İnsanın
yaradılışından bütün toplumlarda cahillər və inananlardan ibarət
iki fərqli cəmiyyət olub. Bu iki düşüncə tərzi hər zaman mübarizədə
olub. Dinin müəyyənləşdirdiyi qaydalarla yaşayanlardan xaric kəslərin
davranışları cahiliyyə həyat tərzini əmələ gətirir.
Bütün əsl din dəyərlərini
əsas olaraq götürənlərin hamısını birləşdirən bir həyat tərzi
də var. Bu həyatı yaşayanların ortaq cəhəti yalnız dünya həyatını
düşünməmək, nəfsinə üstün gəlmək, imtina mədəniyyətini əxz eləmək,
saleh əməllərə meyl etmək, şərdən çəkinmək və s. ibarətdir. Müxtəlif
cür adlansa da bütün səmavi din mənsubları dünyanı xeyir və şərin
mübarizə meydanı kimi götürür və həyatda xeyirin qələbəsi üçün
çalışmağı insanlıq vəzifəsi sayırlar. İnsanı xeyirə, yaxşı əməllərə
təhrik edən, dünyanı isə Allahın əsəri kimi, onun tərəfindən yaraldılan
sınaq meydanı kimi qəbul edən, ona verilən ömrü Allaha xidmət
kimi dəyərləndirməyə təhrik edən duyğunu isə iman adlandırırlar.
«İman» sözü təsdiq,
əminlik mənasına gəlir. «İslam» və «iman» kəlmələri Qurani-Kərimdə
bir çox hallarda eyni mənada işlənib. İslamëà iman eyniäèrmi,
yoxsa müəyyən fərqləri varmı? Bir qisim müəlliflər var ki, islam
və imanı ayrı-ayrı, müstəqil anlayışlar sayırlar. Amma bir-birinə
çox bağlı olduqlarını da deyirlər. Lüğəvi məna cəhətindən yanaşsaq,
«iman»təsdiq etmək anlamı daşıyır. Bu, dil yox, qəlb ilə təsdiqdir.
Quranda belə bir ayə var: «Sən bizə mömin deyilsən (inanmırsan)»
(Yusuf,17). «İslam» kəlməsi də inaddan əl çəkib təslim
olmaq anlamındadır. Göründüyü kimi, burada da təsdiq mənası var.
Əgər böyüklük, güc iqrar olunursa, demək, təsdiq etmə göz qabağındadır.
Şəriət nöqteyi-nəzərindən yanaşdıqda da iman və islamın sinonim
mənalar daşıdığını görörük. Eyni mənanın ifadəsi üçün bəzən «islam»,
bəzən də «iman» sözü işlədilir. Məsələn, «Nəhayət, Lutun məmləkətində
olan möminləri çıxardıq. Fəqət bir evdən başqa orada müsəlman
tapa bilmədik» (Zəriyət, 35). Bu ayədə «müsəlman»
ñöçö mömin mənasında işlənib. Başqa bir ayədə Musanın qövmünə
də belə deyilir: «Ey qövmüm! Siz gerçəkdən Allaha iman etmişsiniz
və onun birliyinə ixlas ilə təslim olmuşsunuz, artıq Allaha təvəkkül
edin» (Yunus, 84). Məlum oläuğu kimi, bu ayələrdə
islamdan çox-çox öncəki çağlardan söz açılır. Üstəlik, Zumər surəsinin
on bir və on ikinci ayələrində Məhəmməd peyğəmbərə müraciətlə:
«De ki, mənə əmr olunub, təkcə Allaha ibadət eləyim, təkcə ona
könül verim. Və mənə əmr edilib, müsəlmanların ilki olum» deyilir.
Bu isə onu göstərir ki, yuxarıdakı ayələrdə «müsəlman» sözü indiki
anlamda yox, «iman gətirən» anlamında işlənib.
Quran məntiqinə görə,
insan öz əməllərinin iman çərçivəsində olduğuna nə qədər əmin
olsa da, ondan: «Sən möminsənmi?» - deyə soruşsalar: «Möminəm»
deməməlidir. Çünki bu tip cavablarda özündən razılıq, təkəbbür
gizlənə bilər. Ona görə bu tip suallara cavab olaraq, sadəcə,
«inşallah» istisnasını istifadə etmək daha məqbul sayılır. «İnşallah»sız
iqrar nəfsə bəraət qazandırmaq sayıla bilər. Uca Tanrı Nəcm surəsində
«İndi nəfslərinizi təmizə çıxarmayın» (Nəcm, 32)
deyə xəbərdarlıq edir... Nisə surəsində də eyni iradlı ayə var:
«Bu özünü təmizə çıxaranlara baxmazsanmı...» (Nisa, 49).
Adam imanlı olduğunu
iqrar edirsə, bu, yaxşı bəyanat sayılmır. Çünki «imanlıyam» demək,
öyünməyin ən yüksək dərəcəsidir. Dikbaşlıq, özündən razılıq isə
məkruh bir iş sayılır: «Torpağın üstündə şəstlə yerimə, yeri deşən
deyilsən, boyun çatmaz dağlara. Məkruh olan şeylərdir bunların
hamısı Rəbbinin dərgahında» (İsra, 37, 38). Bundan
başqa, hər bir işdə Allahı zikr etmək nöqteyi-nəzərindən də «İnşallah»
deyilməsi məqbul sayılır. Çünki Quranda peyğəmbərimizə xəbərdarlıq
edilir: «Heç bir şey haqqında: «Bunu mütləq sabah edəcəm» - demə.
Ancaq sözünü Allahın diləməsinə bağlayıb: «Allah istəsə» - de»
(Kəhf, 23-24). Əslində, «inşaallah» deyəndə adam
imanın özünə yox, kamalına, mükəmməlliyinə şübhə bildirmiş olur.
Demək, imanın dərəcələri də var. Allah möminləri həqiqi və qeyri-həqiqi
deyə iki qismə böldüyü kimi («Bunlar gerçək möminlərdir»
(Ənfal, 4)), həqiqi möminləri də fərqləndirir: «Allah
iman edənləri yüksəldir. Elm verilənlər üçün isə dərəcələr var»
(Mucadələ, 11); «Fəthdən öncə (Məkkənin fəthi) Allah
yolunda xərcləyənlərimiz digərləriylə bir olmaz» (Hadid,
10); «O əmin kimsələr Allah qatında dərəcə-dərəcədirlər»
(Əli İmran, 163) və s. bu kimi.
Bir fikrə görə, iman
ibadətlə artmadığı kimi, günah ilə də əskilməz. Çünki «İman təsdiqdən
ibarətdir» hökmü qəbul edilirsə, onda təsdiqdə əksiklik və ya
artıqlıq təsəvvür edilə bilməz. Amma «iman» kəlməsinin başqa çalarları
da var. İmanı saleh əməllərlə tamamlayıb daha da möhkəmlətmək
olar. Bu nöqtədə «iman» «islam»dan fərqlənir: «(islamı qəbul edən
bəzi) bədəvilər: «Biz gerçəkdən iman etdik» - dedilər. De ki,
siz qəlblərinizlə iman etmədiniz. Siz: «müsəlman olduq» - deyin»
(Hücurat, 14). İman həm şiddətlənir, həm də zəifləyə
bilir: «İman gətirənlərin imanını artırmış həmin surə, sevinc
gətirmiş onlara» (Tövbə, 124). Başqa bir ayədə
isə deyilir: «İmanları üstünə iman artırsınlar deyə...» (Fəth,
4).
İbadətlərdə davamlı
və səmimi olan kəs qəlbində iman prinsiplərinin necə bərqərar
olduğunu, necə bir rahatlıq əldə elədiyini, imanını şəkkə salmağa
çalışanlara qarşı içində necə bir üsyan qalxdığını hiss edir.
Bir yazığın, yetimin başını sığallayan kəs qəlbində, iç aləmində
mərhəmətin necə qabardığını, bu haldan özünün də bir məmnunluq
duyğusu yaşadığını dərk edir. Hər dəfə yaxşı əməl icra edilən
zaman iman fiziki təmrin icra etmiş bədən kimi bir qədər də canlanır,
qıvraqlaşır, müqaviməti artır. İşləndikcə parlayır. Müvafiq olaraq,
qətrə-qətrə toplanan sapıntılar isə imana rəxnə sala bilir, onu
paslandırır: «Xeyr, elə deyil. Qazandığı günahlardan pas atmış
kafirlərin qəlbləri» (Mutaffifin, 15). Həzrət
Əliyə aid edilən bir fikrin bu ayəylə bağlı söyləndiyi ehtimal
edilir: «İman qəlbdə əvvəlcə ağ bir nöqtə kimi peyda olur. İnsan
saleh əməl işlədiyi zaman o nöqtə inkişaf edir, çoxalır və bütün
qəlbi bürüyür. Və qəlb bəmbəyaz olur. Nifaq da əvvəlcə qara bir
nöqtə şəklində olur. Allahın qoyduğu yasaqları pozduqca o qaralıq
çoxalır, inkişaf edir, nəhayət, bütün qəlbi bürüyür». Zəif imanlılara
imanı sürüşkən də deyilir. Sədi Şirazi «Gülüstan»ında iman sürüşkənliyi
ilə bağlı İncildən misal çəkir: «Ey insan övladı! Dövlət verirəm,
başın eyş-işrətə qarışır, məni unudursan, yoxsul edirəm, mısmırığını
sallayıb oturursan». Eyni fikir Qurani-Kərimdə də ifadə olunub:
«İnsanlardan eləsi var, Allaha ibadətində sürüşkəndir imanı. Bir
xeyir dəydimi ona, arxayınlaşar, bir iş gəldimi başına, hər şeydən
dönər üzü. Dünyanı da itirər, axirəti də. Açıq-aşkar bir itki
buna deyərlər» (Həcc, 11).
İmanı həm də aktiv və
passiv olaraq bölənlər var. Bu, bəlkə bir qədər mübahisə doğura
bilər. Fikrimizcə, iman varsa, o, artıq aktivlikdir. Çünki iman
həm də şeytana rədd cavabıdır. Şeytana «yox» demək özü artıq böyük
cihaddır. Bu, passivlik sayıla bilməz. Səltənəti buraxıb meşədə
ağac kökü ilə qidalanan İbrahim Ədhəm imanını passiv saymaq mübahisəli
görünür. Fikrimizcə, imanda aktivliyin təmayülü fərqli ola bilər:
ictimai aktiv, siyasi aktiv, məişətdə aktiv iman, individin öz
daxili təmizliyinə yönəlmiş aktiv iman və s.
Adamlarımız hələ ki,
imanı dəyərləndirilir, onu itirməkdən qorxur, ən etibarlı əllərə
tapşırır: «İmanım Allah əmanəti». Fikrimizcə, bu məmləkətdə yaşayan
hər kəs imanını beləcə əmanət eləməlidir. Çünki imanlı yaşamağın,
demək olar ki, bütün yolları qapadılıb. Böyük şair Mehmed Akif
Ərsoy yazırdı: «Mənim iman dolu köksüm kimi sərhəddim var...»
İman dolu köks ən böyük sərvət, ən davamlı, güvənilən, alınmaz
qala, ən yaxşı Ali Baş Komandan, ən cəsur əsgərdir.
|