Rəhman
və Rəhim Allahın adıyla
1. Səndən qənimətlər barədə soruşarlar. De ki, "Allahındır,
Rəsulundur qənimətlər. Qorxun Allahdan, düzəldin aranızı, itaət
eləyin Allaha və Onun Rəsuluna əgər mö'minsinizsə!"
2. Mö'minlər o kəslərdir ki, anılan zaman adı Allahın titrəyər
ürəkləri, oxunan zaman ayələri onlara ayələr artırar imanlarını
və Rəblərinə güvənər onlar.
3. Və o kəslərdir ki, namaz qılar, verdiyimiz ruzidən Allah yolunda
sərf eləyər onlar.
4. Belələri əsil mö'min bəndələrdir. Onları rütbələr, məğfirət,
bol-bol ruzilər gözləyir Rəblərinin dərgahında.
5. Haqq uğrunda savaş üçün Rəbbin Səni evindən çıxarmışdı, mö'minlərin
bə'zisi buna qarşı çıxmışdı.
6. Haqq aşkara çıxandan sonra belə, Səninlə cihad xüsusunda cidal
edirdi onlar, gözləri görə-görə ölümə aparırmışlar guya onları.
7. İki dəstədən birini və'd etmişdi sizə Allah. Siz istəyirdiniz
silahsız dəstəni ələ keçirəsiz. Allah istəyirdi Öz sözüylə haqqı
bərqərar eləsin, kafirlərin kökünü kəssin,
8. haqq üzə çıxsın, batil yoxa çıxsın. Günaha batmışlar buna qarşı
çıxsa da.
9. Yardım diləyirdiniz siz Rəbbnizdən. Səsinizə səs verdi O: "Mən
sizə bir-birinin ardınca gedən min mələklə yardım edərəm".
10. Allah sizə bu xəbəri qabaqcadan xoş bir mücdə kimi yalnız
o məqsədlə yetirdi ki, sakitləşə ürəyiniz. Yardım Allahdan gələr.
Güclüdür, müdrikdir Allah.
11. Arxayın salmışdı sizi Alllah, mürgüləyirdiniz. Sizi pak eləmək,
şeytan vəsvəsəsindən sizi uzaq eləmək, ürək tellərinizlə sizi
bir-birinizə bağlamaq, addımlarınızı möhkəmlətmək üçün üstünüzə
köydən su tökürdü Allah.
12. Rəbbin mələklərə vəhy eləyirdi: "Sizin yanınızdayam.
Siz mö'minlərə yardım göstərin, Mən də kafirlərin ürəyinə qorxu
salaram. Vurun boyunlarını, kəsin barmaqlarını".
13. Allaha və Onun Rəsuluna qarşı çıxmışlar. Allaha və Rəsuluna
qarşı çıxanlar bilsinlər, Allahın cəzası şiddətlidir.
14. Di dadın bu cəzanı. Od əzabı gözləyir kafirləri.
15. Ey iman gətirənlər! Bir yığın kafirlə üzləşən zaman baş götürüb
qaçmayın.
16. Bir tərəfə çəkilib təkrar savaşmaq, yaxud dəstəyə qoşulmaq
üçün deyil, sadəcə qorxudan geriyə çəkilənlər tutularlar qəzəbinə
Allahın. Cəhənnəmdir yeri onların. Pisdən pis yerdir ora.
17. Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman da sən
atmamışdın, Allah atmışdı ki, mö'minləri sınaqdan qalib çıxara.
Allah, şübhəsiz, eşidəndir hər şeyi, biləndir hər işi.
18. Allahın istəyilə sizə nəsib oldu zəfər. Kafirlərin kələyini
beləcə kəsər Allah.
19. Ey kafirlər! Qələbə diləyirdiniz, aldınız payınızı. Sizin
üçün daha yaxşı olardı küfrdən əl çəkəydiniz. Yenə başlasanız,
biz də bilərik işimizi. Mö'minlərin tərəfindədir, şübhəsiz, Allah.
20. Ey iman gətirənlər!. İtaət eləyin Allaha və Rəsuluna. Qur'anı
dinləyə-dinləyə ondan üz döndərməyin.
21. Dinləməyə-dinləməyə "dinlədik" deyənlərə bənzəməyin.
22. Ağılsız lal-karlar heyvanların ən pisindən sayılır Allahın
dərgahında.
23. Bir yaxşı cəhət görsəydi onlarda Allah, eşitdirərdi onlara
haqqı. Dinləyə-dinləyə də haqdan dönər onlar. Dönükdür əslində
onlar.
24. Ey iman gətirənlər! Sizi yaşadan imana çağıran zaman Allahın
və Rəsulun çağrışına səs verin. Və bilin, insanın özü ilə ürəyinin
arasında durar Allah. Və Onun da hüzuruna axır yığışacaqsız.
25. Qorxun o fitnədən ki, zərbəsi sizlərdən yalnız zalımlıq edənlərə
dəyməklə qurtarmayacaq. Və bilin, Allahın cəzası şiddətlidir.
26. Xatırlayın, sayca az idiniz, zəifdiniz yer üzündə bir zaman.
Qorxurdunuz sizi əsir alalar. Bəlkə şükr eləyəsiz deyə sığınacaq
verdi, yardımıyla güc verdi, təmiz-təmiz şeylərdən ruzilər yetirdi
sizə Allah.
27. Ey iman gətirənlər! Xəyanət işlətməyin Allaha və Rəsula. Yoxsa
saxladığınız əmanətə xəyanət eləmiş olursuz bilərəkdən.
28. Bilin, mal-dövlətiniz, uşaqlarınızla sınağa çəkər sizi Allah.
Allahın dərgahındadır böyük əcir.
29. Ey iman gətirənlər! Qorxun Allahdan. Doğrunu, əyrini ayırd
edən bir fəhm versin sizə, yusun günahlarınızı, bağışlasın sizi
O. Lütfü böyükdür Allahın.
30. Səni həbs eləmək, yaxud öldürmək, yaxud da qovub didərgin
salmaq istəyirdi, sənə hiylə qururdu kafir olan kimsələr. Hiyləyə
əl atırdılar, Allah da hiyləsiylə başını qatırdı onların. Ən yaxşı
hiyləgərdir Allah.
31. Ayələrimiz onlara oxunan zaman, "Bunları eşitmişik artıq.
İstəsək bu cür ayələrdən biz də deyə bilərik. Bunlar köhnə əfsanələrdən
başqa bir şey deyildir" deyirdilər.
32. "İlahi, bu Kitab haqq olaraq əgər Səndən gəlibsə, göydən
daş yağdır başımıza, yaxud da ağrılı bir əzaba düçar elə bizi"
deyirdilər.
33. Sən onların yanında ikən əzab verməzdi onlara Allah, məğfirət
diləsəydilər əzab verməzdi onlara Allah.
34. Axı nə səbəbə əzab verməyə Allah bir halda ki, mö'minləri
yaxın buraxmır Məscidi harama onlar, heç Ona dost da deyil onlar.
Yalnız müttəqilərdir Onun dostları. Ancaq bunu bilməyir çoxu onların.
35. Kə'bə yanındakı namazları da fit çalmaqdan, əl çalmaqdan başqa
bir şey deyildi. Kafirlik elədiyinizə görə dadın əzabı!
36. İnsanları doğru yoldan sapdırmaqçün sərf eləyir və eləyər
sərvətini kafir olan kimsələr. Xərclədiyi sərvətinin sonra çəkər
həsrətini və məğlub olar onlar. Sürüklənib cəhənnəmə doluşar kafir
olan kimsələr.
37. Axı, Allah təmizlə murdarı bir-birindən ayırmalı, murdarların
hamısını bir-birinin dalınca cəhənnəmə göndərməlidir. Məhz onlardır
ziyana uğrayanlar.
38. Kafirlərə de ki, "Savaşdan əl çəksələr, keçmişdəki suçlarından
keçilər. Yenə də başlasalar savaşa, gəlib-getmiş olanların başlarına
gələnləri gətirərik bunların da başına".
39. Fitnə yox olub təkcə Allahın dini meydanda qalana qədər savaşın
onlarla. Savaşdan əl çəksələr, bilsinlər, onların əməllərini,
şübhəsiz, görür Allah.
40. Sizdən üz döndərsələr, bilin, Allahdır sizin dostunuz. Gözəl
dostdur, yardımçıdır sizə O.
41. Əgər Allaha və haqla batilin aşkara çıxdığı o iki dəstənin
üz-üzə gəldiyi gün bəndəmiz Muhammədə nazil olan ayələrə iman
gətirdinizsə, bilin, ələ keçirdiyiniz qənimətlərin beşdə biri
Allaha, Onun Rəsuluna, Rəsulun qohumlarına, yetimlərə, yoxsullara,
yolçulara aid olar. Hər şeyə qadirdir Allah.
42. Siz Mədinəyə yaxın yamacda, onlar da uzaq yamacda idilər.
Sizdən aşağıda karvan dayanmışdı. Əgər istəsəydiniz savaş üçün
vaxt qoyasız uzanardı söhbətiniz. Siz bir yana, ancaq Allahın
hökmüylə olan oldu: ölən öldü, qalan qaldı, üzə çıxdı nazil olan
aşkar dəlil. Allah, şübhəsiz, eşidəndir hər şeyi, biləndir hər
işi.
43. Sənə yuxunda sayca az göstərmişdi onları Allah. Çox göstərsəydi
əgər, savaşdan çəkinərdiniz, bir-birinizlə çəkişərdiniz. Ancaq
salamat qurtardı sizi Allah. Yrəklərdə gizlənəni bilir Allah.
44. Yz-üzə gəldiyiniz zaman gözünüzə sayca az göstərmişdi onları
O. Sizin də sayınızı onların gözündə azaltmışdı Allah vermək üçün
olacağın əmrini. Allaha qalar işlər.
45. Ey iman gətirənlər, bir dəstəylə üz-üzə gələn zaman səbatlı
olun, Allahı çox anın ki, uğura uğrayasız.
46. İtaət eləyin Allaha və Rəsuluna. Bir-birinizlə çəkişməyin,
yoxsa uduzarsınız, taqətdən düşərsiniz. Səbrli olun, səbrlilərin
tərəfindədir Allah.
47. Yurdlarından təkəbbürlə, nümayişkəranə çıxanlara, adamları
Allah yoluna qoymayanlara oxşamayın. Onların hər işini bilir Allah.
48. Gördükləri işləri bərbəzəkli göstərmişdi onlara şeytan. "Bir
kimsə qalib gələ bilməz sizə bu gün, sizə arxadaşam mən"
demişdi o. İki dəstə üz-üzə gələn zaman qaçmağa üz tutaraq "Mən
sizdən deyiləm, sizin görmədiyinizi mən görürəm, mən Allahdan
qorxuram, Allahın cəzası şiddətlidir" demişdi o.
49. "Dinləri aldatmış bunları" deyirdi münafiqlər və
ürəyi azarlılar. Allaha güvənən kəs bilsin, güclüdür, müdrikdir,
şübhəsiz, Allah.
50. Görəydin can verən zaman necə əziyyət çəkir kafir olan kimsələr.
Önündən, arxasından mələklər onları vuraraq deyirlər: "Dadın
yanğın əzabını.
51. Öz əlinizlə gördüyünüz işlərin cəzasıdır bu. Yoxsa bəndələrə
əsla zülm eləməz Allah".
52. Bunlar da Fir'on ailəsi və ondan öncəkilər kimi davranmışdılar,
onlar da Allahın ayələrini danmışdılar. Və günahlarına görə götürmüşdü
aradan onları Allah. Şübhəsiz, güclüdür Allah, şiddətlidir Onun
cəzası.
53. Bir qövmə verdiyi ne'məti başqa şeyə dəyişdirməzdi Allah,
dəyişilməz qalsaydı əgər onların özü. Allah eşidəndir hər şeyi,
biləndir hər işi.
54. Bunlar da Fir'on ailəsi və ondan öncəkilər kimi davranmışdılar,
onlar da Rəblərinin ayələrini danmışdılar. Və günahlarına görə
məhv etmişdik onları, qərq etmişdik sulara Fir'on ailəsini. Zalımlardı
hamısı.
55. Kafirlik eləyənlər heyvanların ən pisindən sayılır Allahın
dərgahında. İmana gəlməz onlar.
56. Bunlar o kəslərdir ki, Sənə əhd eləmişdilər və hər dəfə də
Allahdan çəkinmədən əhdlərini pozurdular.
57. Savaş vaxtı yaxalasan onları verəcəyin cəza ilə dallarınca
gedənləri də pərən-pərən sal ki, bəlkə bundan ibrət alalar.
58. Bir qövmün öz əhdinə xəyanətindən əndişələnirsənsə əgər, verdiyi
əhdini insafla qaytar onlara [ləğv elə aranızdakı razılaşmanı].
Xainləri sevməz Allah.
59. Kafirlər elə bilməsinlər ki, keçən keçdi və keçməzlər əlinizə
bir daha. Aciz qoya bilməz sizi onlar.
60. Qüvvəniz yetən qədər qüvvə yığın, savaş atlarını hazır saxlayın
ki, bununla qorxuya salasız Allahın və sizin düşməninizi və başqalarını,
sizin tanımadığınız, Allahın tanıdığı düşmənləri. Allah yolunda
nə xərcləsəniz bilin, özünüzə qaytarılar hər bir şeyin əvəzi.
61. Barışığa gəlsələr sən də gəl və təvəkkül elə Allaha. O, şübhəsiz,
eşidəndir hər şeyi, biləndir hər işi.
62. Aldatmaq fikrinə düşsələr səni, bil, sənə yardım üçün təkcə
Allah yetərlidir. Odur Öz gücüylə, mö'minlərlə sənin yardımına
yetişən,
63. mö'minləri bir-birinə bağlayan. Yer üzündə nə varsa hər şeyi
sərf eləsəydin belə bağlaya bilməzdin onları bir-birinə. Ancaq
Allah bağlayar onları bir-birinə. Güclüdür, müdrikdir O.
64. Ey Peyğəmbər! Sənə və sənə tabe olan mö'minlərə yardım üçün
təkcə Allah yetərlidir.
65. Ey Peyğəmbər! Təşviq elə mö'minləri savaşa. Sizdən iyirmi
nəfər səbri olan onların iki yüzünə güc gələr. Sizin yüzünüz kafirlərin
mininə bəs eləyər. Çünki bunlar anlamaz bir qövmdür.
66. İndi yükünüzü azaltdı Allah. İçinizdəki zəiflikdən Onun xəbəri
vardı. Sizdən yüz nəfər səbri olan onların iki yüzünə, mininiz
onların iki mininə güc gələr. Səbrlilərin tərəfindədir Allah.
67. Yer üzündə axırına çıxmayınca düşmənin əsir sahibi olmaq yaraşmaz
Peyğəmbərə. Siz bu dünyanın gəldi-gedərini, Allah da sizin üçün
axirəti arzulayır. Güclüdür, müdrikdir Allah.
68. Öncədən olmasaydı Allahın yazısı [qəsdsiz verilən səhv hökmlərə
görə cəzasız qalmaq barədə] fidyə aldığınıza görə o böyük əzaba
mütləq düçar olardınız.
69. Ələ keçirdiyiniz qənimətlərin halalını, təmizini yeyin və
qorxun Allahdan. Şübhəsiz, günahlardan keçəndir, Rəhimdir Allah.
70. Ey Peyğəmbər! Əliniz altında olan əsirlərə de ki, "Allah
bilsə ki, xoş niyyət gizlənib ürəyinizdə sizdən alınandan daha
yaxşısını qaytarar sizə və keçər suçunuzdan. Bağışlayandır, Rəhimdir
Allah".
71. Sənə xəyanət eləmək istəsələr demək öncə Allaha xəyanət eləmişlər.
Və Allah imkan verər elədiyini eləyəsən onlara. Hər şeyi biləndir,
müdrikdir Allah.
72. O kəslər ki, iman gətirdilər, hicrət etdilər, Allah yolunda
mallarıyla, canlarıyla cihad etdilər və o kəslər ki, hicrət edənlərə
sığınacaq verdilər, yardım göstərdilər, bir-birinin dostudur onlar.
O kəslər ki, iman gətiriblər, ancaq hicrət etməyiblər, payınız
olmaz sizin onların dostluğundan [mirasından] nə qədər ki, hicrət
etməyib onlar. Yalnız din uğrunda sizdən yardım diləyərlərsə,
yardım etməlisiz onlara. Ancaq əhd bağladığınız bir qövmün əleyhinə
olmamalı bu yardım. İşləklərinizi görür Allah.
73. Bir-birinə arxadır kafir olan kimsələr. Siz də əməl etməsəniz
Rəbbinizin əmrinə, fitnə düşər yer üzünə, böyük fəsad alıb gedər
hər yeri.
74. O kəslər ki, iman gətirdilər, hicrət etdilər, Allah yolunda
cihad etdilər və o kəslər ki, hicrət edənlərə sığınacaq verdilər,
yardım göstərdilər, məhz onlardır həqiqətən mö'min olan bəndələr.
Məğfirət, bol-bol ruzi gözləyir onları.
75. O kəslər ki, sonradan gəliblər imana, hicrət ediblər və sizinlə
bərabər cihad ediblər, onlar da sizdəndir. O kəslərin ki, arasında
qohumluq bağı var, Allahın Kitabına görə onlar bir-birinə daha
çox bağlı olar. Biləndir hər işi, şübhəsiz, Allah.
|