Rəhman
və Rəhim Allahın adıyla
1. Ha mim.
2. Rəhman, Rəhim nazil
eləmiş bu Kitabı.
3. Ayələri anlayanlar
üçün ərəbcə Qur'an olaraq birər-birər açıqlanan Kitabdır bu.
4. Mücdə verir, xəbərdarlıq
eləyir. Bundan üz çevirmiş əksər adamlar. Eşitməz olmuşlar haqq
kəlamını.
5. «Bağlıdır ürəyimiz
sənin çağırdığına, ağırlıq var qulaqlarımızda, pərdə var səninlə
aramızda. Sən öz işində ol. Biz də öz işimizdəyik» dedilər.
6. De ki, «Mən də sizin
kimi bir bəşərəm sadəcə. Mənə vəhy olunur, Tanrınız tək Tanrıdır.
Ona doğru düzlənin, Ondan məğfirət diləyin». Vay halına müşriklərin!
7. Zəkat verməz onlar.
Məhz onlardır axirəti dananlar.
8. O kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, əyərsiz-əskiksiz bir əcir gözləyir
onları.
9. De ki, «Yeri iki gündə
[bazar və bazar ertəsi] yaradanımı danırsız, Onamı şəriklər qoşursuz?
Aləmlərin Rəbbidir O».
10. Möhkəm duran dağlar
qurdu yer üzündə, bol sulu, sərvətli-bərəkətli elədi yer üzünü
və dörd günün [çərşənbə axşamı, çərşənbə] tamamında paylaşdırdı
yer üzünün yetirdiyi qidaları ruzi istəyənlər üçün.
11. Sonra göyə yönəldi.
Dumandı, buxardı göy. Göyə, yerə «Gəlin Mənim buyruğuma könüllü
ya könülsüz» dedi. «Könüllü gəldik» dedilər.
12. İki günün içində
[cümə axşamı, cümə] göyü yeddi elədi. Hər göyə öz işini vəhy ilə
bildirdi O. Ulduzlarla bəzədik yaxın göyü, şeytanın şərindən qoruduq
onu. Belə qərar vermişdi güclü olan, hər şeyi bilən Allah.
13. Haqdan üz döndərsələr,
de ki, «Ad və Səmud qövmünü məhv eləmiş ildırıma bənzər bəlanın
sizin də başınıza gələcəyini artıq xəbər verdim sizə».
14. Elçilər keçmişdilər
onların qabağından, dalından, Demişdilər: «Təkcə Allaha ibadət
eləyin». «Rəbbimiz diləsəydi əgər, mələkləri göndərərdi bizə.
Sizinlə göndəriləni biz danırıq» demişdi onlar.
15. Ad qövmünə gəlincə,
yer üzündə haqsız yerə təkəbbürlük etmişdilər. Demişdilər: «Kimdir
bizdən güclü olan?» Onları yaradan Allahın özlərindən daha güclü
olduğunu bilmirdilər, deyilmi? Ayələrimizi danırdılar beləcə.
16. Güclü bir qasırğa
göndərdik nəhs günlərdə üstlərinə. Göndərdik ki, bu dünya həyatında
rəzillik əzabını dadızdıraq onlara. Axirət əzabısa daha çox alçaldıcıdır.
Yardım eləməzlər onlara.
17. Səmud qövmünə gəlincə
isə, Biz onlara doğru yolu göstərmişdik. Gəlməkdənsə doğru yola,
kor olmağı daha üstün tutdular. Qazandığı günahlara görə alçaldıcı
əzabın ildırımı vurdu onları.
18. Xilas elədik iman
gətirənləri, Allahdan çəkinənləri.
19. Allahın düşmənlərini
o gün yığıb bir yerə cəhənnəmə sürərlər.
20. Çatdılarmı oraya,
onların gördükləri işlər barədə qulaqları, gözləri və dəriləri
şəhadət verər.
21. Dərilərinə deyərlər:
«Niyə əleyhimizə şəhadət verirsiniz?» «Bizi Allah danışdırdı,
hər şeyi dindirmiş O. Sizi ilk dəfə yaradan da Odur. Onun da dərgahına
dönəcəksiz axırı» deyər dərilər.
22. Gördüyünüz pis işlərdən
əl çəkmirdiniz ki, qulaqlarınız, gözləriniz, dəriləriniz də əleyhinizə
şəhadət verməyəydilər. Elə bilirdiniz elədiyinizin çoxundan xəbəri
yox Allahın.
23. Rəbbinizin haqqında
bu zənnə görə məhv elədi sizi O. İtkiyə uğrayanların cərgəsində
oldunuz.
24. İstər səbr eləsinlər,
istər eləməsinlər, artıq od içidir yeri onların. İstəsələr də
onlardan razı qalalar, alınmaz.
25. Onlara şeytanları
dostlar elədik. Bərbəzəkli göstərdilər onlara dünyanın və axirətin
işlərini. Cinlərin və insanların öncəki nəsillərinə verilmiş olan
o və'd onlara da haqq oldu. İtkiyə uğradılar,
26. Kafirlər dedilər:
«Bu Qur'ana qulaq asmayın. Oxunurkən boş-boş sözlər danışın, səsinizi
qaldırın, bəlkə üstün gələsiz, oxuyanın səsini kəsəsiz».
27. Şiddətli bir əzab
daddıracağıq kafirlərə, gördükləri işlərin ən pisinə qarşılıq
olaraq verəcəyik cəzalarını.
28. Cəhənnəmdir cəzası
Allahın düşmənlərinin, od içində əbədiyyət evi vardır onların.
29. Kafirlər od içində
dedilər: «Rəbbimiz! Hansı cin, hansı insan azdırmış bizi, göstər,
ayağımız altına alaq onu, alçaldaq onu».
30. «Rəbbimiz Allahdır»
deyəndən sonra doğru yolu tutanların yanına mələklər can almağa
gələn zaman deyərlər: «Qorxub eləməyin, qəm-qüssə də yeməyin.
Sizə və'd verilən cənnətin mücdəsilə sevinin.
31. Dünya həyatında da,
axirət evində də biz sizə dost-yoldaşıq. Yrəyinizdən nə keçirsə,
meyliniz nə çəkirsə var orada sizdən ötrü.
32. Bunların hamısına
sizi qonaq eləyər günahlardan keçən, Rəhim Allah».
33. Allah yoluna çağıran,
yararlı bir iş görən və «Mən özümü Allaha təslim edənlərdənəm»
söyləyəndən daha gözəl kim söz deyər?
34. Yaxşılıqla pislik
bir deyil. Pisliyi daha gözəl xislət ilə dəf elə. Bir də baxarsan
düşmən kəsilən kəs yaxın bir dost olmuş sənə.
35. Təkcə səbr yiyəsinə
verilən vergidir, təkcə böyük savab yiyəsinə verilən vergidir
gözəl xislət.
36. Yolundan çıxarmaq
istəsə səni şeytan, sığın Allaha. Hər şeyi eşidən, hər işi bilən
Odur.
37. Onun varlığının dəlillərindəndir
gecəylə gündüz, günəşlə ay. Nə günəşə, nə aya səcdə qılmayın.
Allaha ibadət eləyirsizsə, bunları yaradana səcdə qılın.
38. Təkəbbürlük göstərsələr,
üzülmə, bil, Rəbbinin dərgahında olan mələklər gecə-gündüz usanmadan
öyərlər Onu.
39. Qupquru görürsən
torpağı, bir də baxırsan su göndərdik üstünə, canlandı, qabardı
torpaq. Torpağa can verən Allah ölüləri də dirildəndir, şübhəsiz.
Bu, Allahın qüdrətinin dəlillərindəndir. Şübhəsiz, hər şeyə qadirdir
O.
40. Yayınmaz gözümüzdən
ayələrimizi yalan sayıb bunlardan yayınanlar. Kimin vəziyyəti
daha yaxşıdır, qiyamət günü od içinə atılanınmı, arxayın-arxayın
bu günə gələninmi? Nə istəyirsizsə eləyin, işləklərinizi görəndir
O.
41. Qur'an gələn zaman
onu dananların cəzasını verəcəyik. Qüdrətli bir Kitabdır o, şübhəsiz,
42. Ondan öncə və sonra
bir kitab gəlməmiş ki, Qur'anı təkzib eləyə. Müdrik olan, öyülməyə
layiq olan Allahın göndərməsidir bu Kitab.
43. İndi sənə deyilənlər
səndən öncəki elçilərə də deyilmişdi bir zaman. Günahlardan keçəndir,
ağrılı cəza verəndir Rəbbin, şübhəsiz.
44. Əcəmicə [qeyri-ərəb
dilində] göndərsəydik Qur'anı, deyərdilər: «Bunu necə anlayaq,
açıqlanmalı deyilmi məgər bu Kitabın ayələri birər-birər? Nəyə
görə bu Qur'an əcəmicədir, Peyğəmbərsə ərəbdir?» De ki, «Doğru
yolu göstərəndir bu Kitab iman gətirənlərə, şəfa verəndir ürəklərə».
Ağırlıq var qulaqlarında, pərdə var gözlərində imansızların. Elə
bil lap uzaqdan çağırırlar onları.
45. Musaya da Kitab verdik.
Bu Kitabın barəsində çəkişməyə başladılar biri-birilə. Rəbbinin
öncədən dediyi bir sözü olmasaydı, artıq verilmişdi hökm onların
arasında. Bu Kitaba şəkk gətirib şübhə içində vurnuxurlar.
46. Kim saleh iş görərsə,
bu onun xeyrinə, kim fəna iş tutarsa, bu onun şərinə. Şübhəsiz,
bəndələrə zülm eləyən deyil Rəbbin.
47. Təkcə O bilir qiyamət
nə vaxt qopacaq. Ondan xəbərsiz heç bir meyvə mayalıqdan çıxa
bilməz, heç bir dişi hamilə qala bilməz, doğa bilməz. «Hanı bəs
Mənə qoşduğunuz şəriklər?» deyilən gün onlara «Sənə bildirmişik
ki, şərikinin olduğuna bizdən heç kim şahid deyil» deyərlər.
48. Əvvəllər ibadət elədikləri
gözlərindən itmişlər. Artıq yə'qin etmişlər əzabdan qaçacaq bir
yeri yoxdur daha onların.
49. Özünün xeyrinə olaraq
dua eləməkdən usanan deyil insan. Bir şər iş ilişəndə ona, mə'yus
olar, ümidsiz düşər.
50. Düşdüyü sıxıntıdan
qurtarıb dadızdırsaq ona dərgahımızdan verdiyimiz rəhməti, «Bu
mənim haqqımdır, güman eləmirəm qiyamət qopa. Rəbbimin dərgahına
dönəcək olsam da belə, cənnətə girərəm orada» söyləyər. Nə iş
tuturdularsa mütləq bildirəcəyik kafirlərə, ağır bir əzabı mütləq
dadızdıracağıq onlara.
51. Elə ki, insana ne'mət
veririk, böyüklük iddiasında olub Bizdən üz çevirir, ibadətdən
kənar düşür. Və şər bir iş ilişəndə ona, yalvarır uzun-uzadı.
52. De ki, «Allahın dərgahından
gəlmiş bu Qur'an. Sizsə onu danırsız. İndi deyin görüm, haqdan
ayrılaraq uzaq düşəndən daha çox azmış kim ola?»
53. Nə qədər ki, Qur'anın
haqq olduğu aydın olmamış insanlara, varlığımızın ətrafda və onların
öz içində olan dəlillərini elə hey göstərəcəyik onlara. Yetməzmi
hər şeyə Rəbbinin şahidliyi?
54. Bilin, Rəblərinə
qovuşacaqlarına kafirlər şəkk gətirirlər. Bilin, hər şeyi almış
içinə Onun bilgisi.
|