Rəhman
və Rəhim Allahın adıyla
1. Artıq yaxınlaşmış
insanlarla haqq-hesab çəkilən gün, onlarsa hələ qəflət içində
haqdan üz döndərirlər.
2. Hər dəfə onlara yetişən
zaman Rəblərinin kəlamı, bunu dinləyə-dinləyə rişxənd edərlər.
3. Qəflətdədir ürəkləri.
Zalımlıq eləyən kəslər gizlinə salıb dedilər: «Məgər sizin kimi
bir bəşər deyilmi bu? Caduyamı uyursunuz gözləriniz görə-görə?»
4. «Göydə, yerdə söylənilən
hər şeyi bilir Rəbbim. Eşidəndir hər şeyi, biləndir hər işi O»
dedi Rəsul.
5. «Bunun söylədikləri
qarışıq röyalardır», «Qur’anı uydurmuş bu», «Qoy bu da öncəki
elçilər sayaq bizə bir mö'cüzə göstərsin» dedilər.
6. Öncə məhvə düçar etdiyimiz
şəhərlərin adamları imana gəlmədilər, bunlarmı göləcəklər?
7. Biz səndən öncə də
yalnız vəhy verdiyimiz adamları peyğəmbər göndərmişik. Bunu bilmirsinizsə,
zikr əhlindən [Tövrat və İncil üləmasında] soruşun.
8. Biz onları yemək yeməyən
cəsədlər yaratmadıq. Ölümsüz də deyildilər.
9. Verdiyimiz və'dimizə
sadiq qalaraq xilas elədik dilədiyimiz kəsləri, məhv elədik həddini
aşanları.
10. Biz sizə şöhrət gətirən
bir Kitab göndərmişik. Bir ağıl işlətsəniz.
11. Dağıdıb yox elədik
zalımlığa yol verən neçə-neçə şəhərin adamlarını, sonra da var
elədik yerlərində başqa-başqa qövmləri.
12. Gücümüzü duyan zaman
baş götürüb oralardan qaçardılar.
13. Mələklər rişxəndlə
«Bəlkə qaçmayasız, qayıdasız ne'mət aldığınız yerlərinizə, sizin
də dünyanızdan nəsə umuruq axı» deyərdilər.
14. «Vay bizim halımıza!
Biz gerçəkdən zalımlar idik» deyərdi onlar.
15. Nə qədər ki, onları
ot kimi biçməmişdik, külə döndərməmişdik, beləcə zarıyaraq danışırdılar.
16. Biz boşuna yaratmamışıq
göyü, yeri, bunların arasında olanları.
17. Əylənmək istəsəydik,
bunu dərgahımıza layiq olan bir şəkildə edərdik. Əylənmək istəsəydik,
belə edərdik.
18. Biz haqqı çırparıq
batilin başına, parça-parça düşər beyni, bircə anda çıxar canı.
Yazıqlar olsun sizə, Allahın adına nələr söyləmirsiniz.
19. Onundur göylərdə
nə varsa, yerdə nə varsa. Təkəbbürlük eləməzlər, Ona ibadətdən
kənar durmazlar, yorulmazlar Onun dərgahındakılar.
20. Öyərlər Allahı gecə-gündüz
bilmədən.
21. Yoxsa yerdə olanlardan
[daş, qızıl, gümüş və s.] düzəldib tapındıqları tanrılar ki var,
onlarmı ölüləri dirildəcəklər?
22. Allahdan başqa tanrılar
olsaydı əgər, pozulardı nizamı göylərin, yerin. Onların dediklərindən
ucadadır ərşin xaliqi Allah.
23. Elədiyi işə görə
sorğuya tutulmaz O. Sorğuya tutulanlar onlar olar.
24. Ondan başqaları adınamı
tanrılar olaraq tapınmışlar? De ki, «Siz öz dəlilinizi gətirin.
Bu, mənimlə onların Kitabı, bunlar da məndən öncəkilərin Kitabları».
Haqqı bilməz, haqdan üz döndərər onların çoxu.
25. Səndən öncə göndərdiyimiz
elçilərin hər birinə «Məndən başqa tanrı yoxdur, təkcə Mənə ibadət
eləyin» deyə vəhy eləmişdik.
26. «Mələklərdən birini
övlad götürmüş Özünə Rəhman» dedilər. Xeyr, ucalardan ucadır O.
Şərəfli bəndələrdir mələklər Allahın dərgahında.
27. Söz deməkdə qabaqlamaz
Allahı, Onun buyruğuyla iş görər onlar.
28. Nə etmişlər, nə edəcəklərsə
bilir Allah. Onun razılıq verdiyi kimsələrdən savayı heç kimin
xeyrinə iltimas diləməzlər. Onun qorxusundan tir-tir titrəyərlər.
29. Onlardan hansı biri
«Ondan başqa tanrı olan mənəm» desə, cəhənnəmlə cəzalandırarıq
onu. Zalımların cəzasını verərik beləcə.
30. Kafirlər bilməzmi
görən, bitişikdi göylərlə yer biri-birinə, Biz ayırdıq bunları.
Biz sudan var eləmişik canlı olan nə varsa.
31. Yer üzündə möhkəm
duran dağlar qurduq adamların ayaqları altından yer qaçmasın.
Dağların arasından geniş-geniş yollar açdıq istədikləri bir yönə
yol tutub yollanalar.
32. Göyü tavan elədik,
düşməyə qoymarıq onu. Onlarsa görmək belə istəmirlər göydəki ayələri
[günəşi, ayı, ulduzları],
33. Gecəni, gündüzü,
günəşi, ayı yaradan Odur. Fələyin çərxi ilə bir fırlanaraq üzür
bunların hamısı.
34. Səndən öncə də Biz
ölümsüzlük vermədik heç bir bəşərə. Madam ki, sən öləcəksən, kafirlərmi
bu dünyada əbədi qalacaqlar?
35. Hər can dadacaq ölümü.
Bir sınağa çəkərik sizi şərlə, xeyirlə. Və axır dönərsiniz bizim
dərgahımıza.
36. Səni görən zaman
kafir kimsələr, «Tanrılarınızı dilə-dişə salan bumu?» deyərək
sənə rişxənd edərlər. Rəhmanın Kitabını məhz onlardır dananlar.
37. Tələsmək var insanın
xislətində. Darıxmayın, ayələrimi sizə mütləq göstərəcəyəm. Məni
tələsdirməyin.
38. «Doğru sözlü, düz
əməlli kimsələrsinizsə əgər, bildirin bu və'dinizin və'dəsini»
deyərlər.
39. Bu kafir kimsələr
kaş biləydilər, o zaman üzlərini, bellərini bürüyən odu dəf eləyə
bilməz onlar və yardım da göstərilməz onlara.
40. Ystlərini kəsdirərək
qəfildən çaşdırar od onları. Dəf eləyə bilməzlər onu. Bir möhlət
də verilməz heç onlara.
41. Səndən öncə də elçiləri
lağa qoyardılar. Lağa qoyduqları şey məhvə düçar eləmiş lağ eləyən
kəsləri.
42. De ki, «Sizləri gecə-gündüz
kim qoruyar Rəhmanın əzabından?» Bunlarsa hələ üz də döndərirlər
Rəblərinin Kitabından.
43. Bizdən başqa tanrıları
varmı ki, qoruyalar o əzabdan onları. Heç özlərinə belə yardım
göstərə bilməz bu tanrıları. Biz də ki, bunlara yiyə duran deyilik.
44. Onlara, atalarına
ömür verdik yaşadılar. Ömürləri uzun gəldi onlara. Məgər görməzmidirlər,
onların torpağına gələrək gen dünyanı hər tərəfdən başlarına Biz
necə daraldırıq? Qalib gələn onlarmıdır, Bizmiyik?
45. De ki, «Mən vəhy
ilə çatdırıram sizə xəbərdarlığı. Karlar çağrışımı eşidən deyil
çatsa da xəbərdarlıq onlara.
46. Rəbbinin əzabının
nəfəsini duyantək, «Vay bizim halımıza, biz gerçəkdən zalımlar
idik» deyəcəklər.
47. İnsaf tərəzilərini
qurarıq qiyamət günü. Heç kimsənin haqqında bir haqsızlıq edilməz.
Ortalığa qoyarıq hər hansı bir əməlini insanın bir xardal dənəsi
çəkisində olsa belə. Bizim öz hesabımız hər şeyə yetərlidir.
48. Haqqı batildən ayıran
me'yar vermişdik Musaya və Həruna. Müttəqilərə nur paylayan, öyüd
verən Kitabdı o verdiyimiz.
49. Bunlar o kəslərdi
ki, görməsələr də Onu qorxarlar Rəblərindən, tir-tir titrəyərlər
qiyamət gününün vahiməsindən.
50. Və bu nazil elədiyimiz
mübarək bir Kitabdır. Bunu sizmi danırsız? 51. Daha öncə İbrahimə
də doğru yolu tapmaq üçün ağıl vermişdik. Biliyinə, şərəfinə bələd
idik.
52. Atasına, qövmünə
bir zaman demişdi: «Bu heykəllər nə olan şeydilər ki, onlara ibadətdən
əl çəkməyirsiz?»
53. «Atalarımız da onlara
tapınardılar» dedilər.
54. «Siz də, atalarınız
da doğru yoldan açıq-aşkar sapmısınız» deyərkən İbrahim
55. «Ciddimi danışırsan,
zarafatmı eləyirsən» dedilər.
56. «Bilin, göylərin,
yerin Rəbbidir, bunları yaradandır sizin Rəbbiniz. Mən buna şahidlik
edənlərdənəm» dedi İbrahim
57. «Allaha and olsun,
siz dönüb gedən kimi bütlərinizin başına elə bir iş açım ki...»
58. Yalnız bütlərin böyüyünə
dəymədi, qırıq-qırıq elədi qalanlarını. Böyüyünə də dəymədi ki,
bəlkə ona bir daha müraciət eləməli oldular.
59. «Kim salmış bu günə
tanrılarımızı? Kimdirsə zalımdır o» dedilər.
60. «Bir cavan var, İbrahimdir
adı. Eşitmişik necə hədyan danışır o tanrıların barəsində» dedilər.
61. «Gətirin, qoy camaat
görsün onu, hamı şahidlik eləsin» dedilər.
62. «Ey İbrahim, bizim
tanrıları sənmi saldın bu günə?» dedilər.
63. «Xeyr, bu böyükləri
belə eləmiş, danışa bilirlərsə, soruşun özlərindən» dedi.
64. Düşüncəyə dalaraq
özləri özlərinə dedilər: «Haqsız olan axı siz özünüzsüz».
65. Sonra yenə Allahdan
üz döndərib köhnə inanışlarına döndülər, dedilər: «Ey İbrahim,
sən ki, bilirsən bunlar danışan deyil».
66. Dedi: «Elə isə Allahı
qoyub sizlərə nə yararı, nə zərəri olmayanlara bəs niyə tapınırsız?
67. Sizə də, Allahdan
başqaları adına tapındıqlarınıza da ar olsun. Bir ağıl işlətsəniz!»
68. Dedilər: «Yandırın
onu, yardım eləyin tanrılarınıza. Onlara yardım üçün məhz belə
etməli».
69. «Ey od, İbrahimə
sərin ol, zərərsiz ol» dedik.
70. Bir iş açmaq istədilər
İbrahimin başına. Biz də işi elə qurduq uduzan onların özləri
oldu.
71. Onu da, Lutu da xilas
eləyib aləmlər üçün bərəkətli etdiyimiz bir torpağa gətirdik.
72. İshaqı və Yaqubu
da bağışladıq İbrahimə. Hamısını əməli saleh elədik.
73. Əmrimizlə doğru yolu
göstərən rəhbərlər elədik onları. Xeyirxah işlər görməyi, namaz
qılmağı, zəkat verməyi vəhy elədik onlara. Daim Bizə ibadətdə
oldular.
74. Hikmət verdik, elm
verdik Luta da. Onu xilas elədik əhalisi çirkin-çirkin işlərlə
məşğul olan şəhərdən. Şübhəsiz, azmışdılar, pis adamlar idilər.
75. Rəhmətimizin ağuşuna
almışdıq Lutu. Şübhəsiz, yaxşılardan idi o.
76. Öncə də Nuh yalvarmışdı
Bizə. Qəbul buyurduq duasını, özünü, ailəsini o böyük sıxıntıdan
xilas elədik.
77. Ayələrimizi danan
kimsələrin əlindən qurtardıq onu. Pis bir qövm idilər, hamısını
qərq elədik sulara.
78. Davudu, Suleyməni
yada sal. Camaatın qoyunlarının girib zay elədiyi bağ yeri barəsində
hökm yürüdürdülər. Biz onların söhbətinə şahid idik.
79. Anlatdıq Suleymənə
həmin işin çəmini. Hikmət verdik, elm verdik hər ikisinə. Dağları,
quşları Davuda tabe elədik Onu öyələr deyə. Əncam çəkdik bu işə
beləcə.
80. Zirehli geyim düzəltməyi
öyrətdik ona. Öyrətdik ki, geyindirib zərbədən qoruyaq sizi. Bizə
şükr eləyirmisiniz?
81. Suleymənə də şiddətli
küləyi tabe elədik. Onun əmrilə bərəkət verdiyimiz yerlərə yüyürərdi
külək. Hər bir şeydən xəbərimiz var idi.
82. Qəvvaslıq eləyən
və bundan başqa neçə-neçə işlər görən şeytanları da ona tabe elədik.
Pis-pis işlərdən onları saxlayan Biz idik.
83. Əyyubu da yada sal.
«Bəla gəlmiş başıma, Sən mərhəmətlilərin mərhəmətlisisən!» deyə
çağırmışdı o Rəbbini bir zaman.
84. Qəbul etdik duasını,
qaldırdıq aradan başına gələn bəlanı, qaytardıq özünə əhli-əyalını
və onlarla bir yerdə olan yaxınlarını. Bu, dərgahımızdan yetişən
rəhmət idi, abidlər üçün ibrət idi.
85. İsməili, İdrisi,
Zulkifli də yada sal. Hər biri səbr yiyəsiydi.
86. Rəhmətimizin ağuşuna
aldıq onları, yaxşılardan idilər.
87. Zulnunu da yada sal.
Hirslənərək gedərkən zənn elədi Biz onu sıxıntıya salmarıq. Və
nəhayət, qaranlıqlar içində «Səndən başqa tanrı yoxdur. Ucalardan
ucasan. Mən gerçəkdən zalım idim!» deyərək çağırmışdı Rəbbini.
88. Qəbul etdik duasını.
Qəm əlindən aldıq onu. Mö'minlərə nicat veririk beləcə.
89. Zəkəriyyəni də yada
sal. «Rəbbim! Yalqız qoyma məni. Sən varislərin ən yaxşısısan!»
deyərək çağırmışdı Rəbbini.
90. Qəbul etdik duasını.
Yəhyəni bağışladıq ona. Zövcəsini yararlı elədik ona. Yaxşılıq
eləməkdə yarışırdı ümidlə, qorxa-qorxa Bizə yalvarırdı, möhtərəm
bilirdi Bizi ürəkdən onlar.
91. Məhrəm yerini qoruyan
o qadını yada sal. Ruhumuzdan üfürmüşdük ona, bir mö'cüzə eləmişdik
onu və oğlunu aləmlər üçün.
92. Şübhəsiz, siz müsəlman
olaraq vahid bir ümmətsiniz. Mən də sizin Rəbbiniz. Təkcə Mənə
ibadət eləyin.
93. Ayırdılar bir-birindən
dinlərini. Bizim dərgahımıza axır dönəcək hamısı.
94. İman gətirərək yararlı
işlər görən kəsin sə'yləri danılmaz olar. Biz qeydə alarıq onun
əməllərini.
95. Məhvə düçar etdiyimiz
şəhərlərin əhalisi bir daha dünyaya qayıdan deyil.
96. Yəcuc və Məcuc səddi
qiyamət günü uçan zaman hər tərəfdən axışıb gələr onlar.
97. Haqqın və'dəsi yaxınlaşan
zaman qorxudan bərələr kafirlərin gözləri. «Vay bizim halımıza!
Biz bundan xəbərsiz idik, zalımlar idik» deyərlər.
98. «Cəhənnəm ocağının
odunusunuz siz və Allahdan başqaları adına sizin tapındıqlarınız.
Od içinə girərsiniz».
99. Tanrılar olsaydı
əgər bu bütlər, vasil olmazdılar cəhənnəmə. Hamısı [bütpərəstlər
və bütlər] da orada əbədilik qalacaq.
100. Ah çəkər, eşitməz
olar onlar orada.
101. O kəslərə ki, gözəl
əməllərinə görə gözəl sonluq və'd verilmiş dərgahımızdan, onları
cəhənnəmdən uzaq tutarlar.
102. Cəhənnəmin uğultusu
gəlməz qulaqlarına. Əbədilik qalarlar ürəkləri istəyən şeylərin
arasında.
103. Ən böyük qorxu belə
üzməz onları. Mələklər qarşılayaraq onları deyərlər: «Budur sizin
xoş gününüz, sizə və'd verilən gün».
104. Kağızı qat-qat eləyib
kitaba döndərən tək qatlara bükərik o gün səmanı, eləcə də heçdən
yaratdığımız ilk xilqəti verdiyimiz və'də görə Biz təkrarən yaradarıq.
Və'dimizə, şübhəsiz, əməl edərik.
105. Allah dərgahındakı
baş yazıdan savayı nazil olan Kitablarda da Biz yazmışıq, yer
üzünün varisləri yalnız saleh bəndələrim olarlar.
106. Şübhəsiz, bu Qur'anda
bildiriş var abidlər üçün.
107. Biz səni aləmlərə
yalnız bir rəhmət olaraq göndərmişik.
108. De ki, «Mənə vəhy
edilir, Tanrınız tək Tanrıdır. İndi necə, Allahın birliyini qəbul
edərmisiniz?»
109. Əgər üz döndərsələr,
de ki, «Hamınıza eyni cür e'lan elədim o günü. Sizə və'd verilən
şey tezmi, gecmi gələcək, mən bilmərəm.
110. Sizin dediyinizi
də, demədiyinizi də, şübhəsiz, bilir O.
111. Mən biləni bu gecikmə
sizi sınaqdan keçirmək üçündür, buna görə verilən gəldi-gedər
bir güzəran naminədir».
112. Rəsul deyər: «Rəbbim!
Haqq olaraq ver hökmünü. Rəbbimiz Rəhmandır bizim. Quraşdırıb
dediyiniz sözlərə qarşı təkcə Ondan yardım dilərik».
|