Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm mim sad.
2. Bu bir Kitabdır sənə nazil edilmiş. Öz içində bir üzüntün olmasın
bu Kitab barəsində, axı, onunla xəbər verməlisən olacağı, öyüd
verməlisən mö'minlərə.
3. Rəbbinizdən sizə nazil olanın ardınca gedin, Onu qoyub ayrısını
dost aradıqlarınızın ardınca yox! Verilən öyüdlərə çox az qulaq
verirsiz.
4. Yox elədik neçə-neçə şəhəri. Gecələr, yaxud gündüzlər yuxuda
ikən onlar, basqın etdik basıldılar.
5. Basılan zaman da Biz gerçəkdən zalım idik söyləməkdən özgə
bir çarəsi qalmamışdı onların.
6. Sorğuya çəkəcəyik o kəsləri ki, elçilər göndərilib onlara və
o kəsləri ki, elçilər olaraq göndəriliblər.
7. Gördükləri işləri danışarıq birə-birər onlara, iş görən zaman
onlar Biz qaib deyildik axı.
8. Haqq çəkisi qoyulacaq o gün mizan-tərəziyə. Çəkisi ağır gələnlər
uğura uğrayarlar.
9. Çəkisi yüngül gələnlər ayələrimizə haqsızlıq eləyənlərdir,
itiriblər özlərini.
10. Yer üzündə yer verdik sizə, dolanışıq verdik sizə. Çox az
şükr eləyirsiz bunun qarşılığında.
11. Sizi xəlq elədik, sonra şəklə saldıq, sonra da mələklərə «Adəmə
səcdə eləyin» söylədik. Onlar səcdə elədi, iblis eləmədi, səcdə
eləyənlərdən olmadı o.
12. «Sənə buyurmamışdım axı belə edəsən, səni səcdədən edən nədir?»
dedi Allah. «Mən ondan üstünəm. Məni oddan xəlq elədin, onu gildən»
dedi iblis.
13. «Düş aşağı oradan, sən nə hədlə böyük-böyük danışırsan orada,
rədd ol, sən alçağın birisən» dedi Allah.
14. «İnsanların təkrar diriləcəyi günə qədər möhlət ver mənə barı»
dedi iblis.
15. «Di götür. Sən möhlət alanlardansan» dedi Allah.
16. «Məni azdırdığına görə mən də onları sapdırmaq üçün Sənin
doğru yolunun üstündə oturacam» dedi iblis.
17. «Sonra onların önündən və arxasından, sağından və solundan
keçəcəm və görəcəksən ki, Sənə şükr eləmir onların çoxu» dedi
iblis.
18. «Rüsvay olmuş, qovulmuşsan, di rədd olub çıxsana oradan. And
olsun ki, insanlardan kimlər sənə uyacaqsa onları və sizi, hamınızı
cəhənnəmə dolduracam» dedi Allah.
19. «Ey Adəm, öz zövcənlə cənnətdə qal, orada olandan istədiyiniz
şeyi yeyin, yalnız bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsız»
dedi O.
20. Ayıb yerlərini göstərməkçin onlara «Bu ağacı Rəbbiniz ancaq
ona görə yasaq eləmiş ki, siz mələk olmayasız, burada da əbədilik
qalmayasız» pıçıldayıb dedi şeytan.
21. «Mən gerçəkdən öyüd verənlərdənəm» deyib and içdi onlara şeytan.
22. Aldatdı onları, aşağı saldı şeytan [onları mövqe ucalığından
məhrum elədi]. Ağacdan meyvə daddıqca ayıb yerləri göründü, cənnət
yarpaqları ilə oralarını örtməyə başladılar. Rəbləri səslədi onları:
«O ağacı sizə yasaq etmədimmi? Şeytanın sizə açıqca düşmən olduğunu
demədimmi?»
23. «Rəbbimiz, özümüzə zülm elədik, bizi bağışlamasan, bizə rəhm
eləməsən ziyana uğrayarıq» söylədi hər ikisi.
24. «Bir-birinizə düşmən olub düşün yer üzünə, orada bir müddət
yerləşib keçinəcəksiz» dedi Allah.
25. «Orada yaşayar, orada ölərsiniz və oradan dirilib çıxarsınız»
dedi O.
26. Ey Adəm oğulları! Ayıb yerlərinizi örtəcək geyim göndərdik,
üstünüzü bəzəyəcək əlbisə göndərdik sizə. Bunlardan üstündür taqvadan
geyim. Bu deyilənlər Allahın ayələrindən gölir. Bəlkə buna görə
düşünüb öyüd ala onlar.
27. Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərməkçin atanızın,
ananızın libasını üstündən çəkmişdi, cənnətdən çıxarmışdı onları,
sizi də bir bəlaya salmasın şeytan. Gözünüzə görünməyən yerdən
görür sizi şeytan və onun dəstəsi. O kəslər ki, imana gəlməyiblər,
dost seçmişik şeytanları onlara.
28. Bir fəna iş tutan zaman «Atalarımızın yoluyla getdik, Allahın
əmrilə tutduq bu işi» dedilər. De ki, «Fənalığı əmr eləməz Allah.
Allah haqqında bilmədiyiniz bir şeymi söyləyirsiniz?»
29. De ki, «İnsaflı olmağı buyurmuş mənə Rəbbim. Məscidlərdə üzünüzü
Ona tutun. Ona ürəkdən inanın. Ona yalvarın. Sizi necə yaradıbsa
eləcə də dönərsiniz Onun dərgahına».
30. İnsanların bir qisminə doğru yolu, bir qisminə də çaşqınlığı
qismət elədi Allah. Doğru yoldan sapanlar, Allahı qoyub şeytanları
dost tapmışdılar özlərinə, doğru yolda sanmışdılar özlərini.
31. Ey Adəm oğulları! Hər məscidə gedəndə geyinib-kecinib gedin.
Yeyin, için, ancaq israfçılıqdan çəkinin. İsrafçılıq edənləri
sevməz Allah.
32. De ki, «Kim haram buyurmuş axı ziynətləri, təmiz-təmiz ruziləri,
Öz bəndələrindən ötrü yaratmış bunları Allah». De ki, «Bunlar
bu dünyada iman gətirənlərindir, qiyamət günündə də yalnız onlar
üçündür». Anlayan bir qövm üçün açıqlayırıq ayələri birər-birər
beləcə.
33. De ki, «Rəbbim ancaq açıq-gizli pis işləri, günah işlətməyi,
haqsız təcavüzü, haqqında bir fərman-dəlil göndərmədiyi şeyi Allaha
şərik qoşmağınızı, bilmədiyinizi Allahın adına söyləməyinizi haram
qılmışdır sizə».
34. Hər ümmətin müddəti var. Müddəti yetdimi bitdi o, nə geriyə
gedə bilər bir anlığa, nə irəliyə.
35. Ey Adəm oğulları! Ayələrimizi oxuyan peyğəmbərlər gələn zaman
sizə öz içinizdən, Ondan çəkinib saleh işlər görənlərə zaval yoxdur,
qəm əlindən üzülməzlər.
36. Ayələrimizi yalan sayıb təkəbbürlük edənlərsə od əhlidir,
od içində əbədilik qalarlar.
37. Allahın adına yalan uydurandan, Onun ayələrini danandan daha
zalım kim ola? Onlar o kəslərdir ki, Kitabdakı paylarını alarlar.
Onlardan can almağa gələn elçilərimiz «Hanı bəs Allahdan qeyrisinə
tapındıqlarınız» söyləyəndə «Bizi qoyub qaçdılar» deyərlər və
özlərinin kafirliyinə özləri şahidlik eləyərlər beləcə.
38. «Sizdən öncə gəlib gedən cinlərə və insanlara tay olaraq haydı
girin od içinə» dedi Allah. Lə'nət oxudu od içinə girənlərin hər
biri öz yoldaşına. Bir-birinin ardınca cəhənnəmə doluşanda hamısı,
arxadakılar öndəkilər üçün dedilər: «Rəbbimiz, bunlar bizi yolumuzdan
azdırdılar, bunlara od əzabını ikiqat ver». «Bir qat artıq əzab
gözlər hamını, bunu siz bilməzsiniz» dedi O.
39. Öndəkilər də arxadakılara «Yoxdur sizin bizdən bir üstünlüyünüz.
«Di siz də qazandığınız günahların üzündən dadın əzabı» dedilər.
40. Ayələrimizi dananların, təkəbbürlük edənlərin üzünə açılmaz
səmanın qapıları, iynə deşiyindən dəvə keçməyincə cənnətə də girməz
onlar. Beləcə cəzalandırırıq günah işlədənləri.
41. Yorğanı, döşəyi oddur onların. Beləcə cəzalandırırıq zalımları.
42. İman gətirənlər və əməli salehlər isə - ancaq gücü yetən yükü
yükləyərik hər bir kəsə - cənnət adamlarıdır, orada əbədilik qalarlar.
43. Onların ürəyində kin-küdurətdən nə varsa, hamısını çıxarmışıq,
atmışıq. Ayaqları altından çaylar axır onların. «Həmd olsun Allaha
ki, bizi gətirmiş buraya. Doğru yolu tapmazdıq heç, doğru yola
bizi yönəltməsəydi Allah. Demə haqq gətiribmiş bizə Rəbbimizin
elçiləri [söylədikləri doğru imiş]» deyir onlar. «Bu da sizin
cənnətiniz, gördüyünüz işlərə görə sizə bir miras olaraq verilib
o» deyə səslədilər onları.
44. Cənnətdəkilər cəhənnəmdəkiləri səsləyib dedilər: «Biz gördük
ki, gerçək imiş Rəbbimizin bizlərə və'd elədiyi. Bəs siz necə,
gördünüzmü gerçək imiş Rəbbinizin sizlərə və'd elədiyi». «Bəli!»
dedilər və onların arasında olan bir müəzzin car çəkdi: «Zalımların
üstündədir Allahın lə'nət yazısı».
45. O kəslərin ki, sapırlar Allah yolundan, əyri görmək istəyirlər
bu yolu, danırlar axirəti.
46. İki tərəf [cənnət və cəhənnəm əhli] arasında pərdə var. Və
hər iki tərəfi üzlərindən tanıyan adamlar dayanıblar Ə'raf üzərində.
Cənnət əhlini səsləyərək «Sizə salam olsun deyirlər. Bunlar cənnətə
girməyiblər, amma cənnətə girməyin arzusuyla yanırlar.
47. Cəhənnəm əhlinə zillənəndə gözləri «Zalımların qövmilə bir
yerdə yerləşdirmə bizi, Rəbbimiz» dedi onlar.
48. Yzlərindən tanıdığı adamları səsləyib Ə'raf əhli dedi: «Nə
yığdığınız mal-dövlətin, nə də lovğalandığınız şeylərin faydası
qalmamışdı sizə.
49. Siz and içmişdiniz ki, Allahın rəhməti yetməyəcək onlara.
Bunlarmıdır o adamlar? Girin cənnətə, sizlərə zaval yoxdur, sizlər
üzülməzsiniz kədər içində».
50. Cəhənnəmdəkilər cənnətdəkiləri səsləyib dedilər: «Nolaydı
bizim də üstümüzə o sudan tökəydiniz, Allahın sizə verdiyindən
bizə də göndərəydiniz». Cənnətdəkilər dedilər: «Bu ikisini kafirlərə
haram buyurmuş Allah».
51. O kəslərə ki, dinlərini əyləncəyə, oyuna döndərdilər, dünya
həyatına uydular. Bu günlə üzləşəcəyini unutmuşdular, ayələrimizi
bilərəkdən danırdılar. Biz də unuduruq bu gün onları.
52. Bir Kitab gətirmişik onlara. İman gətirənlərə yol göstərən,
rəhmət verən bu Kitabdakıları birər-birər elm ilə e'lan elədik.
53. Kitabın xəbər verdiyindən savayımı bir şey gözləyir onlar?
Xəbəri yetən şey gəlib yetişən gün «Demə haqq gətiribmiş bizə
Rəbbimizin elçiləri. Bizdən ötrü bir iltimas eləyən tapılarmı?»,
yaxud «Mümkündürmü dünyaya təkrar dönək və gördüyümüz işləri buraxıb
başqa işlər görə bilək» deyər öncə bu günü unutmuş olanlar. İtkiyə
uğramış onlar, uydurduğu şeylər də onlardan kənar olmuş.
54. Rəbbiniz Allahdır, göyləri və yeri altı gündə yaratmış, sonra
ərşi bərqərar eləmiş. Bir-birinə bürüyür gecə ilə gündüzü, bunlar
da bir-birini qovur durmadan. Günəşi, ayı, ulduzları öz buyruğuna
boyun əymiş olaraq yaradan Odur. Bilin, yalnız Ona aid olar yaratmaq
və buyurmaq. Uludur aləmlərin Rəbbi Allah.
55. Yrəkdən və gizlicə yalvarın Rəbbinizə. Həddini aşanları sevməz
Allah.
56. Yer üzünün nizamı düzələndən sonra pozğunçuluq törədib qarışıqlıq
salmayın. Qorxa-qorxa, ümidlə yalvarın Ona. Allahın rəhməti yaxşı
işlər görənlərə yaxındır.
57. Özünün rəhmətindən öncə küləkləri mücdəçilər olaraq göndərən
Odur. Ağırlaşmış buludları küləklər daşıyan zaman ölü bir ölkəyə
göndərərik bu buludları, onlardan su endirərik, suyla növ-növ
meyvələr yetişdirərik. Dirildərik ölüləri beləcə, bəlkə bundan
sonra gələsiniz özünüzə.
58. Torpağı pak olan ölkənin bitkisi Rəbbinin iznilə yaxşı olar.
O yer ki napak ola, yararsız bitkidən savayı heç nə bitməz orada.
Şükr eləyən bir qövm üçün açıqlayırıq ayələri birər-birər beləcə.
59. Öz qövmünə göndərdik Biz Nuhu elçi olaraq. Nuh dedi: «Ey qövmüm,
Allaha ibadət eləyin. Yoxdur sizin Ondan başqa tanrınız. Doğrusu,
mən qorxuram dəyə sizə böyük günün əzabı».
60. Onun qövmündən olan kübarlar dedilər: «Biz səni açıqdan açığa
çaşqınlıq içində görürük».
61. Nuh dedi: «Ey qövmüm, mən çaşqınlıq daşımıram. Mən aləmlərin
Rəbbinin göndərdiyi elçiyəm.
62. Mən Rəbbimin sözlərini yetirirəm sizə, öyüd verirəm sizə.
Sizin bilmədiyinizi mən Allahdan öyrənib bilirəm».
63. Görəndə ki, Rəbbinizin göndərdiyi zikr sizə öz içinizdən çıxan
bir adamla gəlib çatmış, təəccübmü qaldınız? Axı, xəbərdarlıq
eləməlidir bu adam sizə və siz də Allahdan qorxmalısınız ki, bəlkə
Onun rəhmətinə qovuşasınız.
64. Dandı onlar Onun dediklərini, Biz də xilas elədik onu və onunla
birgə gəmidə olanları, sulara qərq elədik ayələrimizi dananları.
Kordu, şübhəsiz, onlar.
65. Ad qövmünə göndərdik Biz Hudu, onların öz qardaşını elçi olaraq.
Dedi: «Ey qövmüm, Allaha ibadət eləyin. Yoxdur sizin Ondan başqa
tanrınız. Yoxsa Ondan çəkinməzmi olacaqsınız?»
66. Onun qövmündən olan kafir kübarlar dedilər: «Biz səni ağılsız
görürük, yalançılardan sayırıq».
67. Hud dedi: «Ey qövmüm, mən ağılsız deyiləm, aləmlərin Rəbbinin
göndərdiyi elçiyəm.
68. Mən Rəbbimin sözlərini yetirirəm sizə, e'tibarlı öyüdlər verirəm
sizə».
69. Görəndə ki, Rəbbinizin göndərdiyi zikr sizə öz içinizdən çıxan
bir adamla gölib çatmış, təəccübmü qaldınız? Axı, xəbərdarlıq
eləməlidir bu adam sizə. Xatırlayın ki, Nuhun qövmünün yerinə
xəlifələr olaraq sizi gətirmiş Allah. Onlardan üstün tutmuş yaranmışda
sizi. Allahın ne'mətlərini xatırlayın ki, uğura uğrayasız.
70. Dedilər: «Demək sən gəldin ki, atalarımızın ibadət elədiklərindən
əl çəkib tək Allaha ibadət eləyək. Doğru sözlü, düz əməlli kimsəsənsə
qorxuzduğun o əzaba sal bizi».
71. Hud dedi: «Artıq Öz əzabını və qəzəbini göndərmiş sizə Rəbbiniz.
Sizin və atalarınızın qoyduğu adlar barədəmi mənimlə mübahisə
eləyirsiz? Bir fərman-dəlil göndərməmiş bunlar barədə Allah. Siz
gözləməyinizdə olun, mən də sizinlə birgö gözləməkdəyəm».
72. Öz rəhmətimizlə xilas elədik Hudu və tərəfdarlarını. Kəsdik
kökünü ayələrimizi dananların, imana gəlməyənlərin.
73. Səmud qövmünə də göndərdik Biz Salihi, onların öz qardaşını
elçi olaraq. Dedi: «Ey qövmüm, Allaha ibadət eləyin. Yoxdur sizin
Ondan başqa tanrınız. Aşkar bir mö'cüzə göndərmiş Rəbbiniz sizə.
Bu, Allahın dəvəsidir, sizin üçün bir dəlildir. Buraxın onu otlasın
Allahın torpağında. Nəbadə ona pisliyiniz toxuna, yoxsa sizi bir
ağrılı əzab yaxalar».
74. Xatırlayın ki, xəlifələr olaraq sizi Ad qövmünün yerinə gətirmiş,
yer üzündə yerləşdirmiş Allah. Yer üzünün düzündə qəsrlər qurursunuz,
dağ-daşından evlər yonursunuz. Xatırlayın Allahın ne'mətlərini,
yer üzündə qarışıqlıq salmayın.
75. Onun qövmündən olan təkəbbürlü kübarlar zəif sandıqları kimsələrə
dedilər: «Salihi öz Rəbbinin göndərməyini gerçəkdənmi bilirsiz?»
«Biz onunla göndərilənə gerçəkdən inanırıq» deyə bildirdilər.
76. «Sizin inandığınızı biz danırıq» dedi təkəbbürlük edənlər.
77. Kəsdilər dəvəni, pozdular Rəblərinin əmrini, «Ey Salih, gerçəkdən
elçisənsə qorxuzduğun o əzaba sal bizi» dedilər.
78. Zəlzələ yaxaladı onları, yurdlarında meyid düşüb diz çökərək
qaldılar.
79. Onlardan üz çevirdi Salih. «Ey qövmüm, and olsun ki, mən sizə
öz Rəbbimin sözünü yetirmişdim, öyüd vermişdim. Sizsə öyüd verənləri
sevməyirsiz» söylədi.
80. Biz Lutu da göndərdik elçi olaraq. Öz qövmünə o dedi: «Sizdən
öncə aləmlərdə kimsə yol verməzdi buna, sizmi yol verirsiz zinakarlığa?
81. Qadınları qoyub kişilərlə şəhvət tapıb uğraşırsız. Həddinizi
aşırsız».
82. «Çıxarın kəndinizdən onları [Lutun tərəfdarlarını], paklığa
can atan adamlardır onlar» söyləməkdən savayı bir çarəsi qalmadı
onun qövmünün.
83. Biz də Lutun ailəsini xilas elədik. Təkcə arvadını xilas eləmədik.
Əzab içində qalmışdı o.
84. Bir yağış [daş yağışı] yağdırdıq ki, üstünə biz bunların,
görəydiniz necə olur sonu günahkarların.
85. Mədyən qövmünə də göndərdik Biz Şuaybı, onların öz qardaşını
elçi olaraq. Dedi: «Ey qövmüm, Allaha ibadət eləyin. Yoxdur sizin
Ondan başqa tanrınız. Aşkar bir dəlil gəlmiş sizə öz Rəbbinizdən.
Ölçüdə, çəkidə düzlük gözləyin. İnsanların şey-şüyünü əskik eləməyin.
Yer üzünün nizamı düzələndən sonra pozğunçuluq törədib qarışıqlıq
salmayın. Bunların xeyri olar sizə, əgər mö'minsinizsə.
86. Hər yolun başında oturaraq Ona iman gətirənləri təhdid edib
Allah yolundan döndərməyə çalışmayın, bu yolun əyriliyini arzulamayın.
Xatırlayın, sayca az idiniz, çoxaltdı sizi O. Və baxın görün necə
olur sonu pozğunçuların.
87. Bə'ziniz inanmış, bə'ziniz də inanmamışsa əgər, mənimlə göndərilənə
səbr eləyin bizə Öz hökmünü verənə qədər Allah. Odur hökm verənlərin
ən insaflısı».
88. Onun qövmündən olan təkəbbürlü kübarlar dedilər: «Ey Şuayb,
ya səni və səninlə bərabər iman gətirənləri mütləq çıxardarıq
öz kəndimizdən, ya da dinimizə dönməlisən». Şuayb dedi: «Bu əmri
rədd etsək necə?
89. Bizi dininizdən qurtardıqdan sonra Allah, əgər bir də dönsək,
onda yalan yaxmış olarıq biz Allahın adına. Rəbbimiz Allah istəməyə-istəməyə
həmin dinə dönməyimiz bizə yaraşan deyil. Hər şeyi Öz elmilə tutmuş
Rəbbimiz. Allaha güvənmişik, Rəbbimiz! Aramızda Sən haqq ilə hakimlik
elə. Sənsən hökm verənlərin ən insaflısı».
90. Onun qövmündən olan kafir kübarlar dedilər: «Şuaybın ardınca
əgər getsəniz mütləq ziyana düşərsiniz».
91. Zəlzələ yaxaladı onları, yurdlarında meyid düşüb diz çökərək
qaldılar.
92. Elə bil heç dünyada yaşamamışdı da Şuaybı yalançı sayanlar.
Yurdlarında onların izi-tozu qalmadı. Ziyana uğrayanlardı Şuaybı
yalançı sayanlar.
93. Onlardan üz çevirdi Şuayb. «Ey qövmüm, and olsun ki, mən sizə
öz Rəbbimin sözünü yetirmişdim, öyüd vermişdim. Kafirlərin qövmü
üzündən mən niyə üzülməliyəm?» dedi.
94. Biz hansı ölkəyə peyğəmbər göndərmişdiksə oranın əhlini yalvarıb
yaxarsınlar deyə bəlaya və müsibətə düçar eləmişdik.
95. Sonra pisliyin yerini yaxşılıqla dəyişmişdik. Elə ki, çoxaldı
onların sayı və «Atalarımız da bəlalı və şad günlər keçirmişdilər»
dedilər, özləri də duymadan yaxaladıq Biz qəfildən onları.
96. Gəlsəydilər imana o ölkələrin adamları, qorxsaydılar Allahdan,
göyün və yerin bərəkətini qismət eləyərdik onlara. Ancaq dandılar
Onu və qazandığı günaha görə yaxaladıq onları.
97. O ölkələrin adamları gecələr yuxuda ikən məgər əminmi idilər
dəyməyəcək əzabımız onlara?
98. O ölkələrin adamları səhərlər əylənərkən məgər əminmi idilər
dəyməyəcək əzabımız onlara?
99. Məgər əminmi idilər çatmayacaq onlara Allahın məkrindən intiqam
payı? Yalnız ziyana uğrayan inanar Allahın məkrindən qurtulacağına.
100. Sabiq sahiblərindən sonra bu torpağa varis olan kimsələr
gəlmədilərmi yola, anlamazmı oldular ki, istəsəydik onları da
yetirərdik suçlarının cəzasına. Möhürlərik ürəyini onların, eşitməz
olarlar haqqı.
101. O ölkələr barəsində xəbərləri söyləyirik Biz sənə. Aşkar
dəlillər gətirmişdi onlara peyğəmbərləri. Dandılar peyğəmbərləri,
gəlmədilər imana, kafirlərin ürəyini əvvəlcədən bax beləcə möhürləyib
bağlar Allah.
102. Biz onların çoxunda əhdə vəfa deyilən şey görmədik. Doğru
yoldan sapmış gördük Biz onların çoxunu.
103. Onlardan sonra Fir'onun və adamlarının yanına göndərdik Musanı
elçi olaraq, ayələrimiz də onda idi. Ayələrimizə zülm elədilər.
Bax gör necə olur aqibəti pozğunçuların.
104. Musa dedi: «Mən aləmlərin Rəbbinin göndərdiyi elçiyəm.
105. Yalnız haqq söylərəm mən Allahın adına. Aşkar dəlil gətirmişəm
sizə öz Rəbbinizdən. Sən də e'tiraz eləmə, göndər gəlsin mənimlə
buraya İsrail oğullarını.
106. «Əgər bir mö'cüzə gətirmisənsə, sözlərin doğrudursa, göstər
baxaq» dedi Fir'on.
107. Əlindəki əsanı yerə tulladı Musa. Açıq-aşkar bir ilana döndü
əsa.
108. Sonra qoltuğuna salıb çıxardı əlini. Gördülər ki, bəmbəyaz
rəngə çalıb parıldayır onun əli.
109. Fir'onun qövmündən olan kübarların bir qismi dedi: «Bu çoxbilmiş
cadugardır.
110. Çıxarmaq istəyir sizi torpağınızdan. Buyruğunuz nə olacaq?»
111. Bə'zilərisə dedilər: «Onu da, qardaşını da gözlət burada,
şəhərlərə adamlar yolla
112. hüzuruna gətirsinlər bütün çoxbilən cadugarları».
113. Toplaşdı cadugarlar Fir'onun hüzuruna. «Qalib gəlsək mükafat
çatır bizə, eləmi?» dedilər.
114. «Bəli, üstəlik mənə yaxın adamlardan olarsız» dedi Fir'on.
115. «Ey Musa, söylə sənmi göstərəcəksən öncə məharətini, bizmi
göstərəcəyik?» dedi onlar.
116. «Siz göstərin» dedi Musa. Cadu ilə bağladılar adamların gözünü,
vahimə saldılar adamların canına. Böyük bir cadu idi göstərdikləri.
117. «Əsanı at» deyə vəhy elədik Musaya. Bir də baxdılar ki, onların
quramalarını bir-bir yaxalayıb udur bu əsa.
118. Haqq üzə çıxdı, onların işləkləri boşa çıxdı.
119. Məğlub oldu, müt'iləşdi onlar orada.
120. Yzüqoylu düşüb Allaha səcdə elədi o cadugarlar.
121. «Biz iman gətirdik aləmlərin Rəbbinə» dedilər.
122. Musanın və Hərunun Rəbbinə.
123. Fir'on dedi: «Mənim iznim olmadanmı ona iman götirdiniz?
Bu bir hiylədir, siz şəhər əhlini qovmaq istəyirsiz. Bunun əvəzini
sizdən çıxaram, özü də necə çıxaram, sonra bilərsiz.
124. Əllərinizi, ayaqlarınızı çarpaz olaraq kəsəcəyəm, sonra hamınızı
asacağam».
125. «Rəbbimizin dərgahına dönəcəyik» dedilər –
126. «Rəbbimizin «ayələri bizə gələn kimi bunlara imana gəldik
deyəmi intiqam alırsan bizdən? Səbr ver bizə, Sənə təslim olmuşuq,
öldür bizi, Rəbbimiz!»
127. Fir'onun qövmündən olan bə'zi kübarlar dedilər: «Musanı və
qövmünü buraxırsan ki, tərk edələr səni və tanrılarını, fitnə-fəsad
törədələr yer üzündə?» Fir'on dedi: «Biz onların oğullarını öldürəcək,
qadınlarını sağ buraxacağıq, əsarətimiz altında əziləcək onlar»
128. Musa öz qövmünə dedi: «Allahdan yardım diləyin, səbr eləyin.
Allahındır yer üzü. Bəndələrindən istədiyi kimsəyə verir onu irs
olaraq. Axirət dünyası müttəqilər üçündür».
129. «Ey Musa, sən bizə gəlməzdən öncə də, gələndən sonra da əziyyət
çəkdik» dedilər. «Kaş yox edəydi düşmənlərinizi, onların yerinə
sizi gətirəydi, sizə verəydi Rəbbiniz yer üzündə hakimiyyəti,
sonra görəydi siz hansı işləri görəcəksiniz» dedi Musa.
130. Biz Fir'on ailəsinə illərlə quraqlığı, məhsulların qıtlığını
nəsib elədik bəlkə bundan ibrət alalar.
131. Bir yaxşılıq dəyən zaman onlara, «Bunu biz özümüz qazanmışıq»
deyərdilər. Bir pislik dəyən zaman onlara, Musanın və ardıcıllarının
nəhs gətirməsindən görürdülər bunu. Allahdan asılıdır nəhs gətirib-gətirməmək,
ancaq bilməz bunu onların çoxu.
132. «Bizi cadulamaqdan ötrü nə möcüzə göstərirsən göstər, iman
gətirmərik sənə» dedi onlar.
133. Biz də ayrı-ayrılıqda mö'cüzələr olaraq tufan, çəyirtgə,
gənə, qurbağalar və qan göndərdik onların üstünə. Təkəbbürlük
elədilər yenə də. Günahkar bir qövmə dönmüşdü onlar.
134. Bir müsibət üz verəndə onlara, «Ey Musa, bizdən ötrü Onun
sənə verdiyi əhd naminə dua elə Rəbbinə. Bizdən bu əzabı uzaq
eləsən, sənə iman gətirərik, İsrail oğullarını sənə qoşub göndərərik»
dedilər.
135. Onlardan əzabı uzaq elədi Musa. Bir müddət ötəndən sonra
sözünün üstündə durmadı onlar.
136. Biz də intiqam aldıq, dənizdə boğduq onları. Danmışdılar
ayələrimizi, xəbərsizdilər ayələrimizdən.
137. Zəif sayılan o qövmü [yəhudiləri] də bərəkətlə doldurduğumuz
yer üzünün məşriqinə, məğribinə varis elədik. Rəbbinin İsrail
oğullarına verdiyi gözəl və'd yerinə yetdi beləcə, çünki səbr
göstərmişdilər. Fir'onun və qövmünün düzəltdiyi, ucaltdığı nə
vardısa hamısını Biz uçurub dağıtdıq.
138. Adlatdıq dənizdən İsrail oğullarını. Bütpərəst bir qövmə
rast gəldi onlar. «Ey Musa, bunların bütləri sayaq bizə də bir
tanrı düzəlt» dedilər. «Siz gerçəkdən cahil bir qövmsünüz» dedi
Musa.
139. «Bunların daşıdığı din artıq yıxılmış, gördüyü işlər də artıq
boşa çıxmış».
140. «Bir halda ki, aləmlərdən üstün tutmuş sizi Allah, Ondan
başqa tanrımı tanıdıdım sizə?» dedi Musa.
141. Ey İsrail oğulları, sizə işgöncə verən, qadınlarınızı sağ
buraxıb oğullarınızı öldürən Fir'on ailəsinin əlindən almışdıq
sizi. Böyük imtahana çəkmişdi sizi Rəbbiniz.
142. Otuz gecəlik möhlət [Tövratı nazil etmək üçün] verdik Musaya.
Gecələrin onunu da qatdıq bu saya. Rəbbinin qoyduğu vaxt qırx
gecəyə tamamlandı beləcə. Musa qardaşı Həruna dedi: «Qövmümün
içində mənim yerimi tut, onları islah elə, qarışıqlıq salanların
yoluyla getmə!»
143. Qoyduğumuz vaxtda özünü yetirdi Musa. Söhbətə başlayarkən
onunla Rəbbi, «Özünü mənə göstər baxım» dedi Musa. «Sən görə bilməzsən
Məni. Ancaq o dağa bir nəzər yetir, yerində durubsa dağ, Məni
mütləq görəcəksən» buyurdu Rəbbi. Görünəntək Rəbbi dağa parça-parça
etdi onu. Huşsuz düşdü Musa. Özünə gəlib dedi: «Ucalardan ucasan
[gözə görünməyin fövqündəsən] Sənə tövbə elədim. Mən iman gətirənlərin
birincisiyəm».
144. «Ey Musa, Öz yazımla, Öz sözümlə başçı seçdim Mən səni insanlara.
Al sənə verdiyimi və şükr eləyənlərdən ol!» buyurdu Rəbbi.
145. Hər şey barəsində öyüd yazdıq lövhələrdə və hər şeyi birər-birər
açıqladıq ona, dedik: «Bunlardan möhkəm yapış və öz qövmünə də
əmr elə ki, əməl eləsin bunların ən yaxşısına». Mən sizə göstərərəm
yolumdan sapmışların yurd-yuvasını.
146. O kəslərin ki, yer üzündə nahaq yerə təkəbbürlük edirlər.
Uzaq salacağam onları ayələrimdən. Görsələr də hər ayəni, imana
gəlməzlər yenə. Doğru yolu görsələr də, bu yolla getməzlər. Görəntək
azdıran yolu tapınarlar yola. Danmışdılar ayələrimizi, xəbərsizdilər
ayələrimizdən.
147. Ayələrimizi, axirətə qovuşmağı dananların batil olmuş işləri.
Təkcə öz işləklərinə görə cəza almırmı onlar?
148. Musa Rəbbi ilə söhbətə gedəndən sonra ziynət şeylərindən
böyürən bir buzov heykəli quraşdırdı, bu buzova tapındı onun qövmü.
Danışmırdı onlarla, doğru yolu göstərmirdi onlara buzov. Görməzmi
oldular bunu? Özlərinə zülm elədilər tapınaraq buzova.
149. Əlləri yanlarına düşəndə, görəndə ki, sapıblar doğru yoldan
«Məhv olarıq əgər acımasa halımıza, keçməsə suçumuzdan Rəbbimiz»
dedilər.
150. Musa əsəbi-əsəbi, qəmgin-qəmgin döndü qövmünün yanına. Dedi:
«Məndən sonra nə fəna iş tutdunuz? Dözümünüz çatmadımı gözləyəsiz
Rəbbinizin əmrini?» Lövhələri yerə atdı, qardaşının saçlarından
yapışıb özünə sarı dartdı. Qardaşı Hərun dedi: «Ey anam balası!
Bu qövmün adamları əldən saldılar məni, az qaldılar öldürələr
məni. Sevindirmə düşmənləri, pis davranma mənimlə. Zalımların
qövmü ilə bir araya salma məni».
151. Musa dedi: «Məni və qardaşımı bağışla, rəhmətinin yazısına
sal bizi, Sən mərhəmətlilərin mərhəmətlisisən, Rəbbim!»
152. Rəblərinin qəzəbinə tutulacaqlar buzovu özlərinə tanrı seçənlər,
dünya həyatında da zillət çəkəcəklər. İftira yaxanların cəzasını
biz veririk beləcə.
153. Pis iş tutandan sonra tövbə eləyənlər, imana gələnlər bilsinlər,
günahlardan keçəndir, Rəhimdir Rəbbin Sənin.
154. Musanın hirsi soyuyanda yerdən lövhələri götürdü. Doğru yolu
göstərən sözlər vardı bunlardakı yazıda, rəhmət vardı Rəbbindən
qorxanlar üçün.
155. Qoyduğumuz vaxt çatanda öz qövmündən yetmiş adam seçdi Musa.
Zəlzələ yaxaladı onları. Musa dedi: «Rəbbim, istəsəydin əgər,
onları da, məni də daha öncə yox edərdin. İçimizdəki bə'zi beyinsizlərin
üzündənmi bizi yox edəcəksən. Bilirəm, imtahana çəkirsən bizi
sadəcə. İstədiyin kimsəni azdırırsan, istədiyin kimsəni doğru
yola çəkirsən. Sən bizim dostumuzsan. Bağışla bizi, mərhəmət göstər
bizə. Sən bağışlayanların ən yaxşısısan.
156. Yaxşı-yaxşı şeylər yaz taleyimizə bu dünyada, o dünyada.
Sənə tövbə eləmişik». Allah dedi: «İstədiyim kimsəni uğradaram
əzabıma. Hər şeyə yetir rəhmətim. Yaxşılığı o kəslərin taleyinə
yazacağam ki, Allahdan qorxur, zəkat verir və ayələrimizə inanır
onlar.
157. Və o kəslərin ki, Tövratda və İncildə haqqında yazılan Rəsulun,
oxumaqla, yazmaqla işi olmayan Muhamməd Peyğəmbərin ardınca gedir
onlar. Peyğəmbər onlara yaxşı işlər buyurar, pis işlərdən onları
ayırar, təmizi halal, murdarı haram qılar onlara. Yüklərini yerə
endirər, zəncirlərini açar o. O kəslər ki, bu Peyğəmbərə iman
gətirmiş, hörmət göstərmiş, yardım eləmiş, onunla göndərilən nura
tabe olmuş, uğura uğrayar onlar.
158. De ki, «Ey insanlar! Mən gerçəkdən Allahın Rəsuluyam. Sizin
hamınızdan ötrü göndərmiş məni O. Göylərin, yerin yiyəsidir Allah.
Ondan başqa tanrı yoxdur. Can verib can alır O. Allaha və Onun
Rəsuluna, oxumaqla, yazmaqla işi olmayan Peyğəmbərə iman gətirin.
Rəsul da iman gətirib Allaha və Onun sözlərinə. Peyğəmbərin ardınca
gedin ki, tapasınız doğru yolu».
159. Musanın qövmündən bir ümmət də var ki, haqq yolunu tutubdur,
insafla hakimlik edir.
160. On iki nəslə, ümmətə ayırdıq Biz onları [Yaqubun on iki oğlunun
törəmələri olan İsrail oğullarını]. Qövmü Musadan su istəyəndə
«Əsanla daşa vur» deyə vəhy elədik. On iki bulaq qaynadı yarılan
daşdan. Hər kəs tanıdı içəcəyi yeri. Ystlərinə kölgə saldıq buludla,
qüdrət halvasıyla bildirçin əti göndərdik göydən onlara. «Verdiyimiz
gözəl-gözəl ruzilərdən yeyin» dedik. Onlar bizə zülm eləmirdilər,
özləri özlərinə eləyirdilər.
161. «Bu kənddə məskunlaşın, orada istədiyiniz yerdən yeyin, bağışla»
deyin və qapıdan içəri əyilərək girin. Biz də bağışlarıq səhvlərinizi,
yaxşıların haqqını qat-qat artıq qaytararıq» deyilmişdi onlara.
162. Ancaq zalımlar başqa sözlə dəyişdilər onlara deyilmiş sözü.
Biz də göydən əzab göndərdik zalımlara əməllərinə görə.
163. Dəniz qırağındakı o kənd barədə onlardan soruşsana. Pozurdular
şənbə gününün yasağını. Pozmayanda sürü ilə gələrdi, pozanda gəlməzdi
balıqlar. Doğru yoldan sapdıqlarına görə sınayırdıq onları Biz
beləcə.
164. Onlardan olan bir ümmət dedi: «Allahın yox edəcəyi, şiddətli
bir əzaba salacağı qövmə siz niyə öyüd verirsiniz?» «Rəbbinizdən
üzr diləmək deməkdir onlara öyüd verməyimiz. Bəlkə öyüd alıb çəkinələr
Allahdan» dedilər.
165. Verilən öyüdləri unutdu onlar. Biz də xilas elədik adamları
pis işlərdən çəkindirən kimsələri, şiddətli bir əzaba saldıq zalımları,
doğru yoldan sapmışdılar.
166. Buyurulan yasaqları pozan zaman, «Murdar meymun olun» dedik
onlara.
167. Rəbbim e'lan etmişdi ki, qiyamət gününə qədər onları əzabların
ən pisinə sürükləyəcək kimsələri mütləq göndərəcəkdir. Şübhəsiz,
qəzanı tez verəndir Rəbbim, günahlardan keçəndir, Rəhimdir O.
168. Ymmətlərə ayırdıq onları yer üzündə. Əməli salehdi bir qismi,
əməli çirkindi digər qismi. Yaxşı-yaxşı, pis-pis şeylərlə onları
sınağa çəkdik ki, bəlkə qayıdalar Allah yoluna.
169. Sonra bir bölük pis adam gəldi onların yerinə, varis oldu
Kitaba. Bu dünyanın gəldi-gedərindən yapışıb deyərlər: «Necə olsa
bağışlanar günahlarımız». Və əgər o gəldi-gedər yenə verilsə onlara
yenə də alarlar onu. Allahın adına yalnız haqq söyləyəcəklər deyə
Kitabla əhd bağlamadılarmı, içindəki yazıları oxuyub öyrənmədilərmi?
Axirət evi daha xeyirlidir Allahdan çəkinənlər üçün. Bunu anlamazmısınız?
170. Kitaba sarılanlar, namaz qılanlar bilsinlər, yaxşılığa çalışanların
əcrini, şübhəsiz zay eləmərik.
171. Başlarının üstündə Tur dağını ucaltmışdıq kölgə kimi bir
zaman. Zənn etdilər başlarına düşər dağ. «Sizə verdiyimizi bərk
tutun, içindəki yazıları anın ki, bəlkə Allahdan çəkinəsiniz»
söyləmişdik onlara.
172. Adəm oğullarının bellərindən gələn nəsli vücuda yetirdi Sənin
Rəbbin. Və onları şahid tutaraq «Mən sizin Rəbbiniz deyiləmmi
məgər?» dedi. «Bəli, biz buna şahidik» dedilər. Baxın qiyamət
günü deməyəsiz «Biz bundan xəbərsizdik»,
173. ya da «Çarəmiz nə idi axı, öncə atalarımız şərik qoşdu Allaha,
sonra da onların soyundan olan bir nəsil kimi biz. Haqqı batilə
döndərənlərin əməlləri üzündən bizimi yox edəcəksən?»
174. Ayələri birər-birər beləcə açıqlayırıq ki, bəlkə qayıdalar
Allah yoluna.
175. Onlara o adamdan da danış. Ayələrimizi vermişdik ona, bunlardan
ayrı düşdü. Şeytan tabe elədi onu özünə. Yolunu azanlardan oldu
o.
176. İstəsəydik ayələrin qanadında ucalara qaldırardıq onu. Ancaq
yerə saplandı o, öz ehtirasına tapındı o. Bu adamın itə oxşarı
var. O itə ki, qovsan da, sakit buraxsan da onu çıxardıb dilini
elə hey ləhləyir. Belədir ayələrimizi dananların halı. Bu hekayəti
danış onlara, bəlkə ağıl işlədələr.
177. Nə pis hala düşübdür ayələrimizi danan, özlərinə zülm eləyən
bir qövm.
178. Kimə yol göstərirsə Allah, doğru yolu tapan odur. Kimi azdırırsa
Allah, ziyana uğrayan odur.
179. Çoxlu-çoxlu insi-cin yaratmışıq cəhənnəmlik olaraq. Qəlbləri
var anlamazlar, gözləri var görməzlər, qulaqları var eşitməzlər.
Heyvan kimi şeydir onlar. Yox, heyvandan betərdilər, doğru yoldan
daha uzaq düşüblər, qəflət içindədirlər.
180. Allaha aiddir ən gözəl adlar. Allahı bu adlarla səsləyin
və tərk eləyin bu adlara küfr eləyən kəsləri. İşləklərinə görə
cəzasına çatacaq onlar.
181. Yaratdıqlarımızdan bir ümmət var tutmuş haqqın yolunu, insafla
hakimlik edir.
182. Ayələrimizi dananları özləri də gözləmədikləri yerdən yetirərik
yavaş-yavaş cəzalarına.
183. Doğru yola dönmələri üçün möhlət verirəm onlara, ağırdır
sınaqlarım.
184. Düşünməzmi oldular, bir dəliliyi yox onların yoldaşının [Muhammədin]
və yalnız açıqdan-açığa xəbərdarlıq edir o.
185. Göylərin, yerin yiyəsini, Allah nə yaratmışsa onu və əcəllərinin
artıq yaxınlaşmış ola biləcəyini düşünməzmi oldular? Bu Qur'ana
inanmazsa, bəs hansı hədisə inanar onlar?
186. Yol göstərən tapılmaz Allah çaşdıran adama. Belələrini tək
buraxır Allah, çaşqınlıq içində vurnuxur onlar.
187. Səndən soruşarlar, qiyamət saatı nə vaxt gölib çatacaq? De
ki, «Bunu yalnız Rəbbim bilir, Ondan başqa kimsə yoxdur bildirə
o saatın vaxtını. Göylərə və yerə ağırlıq kimi çökən o saat kəsdirəcək
üstünüzü qəfildən». Səndən elə soruşurlar, guya sən bilirsən qiyamət
saatı nə vaxt gəlib çatacaq. De ki, «Bunu yalnız Allah bilir.
Lakin çoxları bilmir ki, bunu yalnız O bilir».
188. De ki, «Allah istəməsə əgər, özümə nə yarar, nə zərər verməyə
yetməz gücüm. Əlbəttə, daha çox xeyir verərdim qeybi bilsəydim
əgər, bir pislik dəyməzdi mənə. Mən iman götirənlərə öncədən xəbərdarlıq
eləyən, mücdə verən Peyğəmbərəm».
189. Odur sizi tək bir candan yaradan. Və bu candan onun tayını
da var eləmiş ki, onunla rahatlıq tapsın tayı. Tayı ilə tapışıb
birləşəndə yüngülcə yükləndi o. Və bu yükü bir müddət gəzdirdi
o. Yükü ağırlaşan və'də Allaha, Rəblərinə yalvarıb hər ikisi «Bizə
qüsursuz bir uşaq versən Sənə şükr eləyənlərdən olarıq» dedilər.
190. Qüsursuz bir uşaq verdi onlara Allah. Bundan sonra Ona şərik
qoşmağa başladılar. Ona qoşduqları şəriklərdən ucalardadır Allah.
191. Özləri yaradılmış olan və heç nə yarada bilməyən bütlərimi
şərik qoşurlar Allaha.
192. O bütlərin gücü yetməz müşriklərə yardım eləyələr. Özlərinə
də yardım etməz onlar.
193. Doğru yola səsləsəniz onları, gölməzlər ardınızca. Səsləsəniz
də, səsləməsəniz də fərq eləməz onlara.
194. Allaha deyil, başqalarına dua eləyirsiz, onlar da sizin kimi
bəndələrdir. Sözünüz doğrudursa [bütlərin tanrılar olduğu doğrudursa],
səsləyin, səsinizə səs versin onlar.
195. Yeriyən ayaqlarımı, tutan əllərimi, görən gözlərimi, eşidən
qulaqlarımı var onların sizə cavab verələr? De ki, «Allaha qoşduğunuz
şərikləri çağırın, mənə qarşı hiylə qurun, heç göz açmağa da qoymayın
məni.
196. Mənim dostum Allahdır, nazil etmiş Kitabı. Odur yardım göstərən
əməli salehlərə.
197. Ona deyil, başqalarına dua eləyirsiz, bunların da gücü yetməz
yardım edələr sizə. Özlərinə də yardım etməz onlar.
198. Eşitməz olarlar sizi, doğru yola səsləsəniz onları». Görürsən
gözləri zillənib sənə. Ancaq görmürlər səni.
199. Əfv eləmək yolunu tut, bağışla, yaxşı əməllər buyur, cahillərdən
üz çevir.
200. Şeytanın əməliylə səni qara bassa Allaha sığın. O, şübhəsiz,
eşidəndir hər şeyi, biləndir hər işi.
201. Şeytanın əməliylə qara bassa Allahdan qorxanları Allahı anar
onlar, gerçəyi görər onlar.
202. Şeytanın qardaşları doğru yoldan azdırmağa can atarlar onları
və əl çəkməzlər yaxasından onların.
203. Sən onlara bir ayə gətirməyəndə, «Özündən quraşdırsana» deyərlər.
De ki, «Mən ancaq Rəbbimdən mənə vəhy edilənə tabe olaram. Bu
Kitab Rəbbinizdən gələn aşkar dəlillər daşıyır, yol göstərir,
rəhmət verir iman gətirənlər üçün».
204. Qur'an oxunan zaman ona qulaq kəsilin, sükut eləyin, bəlkə
sizə rəhmət edilə.
205. Yrəyində yalvara-yalvara, qorxa-qorxa xəfif bir səslə səhər-axşam
an Rəbbini, qafillərdən olmayasan.
206. O kəslər ki, Sənin Rəbbinin dərgahındadır, təkəbbürlük eləməzlər,
Onun ibadətində durmaqdan durmazlar geri, öyərlər Onu, səcdə qılarlar
Ona.
|