Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm mim.
2. Məgər insanlar elə
bilirlər təkcə «İman gətirdik» söyləməklə imtahandan çıxacaqlar?
3. Onlardan öncəki nəsilləri
də salmışdıq Biz bərkə-boşa. Doğruçuları da, yalançıları da mütləq
üzə çıxarar, ayırar bir-birindən onları Allah.
4. Yoxsa pis iş tutanlar
elə bilirlər Bizdən yaxa qurtara biləcəklər. Nə pis fikrə düşüblər!
5. Allaha qovuşmağı arzulayan
bilməli, Allahın tə'yin elədiyi əcəl mütləq gələcək. O eşidəndir
hər şeyi, biləndir hər işi.
6. Cihad eləyən yalnız
öz xeyrinə cihad eləyər. Şübhəsiz, aləmlərdən varlıdır Allah.
7. O kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, keçərik onların təqsirlərindən
və onların mükafatını gördükləri işlərin ən yaxşısına qarşılıq
olaraq verərik.
8. İnsana tövsiyə eləmişik
yaxşı olsun atasına, anasına. Və əgər hər ikisi səni qısnasalar
ki, bilmədiyin bir şeyi Mənə şərik qoşasan, onlara itaət eləmə.
Mənim dərgahıma dönəcəksiz axırı. Və Mən də bildirərəm sizə nə
iş tuturdunuzsa.
9. Yaxşıların sırasına
salarıq iman gətirənləri, əməli salehləri.
10. İnsanlardan elələri
var Allaha iman gətirdik deyərlər. Amma Allah yolunda əziyyətə
düşsələr, Allahın verdiyi əzab kimi qavrayarlar çəkdikləri əziyyəti.
Mö'minlərə Rəbbindən bir yardım yetişəndə isə onlar Biz sizinlə
bir idik deyərlər. Məgər bilmirmi Allah kimlərin ürəyində nələr
var?
11. İman gətirənləri
də, münafiqləri də mütləq üzə çıxarar, ayırar bir-birindən onları
Allah.
12. Kafirlər mö'minlərə
«Gəlin bizim yolumuza, günahlarınız da bizim boynumuza» dedilər.
Əlbəttə, yalan deyirlər, mö'minlərin günahlarından heç bir şeyi
daşıyacaq deyillər.
13. Öz yüküylə bərabər
başqa bir yüklə də [mö'minləri yoldan çıxarmaq istədiklərinə görə
qazandıqları günahla] yüklənəcəklər. Və qiyamət günü yalanlarına
görə sorğuya çəkiləcəklər.
14. Öz qövmünə göndərmişdik
Nuhu elçi olaraq. Min ildən əlli il əskik ömür sürdü soydaşları
içində. Zalımlıq elədiklərinə görə o tufan yaxaladı onları.
15. Biz də gəmidəkilərlə
onu xilas elədik, bunu aləmlərə ibrət elədik.
16. İbrahimi də yada
sal. Bir zamanlar öz qövmünə demişdi: «Təkcə Allaha ibadət eləyin,
qorxun Ondan. Bilsəniz belə daha yaxşı olar sizin üçün».
17. Allahdan başqaları
adına tanrılar olaraq bütlərə tapınırsınız, yalan uydurursunuz.
Sizə ruzi verən bunlar deyil. Siz ruzini Allahın dərgahından diləyin,
Ona tapının, Ona şükr eləyin. Onun da dərgahına axır dönəcəksiniz.
18. Və əgər Rəsulu danırsınızsa,
bilin, sizdən öncəki ümmətlər də danmışdılar göndərilən elçiləri.
Hökmləri açıqca bəyan eləməkdir Rəsulun borcu yalnız.
19. Məgər bilməzmidirlər,
Allah Öz məxluqunu öncə necə yaradır, sonra onu necə təkrar yaradır.
Şübhəsiz, Allahın əlində bu çox asan bir işdir.
20. De ki, «Gəzin, dolaşın
yer üzünü, baxın Allah Öz məxluqunu öncə necə yaratmış. Beləcə
də axirət evini qurar Allah. Şübhəsiz, hər şeyə qadirdir Allah.
21. İstədiyinə əzab verər,
istədiyinə acıyar O. Onun da dərgahına axır dönəcəksiniz.
22. Yerdə də, göydə də
aciz qoya bilməzsiniz Allahı. Ondan başqa nə bir dostunuz olar,
nə də bir yardımçınız».
23. O kəslər ki, Allahın
ayələrinə küfr eləyiblər, Ona qovuşmağı danıblar, rəhmətimdən
ümidini üzmüş onlar və ağrılı bir əzab gözləyir onları.
24. Təkcə bunu deyə bildi
İbrahimin soydaşları cavablarında: «Öldürün, yandırın onu». Oddan
xilas elədi onu Allah. Şübhəsiz, bunda ayələr var iman gətirənlər
üçün.
25. «Allahı qoyub bütlərə
tapındınız, dünya həyatında mehrinizi onlara saldınız. Qiyamət
günü isə bir-birinizi danarsız, bir-birinizə lə'nət oxuyarsız,
od içinə girərsiz və yardımsız qalarsız» dedi İbrahim.
26. Lut inandı İbrahimə.
«Mən Rəbbimin buyurduğu bir məkana hicrət edirəm. Güclü olan,
müdrik olan təkcə Odur» dedi İbrahim.
27. İshaqla Yaqubu da
yetirdik İbrahimə, peyğəmbərlik və Kitab bəxş elədik nəslindən
olanlara. Dünyada da verdik onun əcrini [bütün dinlərdə adını
xatırlatdıq]. Yaxşıların sırasında qalır o axirətdə.
28. Lutu da yada sal.
Bir zamanlar öz qövmünə demişdi: «Əxlaqsız işlərə yol verirsiz,
sizə qədər aləmlərdən hələ heç kim belə işlər görməmiş.
29. Kişilərlə yaxınlıq
eləyirsiz, yol kəsirsiz, məclislərdə fəna işlər görürsüz». Təkcə
bunu deyə bildi soydaşları cavablarında: «Doğru sözlü, düz əməlli
kimsəsənsə, di gətir Allahın əzabını».
30. «Pozğunçulara qarşı
yardım et mənə, Rəbbim» dedi Lut.
31. İbrahimin yanına
müjdəylə gəldi elçilərimiz. Dedilər: «Biz yoxa çıxardacağıq bu
şəhərin əhlini. Zalımlıq eləməklə məşğuldur onlar».
32. «Onların içində Lut
da var axı?» dedi. «Biz yaxşı bilirik kimlər var bu şəhərdə. Lutla
ailəsini xilas edərik, təkcə arvadını xilas etmərik. Əzab içində
qalacaq o» dedilər.
33. Lutun yanına gəldi
elçilərimiz. Onların gəlişinə Lut dilxor oldu, ürəyi sıxıldı.
Dedilər: «Qorxma, sıxılma, biz gəlmişik səninlə ailəni xilas eləyək.
Yalnız arvadını saxlayarıq əzab içində.
34. Gəlmişik bu şəhərin
əhlinə göydən əzab endirək, azmışlar doğru yoldan».
35. O şəhərdən aşkar
bir ayə [görk olası xarabalıqlar] qoymuşuq qalıb düşünüb-daşınanlar
üçün.
36. Mədyən elinə də göndərdik
Biz Şuaybı, onların öz qardaşını elçi olaraq. Dedi: «Ey qövmüm,
təkcə Allaha ibadət eləyin, axirət günündən qorxun, yer üzündə
pozğunçuluq törətməyin».
37. Dandılar onu. Zəlzələ yaxaladı onları, yurdlarında meyid düşüb
diz çökərək qaldılar.
38. Ad və Səmud qövmünü
də məhv elədik. Xarabaya çevrilmiş məskənləri bunu nişan verir
Bizə. İşləklərini bərbəzəkli göstərmişdi onlara və gözləri görə-görə
yoldan çıxarmışdı onları şeytan.
39. Qarunu, Fir'onu və
Həməni də məhv elədik. Aşkar dəlillər gətirmişdi onlara Musa.
Onlarsa yer üzündə təkəbbürlük edirdilər. Can qurtara bilməzdilər
əzabımızdan.
40. Hər birinin cəzasını
batdığı günaha görə verməli olduq. Kiminin başına daş yağdırdıq,
kimini göy gurultusu məhv elədi, kimini yerə kömdük, kimini suya.
Onlara zülm eləyən Allah deyildi, özləri özlərinə eləyirdilər.
41. O kəslər ki, Allahı
qoyub ayrı dostlar arayırlar özlərinə, özünə yuva quran hörümçəyə
bənzəri var onların. İstisi-soyuğu bilinməyən bir yuvadır hörümçəyin
yuvası. Bunu biləydilər kaş.
42. Onu qoyub başqa nəyə
tapınarsa onlar, bilir Allah. Güclüdür, müdrikdir O.
43. Bu misalları insanlar
üçün çəkirik. Ancaq alim adamlar anlar bunları.
44. Göyləri, yeri haqq
olaraq yaratmış Allah. Şübhəsiz, bunda bir ayə var mö'minlər üçün.
45. Sənə vəhy olunanı
oxu Kitabdan. Namaz qıl. İnsanı əxlaqsızlıqdan, fənalıqdan qoruyar
namaz. Hər şeydən üstündür Allahı anmaq. Gördüyünüz işləri bilir
Allah.
46. Kitab əhlindən olan
zalım kəslər bir yana, qalanları ilə mübahisə eləyəndə yalnız
gözəl sözlər deyin. Deyin: «Bizə nazil olana da, sizə nazil olana
da biz iman gətirmişik. Bizim də Tanrımız, sizin də Tanrınız birdir.
Biz Ona təslim olmuşuq».
47. Qur'anı da sənə nazil
elədik. Kitab verdiyimiz kimsələr inanarlar bu Qur'ana. Bunlardan
da [Məkkə əhlindən] iman gətirənlər var Qur'ana. Kafirlərdən savayı
kimsə danmaz Bizim bu ayələri.
48. Sən bundan öncə Kitab
oxumazdın, sağ əlinlə yazı yazmazdın. Oxusaydın, yazsaydın sənə
şəkk gətirərdi batilpərəst adamlar.
49. Elm alan kimsələrin
ürəyində aydın-aydın ayələrdən ibarətdir bu Qur'an. Zalım kəslərdən
savayı heç kim danmaz Bizim bu ayələri.
50. «Məgər Rəbbi ona
göndərməli deyildimi bir mö'cüzə, bir ayə» deyər onlar. De ki,
«Mö'cüzələr Allahın dərgahında. Mənsə yalnız öncədən xəbər verənəm
olacağı açıqca».
51. Məgər onlara oxunan
Kitabı sənə göndərməyimiz bəs deyilmi onlara? Şübhəsiz, bunda
bir rəhmət payı var, ibrət var iman gətirənlər üçün.
52. De ki, «Mənimlə aranızda
şahid olaraq təkcə Allah yetərlidir. Göylərdə nə varsa, yerdə
nə varsa, batilə kim inanırsa, Allahı kim danırsa bilir O». Və
itgiyə uğrayanlar da belələridir.
53. Səndən o əzabı tələsik
istəyirlər. Əgər öncədən bir əcəl tə'yin edilməsəydi, onlara o
əzab dərhal gələrdi. Ancaq yenə qəflətən haqlayacaq onları o əzab.
Özlərisə bunu duymaz olarlar.
54. Səndən o əzabı tələsik
istəyirlər. Şübhəsiz, kafirləri öz içinə alar cəhənnəm.
55. O gün başları üstündən,
ayaqları altından əzab qarsanda onları, «Nə iş görürdünüzsə, onu
da dadın» deyər Allah.
56. Ey mö'min bəndələrim!
Genişdir yaratdığım yer üzü. Təkcə Mənə ibadət eləyin.
57. Hər bir can dadacaqdır
ölümü. Bizim dərgahımıza axır dönəcəksiniz.
58. Və o kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, içindən çaylar axan cənnət mənzillərində
yer verərik onlara, oralarda əbədilik qalarlar. Nə gözəl əcir
verilər yaxşı işlər görənlərə,
59. o kəslərə ki, səbr
göstərərlər, güvənərlər Rəblərinə.
60. Neçə-neçə canlı var
ruzisini qazanmağa yox heyi. Onlara da, sizə də ruzini Allah verər.
O eşidir hər şeyi, bilir hər şeyi.
61. «Göyləri, yeri yaradan,
günəşi, ayı buyruğu altına alan kimdir?» soruşsan «Allahdır!»
deyəcəklər. Bəs niyə aldanaraq imandan yayınırlar?
62. İstədiyi kimsəyə
ruzini bol-bol verər, istədiyi kimsəyə müəyyən miqdarda verər.
Hər şeyi biləndir Allah.
63. «Səmadan su endirən,
ölmüş torpağı bu su ilə dirildən kimdir?» soruşsan «Allahdır!»
deyəcəklər. De ki, «Həmd edilib öyülməli təkcə Odur». Ancaq anlamayır
bunu çoxları.
64. Bu dünya həyatı oyundan,
əyləncədən başqa bir şey deyildir. Əsil həyat axirət evindədir.
Bunu biləydilər kaş.
65. Gəmiyə minərək yola
düşəndən sonra təkcə haqq dininə könül verərək Allaha yalvararlar.
Elə ki, onları xilas eləyib quruya çıxardı O, başlayarlar Ona
şərik qoşmağa.
66. Qoy hələ küfr eləsinlər
onlara verdiyimiz ne'mətə, qoy hələ çəksinlər zövqlərini. Onsuz
da görəcəklər bunun sonunu.
67. Ətrafındakılar qırılıb-tökülürkən
Biz onların yurdunu [Məkkəni] əmin-amanlıqda olan müqəddəs bir
yer elədik. Görməzmi oldular bunu? Batiləmi inanırlar, Allahın
ne'mətinimi danırlar?
68. Allahın adına yalan
yaxandan, yaxud haqq gəlmiş ikən onu danandan daha zalım kim ola?
Kafirlərin yuvası cəhənnəm olmazmı məgər?
69. O kəslər ki, Bizi
deyib cihad eləmiş, Bizə doğru gələn yola gətirərik onları. Şübhəsiz,
yaxşıların tərəfindədir Allah.
|