Bütün səmavi dinlərdə ölüm insanın
absolyut sonu kimi yox, dünyasını dəyişməsi şəklində düşünülür.
Və bu yolçuluqda ölüm mələyinin öz yeri var. İnsanlar bu dünyadan
gedəndə onların canı bədənindən ayrılmalı, bədən burda qalmalı,
can isə lazımi ünvana çatdırılmalıdır. Bu vəzifəni ölüm mələyi
(mələkləri) həyata keçirir. Əhali arasında ona Əzrail deyilir.
«Əzrail» sözünün ibranicə olması ehtimal olunur. Quranda onun
adı çəkilmir. Xalq arasında bir sıra başqa məsələlərdə olduğu
kimi, ölüm mələyi ilə bağlı təsəvvürlərdə də «israilliyaat»dan
(yəhudi rəvayətlərindən) izlər var.
İudaizmdə
Əhdi-ətiqdə ölüm Allahın
göndərdiyi bir mələyin fəaliyyəti kimi göstərilir. Rəbbin mələyinin
insanları öldürmək vəzifəsi aldığı barədə burada məlumatlar var.
Yəhudilikdə ölüm mələyinin vaxt cəhətdən yaradılışın əvvəlindən
xəlq edildiyi, məkanlarının isə göylər olduğu düşünülür. Deyirlər
ki, bu mələyin on iki qanadı olur və ölüm zamanı qılıncını çəkib
canı alınacaq şəxsin başının üstünə gəlir. Əzrail hamınınmı canını
alır? Yəhudi ənənəsində deyilir ki, yox. Məsələn, Musa peyğəmbərin
ruhunu Əzrayıl almayıb, Musa etiraz edib və Allah taala özü alıb.
İudaizmdə Əzraili yerlə
göy arasında duran nəhəng mələk kimi təsəvvür edirlər. Onun əlində
qılınc var. Folklorda isə o çoxlu gözü olan varlıq şəkildə təsvir
edilir. Yəni gözün hərəsi ilə bir adamı izləyir. Heç kəs gözündən
yayına bilməz. Əlində dəryaz olan biçinçi kimi də təsvir olunur.
Başqa bir variantda ölümə məhkum olunanların ağzına zəhər damcıladan
şəkildə verilir. Onun şəklini dəyişə bildiyinə inanılır, guya
o, can alan zaman insanın gözünə cinayətkar, dilənçi, səyyar xırdavatçı,
sərsəri kimi görünür. Yuxarıda deyildiyi kimi, yəhudilər Əzraildən
qurtulmağın bəzən mümkünlüyünə inanırlar. Musa peyğəmbər örnəyi
kimi. Bundan başqa, yəhudi ənənələrində Əzraildən dua, yaxşı əməllə
qorunmağın mümkünlüyü inancı da var. Yəni bu yolla ölümü təxirə
salmaq olar. Eyni zamanda, hesab olunur ki, onu bəzən məğlub da
etmək olar. Və ya ad dəyişməklə onu aldatmaq da olar.
«Kitabi-Dədə
Qorqud»da
«Kitabi-Dədə
Qorqud» dastanlarında Əzrailin obraz kimi iştirak edir. «Duxa
qoca oğlu Dəli Domrulun boyu»nda. Tikdiyi körpünün yanında ağlaşma
görən qəhrəman adamlardan: «İgidinizi kim öldürdü?» deyə soruşur.
Ona cavab verirlər: «Allah taaladan buyruq oldu, al qanadlı Əzrail
onun canını aldı». Burda maraq doğuran odur ki, israiliyyatdakından
fərqli olaraq, burada inanclı adamlar Əzrailin Allahın iradəsini
həyata keçirdiyinin fərqindədirlər. İsrailiyyatda yuxarıda bəhs
edildiyi kimi, Əzailə müqavimət barədə inanclar da var. Dəli Domrul
da bu fikirdədir. Ona görə deyir: «Ya Qadir Allah, birliyin, varlığın
xatirinə, Əzraili mənim gözümə göstər, vuruşum, güləşim, döyüşüm,
yaxşı igidlərin canını almasın» deyir. Sonra bu söz Allah taalanın
xoşuna gəlmədiyindən Əzraili göndərir ki, gedib Dəli Domrulun
canını alsın. Dəli Domrul yeyib-içərkən Əzrail onun gözünə görünür.
Onu nə qapıçı, nə də gözətçi görür. Onu görəndə Dəli Domrulun
isə görən gözü görməz, tutan əli tutmaz olur. Dünya-aləm gözlərində
qaralır və aralarında belə bir söhbət olur.
Dəli Domrul: «Vay, nə
heybətli qocasan? Qapıçılar səni görmədi, gözətçilər də duymadı.
Görən gözüm qaraldı, tutan əlim yoruldu. Canıma titrətmə düşdü.
Qızıl qədəh əlimdən yerə düşdü. Ağzım dondu buz kimi, sümüklərim
ovuldu duz kimi. Ağ saqqallı ay qoca, gözləri domba qoca, Vay,
nə qorxunc qocasan, de mənə!
Əzrail isə deyir: «Ədə,
dəli əbləh! Gözümün dombalığını nə bəyənmirsən? Göyçək gözlü qızların-gəlinlərin
canını çox almışam. Saqqalımın ağlığını nə bəyənmirsən? Ağsaqqal,
qarasaqqal igidlərin canını çox almışam! Saqqalımın ağardığının
mənası budur!» Başqa bir informasiya Dəli Domrul qılınc çəkib
Əzrailin üstünə cumanda onun göyərçin olub uçmasıdır. Nəhayət,
yalnız icraçı olduğunu Əzrail özü də deyir Dəli Domrula. Onu yıxıb
sinəsinə qonanda və Dəli Domrul aman istəyəndə: «Ay dəli axmaq,
mənə nə yalvarırsan? Allah-taalaya yalvar, Mənim əlimdə nə var?
Mən buyruq quluyam» - deyir.
Yuxarıda gördüyümüz kimi, bu barədə Dəli Domrulu adamlar xəbərdar
etmişdilər.
Təsəvvürümüzdəki
Əzrail
İslam əsatirində Əzrayılın ölüm mələyi vəzifəsinə təyinatı haqda
belə deyilir. «Allah Adəmi yaratmaq üçün Cəbrayıl, İsrafil, Mikayıl
və Əzrayılı yerə göndərir ki, Adəmi yaratmaq üçün gil gətirsinlər.
Əvvəlki üç mələk möhkəm olduğuna görə Yerdən gil qopara bilmirlər.
Əzrayıl isə gili dartıb qoparır. Belə sərtliyinə görə Allah ona
can almaq məsələsini tapşırır». Qeyd edək ki, bu rəvayət Cəlaləddin
Ruminin «Məsnəvi»sində geniş şəkildə verilib. Qısaca xülasə etsək,
Cəbrail torpaq götürmək istəyəndə tropaq dilə gəlib yalvarmağa
başlayır: «Məndən yaradılacaq insan təhlükələrə uğrayacaq… Tanrıya
and verirəm, torpağı alma». Cəbrail yumşalır və liboş qayıdır.
Mikail və İsrafil də əiboş qayıdır. Amma Əzrail torpağın yalvarışların
dinləyəndən sonra ona deyir: «Sənin yalvarışlarından ürəyim qanla
doldu. Mən mərhəmətsiz deyiləm, hətta o üç təmiz mələkdən daha
mərhəmətliyəm. Fəqət Tanrının qəhri iki aləmin də helmindən yaxşıdır.
Onun qəhrində lütflər gizlidir. Qulağım onun sözündən başqa bir
söz eşitməz..» («Məsnəvi», 1-ci cild, 1556-1710-cu misralar).
Azərbaycanda din məişət səviyyəsində yaşadığından bu gün Əzrail
haqqında olan bilgilər də azdır, üstəlik insanlarda bu ad təşviş
doğurduğundan bir çox hallarda ölüm şər kimi qavranılır və Əzrail
də az qala onun səbəbi kimi düşünülür. Eyni zamanda, qorxunu xəfiflətmək
üçün lətifələrin obrazına çevrilir. Məsələn, birisinə deyirlər
ki, Əzaril uşaq paylayır. O belə cavab verir: «Öz uşağımı almasın,
payı mənə lazım deyil». Bu məsəl adətən, pis adamlar haqqıqda
danışılır. Başqa bir lətifədə deyilir ki, bir qadının əri ölübmüş
və o təzədən ailə qurubmuş. Bununla bağlı deyrmiş: «Əzrailin pisliyi
özünə qaldı. Təzə ərim əvvəlkindən də yaxşıdır». Üçüncü bir rəvayət
isə Əzarildən qaçmaqla bağlıdır və bunun mümkünsüzlüyünə işarə
edir. Yenə yumoristik tonda. Bir qoca kişinin ölüm vaxtı yaxınlaşıbmış.
Bir gün görür ki, Əzaril gəlir. Onu aldatmaq üçün əlinə içində
süd olan uşaq butulkası götürüb əmməyə başlayır. Yəni guya uşaqdır.
Əzrail gəlib soruşur: «Nə edirsən?» Kişi uşaq dili ilə deyir:
«Nəm-nəm yeyirəm». Əzrail deyir: «nəm-nəmivi ye, sonra dayı səni
aparcaq laylay edəcək, yatacaqsan».
Quranda
Qurani-Kərimdə düşünən, idrak sahibi olan varlıqlar sırasında
insan və cinlərlə yanaşı mələklərin də adı çəkilir. Onlar gözə
görünmür. Göydə olur və uça bilirlər. Mələklər Allahın elçiləri
və xidmətçiləridirlər. Cinsləri yoxdur.Mələklər Uca Tanrının buyruğundadırlar
və hər zaman Allaha həmd oxuyarlar. Mələklər Allaha sözsüz itaət
edirlər. Bunların içərisində dördü var ki, Allaha daha yaxın olduqları
üçün bunlara «müqərribun» (yaxın olanlar) adı verilib. Bunlar
Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıldir. Əzrail «yaxın olan»lardan
üçüncüdür. O, Quranda «ölüm mələyi» (mələkül-mövt) adlandırılır:
«De ki, «Canınızı almağa vəkil edilən o ölüm mələyi gəlib sizi
vəfat etdirər, sonra da Rəbbinizin dərgahına dönərsiz» (Səcdə
11).
Bu surədə ölüm mələyindən
tək kəmiyyətdə bəhs olunsa da, o biri surələrdə cəm şəklində işlənir:
«Görəydin can verən zaman necə əziyyət çəkir kafir olan kimsələr.
Önündən, arxasından mələklər onları vuraraq deyirlər: «Dadın yanğın
əzabını» (Ənfəl 50). Quranda onlardan «elçilərimiz»
deyə də bəhs edilir: «Bəndələrinin üstündə yeganə hakim Odur.
Sizi qoruyanları [mələkələri] göndərir O. Birinizi haqlayarkən
ölüm, ondan can alır elçilərimiz, heç nəyi gözündən qaçırmaz onlar»
(Ənam, 61).
Bundan başqa, Nəhl surəsində deyilir ki, ölüm mələkləri yaxşıların
canını almağa gələndə salam verirlər: «Yaxşıların canlarını almağa
gələn zaman «Salam olsun sizə, gördüyünüz işlərə qarşılıq olaraq
girin cənnətə!» deyər mələklər» (Nəhl, 32).
Onların pis insanlara qarşı rəftarları isə bir başqadır: «Canlarını
almağa gələn zaman mələklər, üzlərinə, kürəklərinə vuran zaman
onların, necə olar halları?» (Məhəmməd, 27).
Nisa surəsində də belə münasibətdən danışılır: «Özlərinə zülm
eləyən kimsələrə «Vəziyyətiniz necə idi» deyəndə mələklər canlarını
almağa gələn zaman, «Biz yer üzündə zavallı kimsələrdik» dedilər.
«Bəs geniş deyildimi Allahın ərzi, barı bir hicrət edəydiniz»
dedi mələklər. Cəhənnəmdir onların sığınacağı. Pisdən də pis yerdir
ora!» (Nisa, 97).
Dinimizə görə, canları
alan əslində Allahdır. Əzrail yalnız icraçıdır. Allah taala hər
zaman hər yerdə hazırdır və ağıla gəlməz çox işləri eyni zamanda
edə bilər. Milyardlarla varlığı eyni anda var və ya yox edə bilər.
Bir radiostansiyadan bir siqnal eyni zamanda yüz minlərlə radioqəbulediciyə
çatdığı kimi, ölüm əmri də lazım gələn anda zamanı gəlmiş ünvanlara
çatır.
|