Rəhman
və Rəhim Allahın adıyla
1. Ha mim.
2. Güclü, hər şeyi bilən
Allah nazil eləmiş bu Kitabı,
3. günahlardan keçən,
tövbələri qəbul edən, cəzası şiddətli olan, ne'məti bol olan Allah.
Ondan başqa tanrı yoxdur. Onun da dərgahına axır dönəcək hamı.
4. Kafirlərdən savayı
heç kəs Allahın ayələri barədə mübahisə eləməz. Qoy səni çaşdırmasın
onların bu ölkədə arxayın gəzməsi, arxayın dolanması.
5. Onlardan öncə Nuh
qövmü də, bundan sonra gələn ayrı-ayrı tayfalar da danmışdılar
peyğəmbərləri. Hər ümmət öz peyğəmbərini öldürmək istəmişdi. Haqqı
batil ilə yoxa çıxarmaq üçün mübahisə edərdilər. Mən də yaxaladım
onları. Göstərdim onlara nə imiş verdiyim cəza.
6. Kafirlərin od əhli
olduqları barədəki Rəbbinin sözü gerçəkləşdi beləcə.
7. Həmd oxuyar Rəblərinə
ərşi daşıyanlar, onun dövrəsində olanlar. İnanırlar Allaha, məğfirət
diləyirlər iman gətirənlərə: «Rəbbimiz! Hər şeyi bürümüş rəhmətin,
elmin Sənin. Tövbə edənləri, Sənin yolunla gedənləri bağışla.
Cəhənnəm əzabından qoru onları!
8. Rəbbimiz! Söz verdiyin
Adn cənnətlərinə sal onları, atalarını, zövcələrini, soylarından
əməli saleh olanları. Təkcə Sənsən güclü olan, müdrik olan.
9. Pisliklərdən qoru
onları. O gün pisliklərdən kimi qoruyursansa, rəhmət eləmiş olursan
ona deməli. Budur o böyük qurtuluş!»
10. «Bir-birinizə bəslədiyiniz
kin-küdurətdən Allahın qəzəbi daha böyükdür. Sizi imana çağırırdılar,
sizsə küfr eləyirdiz» deyilər kafirlərə.
11. «Rəbbimiz! Bizi iki
dəfə öldürdün, iki dəfə diriltdin. E'tiraf elədik suçlarımızı.
Bizdən ötrü çıxış yolu varmıdır?» deyər kafirlər.
12. «Allahın adı tək
olaraq ayrıca çəkiləndə buna küfr eləyirdiz. Ona şərik qoşulanda
inanırdız. Ucadan uca Allahındır, uludan ulu Allahındır bu gün
hökm» deyilər onlara.
13. Odur sizə mö'cüzələr
göstərən, göydən ruzi göndərən. Allaha üz tutan kimsələrdən savayı
ibrət alan tapılmaz.
14. Təkcə Allaha dua
eləyin, təkcə Ona könül verin, Kafirlərəsə bu xoş gəlmir gəlməsin.
15. Bəndələrindən istədiyi
birisinə vəhy eləyir kəlamını ərşin yiyəsi, ən ali məqam yiyəsi
Allah. Vəhy eləyir ki, hamıya öncədən bildirsin bu bəndəsi o görüş
gününün gəlməyini.
16. O gün hər şey faş
olar, heç kimsənin bir şeyi gizli qalmaz Allaha. «Kimdir bu günün
yiyəsi?» «Tək olan qəhhar Allahdır!»
17. Hər kəsə öz əməlinə
görə verilər cəza bu gün. Heç kimə haqsızlıq edilməz bu gün. Hesabı
tez aparandır Allah.
18. Yaxınlaşmaqda olan
qiyaməti xəbər ver onlara. Yrəkləri ağızlarına gələr, qəhərdən
boğular o gün onlar. Zalımlara o gün nə bir dost tapılar, nə də
sözü eşidələcək bir iltimasçı.
19. Gözlərin xəyanətini,
ürəklərin gizlisini bilir Allah.
20. Haqq ilə hökm eləyər
Allah. Allahdan başqaları adına tapındıqlarısa heç nəyə hökm eləyən
deyillər. Şübhəsiz, təkcə Allahdır hər şeyi eşidən, hər şeyi görən.
21. Bir gəzələr, dolaşalar
yer üzünü, baxalar necə olmuş axırı öncəki nəsillərin. Bu nəsillər
onlardan daha güclü idilər, onlardan daha çox qurub yaratmışdılar
yer üzündə. Günahlarına görə yaxaladı onları Allah. Allahın əzabından
bir qoruyan tapılmadı onları.
22. Aşkar dəlillərlə
gələn peyğəmbərlərini danmışdılar. Allah da yaxaladı onları. Şübhəsiz,
güclüdür O, şiddətlidir cəzası.
23. Ayələrimizlə, aşkar
bir dəlillə göndərmişdik Musanı
24. Fir'onun, Həmənin
və Qarunun yanına. «Fırıldaqçı cadubazdır» dedilər.
25. Haqq gətirib gəlmişdi
dərgahımızdan. Dedilər: «Öldürün onunla bir iman gətirənlərin
oğullarını, sağ buraxın qadınlarını». Kafirlər özlərini işə salıb
saparlar doğru yoldan.
26. «Qoyun öldürüm Musanı,
o da çağırsın Rəbbini. Qorxuram sizləri dininizdən döndərə, yer
üzündə fəsad törədə» dedi Fir'on,
27. «Təkəbbürlü olan,
haqq-hesab çəkilən günə inanmayan hər kimsənin şərindən məni Allah
Özü qorusun. Sizin də, mənim də Rəbbimdir O. Mən Ona sığınıram»
dedi Musa.
28. Fir'on ailəsindən
olan və imanını saxlayan bir mö'min kişi söylədi: «Rəbbim Allahdır»
deyən kimsənimi öldürmək istəyirsiz? Aşkar dəlillər gətirmiş sizə
öz Rəbbinizdən. Yalan danışarsa əgər, yalanı öz şərinə. Düz danışarsa
əgər, sizə dediklərinin bə'zisi başınıza gələ bilər. Həddini aşan
fırıldaqçını doğru yola yönəltməz Allah.
29. Ey qövmüm! Bu gün
yer üzündə [Misirdə] hökmranlıq sizindir. Qalib gələn sizsiniz.
Ancaq Allahın qəzəbinə düşərsək, kim bizə yardım edəcək?» Fir'on
dedi: «Bundan başqa sizə bir yol görmürəm. Sizə yalnız doğru yolu
göstərirəm».
30. O mö'min kimsə dedi:
«Ey qövmüm! Qorxuram siz də ayrı-ayrı firqələri andıran o qövmlərin
gününə düşəsiz,
31. Nuh, Ad və Səmud
qövmlərinin və onlardan sonrakıların başlarına gələnlər sizin
də başınıza gələ. Bəndələrə zülm diləyən deyil Allah.
32. Ey qövmüm, sizdən
ötrü hay-haray yüksələn günün gəlməyindən qorxuram,
33. Arxaya baxmadan qaçacağınız
o gün bir kimsə tapılmaz qoruya sizi Allahın əzabından. Allahın
azdırdığı kimsəni doğru yola heç kim yönəldə bilməz.
34. Daha öncə Yusuf da
aşkar dəlillərlə gəlmişdi sizə. Sizsə şəkk gətirirdiz onun gətirdiyinə.
O həlak olan zaman «Ondan sonra peyğəmbər göndərməz daha Allah»
demişdiniz. Həddini aşan şəkkakı beləcə azdırar Allah.
35. Əllərində dəlil-fərman
olmadan mübahisə eləyirlər Allahın ayələri barədə. Bu, Allahı
da, iman gətirənləri də qəzəbləndirər. Və hər təkəbbürlü yekəpərin
ürəyini möhürlər Allah».
36. Fir'on dedi: «Ey
Həmən, bir qüllə ucalt mənim üçün, bəlkə oradan göyə çıxa bilim,
37. göylərin yollarına
yetişə bilim, Musanın Tanrısını görə bilim. Əlbəttə ki, mən onu
fırıldaqçı sanıram». Bərbəzəkli göründü Fir'ona pis əməli, kənar
düşdü doğru yoldan beləcə. Mütləq boşa çıxacaqdı Fir'onun qurğusu.
38. O mö'min adam dedi:
«Ey qövmüm, mənim ardımca gəlin doğru yola çəkim sizi.
39. Ey qövmüm, bu dünya
həyatı gəlimli-gedimlidir. Axirət evisə qalımlıdır. 40. Kim pis
bir iş görərsə, gördüyü qədər də alar öz cəzasını. İman gətirib
yaxşı işlər görənlər, istər qadınlar olsun, istər kişilər, cənnətə
girərlər. Və hesabsız ruzi verilər onlara orada.
41. Ey qövmüm, bu nə
işdir, mən sizi qurtuluşa çağırıram, sizsə məni od içinə də'vət
eləyirsiz.
42. Siz məni Allahı danmağa,
bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsız, mənsə sizi güclü
olan, çox günahdan keçən Allahın yoluna də'vət edirəm.
43. Şübhəsiz, ibadət
eləməyə çağırdığınız o bütlər dünyada da, axirətdə də cavabsız
qoyarlar yalvarışları.
44. Bir zaman anarsız
sizə dediklərimi. Allaha tapşırıram mən öz işimi. Şübhəsiz, bəndələri
görəndir Allah!»
45. Onların qurğusunun
pis axırından o mö'min kimsəni qorudu Allah. O pis əzab isə haqladı
Fir'onun adamlarını.
46. Səhər-axşam yanar
odu göstərərlər onlara. Elə ki, yetişdi qiyamət günü mələklərə
əmr olunar: «Ən şiddətli əzaba salın Fir'onun adamlarını».
47. Od içində bir-birilə
mübahisə edərkən zəiflər təkəbbürlü başçılara deyərlər: «Bizlər
sizə tabe olan kimsələrdik. İndi yetərmi gücünüz bir qədər azaldasız
əzabımızı?»
48. Təkəbbürlü başçılarsa
deyərlər: «Hamımız od içindəyik. Artıq bəndələrə hökmünü vermiş
Allah».
49. «Rəbbinizə yalvarın
heç olmazsa bircə günlüyə azaltsın əzabımızı» söyləyər od içində
olanlar cəhənnəm mə'murlarına.
50. «Məgər aşkar dəlillərlə
sizə gəlməmişdimi peyğəmbərləriniz?» söyləyər onlara cəhənnəm
mə'murları. «Bəli, gəlmişdi» deyərlər. «Elə isə di özünüz yalvarın»
deyər mə'murlar. Boşa çıxar kafirlərin yalvarışı.
51. Dünya həyatında da,
şahidlərin şahidlik edəcəyi gündə də mütləq yardım eləyərik peyğəmbərlərə,
iman gətirənlərə.
52. Zalımların üzrxahlıq
etməyinin o gün artıq nə mə'nası. Lə'nət düşər, axirət evinin
ən pis bir əzabı düşər nəsibinə onların.
53. Doğru yolu nişan
verən peyğəmbərlik bəxş elədik Musaya. Tövrata varis elədik İsrail
oğullarını.
54. Doğru yolu göstərir,
öyüd verir ağlı olan kəslərə o Kitab.
55. Səbrli ol, haqdır
Allahın və'di. Günahının bağışlanmasını dilə. Səhər-axşam öy Rəbbini.
56. O kəslər ki, əllərində
dəlil-fərman olmadan Allahın ayələri barədə mübahisə eləyirlər,
heç vaxt nail ola bilməyəcəkləri bir böyüklük gəzdirərlər ürəklərində.
Sən Allaha sığın. Hər şeyi eşidən, hər şeyi görən Odur.
57. Göylərlə yerin yaradılması
insanların yaradılmasından daha böyük bir şeydir. Ancaq bunu bilməyir
əksər adamlar.
58. Korla görən, iman
gətirib saleh işlər görənlə pislik eləyən bir deyil. Bu barədə
az-az düşünürsünüz.
59. Şübhə yox, mütləq
gələcək qiyamət günü. Amma əksər adamlar inanmayır o günə.
60. «Mənə dua eləyin
duanıza cavab verim. O kəslər ki, Mənə ibadət eləməkdən təkəbbürlə
yayınırlar, alçalaraq cəhənnəm içinə girərlər» deyə buyurmuş Rəbbiniz.
61. Gecəni sizinçün rahatlıq
zamanı, gündüzü iş zamanı eləyən Allahdır. Lütfkardır insanlara
Allah. Amma onların çoxu naşükürlük eləyirlər Allaha.
62. Hər şeyi yaradan
Rəbbiniz budur. Ondan başqa tanrı yoxdur. Bəs niyə aldanaraq imandan
yayınırsız?
63. Allahın ayələrini
danan kimsələr aldanaraq imandan yayınırlar beləcə.
64. Sizinçün yeri məskən,
göyü uca bina eləyən, sizə görkəm verən, görkəminizi gözəl eləyən,
tərtəmiz şeylərdən sizə ruzilər verən Allahdır. Rəbbiniz Allah
budur. Ucalardan ucadır, aləmlərin Rəbbidir Allah.
65. O diridir, əbədidir.
Ondan başqa tanrı yoxdur. Təkcə Ona ibadət eləyin, təkcə Ona könül
verin. Həmd olsun Allaha, aləmlərin Rəbbinə.
66. De ki, «Allahdan
başqaları adına tapındığınız şeylərə ibadət eləmək mənə yasaq
yazılmış. Mənə aşkar dəlillər gəlmiş Rəbbimin dərgahından. Mənə
əmr edilib təslim olum aləmlərin Rəbbinə».
67. Sizi torpaqdan, sonra
nutfədən, sonra da qan laxtasından yaradan, sonra çağa olaraq
dünyaya çıxaran, sonra yetkinlik çağına yetişdirən, sonra da qocaldan
Odur. Bə'ziniz qocalmadan vəfat eləyir. Yazılı bir əcələdək yaşayırsız
hamınız. Bəlkə bunları bir düşünəsiz?
68. Can verən, can alan
Odur. Nə istəsə, «Ol» desə olasıdır.
69. Məgər görməzmi oldun,
Allahın ayələri barədə mübahisə eləyən kimsələr necə kənar salınırlar
imandan?
70. Kitabı dananlar,
göndərdiyimiz elçilərə verdiklərimizə inanmayanlar mütləq görəcəklər
cəzalarını.
71. Buxovlar, zəncirlər
vurular boyunlarına, sürərlər onları
72. qaynar suyun içinə,
sonra da od içində yandırarlar onları.
73. Və onlardan soruşarlar:
«Hanı bəs o şəriklər ki,
74. qoşurdunuz Allaha?
«Gözümüzdən itmişlər. Biz əslində əvvəllər heç nəyə ibadətdə deyildik»
deyərlər. Kafirləri beləcə azdırar Allah.
75. «Ona görə verilir
ki bu əzab, nahaqqa tapınırdınız, bunda sevinc tapırdınız, şadlıq
keçirirdiniz» deyilər onlara –
76. «Cəhənnəmin qapılarından
keçin içəri. Əbədilik qalacaqsız orada. Pisdən pisdir təkəbbürlük
edənlərin yuvası!»
77. Səbrli ol, haqdır
Allahın və'di, Onlara və'd etdiyimiz əzabın bir qismini sənə göstərsək
də, yaxud bundan öncə səni vəfat etdirsək də qaçılmazdır onların
düçar olacağı o əzab. Bizim dərgahımıza axır dönəcəklər axı.
78. Biz səndən öncə də
peyğəmbərlər göndərmişdik. Kimindən danışdıq sənə, kimindən danışmadıq.
Hər bir elçi hər hansı bir ayəni yalnız Allahın iznilə gətirməyə
qadir idi. Allah əmrin verəndə ədalətlə bitər iş. Və ziyana uğrayar
batilpərəst kimsələr.
79. Miniyiniz olalar
deyə, ətlərindən yeyəsiz deyə heyvanları sizdən ötrü yaradan Allahdır.
80. Başqa işlərdə də
karınıza gələr onlar. Yrəyinizin istəyinə çatdırarlar bellərində
sizi. Bir yerdən başqa yerə daşıyar sizi heyvanlar və gəmilər.
81. Sizə Öz dəlillərini
göstərir Allah. Onun dəlillərindən hansılarını, deyin danırsız?
82. Bir gəzələr, dolaşalar
yer üzünü, baxalar necə olmuş axırı öncəki nəsillərin. O nəsillər
bunlardan daha güclü idilər, yer üzündə daha çox qurub-yaratmışdılar.
Bir fayda gətirməmiş onlara qazancları.
83. Aşkar dəlillərlə
peyğəmbərləri gələn zaman onlara, lağ etdilər elçilərin elminə.
Və haqladı onları lağa qoyduqları o əzab.
84. Gücümüzü görən zaman
dedilər: «Təkcə Allaha iman gətirdik. Ona qoşduğumuz şəriklərə
küfr elədik».
85. Gücümüzü görən zaman
gətirdiyi imanları fayda vermədi onlara. Bu, Allahın bəndələri
barədəki əzəli qanununa görə belə oldu. İtirən kafirlər oldu,
nə oldusa onlara oldu.
|