Fanatizmi,
elmsizliyi təşviq və himayə edən, zülmətə, terrora şərait yaradan
kəslərin arasında hər zaman olduğu kimi 3-cü minillikdə də dini
təmsil iddiasında olan qrupların, insanların özəl xidmətləri var.
Bu gerşəyə işıq tutan
bir Quran ayəsi: “İnsanlar vahid bir ümmət idi. Tanrı göndərdi
peyğəmbərləri müjdələyələr, xəbərləyələr. Və onlarla haqq olaraq
Yazını endirdi hökmlər verə insanlar arasında çəkişmədə olduqları
nəsnələr barəsində. Yazı verilənlərdən özgələri deyildi də özləriydi
ki, bunlara aşkar dəlillər gəldikdən sonra düşünüşüb düşdülər
bir-birinin üstünə. Tanrı yenə Özünün izni ilə yönəltdi inananları
o haqqa ki, barəsində ixtilaflı idilər. Tanrı yönəldir də dosdoğru
yola istədiyi kimsəni”*(İnək surəsi, 213).
Burada diqqət öncə bəşər
tarixinin başlanğıcına yönəldilir. Elə bir dövrə ki, ayədə “vahid
ümmət” deyimilə ifadə edilən insan birlikləri fitrət diniylə,
yəni təbiət qanunlarının tələblərilə tənzimlənirdi. Sonrakı zamanlara
xas qaydalar, yasaqlar yox idi. Peyğəmbərlərin gəlişi insanların
şüurlu həyata doğru təkamülü prosesinə təsadüf edir. Və Tanrı
elçilərilə bərabər insan övladlarına yaxşını pisdən, xeyiri şərdən,
işığı qaranlıqdan ayıran kosmik-ilahi məlumatlar, yəni vəhylər
göndərilir. Bundan sonra toplumdakı ziddiyyətlərin katalizatorları
isə, ayədən göründüyü üzrə, məhz müqəddəs Kitabların, məlumatların
təbliği missiyasını həyata keçirənlər olmuşlar. Allahın vahid
dinini subyektiv qənaətlərinə görə parçalayıb bölücülük əməllərinə
alət edənlər din adından danışanlar cəbhəsində aşkarlanır.
Quran məntiqi din adından
təmsilçilik, strukturlaşma, partiyalaşma, qütbləşmə məsələsinə
qarşı kəskin münasibətdədir. Ayələrdə rahiblərə, keşişlərə, xaxamlara
tapınanların da (“Tanrını buraxıb xaxamlarına, rahiblərinə Rəblər
olaraq tapınmış onlar. Məsih Məryəmoğluna da. Onlara buyurulmuşdu
yalnızca bir ilaha qulluq qılalar. Ondan başqa ilah yox. O ucalar
ucası, ucasında o nəsnənin ki, ortaq qoşurlar” – Tövbə surəsi,
31), dində bölücülük salıb partiyalaşanların (“Dindən olan o nəsnəni
sizə qanun bildi ki, onu Nuha tapşırdı və sənə vəhy eylədik, İbrahimə,
Musaya, İsaya da tapşırdıq: siz dini dosdoğru tutun, din içində
firqə-firqə bölünməyin. Ağır gəlmiş bütçülərə sənin çağırdıqların.
Tanrı seçər Özünə istədiyi kimsəni, Özünə yönləndirər haqqa yönələn
kəsi” – Şura surəsi, 13) da tənqidi bu münasibətdən doğur.
Bu məsələyə müqəddəs
Müjdənin də münasibəti açıqdır: “İnsan oğlu baş kahinlərin və
qanunçuların (dini mətnlərə yozum verən din xadimlərinin) əlinə
veriləcək, onlar da onu ölümə məhkum edəcəklər”** (Matta, 20:18).
Din təkəbbürlülərinə qarşı müqəddəs Müjdədən səslənən başqa suçlamalar:
“Vay halınıza, qanunçular, fəriseylər (dini firqə), ikiüzlülər!
Siz riyakarcasına uzun-uzadı dualar edə-edə dul qadınların evlərini
talayırsınız... (20:14); “Vay halınıza, qanunçular, fəriseylər,
ikiüzlülər! Bir nəfəri imana gətirmək üçün siz dənizi, qurunu
dolaşırsınız. Gətirəntək beləsini imana, özünüzdən ikiqat cəhənnəm
övladına çevirirsiniz” (20:15).
Müqəddəs Müjdədə də,
Müqəddəs Oxuda da tənqidə tutulan din təmsilçilərinin sosial bazası
əsasən bəsirətsizlərdən, fanatiklərdən ibarətdir. Bu biçarələr
toplumda müəyyən məqamlara sahib din böyüklərinin şəxsi maraqlarına
xidmət edə-edə əslində tək Tanrıya qulluq şərafətindən məhrum
duruma düşürlər. Beyinləri ilahi məlumatlardan xəbərsizlərin davranışları,
əməlləri mahiyyətcə təhrifli dini təsəvvürlərlə tənzimlənir ki,
bunların da yaratdığı qaranlıq mühitdə tərəqqiyə, yüksəlişə, aydınlığa,
azadlığa yer olmur.
Ayələrdə göstərilənlər
tarix güzgüsündə də aydın görünür. Katolik-protestant qanlı savaşı
ilə möhürlənmiş məşhur Varfolomey gecəsi, orta əsrlərin xristian
inkvizisiyası Qərb tarixinə hansı ləkələr gətirmişsə, sünni-şiə
davaları, dinsizlik suçlamalarıyla azadfikirlilik mücahidlərinə
tutulan divanlar və s. də Şərqin din tarixinə eləcə başıaşağılıq
gətirən epizodlardan sayıla bilər. İmadəddin Nəsiminin “ənəlhəqq”
– “haqq mənəm” bəyanı şəriətçiləri ona görə qorxuya salırdı ki,
həmin bəyanın doğurduğu impulslar toplumda insan azadlıqlarının
təsdiqinə, təkcə Tanrıya xidmətin aparıcı dini məfkurəyə çevrilməsinə
yönəlmişdi.
Xalis dinlə “dini” fanatizm
bir-birinə rəqib cəbhələrdə fəaliyyət göstərir. Birincisi azadfikirliliyin,
dialoqun, tərəqqinin tərəfdarıdırsa, ikincisi qeyri-insani dəyərləri
opponentlərinə zor gücünə sırımaq xislətilə özünü tanıdır. Söhbət
konkret halda İslamdan gedirsə, birinci ortaya aşkar dəlillər
qoyan aydın anlamlı, zamanüstü Oxu ayələrinə söykənirsə, ikinci
müqəddəs Kitabımıza paralel olaraq tapınılan digər mənbələrə -
hədislərə, rəvayətlərə, təriqət və məzhəblərin toxunulmaz statuslu
ideoloji platformasına əsaslanır. Və gözümüz önündə radikal ifadəylə
söylərsək, elmlə elmsizliyin, azadlıqla köləliyin, aydınlıqla
qaranlığın qütbləşməsi sərgilənir.
“Lə ikrahə fi-d-din”,
yəni “dində məcburiyyət yoxdur” (İnək surəsi, 256). “Məcburiyyət”
insan iradəsinə kənardan zorakı müdaxilə deməkdir. Insan haqlarını
müqəddəs tutan Quran-i Kərim dindarlığın özəl əlaməti kimi azadlıq
dəyərlərinə hörmətlə yanaşma zərurətini önə çəkir. Və diqqəti
ona cəlb edir ki, xalis din “məcburiyyət”in olmadığı mühitdə üzə
çıxa və ərsəyə gələ bilər. Ayənin ardı və növbəti ayə belə tamamlanır:
“Doğruya yön tutan ağıl azdırandan ayrılıb aydın olmuş. Kim danarsa
o zalım, qəddar bütü, inanarsa Tanrıya, yapışıb tutmuş olar o
möhkəm teldən – qopub-qırılmağı yox. Tanrı eşidəyən, biləyən.
Tanrı inananların yarı, zülmətlərdən aydınlığa çıxarar da onları.
Dananların dostlarısa o zalım, qəddar büt ki, aydınlıqdan zülmətlərə
çıxarar bunları. Belələri od əhli, qalarlar içində uzun-uzadı”.
Ümumən təlqin edilən odur ki, “məcburiyyət”, yəni basqılar, təqiblər,
təzyiqlər olmayan yerdən, insan haqlarının qorunduğu mühitdən
Tanrının nuru da, xoşbəxtlik də əskik olmur. Din də elə əslində
budur!
Məcburiyyət yasağı peyğəmbər
missiyasına da aid edilir. Bütün Tanrı elçilərinin görəvi yalnız
ilahi vəhyləri insanlığa çatdırmaqla bitir. Bunu da peyğəmbərimizə
ünvanlanan məlumatdan öyrənirik: “Əgər üz döndərsələr..., Biz
səni göndərməmişik göz olasan onlara. Sənə düşən çatdırışdır sadəcə...”
(Şura surəsi, 48); “Üstündə öhdəlik yox yönəldəsən onları...”
(İnək surəsi, 272). Təsəvvür edin, peyğəmbərə belə başqalarını
fikirlərindən daşındırmaq üçün zora güvənmək haqqı tanınmadığı
halda (özü də söhbət ayrı nəsnədən yox, məhz Allah kəlamının qəbul
etdirilməsindən gedir!), hansısa “din” təəssübkeşi “din” yolunda
kimisə nəyəsə məcbur etməyi özünə rəva bilir. Və yəqin ki, bilməzliyi
üzündən hansı günaha batdığının da fərqində olmur.
Islamda bir ictihad məsələsi
var, yəni ilahi hikmətlərin açımında, yozumunda yaradıcı zəkaya
söykənən sərbəstlik. Dinimizi zaman-zaman yaşadan, onun gələcəyini
təmin edən bu yozum sərbəstliyi də İlahinin Öz zəmanətindədir:
“Bunu tələsdirmək üçün sən dilini tərpətməyəsən. Şəksiz, Bizim
üstümüzdə bunun toplanışı, bunun Oxusu. Biz bunu oxuyanda izlə
bunun Oxusunu. Sonra bunun açımı Bizim Öz öhdəmizdə” (Qiyamət
surəsi,16-19). Sonuncu cümlə müqəddəs Oxu hikmətlərinin peyğəmbərdən
üzü bu yana və sonsuzluğadək davam edəcək təfsirlərinə işarədir.
Deməli, peyğəmbərlik bitmişsə də, peyğəmbər ötürücülüyülə bəşəriyyətə
göndərilmiş ilahi ismarışın elmə, tərəqqiyə, mənəviyyata – bütün
ucalıqlara təkan verən yaradıcı impulsları kəsilməyəcək! Və belə
olan halda yenə də təsəvvür edin, hansısa “din” təəssübkeşi başlayır
əski dövrlərdən qalma ictihadlara (təbii ki, zamanına görə dəyərli
şəxsiyyətlərin ictihadlarına!) istinad edə-edə dediyini deyir,
yeni yozumlarla ictihadda bulunan başqalarını dinsizlikdə və daha
nələrdə suçlayır.
Müqəddəs Kitabımızda
kosmik-ilahi məlumat səpkisindəki vəhy anlayışı həm də elm adlandırılır.
Yəni, ayələr elmdir, insan zəkasını ulu Tanrını dərk yollarına
yönəldən elm. Ayələrsiz-elmsiz hansı dindən söhbət gedə bilər?
Ayələrdə-elmdə olmayan nəsnələri dinimizə gətirib yaşatmağa nə
hacət. Aydındır ki, İslama müqəddəs Oxu nüzulundan sonrakı dövrlərin
bəzi bütpərəst əlavələri obyektiv səciyyə daşımır və bunlar zamanların,
siyasətlərin, milli gələnəklərin təsirilə gəlişmişdir. Bu tarixi-milli,
tarixi-siyasi, tarixi-ənənəvi əlavələri elmi-obyektiv informasiyada
tapmırıq. Tanrı Öz elçisinə ayələrdən-elmdən kənara çıxmamaq barədə
xəbərdarlıq edir: “...Əgər sənə gəlmiş elmdən sonra onların istəklərinə
uyacaq olsan, Tanrıdan sənə nə bir yar olar, nə bir qoruyan” (Göy
gurultusu surəsi, 37). Zənnimcə, bu xəbərdalıqdan ilk nöbvədə
dindarlar nəticə çıxarmalıdırlar. Çünki elmsizlik bir əqli mərəz
olaraq duyğulara da yoluxur, hissləri həssaslıqdan salıb korşaldır,
insanı insanlığından edir. Bunu Quran belə deyir: “Tanrı möhürlər
beləcə bilməzlərin qəlbini” (Rumlar surəsi, 59). Möhürlü ürəklər
ayələrdə azarlı, xıltlı ürəklər mənasında qələmə verilir. Haqqı,
insafı, ədaləti, azadlıq dəyərlərini qəbul etməkdə çətinlik çəkən,
ürək açıqlığına, insaniliyə qapalı olan xislət daşıyıçısının ürəyi
Tanrı tərəfindən möhürlənmiş durumdadır. Bu zavallının dini də
batildir: “İnsanlardan eləsi var bəhs eyləyər Tanrının barəsində
elmsizcəsinə. Hər tərs, dikbaş şeytana uyar beləsi” (Hacc surəsi,
3).
Beləliklə, din bürüncəkli
fanatizmə dair ən kəskin sözü Quran deyir. Ayrı-ayrı təriqət və
məzhəblərə bağlı şəriət hökmlərində isə vəziyyət başqadır, bunların
təşviq və tərbiyə etdiyi fanatizmdir. Məsələn, Xomeyninin “Məsələlərin
izahı” əsərində özgə din mənsubları “nəcislərin” – murdarlıqların
siyahısında yer alır. Dini dözümsüzlüyün islam adına qələmə verilən
ifadəsi tənqidə o qədər dözümsüzdür ki, bəlkə geniş şərh verməyə
ehtiyac da yox. Yetər ki, Quran açaq: “İnananlar, yəhudilər, xristianlar,
sabiilər, o kəslər ki, inanmışlar Tanrıya, axır günə, xeyir-barış
yaratmışlar – ödüncləri Rəblərinin qatında...” (İnək surəsi, 62);
“İnsanların bir qismini digərilə Tanrı qorumasaydı, dağılardı
monastrlar, kilsələr, sinaqoqlar, məscidlər ki, çox anılır oralarda
Tanrı adı...” (Hacc surəsi, 40). Başqa din mənsubları ilə yardımlaşma
və əməkdaşlıq çağırışına, bu ilahi buyuruğa məhəl qoymayan “şəriət
islamı” belə xoşməramlı ünsiyyət qapılarını dindarların üzünə
qapayır.
“Murdarlıqlar”ın siyahısına
dini mənsubiyyəti hələ müəyyənləşməmiş, yeniyetmə yaşına çatmamış
uşaqlar da salınır – nənəsi, babası, atası, anası müsəlman olmayan
uşaqlar. Sadalanan doğmalardan biri müsəlmandırsa, bu uşaqlar
pak sayılırlar. Anadan suçsuz doğulmuşlara qeyri-insani münasibət
göz qabağında. Bu müstəvidə dini mənsubiyyətin irsi məsələ ilə
əlaqələndirilməsi cəhdi də duyulur. Müqəddəs Oxu məntiqinə görə,
təkcə bütpərəstliklə yoğrulu dinlər ata-baba dinləri olaraq nəsildən-nəslə
ötürülür. Ulu Tanrıya tapınmaq, Ona iman gətirmək isə tamamilə
fərdi aksiyadır. Və Tanrı-insan münasibətlərində hər hansı vasitəçilik
aradan qalxırsa, qohumluq bağları da o sıradandır. Ayələrdə İbrahim
peyğəmbərin atası, Nuh peyğəmbərin oğlu, Lut peyğəmbərin zövcəsi,
Məhəmməd peyğəmbərin əmisinin (Əbu Ləhəb) küfr sahibləri olaraq
təqdim edilməsi bu məsələnin ayrı-ayrı təfərrüatlarla incələnməsidir.
Ümumiyyətlə, mövhumatçılıqdan
doğan “dini” fanatizm eyibləri Quran işığında daha çox faş ola
bilir. Bundan dəhşətə gələn “din” təəssübkeşi, “din” təkəbbürlüsü,
“din” dəllalı özünü itirir, başlayır müqəddəs Kitabımızda nöqsanlar
axtarmağa. Din diliylə desək, meyllənir gizli şirkdən açıq şirkə.
Quranda daşqalaq etmə
cəzası yoxdur. Bu cəzanı həyata keçirmiş şəriətçilərin istinad
etdikləri mənbələr – bəzi rəvayətlərdə, hədislərdə iddia olunur
ki, guya daşqalaq məsələsi “Əhzəb” surəsində olubmuş və Osman
Üffan oğlunun xəlifəliyi dövründə surələr Kitab halına salınarkən
istisara düşüb. Və həmin surə 73 sayda deyil də guya 200-dən yuxarı
ayədən ibarətmiş. Müqəddəs Kitabımızın tamlığına açıq şəkk gətirmək
mərəzinin yoluxduğu bu fikirlərə İlahinin Öz cavabı var: “Biz
endirdik, Biz Anımı (Quranı). Biz də gerçəkdən onu hökmən qoruyanlarıq”
(Hicr surəsi, 9). Ilahi mətnin əskikliklərdən, əlavələrdən arınmış
olduğu, tamlığı, bütövlüyü indi bəzi riyazi hesablamalar yoluyla
da təsdiqlənir. Təbii ki, Qurandan xəbərsizin bundan nə xəbəri.
Quran hikmətləri mahiyyət
etibarilə zamanüstü olduğundan ilahi mətndən hər hansı statik
“cinayət məcəlləsi”nin, sabitləşmiş hüquq qaydalarının çıxarışına
cəhd göstərmək əbəsdir. Bununla belə diqqəti ona yönəltmək istərdim
ki, ayələr toplumun mənəvi durumunun dəyişkənliyinə uyğun parametrlər
üzrə hüquq qaydalarının yaradıcı istiqamətdə tətbiqinə sadəcə
olaraq gözəl impulslar verə bilər.
Fanatizm bütün təzahürlərində
dağıdıcı mahiyyətdədir. Bunları geniş ölçüdə çeşidləmək də olardı.
Yalnızca onu qeyd edim ki, fanatizmin gerçək mənada heç bir islami
yönü yoxdur. Bu mərəzin üzərindən din pərdəsi götürüldükcə onun
qeyri-insani təfərrüatları daha çılpaq görünüşdə üzə çıxır. Və
tamamilə aydındır ki, ümumi xoşbəxtliyimiz naminə ulu Tanrıya
yaxınlaşmağımızın bir yolu da İslam adını bu biabırçı görüntülərdən
azad etməkdir.
|