Qurani-Kərimdə
90 yerdə keçən «leyl» insana ibrətlərlə dolu ən mühüm Tanrı ayələrindən
biri kimi təqdim olunur. Dəfələrlə ona and içilərək sözə başlanması
da göstərir ki, gecə məfhumu ontoloci, dini və psixoloci cəhətdən
çox dərin mənalar daşıyır. Quran insanlıq dünyasına gecə enib:
...Mübarək bir gecədir o... Min aydan daha qiymətli bir gecədir
o .. (Duhan 1-7; Qədr 1-3).
İnsanların Yaradıcı Qüdrətə
ən çox yaxınlaşmasının yolçuluğu olan İsra da gecə vaxtı baş verib.
«Ən seçkin kəlmələrlə yüksəldirik o qüdrəti ki, ən seçkin qulunu
bir gecə Məscidi-haramdan Məscidi-əqsaya apardı» (İsra
1).
Quran gecənin Allah yolçuları
baxımından daşıdığı qüdrətə mübarək üslubu ilə daha praktik açıqlamalar
da gətirir: «Gecələr yuxudan ayılanda qulağın eşitdiyini ürəyin
duyar, sözlər daha aydın olar. Gündüzlər çoxlu-çoxlu işlər qatar
başını [Qur'an oxumağa vaxtın az olar]» (Müzzəmmil 6-7).
Və: «Gecənin bir vaxtı oyan və yalnız sənə aid olan namazı
da qıl. Bəlkə, həmd edilən bir məqama qovuşdura Rəbbin səni bununla»
(İsra 79).
Gecənin ilahi aləmə bağ
qurmaqda yeri və dəyəri barədə çoxlu hədislər də var. Gecələrin
bu özəlliyi və gözəlliyi nədərdir? Təsəvvüfün bu suala verdiyi
cavab belədir: «Gündüzlər insanı şəhadət aləminə, gecələr qeyb
aləminə bağlayır. Yaradıcı bir ruh üçün qeyb aləminə bağlanmağın
ifadə edəcəyi anlam isə söyləməyə ehtiyac yoxdur ki, çox böyükdür».
Gecə qılınan namaza Qurandan
alınan bir deyimlə təhəccüd deyilir. Tarix boyu bütün yaradıcı
ruhlar üçün gecələr ən yüksək hədəflərə çatma zamanı olub. Təkcə
dini mətnlər yox, dünya ədəbiyyatının bütün şah əsərləri də birbaşa
və ya dolayısı ilə gecənin verdiyi ilhamdan söz açırlar. Təsəvvüf
ədəbiyyatı gecəni müqəddəsləşdirən pasaclarla doludur. İnsanlığın
böyük övladı Mühyəddin ibn əl-Ərəbi (ölümü 1240) çağları aşan
əsəri «Fütuhat»da gecələri izah etməyə səhifələr ayırır. Biz burada
Mövlanadan bir neçə sətir verməklə kifayətlənəcəyik: «Gecələr
yeri, çünki gecələr sənə sirlər yolunu göstərir, Gecə yad gözlərdən
gizlənmişdir» («Rübailər»); «Gecələr ruhlar məqamlarına
çatır, məqsədlərinə yetir. Gecənin qədrini bilib anlayan insan
gündüz kimi aydın bir könül əldə edir. Mustafa kimi qaranlıq gecədə
arılıq (saflıq) aramağa başla» («Divani-Kəbir» 1\.66).
|