Rəhman
və Rəhim Allahın adıyla
1. Ey insanlar, qorxun
Rəbbinizdən. Böyük bir dəhşətdir qiyamət gününün zəlzələsi.
2. O gün görəcəksiniz,
südəmər körpəsini unudar hər döşü südlü qadın, uşağını düşürər
hər hamilə qadın. Sərxoş kimi görünər gözlərinə o gün adamlar,
sərxoş deyillər əslində onlar, Allahın əzabının şiddətindən bu
hala düşmüş onlar.
3. İnsanlardan eləsi
var bir biliyi yoxsa da mübahisə eləyər Allahın barəsində. Hər
azğın şeytana uyar beləsi.
4. Şeytanınsa taleyinə
yazılmış: ona dost olanı yolundan eləyər, cəhənnəm əzabına doğru
aparar.
5. Ey insanlar! Dirilməyə
şübhə edirsinizsə, bilin, sizi öncə torpaqdan, sonra nutfədən,
sonra laxtalanmış qandan, sonra kamil və naqis olan bir parça
ətdən yaratdıq ki, gücümüzün kamilliyini sizə aydın eləyək. İstədiyimiz
kimsəni müəyyən müddətdə ananın balalığında saxlayırıq, sonra
uşaq olaraq çıxardırıq. Sonra da yetkinlik çağına çatırsız. Sizlərdən
kimi vəfat eləyir, kimi də yetişir ömrünün fəna çağına və elmli
ola-ola hər şeydən bixəbər olur. Görürsən qupqurudur yer üzü.
Və elə ki üstünə su endiririk, tərpənişib oyanır, qabarır torpaq,
hər gözəl bitkidən növ-növ bitirir.
6. Səbəb də budur ki,
haqdır Allah, ölüləri dirildər, hər şeyə qadirdir O.
7. Qiyamətin gəlməyi
şübhəsizdir və qəbirdə olanları, şübhəsiz, dirildər O.
8. İnsanlardan eləsi
var bir biliyi yox ikən, doğru yolu nişan verən, nurlandıran bir
Kitabı yox ikən mübahisə eləyər Allahın barəsində,
9. təkəbbürlük eləyərək
üz döndərər imandan, azdırar adamları Allah yolundan. Rəzillikdir
beləsinin qisməti bu dünya həyatında. Qiyamət günündə isə daddırarıq
Biz ona od əzabını.
10. «İşləklərinin əvəzidir
verdiyimiz bu cəza» deyilər ona. Yoxsa Öz bəndəsinə zülm eləyən
deyil Allah.
11. İnsanlardan eləsi
var Allaha ibadətində sürüşkəndir imanı. Bir xeyir dəydimi ona,
arxayınlaşar, bir iş gəldimi başına, hər şeydən dönər üzü. Dünyanı
da itirər, axirəti də. Açıq-aşkar bir itki buna deyərlər.
12. Allahı qoyub zərəri,
yararı olmayan tanrılara yalvarar o. Dərinlərdə azmaq buna deyərlər.
13. Zərəri yararından
ona daha yaxın olan kimsəyə dua eləyər o. Nə pis yardımçıdır,
nə pis dostdur yalvardığı o kimsə.
14. O kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, içindən çaylar axan cənnətlərə
salar onları Allah.
15. Allah Rəsula dünyada
və axirətdə yardım eləməz deyə düşünən kəs göyə [evinin tavanına]
bir ip bağlasın, assın ipdən özünü, üzülsün yerdən ayağı və Rəsula
hikkəsinə görsün necə son qoyur özünün bu oyunu [yə'ni hikkəsindən
boğulub ölsün].
16. Biz beləcə aşkar
ayələr olaraq göndərmişik Qur'anın qalan ayələrini. Dilədiyi kimsəni
doğru yola yönəldər Allah.
17. İman gətirənləri,
yəhudiləri, sabiiləri, xristianları, məcusiləri və bütpərəstləri
qiyamət günü bir-birindən ayırar Allah. Hər şeyə şahiddir Allah.
18. Məgər görməzmi oldun,
Allaha boyun əymiş göylərdə kim varsa, yerdə kim varsa. Günəş
də, ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar da, insanların
bir çoxu da eləcə. Bir çoxu da əzaba layiq görülmüş. Allahın alçaltdığı
kimsəni heç kim ucalda bilməz. Dilədiyini eləyər Allah.
19. Bu iki dəstə ki var,
çəkişərlər həmişə Rəbləri barəsində. Oddan paltarlar kəsilib biçilmiş
kafirlik eləyən kəslər üçün. Başlarına qaynar-qaynar su tökülər,
20. içalatı, dəriləri
əriyər.
21. Dəmir şallaqlar da
müntəzirdir onlara.
22. Çıxmaq istəyərkən
cəhənnəmdən hər dəfə, azad olmaq istəyərkən qüssə-qəmdən hər dəfə,
geriyə döndərərlər onları, «Dadın od əzabını» deyərlər onlara.
23. O kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, içindən çaylar axan cənnətlərə
salar onları Allah. Qızıl bilərziklər, incilər taxıb bəzənərlər,
ipək paltarlar geyərlər bu cənnət bağlarında.
24. Ən gözəl sözlərə
[«Allahdan başqa tanrı yoxdur»] üz tutaraq yol getmiş onlar, öyülməli
Allahın yoluna yetmiş onlar.
25. Ağrılı bir əzabı
o kəslərə daddırarıq ki, küfr eləyiblər və adamları Allah yoluna,
Məscidi Harama qoymayırlar gələlər. O məscidə ki, Biz onu bütün
insanlar üçün, istər ətrafında yaşayanlar, istər də kənardan gələnlər
olsun, qurmuşuq. Orada haqsızlıq eləyib yolundan azan kimsəyə
də bu əzabdan pay düşər.
26. Göstərmişdik İbrahimə
Evi [Kə'bəni] harda qurmalı. Sonra «heç nəyi şərik qoşmayasan
Mənə, bütlərdən təmizlə Mənim Evimi ətrafına dolananlar üçün,
dayanıb duranlar üçün, əyilərək namaz qılanlar üçün» deyə əmr
elədik ona.
27. Hacca çağır insanları.
Öz ayaqlarıyla, yaxud minikləriylə gəlsinlər yanıma uzaq-uzaq
yollardan.
28. Şahidlik eləsinlər
özlərinin xeyrinə olanlara. Mə'lum günlərdə Allahın ruzi olaraq
verdiyi qurbanlıqları kəsərkən ansınlar Allahın adını. Bunlardan
özünüz də yeyin, zavallı yoxsullara da yedizdirin.
29. Sonra da özlərini
səliqəyə salsınlar, nəzirlərini versinlər və Beyti Atiqin ətrafına
dolansınlar.
30. Belədir. Kim hörmət
qoyarsa Allahın yasaqlarına, bu onun öz xeyrinədir Rəbbinin dərgahında.
Yasaq olaraq bildirilən heyvanlardan başqaları sizə halal bilinmiş.
Murdar olan bütlərdən kənar durun, batil sözü söyləməkdən çəkinin.
31. Təkcə Allaha üz tutaraq
Ona şərik qoşmaqdan daşının. Allaha şərik qoşan kimsənin o şeyə
bənzəri var ki, göydən düşən kimi ya quşlar onu havada qapıb aparar,
yaxud da külək onu uzaq bir məkana sovurub atar.
32. Belədir. Allahın
qoyduğu qayda-qanuna kim ki, hörmət qoyursa, bu onun ürəyində
taqva duyğusunun kök salmasından, ürəyinin paklığından gəlir deməli.
33. Gəlməyi bəlli olan
əcələ qədər sizə bu qaydalar xeyir gətirər. Bunlara riayət edəndən
sonra Beyti Atiqdə bitər hacc ziyarəti.
34. Hər ümmətə bir ibadətgah,
bir qurbangah yaratdıq ki, ruzi olaraq verilən qurbanlıq heyvanları
kəsərkən ansınlar Allahın adını. Tanrınız tək Tanrıdır. Təslim
olun Ona. Cənnətlərlə müjdələ Ona könül vermişləri.
35. O kəsləri ki, Allahın
adı anılan zaman, titrəyər ürəkləri. O kəsləri ki, səbr yiyəsidirlər,
başlarına gələnlərə dözərlər, namaz qılarlar, verdiyimiz ruzilərdən
Allah yolunda xərcləyərlər.
36. Qurbanlıq dəvələrin
kəsilməsini də Allahın qaydalarından elədik sizə xeyir gətirə.
Bunları kəsməzdən öncə anın Allahın adını. Elə ki, kəsdiniz, düşdülər
böyrü üstə, yeyin ətlərini, istəyənə də, istəməyənə də paylayın.
Bu qurbanlıq dəvələri sizin ixtiyarınıza vermişik ki, bizə şükr
eləyəsiz.
37. Bunların nə ətini,
nə qanını sizdən istəməz Allah. Sizdən istədiyi təkcə taqva duyğusudur,
ürək təmizliyidir. Bu qaydaları açıqlayaraq sizə tabe eləmişik
ki, siz də ulu tutasız Allahın adını. Yaxşıları cənnətlərlə müjdələ.
38. İmana gələnləri qoruyar
Allah. Xainləri, nankorları sevməz Allah.
39. Zülm çəkdiklərinə
görə mö'minlərə savaşmaq üçün izn verilmiş. Bunlara yardım etməyə,
əlbəttə, qadirdir Allah.
40. Bunlar o kəslərdir
ki, haqsız yerə, «Rəbbimiz təkcə Allahdır» söylədilər deyə yurdlarından
çıxartmışlar onları. Allahın hökmüylə insanlar bir-birinə yardım
etməsəydilər, dağılardı monastırlar, kilsələr, sinaqoqlar və Allahın
adının çox anıldığı məscidlər. Ona yardım göstərənə mütləq yardım
edər Allah. Şübhəsiz, qüvvətlidir, güclüdür Allah. 41. Bunlar
o kəslərdir ki, yer üzündə yer versək onlara, namaz qılar, zəkat
verər, yaxşılığı buyurar, pis işlərdən adamları ayırar onlar.
Allaha qalmış bütün işlər.
42. Yalançı sayırlarsa
səni, bil, onlardan öncə də danmışdı peyğəmbərlərini Nuh, Ad və
Səmud qövmü,
43. İbrahim və Lut qövmü,
44. Mədyən camaatı. Musanı
da danmışdılar. Mən də əvvəl-əvvəl möhlət verdim onlara, sonra
da onları yaxaladım ki, görsünlər nə deməkmiş Məni inkar eləmək.
45. Biz məhvə uğratmışıq
neçə-neçə şəhəri, haqsızlıq törədirdi bunların camaatı. Tavanlar
yerə çökmüş, quyulardan su içən yox, saraylar yiyəsiz qalmış.
46. Bir gəzib dolaşalar
yer üzünü, görələr götürələr, duyan ürəkləri, eşidən qulaqları
ola. Kor olan gözlər deyil, sinələrdə ürəklərdir kor olan.
47. İstərlər o əzabı
tez-tələsik gətirəsən başlarına. Verdiyi və'dinə xilaf çıxan deyil
Allah. Sizin saymağınızla min ilə bərabər olar Rəbbinizin dərgahında
keçən gün [bir günlük axirət əzabı dünyada min illik əzaba bərabər
ola].
48. Camaatı haqsızlıq
törədən neçə-neçə şəhərə möhlət verdim, sonra birdən yaxaladım
onları. Mənim dərgahıma axır dönəcək hamı.
49. De ki, «Ey insanlar,
mən sizə açıq-aşkar xəbərdarlıq eləyən bir kimsəyəm sadəcə».
50. O kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, məğfirət gözləyir, bol-bol ruzilər
gözləyir onları.
51. O kəslər ki, ayələrimizin
gücünü zəiflətmək üçün sə'y göstəriblər, cəhənnəm əhlidir onlar.
52. Səndən öncə göndərdiyimiz
peyğəmbərlərin, elçilərin hansı birisi bir şey arzulamışdısa,
şeytan öz şərini qatmışdı onun dediklərinə. Şeytanın şərini Allah
qaldırar aradan. Və Allah da möhkəmlədər Özünün ayələrini. Biləndir
hər şeyi, müdrikdir Allah.
53. Şeytanın şəriylə
Allah o kəsləri imtahana çəkər ki, azarlıdır, amansızdır ürəkləri.
Zalımlar mö'minlərlə elə hey çəkişirlər.
54. Elm alan kimsələr
bilsinlər, bu Qur'anı haqq olaraq Rəbbin nazil eləmiş, iman gətirsinlər
buna, könül versinlər buna. İman gətirən kəsləri doğru yola yetirəndir
Allah.
55. Kafirlik eləyən kimsələrsə
nə qədər ki, onları o cəza saatı, yaxud gecəsi olmayan günün əzabı
qəflətən haqlamayıb, şəkk-şübhəylə yanaşarlar Qur'ana.
56. Hökm Allahındır o
gün. Onlara Öz hökmünü verər O. Ne'mət cənnətlərindədir iman gətirənlər,
saleh işlər görənlər.
57. Alçaldıcı bir əzab
gözləyir kafirləri, ayələrimizi dananları.
58. O kəslər ki, Allah
yolunda hicrət ediblər, öldürüblər, ölüblər, gözəl ruzi verəcəkdir
onlara Allah. Məhz Allahdır ruzi verənlərin ən yaxşısı.
59. Onları razı qalacaqları
yerə mütləq salacaqdır O. Biləndir hər şeyi, həlimdir Allah.
60. Belədir. Cəza alan
bir kimsə rəqibinin cəzasını eynilə verirsə və bu zaman yenə də
mə'ruz qalırsa əzaba, onda ona yardımını mütləq yetirər Allah.
Əfv edəndir, günahlardan keçəndir Allah.
61. Belədir. Gecəni gündüzə,
gündüzü də gecəyə qatar Allah. Hər şeyi eşidəndir, hər şeyi görəndir
Allah.
62. Çünki haqq olan yalnız
Allahdır. Ondan başqaları adına tapındıqları şeylər batildirlər.
Ucadan ucadır, uludan ulu Allah.
63. Səmadan su endirdi
Allah, yaşıla büründü yer. Bunu görməzmi oldun? Lətifdir, hər
şeydən xəbərdardır Allah.
64. Onundur göylərdə
nə varsa, yerdə nə varsa. Varlı olan, öyülməyə layiq olan yalnız
Odur.
65. Görməzmi oldun məgər,
quruda olanları, dənizdə Onun əmrilə üzən gəmiləri sizə tabe eləmiş,
Onun izni olmadan yer üzünə düşər deyə göyü tutub saxlamış Allah.
66. Sizə öncə həyat verən,
sonra öldürən, sonra yenə həyat verən Odur. Şübhəsiz, nankorun
biridir insan.
67. Allaha ibadət eləsin
deyə hər ümmətə qaydalar yaratmışıq. Bu qaydalar barədə sən onlarla
mübahisə eləmə, Rəbbinin yoluna çağır hamını. Sən, şübhəsiz, doğru
din yolundasan.
68. Səninlə mübahisə
eləsələr, de ki, «İşləklərinizi daha yaxşı Allah bilir.
69. Aranızda hakimlik
edər Allah qiyamət günü və bildirər sizə nədən çəkişirdiniz».
70. Bilməzmisən, göydə,
yerdə nə varsa bilir Allah. Bu deyilən bir Kitabda yazılmış. Allaha
asandır hər şeyi bilmək.
71. Allahı qoyub o şeylərə
tapınırlar ki, haqlarında bir dəlil göndərməmiş O, bir elmi yox
bunların. Zalımlara yardım edən tapılmaz.
72. Ayələrimiz aşkarca
oxunan zaman kafirlərin küfrünü üzlərindən duyarsan. Ayələrimizi
oxuyan kimsələrin üstünə hazırdırlar cumalar. De ki, «Bundan daha
pisini sizə xəbər verimmi? Oddur kafirlərə Allahın və'd elədiyi!
Nə pis yerdir gedəcəyi yerləri».
73. Ey insanlar! Dinləyin
bu hikməti: Allahdan başqaları adına tapındıqlarınız bir yerə
cəm ola, bir milçək də yaratmağa çatmaz gücləri. Və əgər onlardan
bir şeyi qapıb apara milçək, onu geri qaytarmağa yenə çatmaz gücləri.
İstəyən də aciz, istənilən də [bütpərəstdə, bütlər də aciz]!
74. Allahın qədrini bilmədilər.
Şübhəsiz, qüvvətlidir, güclüdür Allah.
75. Mələklərin, insanların
içindən elçilər seçər Allah. Eşidəndir, görəndir hər şeyi Allah.
76. Onların keçmişini,
gələcəyini bilir O. Allaha qalmış bütün işlər.
77. Ey iman gətirənlər!
Ruku edin, səcdə qılın, Rəbbinizə ibadətdə olun, xeyirli işlər
görün ki, uğura uğrayasız.
78. Allah yolunda Ona
layiq olaraq cihad eləyin. Məhz sizi seçmiş O, dindarlıqda sizi
bir çətinə salmamış O [xəstəlik, səfər zamanı və s. hallarda vacib
görülən güzəştlər nəzərdə tutulur]. Bu din sizin atanız İbrahimin
dinidir. Daha öncə və bir də bu Kitabda Odur sizi müsəlman adlandıran.
Rəsul sizə, siz də insanlara şahidlik eləyin. Namaz qılın, zəkat
verin, Allaha sarılın. Odur sizin yiyəniz. Nə gözəl yiyədir, nə
gözəl yardımçıdır!
|