Son
illər əhalinin dini inancları ilə bağlı yaranan tendensiyalardan
biri də əski türk inanc sisteminə olan həvəs və nostaljidir. Və
bu yanaşmada iki xətti ayırmaq lazım gəlir: səmimiyyətlə yanaşmadan
və informasiyasızlıqdan doğan bir nisgil, tanrıçılığı və digər
əski inancları xilaskar ideologiya, islamı isə mühafizəkar, tərəqqiyə
zidd bir düşüncə, ərəb fenomeni kimi təqdim etməyə yönəlìiø çox
təhlükəli tendensiya.
Artıq şaman dualarının vəsfləri bədii ədəbiyyatımızda yer alır,
ideallaşdırma cəhdləri olur və ictimai-siyasi həyatımızdakı problemlərin
səbəbini bugünümüzdə təşəkkül tapan antimilli, antimüsəlman cəmiyyətdə
yox, şamançılıqdan, tanrıçılıqdan uzaq düşməyimizdə axtarma halları
da görünür. Axtarış yaxşıdır, amma Molla Nəsrəddinin evdə itirdiyi
üzüyü həyətdə axtarması tipində yanaşmalar mübahisə predmeti ola
bilər və olmalıdır.
Nədən
ayrı düşmüşük?
|
Şamanlar |
Bütün səmavi dinlər,
özlüyündə, əslindən uzaqlaşdırılmış bir dinin variasiyalarıdır
deyə bilərik. Elə bəşəriyyət tarixi üçün o qədər böyük zaman olmayan
bir neçə yüz ildə «İncil»də meydana çıxan dəyişmələr, onlarla
variantın yaranması, orda Allah haqda təsəvvürlərin nə qədər dəyişməsi
bəllidir. Bəşəriyyətə göndərilən və insan müdaxiləsindən qorunan
Quranımızda bütün millətlərə, xalqlara öz dillərində danışan peyğəmbərlər
göndərildiyi («Hər bir millətin bir peyğəmbəri vardır» (Rad,
7); «Öz qövmünün dilində göndərdik hər peyğəmbəri, aydınlatsın
ayələri soydaşlarına» (İbrahim, 4), Allahın dininin
bir olduğu («Haqq dininə tut üzünü, Allahın fitrətilə yoğrulu
dinə doğru. İnsanları yaradanda onların fitrətini bu dinlə yoğurmuş
O. Allahın dini dəyişməzdir. Doğru yola biçili bir dindir bu.
Fəqət onun birliyini bilmir əksər adamlar» Rum, 30)
vurğulanır.
|
Türk
döyüşçüsü |
Bütün xalqlara ilahi
əmr gəlib, Allahın birliyi, dünya və axirət haqda biliklər göndərilib.
Amma islam istisna olmaqla, bütün hallarda insan müdaxiləsi bu
dinləri əslindən uzaqlaşdırıb. Və demək olar ki, bütün hallarda
Allah haqda verilən informasiya iki istiqamətdə saxtalaşdırırlıb
–ya Ona şərik(lər) qoşulub, ya da antropomorfizmə (insanlaşdırmaya)
məruz qalıb. Yəhudilər Üzeyiri Allahın oğlu adlandırıb, xristianlar
İsanı. Zərdüştilikdə Ali Yaradıcı kimi götürülən Ervanın iki oğlunun
olduğu deyilir: Hürmüz, Əhrimən. Məlumdur ki, islamdan öncə türklərin
tanrıçılıq adlandırılan inancı olub. Bu inancı əks etdirən heç
bir yazılı kitab qalmadığından, onun izlərini Orxon-Yenisey kitabələrindəki
mətnlərdən və türk mifologiyasından almaqla bəzi nüanslarla müqayisə
apara bilərik. Biz əvvəlcə tanrıçılıqda əsl dindən qaldığını güman
etdiyimiz bəzi cəhətlərə diqqət yönəltmək istərdik.
Göy
Tanrı inancı
Orxon-Yenisey kitabələrində
Allah kimi nəzərdə tutulan Göy Tanrı bütün insanları yaradan və
həm də onlara vaxt qoyan (yaşayış müddəti), dünyada hər şeyi öz
nəzarətində saxlayan ilahi güc kimi götürülüb. Quranda Allahın
verdiyi güclə, sayca az olanların yağılara qalib gəlməsi haqda
ayələr var. Hətta «Fil» surəsində Əbabil quşlarının fillərin üzərinə
nömrələnmiş daşlar yağdırmasından, nəticədə düşmənin məhâ edilməsindən
danışılır. Runik abidələrdə də belə məqamlara rast gəlirik. «Tanrı
güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək imiş, yağısı qoyun
tək imiş» (Kültigin abidəsi, şərq tərəf, sətir 12).
Və ya: «Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını
xaqansızlaşdırmış, yağını tabe eləmiş, dizlini çökdürmüş, başlını
səcdə etdirmiş». Allahdan başqa heç kəsdə qüdrət və qüvvətin olmaması,
bütün qələbə və məğlubiyyətlərin, uğur və uğursuzluqların Allahın
iradəsi ilə olduğuna işarə: «Türk oğuz bəyləri, xalqı, eşidin:
üstdə Tanrı əzməsə, altda yer dəlinməsə, türk xalqını, elini,
qanununu kim dağıdar?» (Kültigin, şərq tərəf, 22).
Quranda da hər bir xalqın yalnız öz yolundan sapdığı halda Allahın
qəzəbinə məruz qalması, «zalım qövmü Allahın doğru yola çəkməməsi»
haqda ayə var.
Quranda kainatı, bütün
insanları Allahın yaraòdığı və hər bir kəsin, hətta bitkinin belə
taleyinin, yarpağın düşməsinin belə Onun nəzarəti altında olduğu
deyilir. Runik abidələrdə də xeyirin və şərin Tanrıdan gəlməsi,
bütün məsələlərdə Tanrıya təvəkkül inancının olduğunu görürük:
«İnsan övladı hamısı yaranıb ki, Göy tərəfindən qoyulmuş vaxtda
ölsün» («Bilgə Kağan» abidəsi). Və ya: «Kiçik
qardaşım Kültigin həlak oldu. Düşündüm. Görən gözüm görməz tək,
bilən biliyim bilməz tək oldu. Özüm düşündüm: «Bəxti Tanrı yazar,
insan övladının hamısı ölümlü yaranmış» (Kültigin, şimal
tərəf, 10-cu sətir). Ölümdən sonrakı həyat, yəni Qiyamətdə
dirilməyə inamın izləri də var deyilən abidələrdə.Qurandaki «Sizi
yaradan Odur, O da dirildəcək» fikri və bunun göylərdə olması
yenə həmin Kültigin abidəsində belə ifadə olunub: «Göylərdə diri
edilənəcən...» (Kültigin, cənub-şərq tərəf, cümlə yarımçıq
qalıb). Elə adıçəkilən abidələrdə olan yad qarışıqları
atıb, yuxarıdakı örnəkləri götürəndə, belə inanc yaranır ki, bu,
bir təktanrılıq inancıdır.
Tanrıçılıqda da cəbr
yox, iradə məsələsinin olduğunu görürük. Yəni Tanrı xalqa və fərdə
seçim iradəsi verib, hər kəsin hərəkət və ya hərəkətsizliyi, ləyaqətli
və ya ləyaqətsiz davranışı taleyin yaxşıdan pisə və əksinə dəyişməsinə
səbəb ola bilər. Daha bir diqqətəlayiq məqam ondan ibarətdir ki,
Türk xalqına xas bir keyfiyyət var ki, bu Göy Tanrı tərəfindən
bəyənilən bir keyfiyyətdir və ondan vaz keçilməsi onun qəzəbinə
səbəb olur. Bu inancda da Quranda olduğu kimi, Allahdan başqa
qüvvələrdən qorxmaq bəyənilməz keyfiyyətdir. Köləlik təqdir olunmur:
«Tabe olduğum üçün Tanrı öl demiş. Türk xalqı öldü, məhv oldu»
(Tonyukuk abidəsi, 1-ci daş, 3-cü sətir). Yenə həmin
abidədə oxuyuruq: «Tanrı yar olduğu üçün «onlar çoxdur» deyib
qorxmadıq». (Tonyukuk abidəsi, 1-ci daş, 40-cı sətir).
Bununla yanaşı həmin abidələrdə söz sahibi kimi Yer-Sub,
Humay və başqa ilahələrin də adı çəkilir, abidə yazıldığı vaxt
artıq Göy Tanrı haqda antropomorfik təsəvvürlərin möhkəm olduğu
görünür.
|
Orxon-Yenisey
kitabəsi |
Sonralar Göy Tanrı inancı
başqa formada da üzə çıxıb. Məşhur rus alimi Potapov Ayas xan
adında görünən göyü təmsil edən bir varlıqdan da bəhs edir. Onun
dediyinə görə qamlama zamanı Ayas xanı «aylı kündü Ayas kağan»
- aylı-günlü Ayas xan adlandırırlar. Belə çağırış-dualardan birində
deyilir: «ağ puluttı ağırqan» - «ağ buludları diyirləyən». Başqa
bir yerdə isə «səhər tezdən çıxan Günəş və gecə işıq verən Ayın»
onun qərarı və əmri ilə «Ayas kağanın yarqısı» ilə olduğu deyilir.
Bu, Quran ayəsi ilə səsləşir: «Günəş və Ay hesab ilədir» (Rəhman,
4). Bir başqa yerdə onun Ayı və Günü hərəkət etdirdiyi
deyilir («aydı-kündü yılıştıqan»). Beləliklə, Ayas xan görünən
atmosferin və işıqlı səma cisimlərinin ağası kimi təsvir olunur.
Belə hesab edilir ki, Ayas xan obrazı Göy Tanrı haqda təsəvvürlərin
altaylardakı qalığıdır. Potapovun bir fikrinə isə heç cürə haqq
qazandırmaya bilmirsən: «Elə ki qədim türklərin dövləti öz düşmənlərinə
məğlub olmağa başladı, Tanrı kultu da zəiflədi və ikinci dərəcəli
göy ilahları meydana çıxmağa başladı».
Mifoloji təsəvvürlər
Türk mifoloji qanaqlarında
tanrıçılıqdan qalanlar isə belədir. Dünyanı on yeddi ilah idarə
edir. Bunlar aşağıdakılardır: Göy Tanrı, Yer-Sub, Humay, Erlik,
Yer, Su, Od, Günəş, Ay, Ulduz, Hava, Bulud, Külək, Qasırğa, Şimşək
və İldırım, Yağış, Göy Qurşağı (monqollarda bir qədər fərqlidir,
onlar kainatı 99 ilahənin idarə elədiyini düşünürdülər). Göy Tanrını
ədalətli, mərhəmətli, bağışlayan, amma yeri gələndə cəza verən
kimi təsəvvür edirdilər. Ona yalvaranda əlləri yuxarı tutar, diz
çöküb səcdə edərdilər. Dua edərdilər ki, Tanrı can sağlığı və
ağıl versin, ədalətli mübarizədə onlara qələbə nəsib eləsin. Başqa
məsələlərdə yardımı Tanrıdan istəməzdilər. Tanrıya köməkçilər
qoşulmuşdu və hər sahədə duanın konkret ünvanı vardı.
Qədim türklər onu da
düşünürdülər ki, insan özü aktiv olmalıdır. Çünki Tanrı ona sayğı
ilə yanaşanlara və çalışqanlara yardım edir. Tanrının həm də xaqanlara
taxt-tac və ağıl verməsi inancı vardı. «Bilgə xaqan» abidəsinin
özündə belə Tanrı ilə yanaşı alternativ güc mənbələrindən də yardım
istəndiyi görünür: «Atamın ölümündən sonra türk Tanrısının və
türk müqəddəs Yer-Subunun yardımı ilə özüm xaqan oldum». «Göydə
türk Tanrısı və türk müqəddəs Yer-Subu dedilər: «Qoy türk xalqı
ölməsin, məhv olmasın. Xalq olsun».
«Yer-Sub»
dedikdə türklər görünən dünyanı düşünürdülər və «Yer-Sub» bəzən
Vətən anlamına da gəlirdi. Belə düşünülürdü ki, Vətənin insan
üzərində haqqı var. Vətənə xəyanətdən ona görə çox qorxardılar.
Çünki Yer-Subun hallallığı olmadan insanın xoşbəxt ola biləcəyini
düşünə bilmirdilər. Bu və ya digər xalq haqqında Tanrı qərar çıxaranda
isə Vətəndən də rəy soruşulması hər kəsi diqqətli olmağa məcbur
edirdi. Qədim türklər Yer-Subu qadın olaraq təsəvvür edirdilər.
Bəlkə də «ana vətən», «ana torpaq» ifadələri də o inancdan qalıb.
Başqa bir ilahə olaraq
isə Humay qəbul edilmişdi. Onu qadın kimi təsəvvür
edirdilər və sanırdılar ki, bu xeyirxah ilahə Göy Tanrının zövcəsidir.
Humayın göydə yaşadığı güman edilirdi. Hesab edilirdi ki, Humay
insanlara şüa saçır. Bu şüa insanın bədəninə daxil olur və ölənədək
orada qalır. Bu, bir enercidir. Qədim türklər Humaya ev heyvanlarından
qurban kəsməzdilər. Onun üçün ət və süd yeməkləri bişirərdilər.
Qədim türk dövlətlərinin süqutu ilə Humay ilahə də transformasiyaya
uğradı və indi Altay türklərində doğan qadınların və çağaların
hamisi statusunda qalıb. Düşünürlər ki, Humay ana olmasa, pis
ruhlar gedib ana bətnində belə uşağa zərər vura bilər.
Yer.
Qədim türklər Yer ilahəsini də Göy Tanrının həyat yoldaşı sayırdılar.
Qədim türk mifoloji təsəvvürlərində (monqollarda da belədir) insanları
Tanrının Yer ilahəsi ilə nikahının nəticəsi kimi götürürdülər.
Hesab edirdilər ki, Yer ana kimi insanı doyurur. Öləndə isə öz
ağuşuna alır. Yazda təsərrüfat ili öncəsi və payızda – məhsul
yığımından sonra Yerə təşəkkür edərdilər – süd, qımız və çayı
yerə çiləməklə.
Su.
Qədim türklər Suyu Yerin böyük bacısı sayırdılar. Çünki kosmoqonik
əfsanəyə görə, əvvəlcə təkcə Su varmış. «Səma ördəyi» suya baş
vurub oradan qum, gil və lil çıxarıb. Nəticədə quru - Yer yaranır.
Bundan sonra Tanrı torpaqdan kişi, kişinin qabırğasından isə (islamda
olduğu kimi) qadın yaradır.
Od.
O vaxtkı türklər Odu Tanrının nəvəsi, Günün oğlu hesab edirdilər.
Yerdə yaşasa da, öləndən sonra tüstü şəklində göyə getməsi ata-babaya
doğru hərəkət sayılırdı.
Gün.
Tanrının Yerdən olan oğlu sayılırdı. Qədimlərdə türklər arasında
Günəşi qarşılama mərasimi də vardı. Hunlar çadırın üzünü Günə
tərəf qurardılar. Qədim türklər dua edəndə üzlərini Günə tərəf
tutardılar.
Ay.
Göy Tanrının Yerdən olan qızı sayılırdı.
Qədim türklərdə tanrıçılığın
o qədər də qədim olmadığını düşünmək olar. Çünki türk mifologiyasında
evli olaraq təkcə Göy Tanrıdan söz açılır. Amma qədim yunanlar
hələ eramızdan 8 -10 əsr əvvəl həddi-büluğa çatmış bütün «allah»larını
evləndirmiş, qudalıq əlaqələri qurmuş, üstəlik, insanlarla da
nikah əlaqəsinə girməyə «macal tapmışdılar».
|