindədir. İstədiyi kimsəyə bunlardan verəsidir, Böyük lütf
yiyəsidir Allah.
|