Rəhman
və Rəhim Allahın adıyla
1. Həmd olsun Allaha, göyləri və yeri yaradana, qaranlıqları və
aydınlığı var edənə. Kafirlər də kimlərisə tay tuturlar Rəblərinə.
2. Sizi gildən O yaratmış. Sonra əcəl tə'yin eləmiş sizə. Bəlli
olan əcəlsə Onun dərgahındadır. Siz isə hələ də şübhədəsiniz.
3. Göylərdə də, yerdə də Allahdır O. İçinizi, çölünüzü bilir O,
nə qazandığınızı bilir O.
4. Onlara Rəblərinin ayələrindən eləsi gəlməyib ki, ondan üz çevirməyələr.
5. Haqqı batil saydılar onlara haqq gələndə. İstehza etdikləri
şeyin xəbərləri çatacaqdır onlara.
6. Onlardan öncə neçə-neçə nəsli yoxa çıxardıq, görməzmi oldular
bunu? Sizə vermədiyimizi onlara yetirdik bu yer üzündə. Biz səmanı
bol-boluna üstlərinə boşaltdıq, ayaqları altından çaylar axıtdıq.
Təkcə günahlarına görə yox elədik onları və sonra başqa bir nəsli
var elədik.
7. Sənə kağızda yazılı bir Kitab göndərsək də fərqi yoxdur, əllərilə
toxunub ona "Açıqca cadudur bu" deyər kafirlər yenə.
8. "Məgər bir mələk göndərilməli deyildimi Peyğəmbərə?"
dedilər. Bir mələk göndərsəydik əgər, bitmiş olardı iş, macal
qalmazdı əcəlinə onların.
9. Mələk də eləsəydik Peyğəmbəri, yenə insan şəklinə salardıq
onu və yenə düşdükləri şübhəyə salardıq onları.
10. Səndən öncə də peyğəmbərlərin bir çoxunu ələ salardılar. Ələ
saldıqları gerçək yaxaladı onları.
11. De ki, "Bir gəzib dolaşın yer üzünü, görün necə olmuş
aqibəti ayələri dananların".
12. De ki, "Kimindir göylərdə nə varsa, yerdə nə varsa".
Söylə "Allahındır". O rəhmət eləməyi salmış Öz yazısına.
Gəlməyi haqq olan gündə mütləq toplarıq sizi. İman gətirməzlər
daha özlərini itirənlər.
13. Məskəni gecə və gündüz olan hər şey Onundur. O eşidəndir hər
şeyi, biləndir hər işi.
14. De ki, "Göyləri və yeri yaradan Allahdan başqasınımı
dost tutum mən özümə? O yemir, yedizdirir". De ki, "İlkin
müsəlman olmaq mənə buyurulmuş" və heç vaxt şərik qoşma Ona.
15. De ki, "Rəbbimə qarşı üsyana qalxsam, böyük bir günün
əzabından qorxaram".
16. O əzabdan həmin gün uzaq düşənə rəhmət eləyir Allah. Budur
aşkar qurtuluş!
17. Bir zərər toxundursa sənə Allah, bil, bu zərəri təkcə Özü
itirdər. Və bir xeyir toxundursa sənə, bil, hər şeyə qadirdir
O.
18. Bəndələrinin üstündə tam hakimdir O.
19. De ki, "Hansı şey daha böyükdür şahidlik baxımından?"
De ki, "Allah Özü şahiddir mənimlə sizin aranızda. Bu Qur'an
mənə vəhy olundu ki, onunla öyüd verim sizə və bu Kitabın çatdığı
hər bir kəsə. Sizmi şahidlik edərsiz Allaha tay tutulan başqa
tanrıların mövcudluğuna?" De ki, "Mən şahidlik eləmirəm".
De ki, "O ancaq tək Tanrıdır. Sizin şərik qoşduğunuz şeylərdən
uzağam mən".
20. Oğullarını tanıdıqları kimi tanıyır Peyğəmbəri Kitab verdiyimiz
kimsələr. Özlərinə ziyan vurar imana gəlməyənlər.
21. Allahın adına yalan uydurandan, yaxud Onun ayələrini yalan
sayandan daha zalım kim ola? Zalımlar uğura uğramazlar.
22. Hamını cəm edərik bir gün və şərik qoşanlara "Dediyiniz
şəriklər hardadır axı?" söylərik.
23. Sonra da "V-Allahi ki, Rəbbimiz, biz müşriklər deyildik"
söyləməkdən özgə bir çarəsi qalmaz onların.
24. Bax gör necə yalan söylədilər özlərinə qarşı, uydurduqları
şeylər də onlardan uzaqlaşdı.
25. Onlardan eləsi var sənə qulaq kəsilər. Qur'anı qavramasınlar
deyə örtük çəkdik ürəklərinə, ağırlıq çökdürdük qulaqlarına. Hər
cür mö'cüzəni görsələr belə, yenə inanmazlar ona. Pənah gətirsələr
də sənə, çəkişərlər səninlə. "Öncə gəlib-gedənlərin əfsanələrindən
başqa bir şey deyil bu" deyər o kafirlər.
26. Nə başqalarını yaxın qoyar, nə özləri yaxın düşər Qur'ana.
Məhv edərlər özlərini beləcə, duymazlar necə.
27. "Kaş ki, dünyaya qaytarılaydıq, Rəbbimizin ayələrini
yalan saymayaydıq, mö'minlərdən olaydıq" sözlərini görəydin
bir necə söyləyirlər od üstündə durdurulan zaman.
28. Ört-basdır etdikləri artıq görünmüş onlara. Dünyaya qaytarılsaydılar,
yenə yasaqlardan əl çəkməzdilər. Onlar yalançıdırlar.
29. "Dünya həyatımızdan başqa bir həyat yoxdur. Daha dirçəlmərik
biz" dedilər.
30. Rəblərinin hüzurunda ikən görəydin bir nə deyərlər. "Məgər
gerçək deyilmi bu?" deyər Allah. "Bəli, təkcə öz həqiqətinə
görə haqdır Rəbbimiz" deyər onlar. "Elə isə küfr elədiyinizə
görə dadın əzabı" deyər Allah.
31. O kəslər ki, dandılar Allahın hüzuruna qalxmağı, ziyana düşdü
onlar. Və qəflətən qiyamət saatı haqlayanda onları, "İşlədiyimiz
suçlara görə vay bizim halımıza" dedilər. Yük olub yüklənmişdi
günahları bellərinə. Nə pis şeydir daşıdıqları!
32. Oyun və əyləncədir dünya həyatı yalnız. Müttəqilərə görə isə
axirət evi daha yaxşı. Bunu düşünməzmisiniz?
33. Əlbəttə bilirik, səni məhzun eləyir onların dedikləri. Əslində
onlar səni yalançı saymayırlar. Zalımlar bilərəkdən danırlar Allahın
ayələrini.
34. Səndən öncə gələn elçiləri də yalançı saymışdılar. Yalançı
sayıldıqlarına görə əziyyətə qatlaşıb elçilər səbr göstərdilər.
Və nəhayət, onlara yardımımız yetişdi. Dəyişdirə bilməz heç kim
Allahın kəlamını. Sənə çatıbdır elçilərin xəbəri.
35. Onların üz döndərməsi sənə ağır gəldisə, haydı yerdə bir dəlik
aç, göyə nərdivan daya, mö'cüzə göstər onlara. Əgər istəsəydi
Allah, cəm edərdi doğru yolda onları. Di sən də cahil olma!
36. Ancaq qulaq kəsilən kəslər gələrlər çağrışa. Ölüləri dirildər
Allah. Sonra Onun dərgahına dönərlər.
37. "Bir mö'cüzə göndərsəydi Rəsula Rəbbi" dedilər.
De ki, "Mö'cüzə göndərməyə, şübhəsiz, qadirdir Allah, ancaq
çoxları bilməzlər bunu".
38. Yerdə qaçan heyvanlar, göydə qanad çalıb uçan quşlar da sizlər
kimi canlıların icmalarıdır. Kitabda heç bir şeyin üstündən Biz
ötməmişik. Sonra onlar da dönər Rəblərinin dərgahına.
39. Laldır, kardır, kordur - ayələrimizi danan kəslər. İstədiyi
kimsəni azdırar, istədiyi kəsi də doğru yola yönəldər Allah.
40. De ki, "Düşündünüzmü halınız necə olacaq uğrasanız Allahın
verəcəyi əzaba? Allahdan savayı kimə dua eləyib yalvaracaqsız?
Düz danışansınızsa, bunu bildirin mənə!"
41. Təkcə Ona yalvararsınız. İstəsə düşdüyünüz bəlanı sizdən sovuşdurar
O, siz də unudarsınız Ona şərik qoşduğunuz bütləri.
42. Sizdən öncəki ümmətlərə də elçilər göndərmişdik. Yalvarıb-yaxarsınlar
deyə dərd-bəlaya salmışdıq onları.
43. Heç olmazsa gücümüzü duyanda yalvarıb yaxaraydılar. Bərkidi
ürəkləri. Tutduqları işləri bərbəzəkli göstərdi onlara şeytan.
44. Nə vaxt ki, unutdular onlara xatırladılan şeyləri, hər şeyin
qapısını açdıq onlara. Onlara verilən şeyə sevinirdilər və qəflətən
yaxaladıq onları. Yzüblər hər şeydən ümidlərini.
45. Beləcə kəsildi zalım bir qövmün kökü. Həmd olsun Allaha, aləmlərin
Rəbbinə!
46. De ki, "Allah gözünüzü, qulağınızı alsa sizdən, möhür
vursa ürəyinizə, Allahdan başqa tanrı varmı bunları qaytara sizə?"
Bax, Biz necə açıqlayırıq bu ayələri, onlar necə bunlardan üz
döndərir.
47. De ki, "Özünüzü düşündünüzmü heç? Qəfildən ya açıqca
düşdünüzsə qəzəbinə Allahın, zalımların qövmündən olmayanmı məhv
edilər?"
48. Mücdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk elçiləri.
İman gətirib islah olunanlara zaval yoxdur, dərd əlindən üzülməzlər.
49. Ayələrimizi dananlara da yoldan sapdıqlarına görə Allahın
əzabı toxunacaqdır.
50. De ki, "Mən sizə demirəm ki, məndədir Allahın xəzinələri.
Mən qeybi də bilmərəm. Sizə demirəm də ki, mən mələyəm. Əməl elədiklərimsə
yalnız mənə vəhy olunanlardır". De ki, "Korla görən
bir-birinə bərabərmi tutular? Düşünməzmi oldunuz bunu?".
51. Rəbblərinin hüzurunda cəm olacaqlarından əndişələnən kimsələrə
Qur'anla xəbərdarlıq elə, bildir, Ondan başqa nə dostu, nə havadarı
olmaz onların, bəlkə çəkinə onlar Allahın əzabından.
52. Qovma o kəsləri ki, səhər-axşam Rəblərinin rizasını umaraq
Ona dua edirlər. Sənin onlarla haqq-hesabın yox. Onların da səninlə
bir haqq-hesabı yoxdur ki, qovaraq onları zalımlardan olasan.
53. Onlardan birini o biriylə beləcə sınadıq ki, "Bizlərdən
bunlarımı layiq bilmiş Öz lütfünə Allah" deyələr. Allah deyilmi
məgər şükr eləyən kəsləri daha yaxşı tanıyan?
54. Ayələrimizə inanan kəslər sənə pənah gətirsələr, söylə "Salam
olsun sizə". Rəhmət eləməyi Özünə bir borc kimi yazmış Rəbbiniz.
Sizlərdən kim fəna bir iş tutarsa cahilliyi üzündən və sonra tövbə
eləyərsə, islah olunub düzələrsə, günahlardan keçən görər, Rəhim
görər Allahı.
55. Ayələri birər-birər açıqlayırıq ki, yolu aydınlaşsın günahkarların.
56. De ki, "Allahdan başqasına qulluq eləmək mənə yasaq bilinmiş".
De ki, "Mən uyan deyiləm sizin şıltağınıza. Yoxsa yolumdan
olaram, doğru yolda olanlardan olmaram".
57. De ki, "Mən Rəbbimdən gələn açıq dəlil təməlinin üstündəyəm.
Sizsə onu dandınız. Tələsik istədiyiniz şey mənim əlimdə deyil.
Tək Allahdır hökm verən. Gerçəyi anladır O. Odur hökm verənlərin
ən yaxşısı".
58. De ki, "Tələsik istədiyiniz şey əlimdə olsaydı əgər,
kəsilərdi aramız". Zalımları lap yaxşı tanıyır Allah.
59. Qeybin açarları Ondadır, Ondan başqa kimsə bilməz onları.
Quruda nə varsa, dənizdə nə varsa bilir O. Düşən hər yarpaqdan,
yerin qaranlıqlarında olan hər dənədən, yaş və quru nə varsa,
hər şeydən xəbəri var Allahın, bunlar apaydın bir Kitabdadır.
60. Gecələr sizləri ölü kimi yatırdan, gündüzlər nə etdiyinizdən
xəbərdar olan və sonra mə'lum müddət bitsin deyə gündüzlər sizi
dirildən Odur. Onun da dərgahına axır dönəcəksiniz, O da bildirər
sizə nə iş tuturdunuzsa.
61. Bəndələrinin üstündə yeganə hakim Odur. Sizi qoruyanları [mələkələri]
göndərir O. Birinizi haqlayarkən ölüm, ondan can alır elçilərimiz,
heç nəyi gözündən qaçırmaz onlar.
62. Sonra haqq Tanrıları olan Allahın dərgahına dönür onlar. Hökm
təkcə Onundur. Odur ən tez hesab aparan.
63. De ki, "Bunların əlindən alarsa bizi Allah, mütləq şükr
edənlərdən olarıq" deyə gizli-gizli yalvarıb-yaxardığınız
zaman kim sizi qurtarar qurunun və dənizin qaranlığından?"
64. De ki, "Bundan və hər sıxıntıdan Allah qurtarar sizi.
Sizsə hələ bir şərik də qoşursunuz Ona".
65. De ki, "Ystünüzdən və altınızdan əzab göndərməyə, sizi
firqələrə bölüb bir-birinizin gücündən daddırmağa qadir Odur".
Bəlkə anlayalar deyə ayələri baxın necə yerli-yerində çatdırırıq
onlara.
66. Qur'an haqq ola-ola Sənin qövmün dandı onu. "Mən sizə
vəkil deyiləm" de onlara.
67. Hər bir xəbər vaxt gələcək gerçəkləşəcək və siz bunu biləcəksiz.
68. Ayələrimizi çək-çevirə salanları görəntək, onlardan üz çevir
ta ki, keçməyiblər başqa söhbətə. Şeytan unutdurursa Sənə bu hökmü,
yaddaşın düzələn kimi zalımların qövmüylə bir yerdə oturmayasan.
69. Heç nəyə cavab daşımır müttəqilər özlərinin hesabına düşəndən.
Ancaq yenə də xatırlatmaq gərəkdir ki, bəlkə yenə qorunalar Allahın
əzabından.
70. Tərk elə o kəsləri ki, oyuna, əyləncəyə döndəriblər dinlərini,
aldanıblar bu dünya həyatına. Qur'anla xatırlat onlara, insan
öz qazancıyla yox eləyir özünü. Allahdan başqa onun nə bir dostu
olar, nə də bir havadarı. Nə fidyə verir versin, qəbul edilməz
ondan. Bunlardır yox olanlar qazancları üzündən. Küfr elədiklərinə
görə qaynar sudan bir içki və ağrılı bir əzab gözləyir belələrini.
71. De ki, "Allahı qoyub bizə nə yararı, nə zərəri dəyən
şeylərəmi yalvaraq? Allah doğru yola yönəldəndən sonra bizi, geriyəmi
dönməliyik, şeytanların başdan çıxardaraq çaş-baş qoyub çöldə
tərk elədikləri, dostlarınınsa "Bizə tərəf gəl!" deyə
doğru yola çağırdıqları kimsəninmi halına biz düşməliyik?"
De ki, "Təkcə Allahın yoludur doğru yol. Bizə buyurulub ki,
aləmlərin Rəbbinə təslim olaq".
72. "Namaz qılın, qorxun Ondan" deyə əmr edildi. Gedib
hüzurunda cəm olacağınız Odur.
73. Odur göyləri və yeri haqq olaraq yaradan. O gün ki, nəyəsə
"Ol" dedi olasıdır. Dediyi haqdır Onun. Sur çalınacaq
gün hökmranlıq Onundur. Qeyb və şəhadət aləmini O bilir. Müdrikdir,
xəbərdardır hər şeydən O.
74. "Tanrılarmı sanıb bütləri tapınırsan onlara? Doğrusu,
mən səni və qövmünü açıqca çaşqınlıq içində görürəm" atası
Azərə söyləmişdi İbrahim.
75. Göylər və yer üzərində hökmranlığı göstərirdik İbrahimə, deyirdik
qüdrətimizə əmin olanlardan olaydı.
76. Bir ulduz gördü o üstünü alanda gecə. "Bu mənim Rəbbimdir"
dedi. Ulduz batarkən "Batanları sevməm" dedi.
77. Görəndə ki, ay doğub, "Bu, mənim Rəbbimdir" dedi.
Ay batarkən "Doğru yola yönəltməsəydi Rəbbim, sapmışların
qövmündən olardım mən, şübhəsiz" dedi.
78. Görəndə ki, günəş doğub, "Rəbbim budur, bu daha böyük"
dedi. Günəş batarkən "Ey qövmüm, sizin şərik qoşduğunuz şeylərdən
mən uzağam" dedi.
79. "Göyləri və yeri yoxdan var edənə tutmuşam artıq üzümü,
Ona şərik qoşanlardan deyiləm" dedi.
80. Onunla mübahisəyə girişdi qövmü. "Allah haqqında mənimləmi
höcətləşirsiz, axı doğru yola yönəldib məni O? Ona şərik qoşduğunuz
şeylərdən mən qorxmaram. Ancaq Rəbbim nə istəsə olasıdır! Hər
şeyi tutmuş Rəbbimin elmi. Hələ dəmi ayılmaq bilməyirsiz?"
dedi.
81. "Allaha şərik qoşduğunuz şeylərdən necə qorxum, bir halda
ki, haqqında Allahın bir dəlil göndərmədiyi şeyi Ona şərik qoşmaqdan
siz qorxmursunuz. Bu iki firqədən bilsəniz hansı birisi [tək Allaha
inananlar, yoxsa Ona şərik qoşanlar] daha layiqdir təhlükədən
uzaq ola" dedi.
82. O kəslər ki, gəliblər imana və haqsızlıq qatmayıblar imanlarına,
arxayınçılıqdadır onlar, doğru yoldadır onlar.
83. Bu dediklərimiz Bizim İbrahimə onun qövmü əleyhinə verdiyimiz
dəlillərdir. Dərəcələrlə ucaldırıq istədiyimiz kimsəni. Şübhəsiz,
müdrikdir Rəbbin, hər şeyi biləndir O.
84. İshaqı və Yaqubu da bağışladıq Biz ona, doğru yola yönəltdik
hər birini. Daha öncə Nuhu və onun soyundən olan Davudu, Suleyməni,
Əyyubu, Yusufu, Musanı və Hərunu yönəltmişdik doğru yola. Beləcə
veririk yaxşıların mükafatını.
85. Zəkəriyyə, Yəhyə, İsa və İlyəsi də yönəltdik doğru yola. Onlardan
hər biri əməli salehlərdən idi.
86. İsməil, əl-Yəsə, Yunus və Lutu da yönəltdik doğru yola, aləmlərdən
üstün tutduq hər birini.
87. Ataları, qohumları, qardaşlarından bir qismini seçib doğru
yola yönəltdik.
88. Bu, Allahın yoludur, bəndələrindən istədiyi birini buna doğru
yönəldər O. Şərik qoşarlarsa Ona, boşa çıxar işləri.
89. Kitab, Hikmət, peyğəmbərlik verdiyimiz kimsələrdir onlar.
İndi onlar da küfr edərlərsə verdiyimizə, bilsinlər, küfr etməyən
başqa qövmə tapşırarıq bunları.
90. Doğru yola yönəldib belə qövmün əhlini Allah. Onların yoluyla
get! De ki, "Sizdən əcir ummuram mən bunun əvəzində. Bu sadəcə
bir öyüddür, aləmlərdən ötrüdür".
91. Allahın dəyərini dəyərincə demədilər, "Bir şey göndərməmiş
bəşərə Allah" dedilər. De ki, "Bəs Musanın nur olaraq,
insanlara yol göstərən haqq olaraq gətirdiyi Kitabı kim nazil
etmiş? Ayrı-ayrı kağızlara salıb onu bir qismini göstərir, çoxunu
gizlədirsiz. Sizin və atalarınızın bilmədiklərini siz ondan öyrənmisiz".
"Allah" de, sonra da burax onları qoy əylənib oynasınlar
mə'nasız kəlmələrlə.
92. Bu, nazil etdiyimiz mübarək bir Kitabdır, təsdiq edir özündən
öncəkini. Şəhərlərin anası Məkkəyə və ətrafında olanlara xəbər
ver. Axirətə inananlar inanarlar bu Kitaba, qılmaqda olarlar namazlarını.
93. Allahın adına yalan yaxandan, ya bir vəhy almamış ikən "Mənə
vəhy verilmiş" deyəndən, ya da "Mən də nazil eylərəm
Allahın göndərdiyindən" deyəndən daha zalım kim ola? Görəydiniz
zalımlar ölüm qabağı necə can verirlər. Mələklər uzadaraq əllərini
deyirlər: "Haydı çıxarın canlarınızı. Allahın adına haqq
olmayan şeyləri söylədiyinizə görə, Onun ayələrinə qarşı təkəbbürlük
elədiyinizə görə alçaldıcı bir əzabla verəcəyik cəzanızı".
94. "Sizi ilk dəfə necə xəlq eləmişdiksə, yanımıza eləcə
gəldiniz birər-birər tərk edərək arxanızda verdiyimiz şeyləri.
Bəs hanı, görmürük yanınızda o havadarlarınızı, Allahın şərikləri
sanırdınız onları? Aranızdakı bağlar qırılıb, şərik sandıqlarınız
sizdən ayrılıb" deyiləcək onlara.
95. Şübhəsiz, Allahdır dənəni və çəyirdəyi yarıb yol açan. Ölüdən
dirini çıxarır, diridən ölünü O. Budur Allah. Nə üzlə Ondan üz
döndərirsiz?
96. Dan yerini sökən Odur. Gecəni rahatlıq zamanı, günəşlə ayı
vaxt ölçüsü eləmiş. Bunlar güclü olan, hər şeyi bilən Allahın
nizamıdır.
97. Sizin üçün ulduzları yaratmış qurunun və dənizin qaranlığında
səmti müəyyən edəsiz. Biz anlayan bir qövm üçün açıqladıq ayələri
birər-birər beləcə.
98. Sizi tək bir candan yaradan Odur. Sizdən ötrü bir qərar tutmaq
məkanı və zamanı var, bir də əmanət olaraq qalmaq məkanı və zamanı.
Biz anlayan bir qövm üçün açıqladıq ayələri birər-birər beləcə.
99. Sizə göydən su göndərən Odur. Hər növ bitki bitirdik Biz bu
su ilə. Hər bitkidən bir yaşıl çıxardıq, hər yaşıldan bir-birinin
üstünə minmiş dənələr. Bir-birinə bənzəyən və bənzəməyən meyvələri
- xurma ağaclarının düyümlərindən sallanan salxımlar, üzüm bağları,
zeytun və nar yetişdirdik. Bar verib yetişən zaman nəzər salın
hər birinin meyvəsinə. Bunlarda, şübhəsiz, iman gətirənlər üçün
çoxlu-çoxlu dəlil var.
100. Cinləri Allaha şərik qoşdular, halbuki onları da O yaratmış.
Oğullar və qızlar uydurub caladılar Onun adına bilməməzlik üzündən.
Ucalardan ucadır O.
101. Göyləri və yeri yoxdan var eləyən Odur. Zövcəsi olmaya-olmaya
övladı necə ola bilər? Hər şeyi O yaratmış. Hər şeyi biləndir
O.
102. Rəbbiniz Allah budur. Ondan başqa tanrı yoxdur. Odur hər
şeyi yaradan. Ona ibadət eləyin. Hər şeyə vəkildir O.
103. Gözlər görməzlər Onu. Gözlərisə görür O. Lətifdir [görülməyəcək
dərəcədə incə olan və bəndələrinə incəliyinə varılmağı çətin olan
fayda vermək mə'nasında] hər şeydən xəbərdardır O.
104. Bəsirətlər gəlibdir sizə öz Rəbbinizdən. Kim görürsə, bu
onun lehinədir, kim kordursa, əleyhinə. Gözətçilik eləmirəm mən
sizin üstünüzdə.
105. Ayələri beləcə hərtərəfli açıqlayırıq desinlər "Sən
dərs almısan" və anlayan bir qövm üçün bunu bəyan eləyək.
106. Rəbbindən sənə vəhy edilənə tabe ol. Ondan başqa tanrı yoxdur.
Müşriklərdən üz çevir.
107. İstəsəydi əgər Allah, bütlərə tapınmazdı onlar. Gözətçi qoymadıq
səni göz olasan onlara, sən vəkil də deyilsən heç onlara.
108. Allahdan başqasına dua eləyənləri söyməyin ki, onlar da qəzəblənib
cahilliyi üzündən Allaha söyməsinlər. Bərbəzəkli göstərdik hər
ümmətə işini. Rəblərinin dərgahına axır dönəcək onlar. Və O da
bildirər onlara nə iş tuturdularsa.
109. Var gücüylə Allaha and içərlər ki, əgər bir mö'cüzə gəlsə
onlara, mütləq inanarlar ona. De ki, "Mö'cüzələr Allah dərgahındadır".
Bir mö'cüzə gəlsə belə iman gətirməsələr, bunu necə bilərsiz?
110. Yrəklərini, gözlərini tərs üzünə çevirərik, ilk dəfə mö'cüzəyə
inanmadıqları kimi onu görəndən sonra da inanmazlar. Tərk edərik
onları, sapmışlar doğru yoldan, kor olaraq vurnuxurlar bu halda.
111. Mələkləri göndərsəydik onların yanına, onlarla danışsaydı
ölülər, hər şeyi onların önündə cəm eləsəydik belə - Allah istəməyincə
yenə gəlməzdilər imana.
112. İnsanlardan və cinlərdən olan şeytanları beləcə düşmən elədik
hər peyğəmbərə. Aldatmaqçün bərbəzəkli sözlər deyir onlar bir-birinə.
Rəbbin istəsəydi əgər, bunu edə bilməzdilər. Uydurduqları şeylərlə
tək burax sən onları.
113. O kəslər ki, inanmırlar axirətə, qoy onların ürəyi qulaq
versin bərbəzəkli sözlərə, razı qalsınlar, batsınlar günahlarına.
114. Allahdan başqa bir hakimin olmağını mən heç istəyərəmmi?
Bir halda ki, sizə aydın Kitab göndərib O. Kitab verdiyimiz o
kəslər bilir ki, Quranı haqq olaraq sənin Rəbbin göndərib. Elə
isə şübhələrə dalanlardan olmayasan.
115. Doğru və insaflı kəlam olaraq tamamlanıb sənin Rəbbinin sözü.
Onun kəlmələrini dəyişdirə biləcək bir kimsə yoxdur. O eşidəndir
hər şeyi, biləndir hər işi.
116. Yer üzündəkilərin çoxuna itaətdə olsan əgər, azdırar onlar
səni Allah yolundan. Fərziyyələr qurmaqla məşğuldurlar sadəcə.
117. Sənin Rəbbin, şübhəsiz, daha yaxşı tanıyır yolundan azanları,
doğru yolda gəzənləri.
118. Əgər inanırsınızsa Onun ayələrinə, yeyin o şeydən ki, üstündə
anılır adı Allahın.
119. Sizə nə olub axı, niyə yeməyirsiniz o şeydən ki, üstündə
anılır adı Allahın. Məcburiyyət qarşısında yediyinizi çıxmaqla,
axı sizə haram buyurulanı açıqlayıbdır Allah? Doğrusu, bir çoxları
bilməməzlik üzündən həvəsə düşüb azdırırlar camaatı doğru yoldan.
Sənin Rəbbin, şübhəsiz, daha yaxşı tanıyır həddini aşanları.
120. Günahın açığını da, gizlisini də tərgidin! Çəkəcək cəzasını
günah qazanan kimsələr tutduğu işlərə görə.
121. Kəsilərkən Allahın adının anılmadığı heyvanlardan yeməyin!
Yoxsa yolunu azmış olur bunun əksinə gedən. Şeytanlar öz dostlarına
təlqin eləyirlər ki, sizinlə cidala başlasın onlar. İtaət eləsəniz
onlara, müşrik olursunuz siz də, şübhəsiz.
122. Ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə bilməsi
üçün nur verdiyimiz kimsənin, qaranlıqlar içində çıxılmazda qalan
kimsəyəmi bənzəri var? Kafirlərə beləcə bərbəzəkli görünər gördükləri
işləri.
123. Hər kəndin böyüklərini də günaha batırdıq ki, əl atsınlar
hiyləyə. Yalnız özlərinə kələk gələrlər, ancaq duymazlar bunu.
124. Bir ayə gələn zaman onlara, "Biz imana gəlmərik nə qədər
ki, Allahın elçilərinə verilən eynilə bizə də verilməmiş"
dedilər. Allah daha yaxşı bilir kimə tapşıracaq elçiliyi. O kəslər
ki, günahlara batıblar, alçalmaq düşəcək qismətinə Allahın dərgahında.
Hiylələrinə görə şiddətli bir əzaba düçar olacaq onlar.
125. Doğru yola yönəltmək istəsə kimi Allah, onun köksünü İslama
açar. Kimi də azdırmaq istəsə Allah, onun köksünü dar və sıxıntılı
edər göyə yüksələn kəsin köksü kimi. İmana gəlməyənlərin üstünə
murdarlıq çökdürər Allah.
126. Rəbbinin doğru olan yolu budur. Öyüd alan qövm üçün açıqladıq
ayələri birər-birər beləcə.
127. Onlar üçün sülh evi var Rəbblərinin dərgahında. Gördükləri
işlərə görə onların dostudur O.
128. Hamını bir yerə cəm eləyən gün "Ey cinlərin dəstəsi,
insanların çoxunu siz yoldan çıxardınız" deyər. Onların insanlardan
olan dostları "Rəbbimiz, biz bir-birimizdən faydalandıq,
bizə tə'yin etdiyin əcələ çatdıq" deyərlər. "Allahın
istədiyini istisna eləsək - oddur sizin yatağınız, orada əbədilik
qalarsınız" deyər Allah. Şübhəsiz, müdrikdir Rəbbin, hər
şeyi biləndir O.
129. Zalımları qazandığı günahlara görə yaxınlaşdırırıq bir-birinə
beləcə.
130. "Ey cin və insan dəstəsi, sizə ayələrimi anladan, bu
günlə görüşəcəyinizi sizə xəbər verən elçilər gəlmədimi sizə öz
içinizdən?" "Biz özümüz özümüzə şahidik" deyərlər.
Aldatdı onları dünya həyatı, şahidlik etdilər kafir olduqlarına.
131. Çünki Rəbbin Öz zülmilə məhv eləməz o kəndləri ki, əhalisi
qəflət içindədir.
132. Hər kəsin dərəcəsi var işinə görə. Onların işləklərindən
Rəbbin qafil deyildir.
133. Sənin Rəbbin varlıdır, rəhmətlidir. Sizi istəsə aradan götürər
və sizi başqa bir qövmün soyundan necə yaratmışdısa, sizdən sonra
da istədiyini yaradıb yerinizə gətirər.
134. Sizə və'd edilən mütləq gələcək, buna mane olmağa gücünüz
yetən deyil.
135. De ki, "Ey qövmüm, gücünüz nəyə yetsə, onu eləyin, mən
də eləyirəm elədiyimi. Bir zaman biləcəksiz dünyanın sonluğunun
xeyri kimədir. Zalımlar, şübhəsiz, uğura uğramazlar".
136. Allahın yaratdığı əkinlərdən, mal-qaradan Allaha pay ayırdılar.
İddialı-iddialı dedilər: "Bu Allahındır, bu da şəriklərimizin".
Şərikləri üçün ayrılan pay verilməz Allaha, Ona ayrılan pay isə
çatar şəriklərinə. Hökmü nə pis verir onlar.
137. Şərikləri müşriklərin çoxuna öz övladlarını öldürməyi də
bərbəzəkli göstərdi ki, həm özlərini məhvə sürükləsinlər, həm
də qarmaqarışıq eləsinlər dinlərini. Allah istəsəydi, bunu edə
bilməzdilər. Uydurduqları şeylərlə tək burax sən onları.
138. İddialı-idiallı dedilər: "Bunlar yasaq olan heyvanlar
və əkinlərdir. Bizim istədiyimiz kimsədən başqası yeyə bilməz
bunları". Bir qismi minilməyi, yüklənməyi yasaq olan heyvanlardır.
Bir qismini isə kəsən zaman anmazlar Allahın adını, böhtan uydurarlar
Onun adına. Uydurmalarına görə onların cəzasını verəcək Allah.
139. "Bu heyvanların bətnindəki balalar kişilərimizə məxsusdur,
qadınlarımıza yasaqdır. Ölü doğulan balaya isə hamı şərik çıxa
bilər" dedilər. Onların cəzasını verəcək Allah. Müdrikdir
O, hər şeyi biləndir O.
140. Ağılsızlıq, elmsizlik üzündən övladlarını öldürən, Allahın
ruzisinə haram deyib Ona böhtan yaxan kimsələr ziyana uğrayıblar,
doğru yoldan sapıblar, əslində heç bu yolda da deyildilər.
141. Çardaqlı və çardaqsız bağları inşa edən Odur. Bir-birinə
bənzəyən və bənzəməyən xurmalıqları, müxtəlif məhsullu əkin yerlərini,
zeytunu və narı yaradan Odur. Bunlar bar verəndə yeyin, əkin-biçin
vaxtında da qaytarın qarşılığını. Ancaq ifrata varıb israfçılıq
eləməyin. İsrafçılıq eləyənləri sevməz Allah.
142. Heyvanları da növbənöv yaradan Odur. Bir qisminə yük daşıdır,
bir qismini də yerə yatırdıb kəsirlər. Allahın verdiyi ruzidən
yeyin. Şeytanın yerişini yeriməyin, açıqdan-açığa düşməndir sizə.
143. Erkəkli-dişili səkkiz heyvan: İki qoyun və iki keçidən söylə
"iki erkəyimi, iki dişinimi, yoxsa dişilərin bətnindəki balalarımı
haram bilmiş O? Düz danışansınızsa, bunu bildirin mənə".
144. İki dəvə və iki qaramaldan söylə "iki erkəyimi, iki
dişinimi, yoxsa dişilərin bətnindəki balalarımı haram bilmiş O?
Yoxsa Allahın sizə belə buyurmağına siz şahidlik eləmisiz?"
Elmsizlik üzündən insanları doğru yoldan azdırmaqçün Allahın adına
yalan yaxan kimsədən daha zalım kim ola? Zalımların qövmünü doğru
yola, şübhəsiz, çəkməz Allah.
145. De ki, "Mənə vəhy olunan kəlamda bu haram dediklərinizi
yeyən kimsə üçün haram buyurulan bir şeyə rast gəlmədim. Ancaq
murdar olan leş, tökülən qan və donuz əti, yaxud da Allahdan başqası
adına kəsilmiş heyvan haramdır. Kim məcburiyyət qarşısında qalırsa,
başqasının payına əl uzatmadan və zərurət miqdarını aşmadan bunlardan
yeyə bilər. Günahlardan keçəndir, Rəhimdir Rəbbin.
146. Bütün dırnaqlıların ətini haram buyurduq yəhudilərə. Qaramalın,
qoyunun piyini də haram bildik onlara. Yalnız bu heyvanların bellərinin
daşıdığını, bağırsaqlarını, sümüyünə qarışanları haram bilmədik
onlara. Haqsızlıqlarına görə belə bir cəzanı verdik onlara. Şübhəsiz,
haqlıyıq Biz.
147. Yalançı saysalar səni "genişdir rəhməti Rəbbinizin,
günaha batmışlara tuş gələndə geriyə dönməz Onun qəzəbi"
söylə onlara.
148. "Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik
qoşardı və heç nəyi biz haram eləməzdik" deyəcək Allaha şərik
qoşanlar. Onlardan öncəkilər də belə demişdilər və görüb dadmışdılar
gücümüzü. De ki, "Bilikdən-filandan nəyiniz var, göstərin
bizə. Siz ancaq fərziyyələr qurmaqla məşğulsunuz".
149. De ki, "İnandırıcı dəlil Allahın əlindədir. Allah diləsəydi
əgər hamınızı yönəldərdi doğru yola".
150. De ki, "Allahın bunu haram qıldığına şahidlik edəcək
şahidlərinizi bura çağırın". Şahidlik eləsələr, şahidlik
eləmə sən onlarla bərabər. Ayələrimizi dananların, axirətə inanmayanların
şıltağına tabe olma. Tay tuturlar Rəblərinə bütləri.
151. De ki, "Gəlin mən sizə oxuyum, nəyi haram bilmiş sizə
Rəbbiniz. Ona heç bir şeyi şərik qoşmayın, ataya, anaya yaxşı
olun, yoxsulluqdan qorxaraq uşaqlarınızı öldürməyin - sizin də
onların da ruzisini verən Bizik - pis-pis işlərdən qaçın, yaxın
durmayın bunlara, istər gizli olsun, istər də açıq və haqsızlığa
qol qoyaraq Allahın haram bildiyi cana qıymayın. Bəlkə düşünəsiz
deyə bunları sizə tövsiyə etmiş Allah".
152. Ərsəyə yetməyincə yetim yaxın gəlməyin onun malına. Yaxın
gələndə də insaf gözləyin [yə'ni bə'zi ehtiyacınızı ödəməkdən
ötrü onun malından istifadə edə bilərsiniz]. Ölçüdə, çəkidə düzlük
gözləyin. Gücünün çatmadığı şeyi heç kimə tapşırmarıq. Haqqında
danışdığınız kimsə qohumunuz olsa belə düz danışın, Allaha verdiyiniz
sözün üstündə durun. Bəlkə ibrət alasız deyə bunları sizə tövsiyə
eləmiş Allah.
153. Budur Mənim doğru yolum. Bu yolla gedin, başqa yollarla getməyin
ki, sizi ayırmasınlar Onun yolundan. Bəlkə Ondan çəkinəsiniz deyə
bunları sizə tövsiyə eləmiş Allah.
154. Yaxşı işlər görənlərə ne'mətimizi tamamlamaq, hər şeyi açıqlamaq,
doğru yolu və rəhməti göstərmək üçün Musaya da Kitab verdik, Rəblərinin
hüzurunda cəm olacaqlarına bəlkə iman gətirələr.
155. Bu Qur'an da mübarək bir Kitabdır. Onu Biz nazil elədik.
Ona tapının və Allahdan qorxun ki, sizə rəhmət edilə.
156. "Yalnız bizdən öncəki iki tayfaya [yəhudilərə və xristianlara]
göndərilmiş Kitab, onların elmindən xəbərsiz idik deməyin.
157. Yaxud da "Əgər bizə də göndərilsəydi Kitab, onlardan
daha çox doğru yolu tutardıq" deməyin. Artıq sizə də Rəbbinizdən
açıq dəlil, doğru yol və rəhmət gəlib. Allahın ayələrini danaraq
onlardan üz döndərəndən daha zalım kim ola? Ayələrimizdən üz döndərənləri,
üz döndərmələri üzündən pis bir əzabla cazalandıracağıq.
158. Mələklərinmi, Rəbbininmi, yoxsa Rəblərinin bə'zi mö'cüzəsinin
gəlməsinimi gözləyir onlar? Rəblərinin bə'zi mö'cüzəsinin gəldiyi
gün imana gələn kimsənin imanı fayda götirməz ona, öncədən gəlməyibsə
əgər imana, yaxud da bir xeyir kəsb etməyibsə öz imanında. Belələrinə
"Siz gözləməyinizdə olun, biz də gözləməkdəyik" söylə.
159. O kəslər ki, parçalayır dinlərini, parçalanır firqələrə,
onlarla əlaqən olmaz sənin. Onların işi Allaha qalar, O da bildirər
onlara nə iş tuturdularsa.
160. Yaxşılıq eləyənin haqqı on qat artıq qaytarılar özünə. Pislik
eləyənsə yalnız cəzalandırılar elədiyi pisliyin misli ilə. Və
bundan inciməz onlar.
161. De ki, "Rəbbim doğru yola, doğru yola yönələn İbrahimin
dininə yönəltmiş məni".
162. De ki, "Namazım, ibadətim, həyatım və ölümüm aləmlərin
Rəbbi Allahdan ötrüdür.
163. Yoxdur Onun şəriki. Belə buyrulmuş mənə və mənəm müsəlmanların
ilki".
164. De ki, "Allah ola-ola Rəbbi hər şeyin, Ondan başqa Rəbmi
axtarmalıyam. Özünə aiddir hər kəsin öz qazancı. Öz günah yükünü
daşıyan kəs daşımaz başqasının günah yükünü. Rəbbinizin dərgahına
axır dönəcəksiniz və O da bildirir sizə nədən çəkişirdiniz".
165. Sizi yer üzünün xəlifələri eləyən, verdiklərilə sizi sınamaq
üçün bə'zinizi bə'zinizdən üstün tutan Odur. Rəbbiniz cəza verəndə,
şübhəsiz, tez verəndir. Və günahlardan keçəndir. Rəhimdir.
|