Rəhman
və Rəhim Allahın adıyla
1. Açıq-aşkar zəfər vermişik
sənə.
2. Vermişik ki, sənin
keçmiş və gələcək günahlarını bağışlasın, tamamlasın sənə olan
ne'mətini, doğru yola yetirsin səni Allah.
3. Və güclü bir yardım
göstərsin sənə Allah.
4. Mö'minlərin imanını
artırmaq üçün onların ürəyinə arxayınlıq gətirən Odur. Allahındır
göylərdəki və yerdəki ordular. Hər şeyi biləndir, müdrikdir Allah.
5. Mö'min kişilərlə qadınları
içindən çaylar axan cənnətlərə salar O, oralarda əbədilik qalarlar.
Onların təqsirlərindən keçər O. Budur o böyük qurtuluş Allahın
dərgahında.
6. Allahın barəsində
pis bir zənnə düşən münafiq kişilərlə qadınların, bütpərəst kişilərlə
qadınların cəzalarını Allah Özü versin. O pis gümanları öz başlarına
gəlsin. Qəzəblənmiş, lə'nətləmiş, cəhənnəmi hazırlamış onlara
Allah. Pisdən pis yerdir ora.
7. Allahındır göylərdəki
və yerlərdəki ordular. Güclüdür, müdrikdir Allah.
8. Biz səni göndərmişik
şahidlik eləyəsən, müjdə verəsən, xəbərdarlıq eləyəsən.
9. Siz də Allaha və Rəsuluna
iman gətirin, Rəsula yardım göstərin. Uca tutun adını, səhər-axşam
öyün Allahı.
10. Allaha bey'ət gətirmiş
olur sənə bey'ət gətirənlər. Əlləri üstünə qoyduğun əlin Allahın
əlidir. Andından dönən kimsə öz şərinə dönmüş olar. Allaha verdiyi
əhdinə vəfa eləyən kimsəyə böyük bir əcir verəcək O.
11. Savaşdan qalan bədəvilər
«Malımızı-mülkümüzü, ailəmizi qorumaqla məşğul idik. Allahdan
məğfirət dilə bizim üçün» deyəcəklər sənə. Yrəyində olmayanı deyir
dilləri. De ki, «Sizə bir zərər, ya bir yarar vermək istəsə Allah,
Onun qarşısını kim kəsə bilər? İşləklərinizdən xəbərdardır Allah».
12. Siz elə zənn elədiniz
öz əhlinin içinə daha qayıtmaz olar Rəsulla mö'minlər. Yrəyinizə
yatımlı pis bir zənnə düşmüşdünüz. Bununla da özünüzü məhvə məhkum
elədiz Allahın dərgahında.
13. Allaha və Rəsuluna
iman gətirməyən kəs bilsin, şiddətli bir alov hazırlamışıq kafirlərə.
14. Allahdır göylərin,
yerin yiyəsi. İstədiyi kimsəni bağışlar, istədiyi kimsəyə əzab
verər. Günahlardan keçəndir, Rəhimdir Allah.
15. Qənimət dalınca siz
gedən zaman savaşdan qalan kəslər «Qoyun biz də sizinlə bərabər
gedək» deyəcəklər. İstəyirlər dəyişələr Allahın kəlamını [qənimətin
yalnız bey'ət gətirən mö'minlər üçün nəzərdə tutulduğunu bildirən
Allahın əmrini]. De ki, «Bizim ardımızca getməyəcəksiz. Sizə belə
buyurmuş öncədən Allah». Deyəcəklər: «Xeyr, belə deyil. Bəllidir,
siz bizə həsəd aparırsız». Az bir qismindən savayı əslində bunların
hamısı anlamaz kimsələrdir.
16. Savaşdan qalan o
bədəvilərə de ki, «Güclü, qüvvətli bir qövmlə savaşa çağrılacaqsız.
Onlar müsəlmanlığı qəbul eləyincə savaşmalı olacaqsız. Bu əmrə
itaət etsəniz əgər, Allah sizə gözəl bir əcir verər. Ancaq öncəki
sayaq yenə də savaşdan çəkinsəniz, ağrılı bir əzaba uqradar sizi
O».
17. Ya kor, ya çolaq,
ya da xəstə bir adam savaşdan qalsa əgər, batmaz heç bir günaha.
Allaha və Rəsuluna itaətdə olan kəsi içindən çaylar axan cənnətlərə
salar O. Haqdan üz döndərəni ağrılı bir əzaba düçar edər O.
18. Ağac altında sənə
bey'ət gətirən mö'minlərdən razı qalmışdır Allah. Yrəklərində
olanı bilmiş, onlara arxayınlıq bəxş eləmiş və onlara və'd vermiş
ki, yaxın vaxtda bir zəfərə yetişəcəklər,
19. bol-bol qənimətlər
qazanacaqlar. Güclüdür, müdrikdir Allah.
20. Bol qənimət qazanacağınızı
və'd etmişdi sizə Allah. Və bunu dərhal sizə yetirdi ki, başqalarının
üstünüzə uzanan əllərini dərhal geri çəkdi ki, sizi doğru yola
yönəldə və dərs ola mö'minlərə sizin bu nümunəniz.
21. Ələ keçirməyə gücünüzün
çatmadığı və Allahın sizdən ötrü saxladığı başqa qənimətlər də
var. Hər şeyə qadirdir Allah.
22. Kafirlər sizinlə
savaşsaydılar, basılaraq qaçardılar. Nə bir dost tapılardı, nə
də bir yardım eləyən onlara.
23. Allahın bu qanunu
öncəki nəsillərə də aid idi. Dəyişməzdir Allahın qanunu.
24. Zəfəri sizə verəndən
sonra Məkkənin içində [hadibiyyədə] onların əlini sizdən, sizin
də əlinizi onlardan çəkərək savaşı saxlayan O idi. İşləklərinizi
görəndir Allah.
25. Kafirlik eləyən,
sizi Məscidi Harama yaxın qoymayan, qurbanlıq heyvanlarınızı qurbangaha
buraxmayan onlar idi. Sizin tanımadığınız mö'min kişilərlə qadınlar
vardı orada. Bilməməzlik üzündən onları əzə bilərdiniz, günaha
bata bilərdiniz. Onlar orada olmasaydılar, savaşın qarşısını almazdı
Allah. Allah belə elədi ki, rəhmətinin yazısına salsın istədiyi
kimsələri. Mö'minlərlə kafirlər aralanmış olsaydılar bir-birindən
ağrılı bir əzaba uğradardıq kafirləri.
26. Yrək yanğısıyla cahiliyyə
çağının təəssübünü çəkirdi kafirlər. Və bu zaman Rəsulla mö'minlərin
ürəyinə arxayınlıq saldı Allah. Və taqva kəlməsini söyləməyə [«Allahdan
başqa tanrı yoxdur və Muhamməd Allahın Elçisidir»] vacib bildi
mö'minlərə. Bu sözləri söyləməyə onlar daha layiqdilər. Hər şeyi
biləndir Allah.
27. Rəsulun rö'yasının
haqq olduğunu təsdiq eləmiş Allah. Allah qoysa əmin-amanlıq içində,
başlarınız dibindən qırxılı, yaxud saçlarınız qısadılmış halda
və qorxu hissi keçirmədən mütləq girəcəksiniz Məscidi Harama.
Sizin bilmədiyinizi bilir Allah. Sizə bundan başqa bir zəfər də
verəcək yaxında Allah.
28. Bütün dinlərdən haqq
dininin üstün olduğunu bildirə deyə Rəsulunu doğru yolu göstərən
Qur'an ilə göndərən Odur. Allahın şahidliyi hər şeyə yetərlidir.
29. Muhamməd Allahın
Elçisidir. Kafirlərə qarşı sərtdir, bir-birinə mehribandır onunla
bir olanlar. Görürsən necə əyilərək səcdəyə qapılırlar, Allahdan
fəzilət, razılıq diləyirlər. Onların kimliyi üzlərində səcdənin
qoyduğu izdən bilinər. Belələrinin vəsfi Tövratda da, İncildə
də verilmiş. Torpaqdan baş qaldırandan sonra bəslənib böyümüş,
qalınlaşmış, öz kökü üstündə möhkəm dayanmış və becərənlərin xoşuna
gələn bitkini andırır onlar. Artırdıqca artırar sayını onların
və bununla kafirləri acıqlandırar Allah. İman gətirənlərə, əməli
salehlərə məğfirət və'd eləmiş, böyük bir əcir və'd eləmiş Allah.
|