Bəllidir
ki, ilahi vəhylərdə o dünya ilə bağlı təsvirlərdə maddi, insana
tanış olan əşya, predmet və sairənin təsvirləri var. Bunun insanlarda
təsəvvür yaratmaq üçün olduğu şəksizdir. Tutaq ki, əncir, nar,
xurma, banan cənnət təsvirlərində yer alır. Bizim üçün qeyb olan
o məkanda bu gözəl nemətlərin özü də ola bilər, prototipi də.
Nədən? Əgər onların özü yoxdusa, nədən bu təsvirlər
var?
Gəlin, bu dünyagörüşü ilə zaman üzrə bir neçə əsr əvvələ qayıdaq
və indiki zamana aid lap sadə bir şeyə ad qoyaq. Beş əsr bundan
əvvələ getmişiksə, biz hart diski, mp3-ü necə izah edərdik. Dövrə
aid hansısa əşyalarla analogiya aparmaqla, deyilmi? Elə olanda
əgər söhbət qeybdən gedirsə, oranın yaxşı olmasını bildirmək üçün
mövcud lüks anlayışlarından istifadə olunmalı deyilmi: yaşıllıqlar,
xurmalıqlar, çadırlar, iri gözlü bəmbəyaz yumurta kimi taylar...»
NİSYƏ YOXDUR
Zaman saatının daim hərəkətdə olduğu dünyada ölümsüzlük arzu etmək
böyük yanlışdır. Başlanğıcı olan hər bir varlığın sonu da olduğu
şübhəsizdir. Amma ölümü həzm etmək də o qədər asan deyil. Cəlaləddin
Rumi yazır: «Adamlar gördüyü nəqd dünyanı görmədiyi ilə dəyişmək
istəmir». Böyük mütəfəkkir bir müqayisə də aparır. Ana bətnindəki
uşaq üçün ana bətni kənar «dünya» - qeyb kimi bir şeydir. Amma
bu, onun haqlı olması anlamına gəlmir. Rumiyə görə, dünyaya gəlməmiş
uşaq ana bətnindən ayrılmaq istəmir. Çünki bu dünyanı cəza hesab
edir. Oranın qəfəs, buranın isə azadlıq olduğunu bilmir. Eləcə
də bu dünyanın sakinləri üçün axirət arzuolunmaz məkandır. Yenə
Rumiyə müraciət edək: «Adamlar başa düşmürlər ki, onlar qəfəsdəki
quş kimidirlər. Ruhları da, azuqələri də görmədikləri dünyadan
gəlir».Bütün bunlar minilliklər ərzində axirət haqqında müxtəlif
xalqlarda çeşidli təsəvvürlərin yaranmasına mane ola bilməyib.
Bu yazıda müxtəlif xalqlarda o dünya ilə bağlı geniş yayılan qənaətlərin
bir qismini gözdən keçirməyə çalışacağıq.
YOL TƏDARÜKÜ
Lap qədimlərdən ayrı-ayrı xalqlarda dünyasını dəyişən adamlarà
müxtəlif æör yanaşmalar olub. Araşdırıcıların müəyyən qismi belə
ehtimal irəli sürüblər ki, qədim qəbilələrdə ölənlərin sağ qalanlara
ziyan vura biləcəyindən çəkinirmişlər. Bu səbəbdən onların xətərindən
qurtulmaq üçün müxtəlif tədbirlər görüblər: onları basdırır, yandırır,
vəhşi heyvanların yeməsi üçün çölə atır, bir sözlə, ölünü sağlardan
izolyasiya edirmişlər. Tamam əks cür düşünənlər də olub. Bir sıra
ibtidai xalqlarda qəbilə, ailə kollektivinin bütövlüyünü qorumaq
üçün dünyasını dəyişən adamları yaxın bir yerdə dəfn etmək adəti
olub. Arqument isə o olub ki, guya ölənlər yaxında dəfn olunanda
onların ruhu dirilərə fayda verə bilər. Qədimlərdə yaşayış məntəqələrinin
içində, hətta evlərdə basdırma adətinin bu inancdan qaynaqlandığı
düşünülür.
AC VƏ URVATSIZ GEYİMDƏ GETMƏZLƏR
İbtidai inanclarda elizium – axirət səyahəti çox ağır və keşməkeşli,
təhlükəli bir yol kimi təsəvvür olunurdu. Ona görə də müvafiq
hazırlıqlar aparılırdı. Məsələn, qədim yunan düşüncəsi «rüşvət
niyə o dünyada keçərli olmasın?», zərdüşti təfəkkürü «təmiz paltar,
yemək götürmək məqsədəuyğun deyilmi?», qədim türk düşüncəsi «Öz
atını götürsə, yaxşı olmazmı, xasiyyətinə bələddir» və s. Digərləri
isə ox, nizə qılınc, zirehli geyim, cürbəcür yeməklər və s. ölünün
istifadəsi üçün o dünyaya göndərərdilər. Ölümdən sonrakı «yaşayış
yeri» haqda təsəvvürlər də müxtəlif xalqlarda fərqlidir. Coğrafi
şəraitdən asılı olaraq, bu məkanın dağda, adada, yerin dərinliyində,
göylərdə olması versiyaları vardı. Tədarük işləri görüləndə bu
xüsusat nəzərə alınırdı. Ölümdən sonrakı mövcudluğun adada olacağını
düşünənlər mərhum üçün qayıq və digər müvafiq ləvazimat, quruda
olduğunu düşünənlər araba, at, davamlı ayaqqabı, yemək-içmək və
s. tədarük edərdilər. Zərdüştilər kəsilən heyvanın ətini və mərhumun
paltarını pak edərdilər ki, onun ruhu tənha səyahətə tox və fərli
əyin-başla getsin. Bu müxəlləfat, adətən, ya qəbirlərdə yerləşdirilər,
ya da mərhumla birgə yandırılıb, külü basdırılırdı.
RÜŞVƏT KÖRPÜSÜ
Bir sıra miflərdə o dünyaya gedən yolun təsvirləri də var. Esxatoloji
miflərdə ölənlərin yol boyu rast gələcəyi müxtəlif qeyri-adi maneələrdən
söz açılır: odlu göllər, qaynar sellər, uçurumlar. Bu təhlükə
qaynaqlarının üzərindən isə napnazik körpü olduğu qənaəti isə
çox geniş yayılıb. Məsələn, Altay mifologiyasıda bu körpünün at
tükündən olması söylənilir. Qədim altaylılar düşünürdülər ki,
körpüdə büdrəyəni ikinci və yekun ölüm gözləyir. Zərdüştilər hesab
edirdi ki, körpüdən salamat keçmə Vayu adlı tanrıdan asılıdır.
Ona görə ölən olanda onun adını çağırırdılar. Bir sıra dillərdə
matəm zamanı “vay” nidasından istifadə edilməsi həmin inancın
nəticəsidir deyə bilərik. Bəzi təsəvvürlərdə körpüyə yaxın düşməyin
də çətin olması düşüncəsi vardı. Çünki körpünün qoruyucuları bəzi
ölüləri guya heç yaxına da buraxmırlar. Okeaniyalılar bu maneəni
dəf etmək üçün yol tapmışdılar. Onlar hesab edirdilər ki, körpüyə
nəzarət edənlərə heyvan əti, pul və s. verib rahat keçmək olar.
Beləliklə, tədarükdə «yolçu»nun özü ilə yanaşı körpünü keçmək
üçün də ayırmalar olmalı idi. Qədim yunanlar və romalılar da o
dünyaya aparan nəqliyyatın qayıq olduğu fikrində idilər, ona görə
də ölənlərin qayıq xərci olaraq qəbirə pul sikkəsi qoyardılar.
“SİBİR MƏDƏNLƏRİNİN DƏRİNLİYİNDƏ”
Axirətin yeri haqda fikirlər də fərqlidir. Onun yerdə olduğunu
deyən miflərdə bəzən konkret koordinatlar haqda danışılır. Məsələn,
Sibir xalqlarının çoxu o dünyanın Sibir çaylarının aşağı axarında
olduğuna inanırdılar. Okeaniyalılarsa qeybin hardasa qərb tərəfdə
olması fikrində olublar. Bəzi xalqlarda o dünyanın ulduzlarda
olduğunu iddia edən əsatirlər var. Sonuncu fikir tərəfdarları
ulduzlara həyat ağacı vasitəsilə və ya göy qurşağı ilə çıxmağın
mümkünlüyünü düşünürdülər. Bəzi mifik təsvirlərdə o dünyanın görünüşü
çox sönükdür: Günəş çox zəif işıq saçır, nə ehtiyac var, nə sevinc.
Bir sıra ibtidai mifoloci təsəvvürlərdə o dünyada cəzanın əxlaqi
prinsiplərə görə yox, ayin və mərasimlərə görə müəyyənləşməsi
qənaəti də əskidə geniş yayılmışdı.
ÇOXUŞAQLILARA İMTİYAZ
Şumer mifologiysında
yeraltı dünyanın yeri haqda aydın məlumat olmasa da, onun aşağıda
olduğu bildirilir. Oraya nəinki enir, həm də yıxılır, yuvarlanırlar.
Yeraltı dünyanın sərhədi kimi yeraltı çay götürülür. Ölənlər bu
çayı bərəçinin köməyi ilə keçirlər. Cəhənnəmə vasil olanlar yeraltı
dünyanın yeddi qapısından keçirlər. Gələnləri qapıçı Neti qarşılayır.
Şumer əhli düşünürdü ki, o dünyada ölülərin günü çox ağırdır.
Onların çörəkləri acı dadır (bəzən isə natəmizlikdən olduğu deyilirdi).
Suları isə şordur (bəzi versialarda yaxantı kimi təsvir olunur).
Yeraltı dünya qaranlıqdır. Toz-torpaqlıdır. Onun məskunları paltar
əvəzinə quşlar kimi lələklərlə örtülüdürlər. Qədim xalqların çoxunun
mifologiyasında olduğu kimi, şumerlərdə də əxlaqi motivlərlə məhkəmə
və cəzadan söz açılmır. Ölənlərdən kimin üçün dəfn mərasimi qaydasınca
keçirilib və qurban kəsilibsə, o dünyada babat durumda gün keçirirlər
(təmiz, içməli su içir, sakit yaşayırlar). Bundan başqa, döyüşdə
ölənlər və çoxuşaqlıların da ölümdən sonrakı həyatlarını bu cür
davam etdirdikləri göstərilir.
“NƏ YEYİRSƏN,
NƏ İÇİRSƏN?”
«Kitabi-Dədə Qorqud»
dastanlarında «Salur Qazan dustaq olduğu və oğlu Uruzun onu xilas
etdiyi boy»da müsəlman Qazan xanın kafirlərə əsir düşməsinin təsviri
var. Boyda Trabzonda yaşayan kafirlərin esxatoloji təsəvvürləri
də əks olunur və Qazan xan tərəfindən istehza obyektinə çevrilir.
Boyda təsvir edilən düşmənlər o dünyanı yerin altında, çox yaxında
təsəvvür edirlər. Onların sadəlövh təsəvvürlərinə görə, insanlar
öləndən sonra fiziki varlıqlarını eynən yer üzündəki kimi davam
etdirirlər: «Bir gün təkürün arvadı dedi: «Gedim görüm, Qazan
xan necə kişidir ki, bu qədər adamlara o, zərbə vurmuş?» Arvad
gəlib zindançıya qapını açdırdı, çağırıb dedi: «Qazan bəy, halın
necədir? Güzəranın yer altında xoşdur, yoxsa yerin üstündə? İndi
nə yeyirsən, nə içirsən və nəyə minirsən?» Qazan dedi: «Ölülərinə
xörək verdiyin zaman əllərindən alıram. Həm də ölülərinizin yorğalarını
minirəm, tənbəllərini yedəkləyirəm». Təkürün arvadı dedi: «Qazan
bəy, səni dininə and verirəm, yeddi yaşında bir qızcığazım ölmüş,
rəhm eylə, ona minmə». Qazan dedi: «Ölülərinizin arasında ondan
yorğası yoxdur, elə ona minirəm». Arvad dedi: «Vay, sənin əlindən
nə yer üzündə dirimiz, nə də yer altında ölümüz xilas olurmuş».
Gəldi, təkürə dedi: «Rəhm elə, o yad oğlunu quyudan çıxar. Yer
altında qızcığazımı minirmiş. Qızcığazın belini üzər. Qalan ölülərimizi
bir yerə yığıb onlar üçün verdiyimiz yeməyi əllərindən çəkib alır,
yeyirmiş. Dinin eşqinə, o kişini quyudan çıxar».
«O UÇDU, UÇDU,
UÇDU»
«Öldü» əvəzinə qədim
türklər «uçdu» deyirdilər, çünki ruhun göylərə getməsinə inanırdılar.
«Kitabi-Dədə Qorqud»da da «uçmaq» sözü işlənib - Cənnət mənasında.
Qədim türklər düşünürdülər ki, həyat və ölüm insanın yox, Tanrının
iradəsinin nəticəsi, ölüm isə olsa-olsa həyatın başqa formada
davamıdır. Qədim türklər şərəfli ölüm məsələsinə çox diqqət verirdilər.
Döyüş zamanı ölüm çox üstün tutulardı – islamdakı şəhidlik kimi.
Hesab edirdilər ki, hər bir fərd düşmənlə döyüş zamanı nəyin bahasına
olursa-olsun, ən azı bir düşmən öldürməsə, bu, biabırçı ölümdür.
Guya bu cür ölənlərin nəinki özü cəzalanır, nəslin davamçıları
da pis həyata məhkum olunur. Ölənin ruhu isə atmosferin zibilinə
çevrilir. Qədim türklər sayırdı ki, insan fiziki qida ilə yanaşı,
ruhani qida da almalıdır. Bu qidanın mənbəyi olaraq əcdadların
ruhu götürülrdü. Bu inancla dövlət səviyyəsində böyük şəxsiyyətlərin
abidəsi önündə dua mərasimləri keçirilərdi. Abidənin ətrafı insanlarla
əcdadların ruhunun görüşmə yeri kimi götürülürdü.
Qədim türklər o dünyada
zamanın olmadığını düşünürdülər. Bundan başqa, inanırdılar ki,
yaxşı adamların o dünyada da işi yaxşı olur. Pis adamların ölüsü
isə yaramaz enerci emanasiya edir (şüalandırır). Ona görə onların
ruhu yerin lap dərin qatlarına aparılır. Orada çox yüksək temperaturda
yandırılır. Zəlzələ və başqa təbii kataklizmlər olanda həmin ruhlar
artıq yanıb təmzləniş şəkildə yenidən göyə qalxırlar.
MİFLƏR BU GÜN
YARANSAYDI
Bu günkü insanlar mif
yaratmağa girişsəydi və ya əski mifik düşüncə bu gün keçərli olsaydı,
nələr baş verərdi? Məsələn, qədim insanlar kimi dünyasını dəyişənin
özü ilə nəsə götürüb orada istifadə etmək imkanının olduğuna inanılsaydı,
nəyin şahidi olardıq? Yəqin ki, ölü ilə bərabər kredit kartları,
yetərincə kontur yüklənmiş mobil telefon, rəngli televizor, portativ
kompüter, qara kürü, dərman preparatları, birdəfəlik şprislər,
at əvəzinə avtomobil dünyasını dəyişən kəslə bərabər torpağa gömülərdi.
Eləcə də, ox və qılınc əvəzinə odlu silah, tez xarab olan ət əvəzinə
konserv məhsulları və hisə verilmiş kolbasa, daha nələr, nələr..
|