Rəhman
və Rəhim Allahın adıyla
1. Həmd olsun göyləri,
yeri yaradan, cüt qanadlı, üç qanadlı, dörd qanadlı, daha neçə
neçə qanadlı mələkləri elçilər eləyən Allaha. Yaratdığı xilqətinə
istədiyini artırar. Hər şeyə qadirdir Allah.
2. Allahın rəhmətindən
insanlara pay olaraq verdiyinin qarşısını heç kim tutub ala bilməz.
O şeyin ki, qarşısını Allah tutub saxlayar, heç kim göndərə bilməz
onu. Güclüdür, müdrikdir O.
3. Ey insanlar! Allahın
sizə olan ne'mətini hər an anın. Köydən, yerdən sizə ruzi göndərən
Allahdan başqa bir yaradan varmıdır? Ondan başqa tanrı yoxdur.
Bəs niyə aldanaraq imandan yayınırsız.
4. Səni danırlarsa, qoy
dansınlar. Səndən öncəki elçiləri də danmışdılar. Allaha qalar
bütün işlər.
5. Ey insanlar! Allahın
və'di haqdır. Sizi aldatmasın dünya həyatı. Allahın adıyla sizi
aldatmasın yalançı şeytan.
6. Sizə düşməndir şeytan,
şübhəsiz. Siz də ona düşmən kəsilin. Firqəsini, küfrdaşlarını
alov-alov dilimlənən od içinə çağırar şeytan.
7. Şiddətli bir əzab
gözləyir kafirlik eləyənləri. Məğfirət gözləyir, böyük bir əcir
gözləyir iman gətirənləri, saleh işlər görənləri.
8. Tutduğu pis əməl öz
gözünə bərbəzəkli görünən, bu əməli yaxşı iş güman eləyən kəs
məgər doğru yolu tutan kəsə taymı tutular? Şübhəsiz, dilədiyini
azdırar, dilədiyini doğru yola yönəldər Allah. Sən onların üzündən
üzülməyəsən. Onların işləklərini, şübhəsiz, bilir Allah.
9. Küləkləri göndərən,
buludları həyəcana gətirən Allahdır. Ölmüş bir ölkəyə sürərik
buludları, ölmüş ikən dirildərik torpağı. Dirildərik ölüləri beləcə.
10. İzzət arayıb gəzən
kimsə bilməli, bütünlükdə Allaha aiddir izzət. Gözəl sözlər Ona
doğru ucalar, bu sözləri qaldırıb Ona doğru ucaldan da düz əməldir.
O kəslər ki, hiylə qurub pis işlər törədirlər, şiddətli bir əzab
gözləyir onları. Boşa çıxar hiylələri.
11. Torpaqdan, sonra
da nutfədən yaratmış sizi və sonra sizi kişilər və qadınlar olaraq
var eləmiş Allah. Ondan xəbərsiz hamilə olmaz, doğmaz bir qadın.
Birinin uzun ömrü, o birinin qısa ömrü Allahın yazısında yazılmış.
Şübhəsiz, Allahın əlində bu çox asan bir işdir.
12. O iki dəniz bir-birinə
tay deyil. Şirindir, içməlidir birinin suyu, duzludur, acıdır
o birinin suyu. Hər birindən balıq tutub yeyirsiz, bəzək-düzək
şeyləri çıxarıb taxırsız. Bir bax, Onun ruzisini qazanasız deyə
dalğaları yara-yara necə üzür gəmilər. Bəlkə Ona şükr eləyəsiz?
13. Gecəni gündüzə, gündüzü
gecəyə qatır O. Günəşlə ayı tabe eləmiş Özünə, müəyyən bir vaxta
qədər hər biri axıb gedər. Rəbbiniz Allah budur. Var olan hər
şey Onundur. Ondan başqa kimlərə tapınırsızsa, bir xurma dənəsinə
belə sahib deyillər.
14. Eşitməzlər çağırsanız
onları. Eşitmiş olsalar belə cavab verməzlər sizə. Qiyamət günü
də şərik qoşmağınızı danar onlar, Heç kim sənə hər şeydən xəbərdar
Allah kimi olacağın xəbərini bildirə bilməz.
15. Ey insanlar! Möhtacsınız
Allaha. Təkcə Allahdır varlı olan, öyülməyə layiq olan.
16. İstəsə sizi aradan
götürər, yerinizə başqa xilqət gətirər.
17. Güc olmaz bu Allaha.
18. Başqasının günah
yükünü daşımaz heç kim. Yükü ağır günah yiyəsi nə qədər istəsə
də bir başqası daşıya onun yükünü, qohumu da olsa belə heç kim
bu yükdən bir şey götürməz. Sənin xəbərdarlığın yalnız o kəslərə
fayda verər ki, Rəblərini görməyə-görməyə Ondan qorxarlar, namaz
qılarlar. Paklanan kimsə yalnız öz xeyrinə paklanmış olur. Allahın
dərgahına axır dönəcək hamı.
19. Tay tutulmaz bir-birinə
korla görən,
20. qaranlıqlarla aydınlıq,
21. kölgəliklə bürkü.
22. Dirilərlə ölülər
də bir deyil. İstədiyi kimsəyə sözünü eşitdirər Allah. Səni isə
eşidə bilməz qəbirlərdə olanlar.
23. Sən xəbərdarlıq eləyən
bir elçisən sadəcə.
24. Biz səni elçi olaraq
haqq ilə göndərmişik müjdə verəsən, xəbərdarlıq eləyəsən. Keçmişin
özündə də elə ümmət olmazdı ki, xəbərdarlıq eləyən bir peyğəmbər
içində olmayaydı.
25. Səni danırlar, qoy
dansınlar. Öncəki nəsillər də danmışdılar onlara aşkar dəlillər,
yazılar və nur yayan Kitab gətirmiş peyğəmbərləri.
26. Mən də o kafirləri
yaxalamışdım, göstərmişdim onlara necə olur axırı Məni danmağın.
27. Göydən su göndərmiş
Allah. Görməzmi oldun bunu? Bununla rəngarəng meyvələr yetirmişik.
Biz dağlarda ağa, qırmızıya, sarıya, tünd qaraya, müxtəlif rənglərə
çalan iri-iri yollar açmışıq.
28. İnsanları, heyvanları,
mal-qaranı da müxtəlif rənglərdə yaratmışıq beləcə. Bəndələri
içində Allahdan yalnız üləmalar qorxarlar. Şübhəsiz, güclüdür,
günahlardan keçəndir Allah.
29. O kəslər ki, Allahın
Kitabını oxuyurlar, namaz qılırlar, verdiyimiz ruzidən gizlində
və açıqda Allah yolunda sərf eləyirlər, boşuna getməyəcək alış-verişə
ümid bəsləyən kimidir onlar.
30. Onların əcrini verər
Allah və Öz lütfündən pay olaraq artırar qazanclarını. Günahlardan
keçəndir, qədir-qiymət biləndir O.
31. Bu Kitabda sənə vəhy
verdiklərimiz öncəki Kitabları təsdiq eləyən haqq kəlamıdır. Şübhəsiz,
bəndələrinin hər işini biləndir, görəndir Allah.
32. Bəndələrimizdən seçdiyimiz
kimsələri bu Kitaba varis elədik. Onlardan kimi zülm eləyər özünə,
kimi babat davranar, kimi də Allahın iradəsilə hər xeyir işlərdə
qabağa düşər. Bu Kitab Onun böyük lütfünün ifadəsidir.
33. Adn cənnətlərinə
girər onlar. Qızıldan bilərziklər taxarlar, incilərlə bəzənib-düzənərlər,
ipək paltarlar geyərlər orada.
34. «Həmd olsun Allaha,
dərd-qəmi bizlərdən uzaq eləmiş. Günahlardan keçəndir, qədirbiləndir
Rəbbimiz» deyərlər.
35. «Öz lütfündən pay
olaraq əbədiyyət evinə yerləşdirmiş bizi. Buralarda əziyyətə,
yorğunluğa düşmərik».
36. Cəhənnəm odu da kafirlərin
intizarında. Onlara nə ölüm hökmü verərlər ki, ölələr, nə də yumşaldılar
onlara cəhənnəmin əzabı. Beləcə cəzalandırırıq kafir olan hər
kəsi.
37. «Rəbbimiz! Çıxar
bizi buradan, elədiklərimiz bir yana, başqa işlər, saleh işlər
görərik» deyə bağırarlar orada. «Öyüd alasız deyə sizə yetərincə
ömür vermədikmi, xəbərdarlıq eləyən o elçi də yanınıza gəlmədimi?
Di əzabı dadınız. Zalımlara yardım eləyən tapılmaz» deyərik o
zaman.
38. Şübhəsiz, göylərin,
yerin görülməzlərini bilir Allah. Yrəklərin içini biləndir O.
39. Odur sizi yer üzünün
xəlifələri eləyən. Küfr eləyənin küfrü öz əleyhinə. Kafirlərin
küfrü yalnız onlara Rəblərinin qəzəbini artırar. Kafirlərin küfrü
yalnız onların ziyanını artırar.
40. De ki, «Allahdan
başqa tapındığınız o bütlər ki var, göstərin yer üzündə nəyi var
etmiş onlar. Bəlkə göyləri Allahla şərikli yaratmış onlar? Yoxsa
onlara Kitab vermişik ki, bu da Onunla şərikliyə aşkar bir dəlil
ola?» Yalan və'dlər verər yalnız kafirlər bir-birinə.
41. Allahdır göylərlə
yeri məhv olmaqdan saxlayan. Yoxluğa üz tutdumu göylərlə yer,
Allahdan başqa heç kəs bunları tutub saxlaya bilməz. Həlimdir,
günahlardan keçəndir O.
42. Var gücüylə Allaha
and içmişdilər, xəbərdarlıq eləyən bir elçi göndərilsə onlara,
doğrudan doğru yolda gedən ümmət olacaqlar ümmətlər içində. Elə
ki, o elçi gəldi onlara, nifrətləri bir az da artdı, doğru yoldan
bir az da kənar düşdülər.
43. Başladılar yer üzündə
təkəbbürlük eləməyə, pis-pis işlər görmək üçün quramalar qurmağa.
Bəd niyyətli quramanın toruna tor quranın özü düşər. Öncəki nəsillərin
də taleyinə yazılmış qanunları yox, başqa qanunlarımı gözləyir
onlar? Dəyişiklik görməzsən Allahın qanununda, başqalaşma görməzsən
Allahın qanununda.
44. Bir gəzələr, dolaşalar
yer üzünü, baxalar necə olmuş axırı öncəki nəsillərin. Hərçəndi
onlardan güclü idi bu nəsillər. Geylərdə və yerdə elə bir şey
yoxdur aciz qoya Allahı. Hər şeyi biləndir, hər şeyə qadirdir
O.
45. Qazandığı suçlarının
qarşılığında insanları dərhal yaxalasaydı Allah, bir canlı da
qalmazdı yer üzündə. Ancaq yazılı bir əcələ qədər onlara möhlət
verər. Əcəlləri gələn zaman eləyəcəyini eləyər. Bəndələrini görür
Allah.
|