«Rəbbim,
mənə əşyanı olduğu kimi göstər»
Məhəmməd peyğəmbər
Gözəllik
nədir? Gözümüzü, könlümüzü oxşayan, ruhumuzu həyəcana gətirən,
iç dünyamızda estetik zövq yaradan, bizə xoş anlar yaşadan məfhum,
məna, mənzərə, bunların keyfiyyətləri və s. Öz zövqünün dərəcəsinə
uyğun olaraq, hərə bir yozum verir. Bir qisim gözəlliyin sadə
və bəsit əlamətlərini: səliqə-sahman, yaraşıq, simmetriya, tənasüb,
rəngələrin və səslərin ahəngi, bir başqaları kainatdakı ilahi
sahmanı, əbədi və müvəqqətinin əlaqəsini, buradakı harmoniyanı
da gözəllik olaraq dəyərləndirə bilir. Birində təsvirəgəlməz ülvi
duyğular yaradan bir mənzərə başqasına təsir etməyə bilər. Məsələn,
günəşin qürubu zamanı üfüqdəki görüntü kiminin ruhunu oxşayır,
onda əsrarəngiz duyğular yaradır, kimininsə mədəsini sevindirir
– yemək vaxtı gəldi deyə.
XEYİR VƏ GÖZƏLLYİN
BİR ARADA OLMASI
Gözəllik, onun mənbəyi
və s. kimi məsələlər ən qədim dövrlərdən insanları düşündürüb.
Məsələn, Zərdüşt gözəllərin içindən belə seçim eləmişdi: “Mən
gözəl sözü, gözəl fikri, gözəl əməli təqdir edirəm”. Hələ qədimdən
insanlar bilirdilər ki, gözəllik bu fani aləmdən deyil, haradansa
kənardan gəlir. Onun bir mənbəyi var. Platon hesab edirdi ki,
gözəlliyin mənbəyi ideyalar aləmində, əbədiyyətdədir. Antik estetikada
mükəmməl gözəlliyin ifadəsi olan anlayış vardı: kalokaqatiya.
Bu, daxili və xarici gözəlliyn vəhdəti mənasını verirdi. Xeyir
və gözəlliyin bir arada olması. Beləliklə, estetik cəhətdən gözəl
olanla digər mükəmməllik əlamətləri, həqiqilik, ədalət birlikdə
götürülürdü. Neoplatonizmin banisi Plotinin emanasiya nəzəriyyəsinə
görə, hər hansı gözəl əşya və ya hadisə ona görə var ki, gözəlliyin
təbiətini müəyyən edən ali məzmun var. İstənilən hissi gözəllik
ali gözəlliyin zəif kölgəsidir. Bu məntiqlə əgər sarı yarpaq,
sarı paltar, sarı meyvə varsa, demək sarı özü də olmalıdır. Əgər
gözəl bədən, gözəl heykəl, gözəl rəsm əsəri varsa, demək, konkret
təzahürlər xaricində gözəllik özü də olmalıdır. Emanasiya nəzəriyyəsinə
görə, gözəlliyin qaynağı məkandan kənarda olan mahiyyət, Vahiddir.
Gözəllik oradan bu dünyaya süzülür, sonra da məxluqat tərəfindən
yayılır.
«GÖZƏL OLAN YAXŞIDIR»
STEREOTİPİ
İnsanlar arasında fiziki
görünüşün pozitiv olması ilə başqa cəhətlərin də gözəl olacağına
dair yanlış bir düşüncə var. Eləcə də pis zahiri görünüş ilə neqativ
mahiyyət birləşdirilir. Buna sosial psixologiyada «Gözəl olan
yaxşıdır» stereotipi deyilir Zahiri gözəl olana insanlar avtomatik
olaraq öz düşüncələrində yaxşı, xeyirli mahiyyət də əlavə edirlər.
Amma bu inanc özünü doğrultmur. Çünki gözəl formaların içində
pis mahiyyət də olur. Cəəlaləddin Rumi hesab edirdi ki, zahiri
gözəllik həm də aldatma vasitəsidir: «Əgər görünən şey görünydyü
kimi olsaydı, o qədər kəskin və aydın görüşə sahib olan Mustafa
(Məhəmməd peyğəmbər –V.S) «Rəbbim, mənə əşyanı
olduğu kimi göstər» deməzdi». Bu fikir Quran məntiqinə uyğundur.
Münafiqun surəsinin 4-cü ayəsində deyilir: «Onlara
baxanda boyları-buxunları (fiziki görünüşləri) xoşuna gələr sənin.
Elə ki, dindilər, sözlərini dinləyərək görürsən ki, divara dirənmiş
quru kötük kimidirlər. Hər ucalan səs-sədanı [döyüşə səsləyən
əmri və s.] özlərinin əleyhinə bilərlər. Düşməndir onlar. Onlardan
həzər elə sən. Allah öldürsün onları, necə də aldanaraq imandan
yayınırlar». Ayədən göründüyü kimi, zahiri gözəllik bəzən aldatma
vasitəsi ola bilər. Hətta peyğəmbərimiz də bu gözəlliyə aldana
bilərmiş. Yəni insanlarda «gözəl olan daxilən də gözəldir» stereotipi
olmasına baxmayaraq, hər zaman belə olmur. Bunun münafiqlərin
nümunəsində verilməsi çox maraqlıdır. Çünki əvvələn, Quranda münafiqlər
kafirlərdən də pis kimi səciyyələndirilir və onların yerinin cəhənnəmin
ən alt qatı olduğu bəyan edilir (Nisa 145), ikincisi,
münafiqlər dediyi ilə əməli zidd olanlardır. Bu ayədə onların
– ən pislərin surətlərinin aldatmaya xidmət etməsi («boy-buxunları
sənə xoş gələr») vurğulanır.
GÖZƏLLİKLƏRİNİ
QORUMAQ ÜÇÜN GEYİNDİLƏR
Amma buradan zahirən
gözəl olanın mahiyyÿtcə mütləq pis olması mənası da çıxmamalıdır.
Çünki zahirən gözəllərin hamısı pis olsaydı, forma gözəlliyi aldatma
vasitəsi ola bilməzdi. Adətən, zahiri gözəlliklə daxili gözəllik
bütünlük təşkil etdiyindəndir ki, yəni zahiri gözəl olanların,
adətən, daxilən də gözəl olması səbəbindəndir ki, forma aldatma
vasitəsi kimi istifadəyə yararlı olur. Nağıllarımızda da belə
fikir var ki, gözəllik aldada bilər. Şər ruhlar insanlarda «zahiri
gözəl olan xeyirlidir» stereotipinin olduğunu bildiyindəndir ki,
insanın gözünə gözəl formada peyda olurlar. (adətən, gözəl qadın
şəklində). «İnsanlar zahirə çox da aludə olmasınlar, başqa cür
də ola bilər» fikrini yaymaq üçündür ki, zahirə fikir verməyib
gözəl davrananlar mükafatlandırılır. Nağıllarımızda Xıdır peyğəmbərin
qoca, dilənçi, xəstə və s. görünüşündə qonaq gəlməsi, zahirinin
idbarlığına baxmayaraq lazımınca ona hörmətlə yanaşanları mükafatlandırması
da fikrin nəticəsidir. Bu inanc xalq təfəkkürünə, təbii ki, Quran
məntiqi ilə yol açıb. Eyni zamanda, gözəl zahir və batini bir
arada da çox görə bilərik. Yusif peyğəmbərin simasında. Yusif
surəsində oxuyuruq: «Onların bu qeybətini eşitcək dallarıyca adam
saldı. Mütəkkələr hazırladı onlara və hər birinin əlinə də bıçaq
verdi. [Arvadlar qabaqlarındakı meyvələri soyub yeməklə məşğul
ikən] Zəlixə Yusifə dedi: «Çıx bunların qarşısına». Yusifi görəntək
çaşqınlıqdan əllərini kəsdilər, «Allah, bu ki, bəşər deyil, GÖZƏL
BİR MƏLƏKDİR!» dedilər» (Yusif, 32). Yusif peyğəmbər
məhz gözəlliyi üzündən bəlalara düşür. Ona görə də düşünmək olar
ki, Allah taala istədiyi bəndəni, diləyərsə, bəlkə də, bəlalardan
qorumaq üçün zahiri gözəlliklə süsləmir. Məşhur ərəb şairi Mütənəbbi
yazırdı ki, «Qadınlar ipəkli əlbisələri süslənmək üçün deyil,
gözəlliklərini qorumaq üçün geyindilər». Uca Tanrı da sevdiyi
bəndələrin bir qismini bu yolla – gözəl məzmununu forma ilə bütövləşdirməməklə
qoruyur.
GÖZƏL ÇİRKİNDƏN AYRILSIN DEYƏ
Sultan Vələd özünün «İbtidanamə»sində yazır: «Canlar məna aləmində
gizli idilər. Çirkin gözəldən ayırd edilməzdi. Uca Tanrı gözəl
və çirkin bir-birindən ayrılsın deyə ruhları qəliblərə saldı».
Bu, təbii ki, «Ələst bəzmi» deyilən məsələ ilə bağlıdır. Ruhlarla
ilkin anlaşma, müqavilə nəzərdə tutulur. Bu fikir Quran məntiqinə
tərs düşmür. Çünki Müqəddəs Kitabımızda da yaradılışdan məqsədin
GÖZƏLliklə bağlılığın, GÖZƏL İŞLƏ ÇALIŞANLARIN müəyyənləşməsi
olduğu açıq bildirilir: Mülk surəsinin ikinci ayəsində oxuyuruq:
«Ölümlə dirimi qoşa yaratımş ki, sınağa çəksin sizi, hansınızın
daha gözəl işlə çalışdığını bəlli eləsin». Dinimizə görə, əsl
gözəllik Allahdadır: «Sənə gözəllikdən nə çatırsa, bil ki, Allahdandır»
(Nisa, 79). Quran məntiqinə görə, dünyadakı gözəlliklər
Ulu Yaradanın gözəlliklərinin kölgəsidir. Onlar müvəqqətidir,
keçicidir: «Qadınlara, uşaqlara, kantar-kantar qızıl-gümüşə, ürgəyə,
mal-qaraya, torpağın məhsullarına qarşı hərisliyə, həvəsə qurşanmaq
cazibəli göründü insanlara. Bunlar dünya həyatının gəldi-gedər
ne'mətləridir. Allahın dərgahıdır gediləsi GÖZƏL YER. De ki, «Söyləyimmi
bunlardan yaxşısını?» Allahdan qorxanları Rəblərinin dərgahında
içindən çaylar axan cənnətlər gözləyir, oralarda əbədilik qalarlar
pak olan zövcələrlə. Allahın rizası oralarda qərar tutub. Allah
görür bəndələri» (Baqara, 14-15). Bəs forma gözəllikləri
nə üçündür? C.Ruminin fikrincə, Uca Yaradıcı bizi Özünə aparan
yolların sağına-soluna gözəlliklərdən işıqlar, rənglər, tənasüblər,
səslər, nəğmələr sərmişdir ki, yoldakılar həm yol yorğunluğu duymasınlar,
həm də əsl hədəfi unutmasınlar.
«BİÇARƏ, YANARSAN, NƏ GÜMAN EYLƏMİSƏN?»
Mövlanaya görə, Allahın insana görünməməsinin bir səbəbi də insanın
bu gözəllik qarşısında dözə bilməməsidir. «Allahın camalı niqabsız
olaraq görünsə, biz bunu görməyə təhəmmül edə bilmərik və ondan
nəsibimizi ala bilmərik. Bu niqablardan yardım görürük, fayda
əldə edirik. Necə ki, bu gördüyün günəşin işığı vasitəsilə yeriyirik,
görürük, yaxşını pisdən ayırırıq, qızınırıq. Ağaclar, bağlar onun
sayəsində meyvə sahibi olur. Acı meyvələr onun istiliyi ilə yetirir,
dada gəlir. Qızıl, gümüş, ləl, yaqut mədənləri onun təsiri ilə
meydana çıxır. Vasitələrlə bizə bu qədər yardım edən günəş əgər
bizə bir qədər yaxınlaşsa, heç bir fayda verməyəcəyi bir yana,
hətta bütün dünyanı və insanları yandırar, qovurar» («Fihi
ma fih»).
«NƏQQAŞ İDİ NƏQŞDƏN MURADI»
Əsl
aşiqlər yaradılanı Yaradana görə seviblər. Onlar damlanın arxasında
ümmanı görə biliblər. Mövlana yazır: «Məcnunun zamanında gözəllər
vardı və onlar Leylidən daha gözəl idilər. Fəqət Məcnun bunlara
sevgi göstərməmişdi. Ona «Leylidən daha gözəlləri var. Bunlardan
birini gətirək» deyəndə «Mən Leylini zahiri gözəlliyinə görə sevmirəm.
O, görünüşdən ibarət deyil. Leyli mənim əlimdə qədəh kimidir.
Mən o qədəhdən şərab içirəm və o şəraba aşiqəm. Sizin gördüyünüz
sadəcə, qədəhdir, şərabdan xəbəriniz yoxdur» demişdi». Eyni fikir
– yəni yaradılanı Yaradana görə sevmək, Füzulidə belə ifadə olunub.
«Nəqqaş idi nəqşdən muradı». Yəni naxışı bu naxışın yaradıcısına
görə sevirdi. Nəqqaş deyəndə yaradıcı – Allah nəzərdə tutulur.
FİZİKİ GÖZƏLLİK ETALONU
Cənnətlə bağlı ayələrdə həm içkinin, həm də qadınların təsvirində
forma və məzmun haqqında danışılır. İçkinin forması deyilir («Ağappaq
bir içkidir bu»), ardınca məzmunu açıqlanır: «İçiləndə ləzzətlidir,
başağrısı vermir, ağılı başdan çıxarmır». Yəni forma gözəlliyi
yetərli deyil, o, məzmunla bütünləşməlidir. Qadınlar barədə fiziki
gözəllik etalonu isə belədir: «Yanlarında irigözlü qadınlar var,
əl dəyməmş yumurta sayaq bəmbəyazdılar» (Saffət 45-49).
Amma bəlli olsa da ki, cənnətdə yalnız gözəl məzmunlu məxluqlar
ola bilərlər (cənnətə girməyə layiqdirsə, şübhəsiz, məzmunu da
örnək olacaq səviyyədədir), zahiri gözəllik təsviri bitən kimi,
məzmunun da ideal olduğu həmən vurğulanır: «yalnız öz taylarına
zillənmiş baxışları». Beləliklə, forma və məzmun vəhdətdə götürülür.
Amma insanların cənnətlə mükafatlanmasına səbəb olacaq cəhətlər
qismində təbii ki, gözəl boy-buxundan söhbət gedə bilməz. Çünki
gözəl zahiri görkəm hansısa mükəlləfiyyətin yerinə yetirilməsi
ilə, insan iradəsi ilə əldə edilmir, ona görə də əcrə səbəb olmur.
Vurğulananlardan hamısı insanın öz iradəsi ilə həyata keçirilən
əməllərdir. Bunlardan bir qismini sadalayaq: «Gözəl söz söyləmək»
(Baqara, 263), «İman edib gözəl əməl işləmək»
(Yunus, 26), «Ağlını gözəlcə işlətmək» (Yunus
100), «gözəl davranmaq» (Məidə, 13),
«Allaha gözəl-gözəl borc vermək» (Müzzəmmil, 20),
«pisliyi ən gözəl tərzdə uzaqlaşdırmaq» (Fussılət, 34),
«Rəbbinin yoluna hikmət və gözəl bir öyüdlə çağırmaq» (Nəhl,
125), «ən gözəl bir biçimdə mücadilə etmək» (Nəhl,
125), «gözəl kəlam» (İbrahim, 25)...
YARADICILARIN ƏN GÖZƏLİ
Dünyada hər bir məxluq sözün dar mənasında yaradıcılıqla məşğuldur.
Arılar, termitlər, ağcaqanadlar, hörümçək... inşa edir, hörür,
bəzək vurur. Amma yaradıcılıq deyəndə ilk ağıla gələn insandır.
Yer üzünün xəlifəsi, daha mükəmməl əsma tərkibinə malik insan
yaradılmışların əşrəfi kimi rənglər, musiqi səsləri, sözlər və
sairə ilə gözəlliklər yaradır. Amma bu gözəlliklər Uca Yaradıcının
əsərləri ilə müqayisədə çox aşağıdır. Füzulidə belə bir müqayisə
var: pəhləvanlar yel qanadlı atlarını minib cövlana çıxanda uşaqlar
da bir çubuğa ip bağlayıb onu at kimi minirlər. Bu müqayisə burada
da yerinə düşər. Uca Tanrı Özünün ən gözəl yaradıcı olduğunu deyir:
«Bax, nə şanlıdır o Allah, YARADANLARIN ƏN GÖZƏLİ!» (Muminin,
14). Onun yaratdıqlarında nöqsan arayan heç nə tapa bilməz:
«O Rəhmanın yaratdıqlarında heç bir nizamsızlıq görə bilməzsən.
Haydı, çevir gözünü, görə bilərsənmi bir çat, bir qüsur? Sonra
gözünü təkrar-təkrar çevir, o gözə gücsüz, yorğun halda sənə dönər»
(Mulk, 3). Bütün gözəlliklərin qaynağı Allahdır. Onun
Özü kimi, YARATDIQLARI DA GÖZƏLDİR: «Allahdır yaratdığı hər şeyi
gözəl yaradan» (Səcdə, 7). HÖKMÜ GÖZƏLDİR: «Allahdan
daha gözəl kim hökm verə bilər e'tiqadlı bir qövm üçün?» (Məidə,
50). BOYASI GÖZƏLDİR: «Sən Allahı boyasına bax. Kim Allahdan
daha gözəl boya vura bilər?» (Baqara, 138). KİTABI,
SÖZLƏRİ GÖZƏLDİR: «Allah sözün ən gözəlini uyumlu və ahəngli bir
kitab olaraq endirdi» (Zumər, 23). ADLARI GÖZƏLDİR:
«Ən gözəl adlar Allahındır. Onun üçün siz Onu onlarla çağırın»
(Əraf, 130). Rəhman, Rəhim, Mühsin, Haqq, Alim...
Gözəlliyin mənbəyi Odur: «Sənə gözəllikdən nə çatırsa, bil ki,
Allahdandır» (Nisa, 79)
|