Fütüvvət
«fəta» sözündən düzəlib və «fəta yolu» mənası verir. «Fəta» isə
Qurani-Kərimdə «gənc», «kölə» mənalarında işlənib və İbrahim peyğəmbərə,
Yusif peyğəmbərə, Əshabi-Kəhfə ünvanlanıb. «Fəta» anlayışı Quranda
və başqa qaynaqlarda bir ideal insan tipi kimi təqdim olunur.
«Bir cavan var, İbrahimdir adı» (Ənbiya, 60); «Mağaraya sığınmışdı
o cavanlar. Dedilər: Rəbbimiz, dərgahından bizə rəhmət bəxş elə
və bizə bir çıxış yolu tap düşdüyümüz bu işdən» (Kəhf, 10); «Şübhəsiz,
Rəblərinə iman gətirən cavanlardı o kəslər. Biz də artırmışdıq
imanlarını.» (Kəhf, 13).
Qurani-Kərimdə Həzrəti İbrahim Nəmruda boyun əyməyib
bütləri qırdığı üçün, Əshabi-Kəhf batilə tabe olmayıb mağaraya
sığındıqları üçün, Həzrəti Yusif bütün təzyiqlərə baxmayaraq zina
etmədiyi üçün fəta (igid, mərd) adıyla anılıblar.
Orta əsrlərdə «fütüvvət»
dedikdə gənclik, igidlik, comərdlik, islamın tərif etdiyi əxlaqla
yaşama tərzi, dünyada və axirətdÿ xalqı nəfsindən üstün tutmaq
kimi özəlliklər göz önünə gələrdi. Bu təşkilatların islam ölkələrində
hicri II əsrdən yarandığı ehtimal olunur. Türklər arasında isə
on birinci əsrdən yayılmağa başlayıb. Ərəblərdə olan fütüvvət
ilə türklərin fütüvvətləri arasında əhəmiyyətli bir fərq olduğu
söylənilir. Ərəblərdə mərkəzi hakimiyyət zəiflədiyi zamanlar ərəb
fityan birlikləri siyasi hakimiyyətə qarşı güc göstərərək bundan
yararlanmağa çalışarmış. Türk fütüvvətləri fərqli bir iradə nümayiş
etdirər, sabitliyin qarntına çevrilərdilər.
İlk olaraq bir əxlaqi
anlayış olaraq başa düşülən fütüvvət bir sosial təşəkkül halını
aldıqdan sonra iqtisadi-sosial-dini-təsəvvüfi bir termin olaraq
qavranılıb. Ərəblərdə fütüvvət əhli-fəta, fətyan, şeyxləri əbu
fityan, seyyid əl-fütüvvə, farslarda isə daha çox vaxt cavanmərd
adı ilə tanınıb. Türklərdə adı çəkilənlərlə yanaşı ilk zamanlar
«alp», daha sonralar «ər», «igid» və «əxi» sözləri işlənilib.
Yunus Əmrə yazır:
Ey ərənlər, ey qardaşlar,
görün mən nə etdim, əxi,
Ərə irdim, əri
buldum, ər ətəyin dutdum, əxi.
«Əxi» sözü ərəbcə üxüvvət
sözündən olub «qardaşım» anlamındadır. Dar dairədə işlənən öz
terminləri də olub. Məsələn, yol sözü ürf, adət, törə mənasında
işlənirdi. Fütüvvəni pozana isə yolsuz deyərdilər. Həmin söz müasir
Türkiyə türkcəsində indi də işlənilir. Tələbənin mürşidini Yol
Ata, mütləq seçilməsi məcbur sayılan iki dostu isə Sağ Yol Qardaşı
və Sol Yol Qardaşı adlanırdı. Dilimizdə bü gün də işlənən sağdış
və soldış sözəlrinin bu sözlərin təhrif olunmuş şəkli olması şübhə
doğurmur. Fütüvvət ədəb və ərkanını anladan əsərlər fütüvvətnamə
adlanırdı.
Əslində islamı qəbul
edəndən sonra fütüvvət adı ilə tanınan bu təşkilat sırf ərəb fenomeni
deyildi. Türklərdə fütüvvətin mənşəyi islamdan əvvəl mövcud olan
alplıq, ata-babalıq, ağsaqqallıq təsisatlarından qaynaqlanmış,
islamı qəbul edərkən bu təsisatlar da islamlaşmış, yeni adla tanınmışdır.
Ölkədə nə vaxt mərkəzi hakimiyyətdə boşluq yaranırdısa, fütüvvət
indiki terminologiya ilə desək, konstruktiv müxalifət funksiyasnı
yerinə yetirib, bu boşluğu doldurar, dövlətçiliyə təminat verər,
qarışıqlıqları nizamlayar, qiyamları yatırar, dövlətçiliyin qarantı
kimi çıxış edədilər. Fütüvvət əhli mənasında paralel olaraq «əxi»
sözü də işlənib. Əxilərdən ilk söz açan müəlliflərdən biri Cüllabi
Xuciviridir (XI əsr). O, indiki İran ərazisində o vaxtın ən məşhur
əxisi (əxi sözü fütüvvət əhli mənasında işlənir) kimi Fərəc Zəncani
adlı bir nəfərdən söz açır. Müəllif bu şəxsin milliyyətindən danışmır,
amma iranlı təsəvvüfçülərin ən böyüyü olduğunu deyir. Fərəc Zəncaninin
Azərbaycan türkü, eyni zamanda Nizami Gəncəvinin müəllimi olması
haqda məlumatlar da var. Bu fikirdə olanlardan biri də məşhur
Dövlətşah Səmərqəndidir. Nizami Gəncəvinin əxilər təşkilatı ilə
əlaqəsi haqqında isə araşdırmaçılarımız yazıb.
Fütüvvət şüarlarından
biri də «bəylər qapısına getməmək» idi. Ona görə təşkilat üzvləri
daim siyasilərdən uzaq olardılar. Nizami Gəncəvinin nə qədər dəvət
olunsa da, saraya getmədiyi bəllidir. Adətən, dövlət adamlarının
təşəbbüsü ilə olan görüşlər isə ya təkyələrdə (zaviyələrdə), ya
da ən yaxşı halda neytral bir yerdə keçirilərdi. Nizami Gəncəvinin
Qızıl Arslanla görüşünün sarayda yox, Gəncənin otuz ağaclığında
baş tutmasının da bununla bağlı olduğunu güman etmək olar.
İranın şimalı və Xorasan
tərəflərdə yaranan fəta tipi cavanmərdlik adlanırdı. Keykavus
öz «Qabusnamə»sinin bir fəslində bu məsələdən bəhs edir. Onun
fikrincə, bütün insanlarda ağıl, doğruluq və igidlik sifətləri
var. Amma hər kəsdə bu gözəl sifətlərdən eyni dərəcədə olmur.
«Xalqın bir qismi güclü bədənə, bir qismi bədənə və cana, bir
qismi bədənə, cana və duyğuya, bir qismi isə həm bədənə, həm cana,
həm duyğuya və həm də mənaya məzhər olur.» Bədəni daha çox inkişaf
etdirən ayyarlar, sipahilər və bazarçılardır ki, müəllif bunlara
cavanmərd adını verir. Əyyarların ən cavanmərdi igid, səbirli,
sözündə duran, namuslu, heç kəsə zərər verməyən, əsirlərə əl uzatmayan,
çarəsizlərə ehsan edən, pis işdən çəkinən, bəlanı səbirlə qəbul
edən olurmuş. «Qabusnamə»də təsvir edilən cavanmərdlər fütüvət
əhli ilə eynidir. Əbdülbaqi Gölpınarlıya görə, fütüvvət əhlinin
geyimi, hətta təsəvvüf əhlinin xirqəsi belə zərdüştilikdən keçmiş
və islamlaşmışdır.
Fütüvvət bütün cəmiyyəti
əhatə edəcək bir təşkilatlanmaya malik idi. Cəmiyyət yeddi sosial
təbəqəyə bölünürdü: dövlət adamları, üləmalar, əhli-füqəra (mütəsəvviflər),
mal və mülk sahibləri, əkinçilər, tacirlər, əsnaf və sənətkarlar.
Hər bir sosial zümrədə üç mərtəbəli bir təşkilatlanma icra edilirdi:
igid, əxi, şeyx. Bu üç mərtəbənin də üç pilləsi vardı: İgidlikdə
əhbab, nim-tarik, müfrədi; əxilikdə başarış, naqib, naqibün-nüqəba;
şeyxlikdə xəlifə, şeyx, şeyxüş-şüyux. Beləliklə, fütüvvətdə ilk
pillə əhbab, son pillə isə şeyxüş-şüyuxdur. Bir pillədən digərinə
keçiddə «xidmət», «ləyaqət» və «icazət» olmaq üzrə üç əsas gərək
olurdu. Deyildiyi kimi, fütüvvət müxtəlif sənətdən olan həmkarları
bir yerə toplayırdı. Çoxyönlü bir təşkilat olduğundan onu kimi
təriqət, kimilərsə əsnaf təşkilatı adlandırıb. Əxlaqi dəyərlərə
çox üstünlük verdiklərindən təriqət sayanlar daha çox olub.
Təşkilata ruh verən düşüncə sistemi din və təsəvvüf idi. Fütüvət
yeni bir əxlaq icad etməmişdi, mənsublarına islam əxlaqını təlqin
edirdi. Eyni zamanda insanları çalışmağa, əməyə dəvət edirdi.
Bunu qəbul etməyən fütüvvətçi ola bilməzdi: «Əxiyə bir sənət gərəkdir,
məşğul ola. Əgər peşəsi yoxdursa, ona fütüvvət əhli deyilməz»
deyərdilər. Çünki fütüvvət əhli insanlara xidmət edən, nəticədə
insanların və Allahın rizasını qazanan adam deməkdir. Fütüvvətçilərin
kredosu belə idi: «Hər kəsin bir sənəti olmalıdır. Əl əməyi ilə
qazanılandan halal bir qazanc yoxdur. Ar ediləcək bir sənət yoxdur.
Ən böyük ar sənəti olmamaqdır. Peyğəmbərlərin hamısının sənəti
olub. Adəm əkinçi, dəmirçi, İdris dərzi, Nuh gəmiçi, İbrahim baqqal,
Musa çoban və s.» Bir sənət sahibi olma tələbi hansı zümrəyə daxil
olmasından asılı olmayaraq hamıya şamil edilirdi. Nağıllarımizdakı
bir sıra süjetlərdə bunun izinə rast gəlirik. Məsələn, nağıllarımızın
birində Şah Abbasın bir qıza evlənmək istəməsindən bəhs olunur.
Ona şah olsa belə, bir sənət sahibi olmadığına görə qızı verə
bilməyəcəklərini söyləyirlər. Şah yalnız xalçaçılıq sənətinə yiyələndikdən
sonra arzusuna çata bilir. Orta əsr müəllifləri belə bir hadisənin
Qazi Osmanla bağlı həqiqətən baş verdiyini yazırlar. Şeyx Ədəbalının
qızına aşiq olan Qazi Osman onunla qohum olub eyni zamanda əxilərin
nüfuzundan yaralanmaq istəyir. Şeyx ona bir sənət öyrənmək şərti
qoyur. Qazi Osman bəy yalnız ayaqqabı tikməyi öyrənəndən sonra
arzusuna çatır. (Mehmet Öndər, «Tariximizdə əxilik gələnəkləri
və əsnaf loncaları»)
Amma elə sənətlər vardı
ki, onların sahibləri fütüvvət üzvü ola bilməzdi və ya seçmə yolu
ilə, istisnalarla alınardılar. Məsələn, münəccimlər bütün işləri
yalan üzərində qurulduğuna görə fütüvvətə yaxın buraxılmırdılar.
Dəllallar da arzuolunmaz sayılırdı. Çünki onlar fütüvvət şərtlərindən
olan «vəfa»ya sadiq deyillər. Alış-veriş zamanı xalqın yox, mal
sahibinin mənafeyini qoruyurlar. Dostluqları mənfəətə görədir.
Qəssablar işləri qan tökmək olduğuna qəbul edilməzdilər. Bəzi
istisnalar da olurdu. Hər qırx heyvan kəsəndən sonra bir qurban
kəsən, min heyvan kəsəndən sonra isə bir köləni azad edən qəssabların
fütüvvəyə qəbul edilmələri haqda məlumat da var. Ovçular tələ
qurmaq, tor qürmaq məşğuliyyəti səbəbindən, möhtəkirlər qıtlıqdan
istifadə edib pul qazandıqları üçün qəbul edilmirdilər. Bundan
başqa, peşəsindən asılı olmayaraq bütün spirtli içki içənlər,
pis nəzərlilər (naməhrəmə pis nəzərlə baxanlar), qeybətçilər,
paxıllar, böhtançılar, oğrular və cahillər də sənətindən asılı
olmayaraq təşkilata üzv ola biləmzdi.
Səlcuqilər dövründə meydana
çıxan fütüvvə təşkilatı siyasilər də daxil hamının hesablaşdığı
bir avtoritet idi. Onlar zaviyələrə (təkyələrə) çəkilib sənətləri
ilə məşğul olur, dövlət üçün bir təhlükə olduğu zaman isə silaha
sarılırdılar. Tarixçilər monqollar Qeysəri şəhərini mühasirəyə
alanda əxilərin onlarla ciddi döyüşlərə girməsi haqda məlumat
verirlər. Əxilər əsnafı toplayıb monqollara basqın etmişlər. Ərciyəz
dağı ətəyindəki Battal məscidi ətrafında yalnız bir erməninin
monqollara casusluq etməsi nəticəsində şəhəri qorumaq planı pozulmuşdu.
(Osman Turan. «Səlcuqilər zamanında Türkiyə», səh. 440-441.)
Səlcuqilər dövründə dövlətin gəlir gətirməyən sahələrdə olan problemlərini
də fütüvvət əhli pulsuz olaraq həll edirdi: təhsil, asayiş, hərbi
kataklizmlər zamanı sabitlik yaratmaq işini onlar həyata keçirirdilər.
Qazi Osmanın oğlu Orxan Qazinin ölümündən sonra Ankarada qarışıqlıqlar
başlayanda əxilər hakimiyyəti götürmüş və I Murada təhvil vermişdilər.
Sultan I Murad yeniçərilərin ilk nüvəsini fütüvvətçilərin yardımı
ilə yaratmışcı. Ona görə ilk yeniçəri qiyafəsi də fütüvətçi qiyafəsi
idi. Sonralar hakimiyyətdə türk olmayanların Fuat Köprlünün təbiri
ilə desək, «atsız və soysuzların» çoxalması nəticəsində və imperiya
maraqlarının önə çəkilməsi, mərkəzi hakimiyyəti möhkəmlətmək üçün
görülən bir sıra tədbirlər nəticəsində təşkilatda zəifləmə meylləri
özünü göstərirdi.
Səlcuqilər dövründə olduğu
kimi, Osmanlı imperatorluğu dövründə də siyasi hakimiyyət problemlərlə
üzləşdikdə fütüvvət əhlindən kömək istəyərdi. Əxilər qurduqları
kəndlərə öz adlarını verir, əl əməkləri ilə dağ başında yer açır,
bağ-bağça salır, zaviyələrdə padşahları qəbul edərdilər (Ömər
Lütfi Barkan, «Kolonizator türk dərvişləri» səh. 20-21).
On beşinci əsrdən etibarən dövlət orqanları ilə birgə işləməyə
başlayandan fütüvvələrin düzəni pozulur, güclü mərkəziyyətə malik
imperatorluq qurulması işində əxilərin iştirakı təşkilatı rəxnəyə
salır və pozulmalar başlayır. Bu vaxtlar yaradılan fütüvvənamələr
də bu ehtiyacdan yaranmışdı. Fütüvvətin qayda və qanunları – ədəb
və ərkanı xatırladılır, sanki həyəcan təbili çalınırdı. Hakimiyyətdə
yer alan təşkilat içinə haram qatılmış bir halal kimi dağılmağa
başladı.
|