|   RU  |  EN  |.....

Vasif SADIQLI

AĞIL VƏ EŞQ


Ağıl psixoloji fəaliyyətin beyin vasitəsi ilə həyata keçirilən, çox inkişaf eləmiş və differensasiya olunmuş xüsusi funksiyasıdır. Bilik əldə etmək, toplamaq, yeni biliklər yaratmaq, rasionalcasına əsaslandırılan qərarlar çıxarmaq, məqsədlər müəyyənləşdirmək, onlara çatmaq üçün çeşidli yolların içindən ən səmərəlisini seçmək, situasiyaları düzgün dəyərləndirmək bacarığı olan ağıl intellektual bir fəaliyyətdir. İnsanı yer üzündəki başqa canlılardan fərqləndirən onun ağlıdır.

Dinimizə görə, Allahın ağıl verdiyi insan bu dəyərdən daim istifadə etməli, düşünməli, düzgün qərarlar çıxarıb bu dünya və axirətdə Allah razılığına nail olmalıdır. Quranda insanlar bir çox ayələrdə düşünməyə təhrik edilir. Çünki insanların ilahi etik imperativləri dərk etmək, kainat kitabını, nəfsindəki kitabı və nazil olan kitabları anlamaq üçün ağıldan istifadəyə ehtiyacı var. Rəbbimiz bizi düşünməyə, ağıl işlətməyə təhrik edir, fəal şəkildə kainat kitabını oxuyub oradan bilgi almağımızı istəyir: “Ayaq üstə durarkən, bir yerdə oturarkən, böyrü üstə uzanarkən Allahı anar, göylərin və yerin yaranışını düşünə-düşünə deyər onlar: «Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, həmd olsun Sənə, od əzabından qoru bizi” (1, Ali İmran 191); “Şübhəsiz, dərindən inananlar üçün ayələr var yer üzündə və sizin öz xilqətinizdə. Görməzmisiz bunları?” (1, Zariyat, 20-21): “Nə qədər ki, Quranın haqq olduğu aydın olmamış insanlara, varlığımızın ətrafda və onların öz içində olan dəlillərini elə hey göstərəcəyik onlara” (1, Fussılət, 53). Eləcə də nazil edilən kitablardan biri olan Qurandan öyüd almaq üçün insanın bu vasitədən – ağıldan istifadəyə ehtiyacı var: “Mübarək bir Kitabdır sənə nazil etdiyimiz. Ayələri barədə bir düşünüb-daşınalar, öyüd ala ağlı olan kimsələr” (1, Sad, 29).
Bütün bunlarla yanaşı, bir sıra təsəvvüf mütəfəkkirlərinə görə, insanın təkamülündə elə bir məqam gəlir ki, o, ağıldan imtina edib, qalan məsafəni eşqlə qət etməlidir. Təsəvvüf ədəbiyyatında vüslətin – (Allaha çatmağın) iki yolu var: eşq yolu və ağıl yolu. Aşiq eşqi, zahid isə ağılı təmsil edir. Sufilərə görə, məqsədə doğru ən qısa, amma ən çətin yol eşq yoludur.
Buradaca qeyd edək ki, Quranda “eşq” sözü işlənməyib. Amma təsəvvüf ədəbiyyatında eşq ən çox rastlanan anlayışlardandır. Eşqi dini bir anlayış kimi qəbul edən sufilər Quranın iki ayəsinə istinad edirlər: “Allahı buraxıb Ona qoşduqları şəriklərə tanrılar olaraq tapınanlar və onları Allahı sevər kimi sevənlər var insanlar içində. Möminlərsə ən çox Allahı sevər” (1, Baqara, 165). Göründüyü kimi, burada müşriklərin sevgisi şübhəyə alınmır, amma möminlərin Allaha olan sevgisinin kəmiyyət və keyfiyyətcə başqa olduğu vurğulanır. Başqa bir ayə isə Tövbə surəsindədir: “De ki, «Əgər atalarınızı, oğullarınızı, qardaşlarınızı, zövcələrinizi, qohumlarınızı, qazandığınız mal-dövləti və kasadlığa düşəcəyindən əndişələndiyiniz bazarınızı Allahdan, Rəsulundan və Onun yolunda cihad eləməkdən daha çox sevirsinizsə, onda gözləyin Allahın əmrini” (1,Tövbə, 24). Təsəvvüf əhli ayələrdə işlənən “çox sevgi”nin məhz eşq olduğunu iddia edir.
Ərəbcə “eşq” sözünün şiddətli və ifrat sevgi mənası verdiyi, sarmaşıq mənasında olan “aşeqa” sözünün də bu kökdən olduğu deyilir. İzahı isə belədir: sarmaşıq ağaca dolanıb gövdəsinə köklərini sancır və ağacın qidasını sorub onu zəiflədir. Bu sarmaşıq kimi eşq də artdıqca aşiqə sitəm edir, onu zəiflədir. Başqa bir versiyaya görə, “eşq” həm şirin, həm turş olan bir meyvənin adından (uşuq) götürülüb.
İlkin sufilər eşqdən bəhs etməyiblər, onların əsərlərində bu sözə rast gəlinmir. Rabiə Ədəviyyə, Bəyazid Bistami, Mənsur Həllac bu qisimdəndir. Onlar “eşq”, “aşiq”, “məşuq” əvəzinə “hübb”, “məhəbbət”, “həbib”, “məhbub” sözlərini işlədiblər. Üstəlik, o dövrün bir sıra məşhur mütəsəvvifləri “məhəbbət” əvəzinə “eşq” sözü işlədənləri qınayıblar. Onların fikirləri elə də məntiqsiz görünmür. Küşeyri (986-1072) yazır ki, Allaha sevgi mənasında “eşq” sözünü işlədənlərə qarşı olan Əbu Əli əd-Dəqqaq öz fikrini belə əsaslandırıbmış: “Eşq ifrat sevgi, yəni sevgidə həddi aşmaq mənasına gəlir. Allah üçün ifrat düşünülməsi mümkün deyil. Ona görə Onun quluna olan sevgisinə eşq deyilə bilməz. Digər tərəfdən, bəndənin Allaha olan sevgisi nə qədər güclü olursa-olsun, insan Allahı layiq olan ölçüdə və yetərincə sevə bilmədiyi üçün bəndənin Allaha olan sevgisi də eşq adlandırıla bilməz”. Eyni zamanda, Küşeyri özü “eşq” sözünün işlədilməsinə etiraz etməyib və “Aşiqləri söylədikləri sözə görə qınamaq olmaz” deyə bildirib (2, III cild, səhifə 12). Başqa bir qisim opponentlər isə fikrini belə əsaslandırıb ki, eşq sevdiyindən ayrı düşənin xüsusiyyətidir. Bəndə Allahdan ayrı düşdüyü üçün onun Allah sevgisinə eşq demək caizdir. Amma Allah heç bir şeydən uzaq və ayrı olmadığı üçün Onun sevgisi “eşq” kəlməsi ilə ifadə edilə bilməz.
Əbu Hamid əl-Qəzaliyə görə, Allahı tanıyan Onu sevər. Tanıma (mərifət) artdıqca sevgi də şiddətlənir. Bu sevgiyə eşq deyilir. Bəndənin ilahi gözəlliyi dərk etməsi onun sevgisinin yeni keyfiyyət alıb eşqə çevrilməsi ilə nəticələnir. Qəzaliyə görə, peyğəmbətimiz Hirəyə çəkiləndə Məkkə müşrikləri “Məhəmməd Tanrısına aşiq oldu” deyirlərmiş (3, II, 279). Burada söhbət şiddətli sevgidən gedir. Göründüyü kimi, şiddətli sevgi mənasında eşq anlayışı islamdan öncə də olub. Amma sufilər onu Allahı tanıma vasitəsi kimi tövsif edərək bu sözə yeni mənalar əlavə ediblər. Şərqin böyük sufi mütəfəkkirləri Nizami Gəncəvi, Mövlana Cəlaləddin Rumi və Füzulinin əsərlərindən sitatlarla bu anlayışın ehtiva etdiyi mənalara qısaca nəzər salaq.
Eşq kainatda zərrədən makroya bütün varlığa xasdır.
Təsəvvüf əhlinə görə, kainatda canlı və cansızlar eşqlə Allaha tabe olub onun əmrini yerinə yetirirlər: Ulduzlar, Ay, Günəş eşqlə dolanır. Nizamiyə görə, duanın qibləsi göylər olduğu kimi, göylərin də mehrabı eşqdir. Çünki eşqin qaynağı Allahdır:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
... Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır. (4).
Burada astronomik obyektlərin eşqlə dolandığı barədə deyilənlər metafora deyil. Bu qənaətlər Qurani-Kərimdən təcil alır. Fussılət surəsindən öyrənirik ki, Göylə Yer Allahın buyruğuna eşqlə boyun əyir: ”Sonra göyə yönəldi. Dumandı, buxardı göy. Göyə, Yerə «Gəlin Mənim buyruğuma könüllü ya könülsüz» dedi. «Könüllü gəldik» dedilər” (1, Fussılət 11). Ayədən göründüyü kimi, burada söhbət subordinasiya qismində tabeçilikdən yox, məhz kökündə eşq dayanan bir münasibətdən gedir. Yəni eşq təkcə insana xas olan bir hiss deyil. Başqa bir ayədə bizim canlı saymadığımız astronomik obyektlərin belə Allahı təsbih etdiyi deyilir: “Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!” (5, İsra, 44). Ayəyə görə, mikrodan makroya – atomdan qalaktikalara qədər bütün varlıq Allahı təsbih kimi bir fəaliyyət içindədir. Nizami Gəncəviyə görə, eşq kainatın var olmasının səbəbidir. O, Tanrı sifətidir. Buna görə əzəli və əbədidir. Bu dünya eşqsiz quru bir məzardır.
Eşq düşsə daşın da qəlbinə əgər
Gövhərdən özünə məşuq düzəldər.
Maqnit olmasaydı eşqin əsiri
Çəkməzdi özünə dəmir zənciri.
İdrakı dinləsək, söyləyir o da:
-Hər şey eşq üstündə durur dünyada (4).
Mövlana da cansızların belə eşqi olduğunu ifadə edir: “Ey aşiq! Eşq Turun canı oldu. Tur sərxoş, Musa da yıxılaraq bayılıb!” (6, I, misra 25-26). Burada söhbət Əraf surəsindəki ayədən gedir. “Qoyduğumuz vaxtda özünü yetirdi Musa. Söhbətə başlayarkən onunla Rəbbi, «Özünü mənə göstər baxım» dedi Musa. «Sən görə bilməzsən Məni. Ancaq o dağa bir nəzər yetir, yerində durubsa dağ, Məni mütləq görəcəksən» buyurdu Rəbbi. Görünəntək Rəbbi dağa parça-parça etdi onu. Huşsuz düşdü Musa.” (1, Əraf 143). Mövlanaya görə, Tur dağının parçalanmasına səbəb olan eşqdir.
Eşq kədər mənbəyidir.
Çoxları kədəri eşqin atributu hesab edir. Deyirlər, onlar qardaşdır. Harda eşq varsa, orda kədər də var. Təsəvvüf əhlinə görə, insan Allahdan gəlib Allaha gedir. Bu dünya kəsrət - ayrılıq dünyası, ölüm isə vüsala qovuşmaqdır. Ayrılıq kədər doğurur, vüsalla bitəcək bir kədər. Bəzən bu baxış mifoloji libas da geyinir. Sührəvərdi eşqlə kədərin qardaşlığını belə izah edib. Tanrının ilk yaratdığı varlıq ağıldır. Bu varlığa Allah üç xassə verib: gözəllik, eşq, hüzn. Bunlar qardaşdır: “…Ən böyük qardaş olan gözəllik özünə tamaşa etdi. …Özünü uca bir xeyir kimi gördü. Nəşə ondan doğdu və gülümsədi. Ortancıl qardaş olan Eşq gözlərini gözəllikdən ayıra bilmədi. Onun təbəssümü ilə dəli-divanə oldu, ona yetişmək istədi. Ən kiçik qardaş olan Hüzn ona qoşuldu, ayrıla bilmədi”. Göründüyü kimi, Eşq Gözəllikdən, Hüzn isə Eşqdən ayrılmır. Bu, o deməkdir ki, harada gözəllik varsa, eşq var, harda eşq varsa, hüzn var. Sührəvərdiyə görə, gözəllik Yusifdə, eşq Züleyxada, hüzn Yaqubda təcəlli edib (7).
Təsəvvüf əhlinə görə, eşq bir axtarışdır. İnsan Uca Yaradıcıdan ayrı düşdüyü üçün bir qəriblik, yalnızlıq içindədir. Onu tapmayana qədər rahatlığı olmayacaq. Neyin səsindəki qəm, kədər, inilti də ayrılıqla bağlıdır. Neyi qamışdan düzəldirlər. Onu kəsib əslindən ayırıblar, əslinə qayıtmaq üçün nalə edir. Allah ruhundan insana üfürüb. İnsan Ondan ayrıldığı üçün ruh eşq atəşi ilə yanır. Füzuli aşiqin kədəli olmasını Allahın təqdiri sayır:

Ey ki əhli-eşqə söylərsən: “Məlamət tərkin et!”
Söylə ki, mümkünmüdür təğyiri-təqdiri-xuda? (8, 25)
Yəni insanın eşqə düçar olması Allahın iradəsi ilədir, kədər isə nəticədir.
Eşq nəşə mənbəyidir.
Maraqlıdır ki, Füzulidə eşqin həm də nəşə mənbəyi olduğunun iddia edildiyini görürük. Özü də söhbət orta statistik yox, kamil bir nəşədən gedir:
Eşqdir ol nəşeyi-kamil kim ondandır müdam
Meydə təşviri-hərarət, neydə təsiri-səda (8, 25).

Füzulinin başqa bir qəzəlində də eşqin zövqü vəsf edilir:

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor! (8, 73)

Eşq sərməstlik gətirir. Aqilə təmkin və ağıl, aşiqə cünun - çılğınlıq xasdır. Aqil tezis və antezislərlə düşünər, sintezlər edər, aşiqin beşlə-altı ilə işi yoxdur. Ağılın mənbəyi beyin, eşqin yurdu-yuvası qəlb, könüldür. Aşiqin özü kimi könlü də “dəli” – eşq sərxoşu, məcnundur. Azərbaycan xalq ədəbiyyatında aşiqlərdən danışılanda daha çox “dəli könül”dən danışılır: “Dəli könül, nə divanə gəzirsən...”, “Dəli könül, gəl əylənmə qürbətdə...” və s. Ağıllı könülü vəsf edən şair olmayıb. Şübhəsiz, bu yanaşma təsəvvüf ənənəsi ilə bağlıdır.
Təsəvvüf əhlinə görə, mərifət, yəni Allahı bilmək və tanımaq qəlbin işidir. Hər bir üzvün ləzzət aldığı bir fəaliyyət var. Göz gözəl olanları görməkdən, qulaq xoşa gələn səsləri eşitməkdən zövq alır. Qəlbin zövq aldığı fəaliyyət isə mərifətullah – yəni Allahı dərk etməkdir. İnsan Allahın gözəlliklərini dərk etdikcə eşqi artır. Bu bilgi sərxoşluq gətirir. Hüşyarlıq aqilə, sərməstlik aşiqə xasdır. Allahı bilmək ləzzətlərin ən gözəlidlir. Eşq badəsini içən sərxoş olub rasional təfəkkürdən imtina edər:
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir?
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir.
Gərçi canandan dili-şeyda üçün kam istərəm,
Sorsa canan, bilməzəm kami-dili-şeyda nədir (9, 188).
İlahidən gələn məstliyin kökündə eşq durur. Eşq əhli ilahi feyzdən sərxoş ikən artıq cüzi ağıl növündən imtina edir və ona itaətdən boyun qaçırır.

Eşq hidayət yolunu işıqlandırır. O, ağıldan daha üstündür.
Təsəvvüf əhli dini anlamaqda ağlın faydasını inkar etmir. Mövlana yazır ki, “İnsana qol, qanad ağıldır. Adamın ağlı olmasa, özünə başqa bir ağılı bələdçi etməlidir” (6, VI, misra 4075). Amma bu ağılın dini məsələlərdə insana xidmətinin bir həddi var. Mövlana kəsblə əldə edilən ağlı cüzi ağıl adlandırır. Təsəvvüf əhlinə görə, eşqin dini funksiyası onun hidayət yolunu işıqlandırmağıdır. Həqiqət yolunun yolçuları eşqi yamsılayırlar:

“Qəd ənarəl eşqü lil-üşşaqi min hacəl hüda”
Saliki-rəhi-həqiqət eşqə eylər iqtida (8, 25).
Burada “Eşq aşiqlər üçün hidayət yolunu işıqlandırdı” mənasındakı ilk misra hədis hesab edilir. Füzuliyə görə aşiqin ağıldan imtina edib eşqə uyması labüddür:
Təmərrüd əql fərmanindən etsəm, dustlar, billah,
Məni rəyimlə sanmın, eşq sultaninə məmurəm (9,69).
(təmərrüd – itaət etməmək, üsyan – V.S.)
Məlumdur ki, Meracla bağlı hədisdə peyğəmbərimizin Cəbraillə yolçuluğundan danışılır. Mövlanaya görə, ağıl Merac gecəsində Sidrətül-Müntəhadan o yana keçə bilməyən Cəbrail kimidir: “Ağıl Cəbrail kimi: “Ey Əhməd, bir addım daha atsam, yanaram! Sən məni burax, bundan sonra sən irəli get. Ey can sultanı, mənim həddim bu qədərdir” dedi” (6, I, misra 1066-67).
Cəbrailin gedə bilmədiyi yerə peyğəmbərimizin Rəfrəflə getdiyi deyilir. Guya peyğəmbətimiz Rəfrəfə oturub çox yüksəklərə qalxır, yetmiş min pərdədən keçir, cənnət və cəhənnəmi görür. Həmin vasitə (rəfrəf) dini ədəbiyyatda bir qayda olaraq yumşaq qumaş, döşək kimi izah edilir. Rəhman surəsində “rəfrəf” sözü Cənnət təsvirləri zamanı işlədilib. “Muttəkiinə alə rəfrəfin xudrin va abqariyyin hisən” – “Gözəl-gözəl xalçaların üstündə yaşıl-yaşıl yastıqlara söykənər cənnət əhli hurilərlə yan-yana” (1, Rəhman, 76). Elmalılı Həmdi Yazır “rəfrəf”lə bağlı bunları yazır: “Pərdə və döşəmə düzəldilən yaşıl qumaşa, döşəklərin, taxtların, pərdələrin ətəklərinə, salxım söyüd kimi budaqları aşağı əyilən ağaca... rəfrəf deyilir...” (10)
Amma təsəvvüf əhlinə görə, Meracdakı rəfrəf maddi bir şey yox, eşqdir.
Bu məsafə ağılla qət edilə bilinməz. Cəbrail yarı yolda qalıb, çünki yana bilərdi. Amma aşiq üçün yandırıcı od belə təhlükə deyil. İbrahim peyğəmbər ağılla Allahın tək olduğu qənaətinə gəlib bu qənaəti möhkəmləndirmişdi. Amma odun içinə ağılla yox, eşqlə girib. Demək, peyğəmbərimiz həm də aşiqdir. “Əhmədi” (Məhəmməd peyğəmbəri) Əhəddən (Allahdan) bir “m” ayırır. “M”dən qurtulsa, Əhədləşər” deyər təsəvvüf əhli. “M” masiva eşqidir. Masiva eşqi canla bağlıdır.
İlahi eşqi doğuran həm də ayrılıqdı. Mələklər Allaha yaxın olduğu üçün kəsrətdən enerji ala bilmir. Təsəvvüf əhlinə görə, eşq olandan sonra cüzi ağıla ehtiyac qalmır. Necə ki Günəş çıxanda şamları söndürürlər. Eyni zamanda, cüzi ağıl sahibləri aşiqləri anlamır. Eşq sahibinin hər şey hesab etdiyini cüzi ağıl sahibləri dəlilik hesab edir.

Fəzayi-eşqi ta gördüm, səlahi-əqldən durəm,
Məni rüsva görüb eyb etmə, ey naseh ki, məzurəm (9, 69).

Təsəvvüf əhlinə görə, cüzi ağıl kamillik üçün yetərli deyil. O, insanı hər zaman qurtuluşa apara bilməz. İblisin ağlı cüzi ağıl olduğu üçün Adəmə səcdə etmir. Dərgahdan qovulanda Allaha “Məni azdırdığına görə...” deyir. Adəmin eşqi olduğu üçün yolunu azanda “Nəfsimə zülm etdim...” deyib günahı özündə görür. Eşq aşiqin özünü heçə endirməsidir. Sevgili qarşısında iradəsini qeyb edən təkəbbür sahibi olmaz. İblisdə eşq olsaydı, təkəbbür olmazdı: “«Adəmə səcdə eləyin» söyləmişdik mələklərə bir zaman. Hamı səcdə elədi, iblis eləmədi, təkəbbürlə yaxasını çəkdi kənara, kafirlərdən oldu» (1, Baqara, 34); «Ey iblis, Öz əlimlə yaratdığıma səni səcdədən edən nədir? Təkəbbürlümü oldun, qürurlananmı oldun?» dedi Allah» (1, Sad, 75).
Mövlanaya görə, aşiq xalis və saf şərabı (əqli-küll) özündə tapıb ondan qidalanarsa, bu məqamda artıq ağıl qeyb olur (6, I, misra 1981). Cüzi ağılın acizliyi eşqi inkar etməsidir. “Cüzi ağıl sirrə sahib kimi görünsə də, həqiqətdə eşqi inkar edir. Zəkidir, bilir, fəqət yox olmayıb. Cüzi ağıl sözdə və işdə bizim dostumuzdur, amma hal bəhsinə gələndə bir heçdən, yoxdan ibarətdir (6, I, misra 1982-1984). Eşqi yalnız eşq özü şərh edə bilər: ”Eşqin şərhində ağıl palçığa batmış uzunqulaq kimi yatdı qaldı. Eşqi, aşiqliyi yenə eşq şərh etdi” (6, I, misra 115). Türk alimi Nejdet Durak cüzi ağıl və eşq ilə bağlı Mövlananın görüşlərini dəyərləndirərkən bunları yazır: “Mövlana insanı dualist bir biçimdə dəyərləndirir. Onun fikrincə, insan bir tərəfdən ilahi, metafizik dəyərlərin təmsilcisidir, digər tərəfdən bədəni ilə fiziki dünyaya bağlıdır. Mövlana insanın bu iki yönünü mübarizə meydanı kimi göstərir. Ağıl fiziki dünyada fəaliyyət göstərir və nəfs ilə mübarizə aparır. İlahi yardım almasa, uğur qazana bilməyəcəyi bu mübarizədə ağıl insan üçün əsl məqsədi olan metafizik aləmə və onun biliklərinə çatmaq üçün bir bələdçidir. Fəqət ağıl metafizik sahədə yetərsiz qalır və bu səbəbdən yerini eşqə verir. Mövlanaya görə, ağlın vəzifəsi metafizik bilik qapısını açmaqdır, amma içəriyə eşqlə girilir” (11).

Ədəbiyyat

1.Qurani-Kərim, N.Qasımoğlunun açıqlaması, Bakı, 1993.
2.İslam Ansiklopedisi, Türkiye Diyanet Vakfı, İstanbul, 1991
3. İmam Gazali “Ehyau ulumid-din”, II cild, Tuğra Neşriyyat
4. Nizami Gəncəvi, “Xosrov və Şirin”, “Lider nəşriyyat” 2004. Tərcümə edəni Rəsul Rza
5. Qurani-Kərim, Bakı, Azərnəşr 1992, tərcümə edənlər Ziya Bünyadov və Vasim Məmmədəliyev.
6. Mevlana, “Mesnevi”, I-VI cild, MEB yayınları, İstanbul, 1990-1991.
7. İsmail Yakıt, “Mevlana’da aşk metafiziği”
http://akademik.semazen.net/author_article_print.php?id=1181
8. M.Füzuli, Seçilmiş əsərləri, “Şərq-Qərb” nəşriyyatı, 1992
9. M.Füzuli, “Leyli və Məcnun”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1999.
10.Elmalılı Hemdi Yazır, Kur'an-ı Kerim tefsiri, http://www.kuranikerim.com/telmalili/rahman.htm
11. Nejdet Durak, “Mevlânâ ve Kant felsefesinde aklin değeri”, S.D.Ü. İlahiyat Fakültesi Dergisi, Yıl. 2007/2, S. 19, Isparta 2007

Васиф Садыглы

Разум и любовь

РЕЗЮМЕ

Коран призывает людей к осознанию божественно-этических императивов, писаний во Вселенной, в человеческой душе и ниспосланных писаний путем апелляции к разуму. Вместе с тем, по мнению ряда суфийских мыслителей, в процессе эволюции человека наступает такой момент, когда он, отказавшись от разума, обьязан пройти оставшийся путь своей жизни во власти любви. Человеку, достигшего такого этапа, даже малая доля разума становится в тягость. Потому, что он в целом слаб в метафизической области. Если в первые столетия Ислама суфии не воспринимали любовь как религиозное понятие, то в последующие века она получила широкое распространение и заняла особое место в литературе. В данной статье рассматриваются также значения, какие охватывает понятие любви в произведениях некоторых суфийских мыслителей Востока.

Vasif Sadigli
Mind and Love
SUMMARY

The Koran calls upon people to be perceptive of holy ethics along with books written in the Universe and human’s soul as well as book sent by God, which it sees possible via using mind. Nevertheless, according to some Sufi thinkers, the evolution process of human-being reaches a moment when he or she is to abandon Mind and run the rest of his or her life at the mercy of Love. Human-being while reaching this level of development feels burdened with even less amount of Mind because human-being is believed to be weak in the field of metaphysics. Although Sufi thinkers during the first centuries of Islam did not perceive Love as a religious notion, later on the notion of Love gradually started to spread over centuries and took a particular place in literature. This article discusses also the meaning included in works by some Sufi thinkers of the East.

 

 

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.