Rəhman
və Rəhim Allahın adıyla
1. Ey Peyğəmbər! Qorx
Allahdan. Üz göstərmə kafirlərə, münafiqlərə. Şübhəsiz, hər şeyi
biləndir, müdrikdir Allah.
2. Tabe ol Rəbbindən
sənə gələn vəhylərə. Gördüyünüz işlərdən xəbəri var Allahın.
3. Güvən Allaha. Allahın
vəkilliyi hər şeyə yetərlidir.
4. Allah Heç bir kişinin
sinəsində iki ürək yaratmamış. «Sən mənə anamın kürəyi kimisən»
deyə xitab etdiyiniz zövcənizi sizə ana eləməmiş, oğulluğa götürdüyünüz
kimsəni sizə oğul eləməmiş. Bunlar mə'nasız sözlərdir çıxar sizin
ağzınızdan. Haqq sözü Allah deyər, adamları haqq yoluna O yönəldər.
5. Öz atasının adıyla
çağırın oğulluğa götürdüyünüz kimsəni. Bu daha ədalətli bilinər
Allahın dərgahında. Atasının kimliyini bilməsəniz, onda onu din
qardaşınız və qohumunuz kimi qəbul eləyin. Bilmədən səhv eləmək
günah deyil, bilərəkdən səhv eləmək günahdır. Günahlardan keçəndir,
Rəhimdir Allah.
6. Mö'minlərə özlərindən
daha çox Peyğəmbər yaxın olar. Onların analarıdır Peyğəmbərin
zövcələri. Allahın yazısına görə qohumlar bir-birinə mö'minlərdən,
mühacirlərdən daha yaxındır vərəsəlik baxımından. Sərvətinizdən
dostlara da vəsiyyətlə miras qoya bilərsiz. Bunların hamısı Kitabda
yazılmış.
7. Peyğəmbərlərlə əhd
bağlamışdıq. Səndən, Nuhdan, İbrahimdən, Musadan, Məryəm oğlu
İsadan çox ciddi bir əhd almışdıq.
8. Almışdıq ki, doğru
sözlü, düz əməlli kimsələrlə doğruluğu, düzgünlüyü barədə sorğu-sual
etsin Allah və ağrılı bir əzab hazırlasın kafirlərə.
9. Ey iman gətirənlər!
Anın Allahın sizə olan ne'mətini. Əsgərlər gəlmişdilər üstünüzə
[Mədinədə baş vermiş «Xəndək döyüşü» adlanan hadisə nəzərdə tutulür].
Küləyi göndərmişdik, sizin görmədiyiniz əsgərləri göndərmişdik
üstlərinə. Nə iş görürdünüzsə görürdü Allah.
10. Almışdılar üstünüzü
yuxarıdan, aşağıdan. Bulanmışdı gözləriniz qorxudan, ürəyiniz
gəlmişdi ağzınıza. Allahın barəsində nələr düşünmürdünüz.
11. Bərkə çəkilmişdi,
şiddətli bir sarsıntıya uğramışdı mö'minlər.
12. «Allahın və Rəsulunun
bizə verdiyi və'd batil imiş» deyirdi münafiqlər, ürəyi azarlılar.
13. «Ey Yəsrib əhli!
Daha burda qalmağa sizin bir yeriniz yox. Qayıdın!» demişdi onlardan
bə'ziləri. Bə'ziləri də «Evimiz açıq qalmış düşmən üzünə» deyərək
Peyğəmbərdən rüsxət istəyirdilər çəkilələr arxaya. Açıq deyildi
evləri, savaş meydanından qaçmaq istəyirdilər.
14. Gələnlər Mədinənin
ətrafından gəlsəydilər və münafiqləri üsyana, küfrə səsləsəydilər
çox keçməzdi qoşulardı münafiqlər onlara.
15. Bir az öncə isə Allaha
and vermişdilər geriyə döndü yoxdur. Sorğuya çəkilərlər Allahın
dərgahında verdikləri anda görə.
16. De ki, «Ölümdən,
qətldən qaçırsınızsa, bilin, qaçmağınız sizə fayda verməyəcək.
Qaçsanız da az bir müddət qalarsınız dünyada».
17. De ki, «Bir pislik,
ya yaxşılıq yetirmək istəsə sizə Rəbbiniz, kimdir alan qarşısını
Allahın iradəsinin? Allahdan başqa da nə bir dost tapılar, nə
bir yardımçı sizə».
18. O kəslər ki, cihada
getməkdən sizi yayındırırlar və dindaşlarına «Bizimlə olun» deyirlər,
onları tanıyır Allah. Yalnız az-az qoşular cihada onlar.
19. Sizə yardım göstərəndə
xəsislik eləyərlər. Elə ki, ürəyini qorxu sardı onların, baxa-baxa
qalarlar sənin üzünə. Ölümdən bayılacaq kimsələr təkin gözləri
oynayar hədəqəsindən. Elə ki, aradan qalxdı qorxu, qənimət iddiasında
olub öz iti dilləriylə sizi incidərlər. Onların işlərini batil
eləmiş Allah. Allahın əlində bu çox asan bir işdir.
20. Qorxu içində elə
bilərlər hələ çıxıb getməmiş düşmən dəstələr. Bu dəstələr əgər
bir də qayıtsalar üstlərinə, düşünərlər bədəvilərin yanında kaş
olalar və başınıza gələnləri də bədəvilərdən öyrənələr. Aranızda
olsalar da az-az savaşar onlar.
21. Allahın Rəsulu ən
gözəl nümunədir sizin üçün. Allaha və axirət gününə qovuşmağı
diləyənlər üçün. Allahı çox ananlar üçün.
22. Düşmən dəstələrini
mö'minlər görən zaman, «Bu, Allahın və Rəsulunun bizə və'd elədiyidir.
Allah və Rəsulu doğru söyləmişlər bizə» deyərlər. Bu daha da artırar
imanlarını, Ona itaətlərini.
23. Mö'minlərin içində
kişilər var, Allaha verdikləri əhdlərinin üstündə durmuş onlar.
Kimisi bu yolda canını vermiş, kimisi də hələ gözləməkdədir. Əhdlərini
heç vaxt pozmamış onlar.
24. Doğru sözlü, düz
əməlli kəslərə doğruluğun qarşılığı olaraq mükafat verər Allah.
Münafiqlərə də istəsə əzab verər, istəsə də tövbəsini qəbul edər
onların. Günahlardan keçəndir, Rəhimdir Allah.
25. Kafirləri hikkələriylə
birgö geriyə qaytardı Allah. Bir xeyir qazanmadılar. Allah Özü
kömək oldu mö'minlərə savaşda. Qüvvətlidir, güclüdür Allah.
26. Kitab əhlindən olub
kafirlərə yardım edən kəsləri vuruşduğu qalalardan aşağı saldı,
ürəyinə qorxu saldı onların. Kimini öldürür, kimini də əsir alıb
aparırdınız.
27. Yerlərinə, yurdlarına,
mallarına və ayağınız dəyməyən başqa torpaqlara sizi varis elədi
O. Hər şeyə qadirdir Allah.
28. Ey Peyğəmbər! Zövcələrinə
de ki, «Əgər dünya həyatını, onun zər-ziynətini sevirsinizsə,
onda gəlin mən sizin talağınızı lazımi qaydada, gözəl bir şəkildə
verim azad olun.
29. Əgər Allahı, Rəsulunu
və axirət evini sevirsinizsə, bilin, içinizdəki yaxşılara böyük
bir əcir hazırlamış Allah».
30. Ey Peyğəmbər qadınları!
Sizin hansı biriniz əxlaqsızlıq eləyərsə açıqca, ikiqat artıq
olar onun əzabı. Allahın əlində bu çox asan bir işdir.
31. Sizin hansı biriniz
Allaha və Rəsuluna itaətdə olarsa, saleh bir iş görərsə, əcrini
ikiqat verərik. Beləsinə bolluca ruzilər hazırlamışıq.
32. Ey Peyğəmbər qadınları!
Siz başqa qadınlar kimi deyilsiniz. Allahdan çəkinirsizsə, demək
daha üstünsünüz. Danışanda yumşalmayın, yoxsa pis şeylərə ümidli
olar ürəyi azarlı kəs. Ciddi və aydın danışın həmişə.
33. Evlərinizdə oturun.
Erkən cahiliyyə çağında olduğu sayaq bəzənib-düzənərək ətrafa
açılıb-saçılmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna
itaət eləyin. Allah istəyir sizdən - Peyğəmbər əhlindən çirkinliyi
uzaq eləyə, sizi hər cür eyblərdən tərtəmiz təmizləyə.
34. Evinizdə oxunan Allahın
ayələrini yadınızda saxlayın. Həssasdır, hər şeydən xəbərdardır
Allah.
35. Müsəlman, mö'min,
itaətkar, doğrucul, səbrli, təvazökar, sədəqə verən, oruc tutan,
namusunu qoruyan, Allahın adını tez-tez anan kişilərə, qadınlara
məğfirət və böyük bir əcir hazırlamış Allah.
36. Allahın və Rəsulunun
hökmünə xilaf olaraq başqa yol seçə bilməz öz işində mö'min kişi,
mö'min qadın. Allaha və Rəsuluna baş qaldıran kəs açıqdan-açığa
sapmış yolundan.
37. Allahın ne'mət verdiyi
və sənin də bu ne'məti yetirdiyin kimsəyə «Zövcəni boşama, saxla
onu, qorx Allahdan» deyirdin və Allahın bildirəcəyi şeyi içində
gizlədirdin, adamlardan çəkinirdin. Daha yaxşı olardı Allahdan
çəkinəsən. Və axır zövcəsiylə birdəfəlik üzülüşən zaman Zeyd,
o qadını Biz sənə ərə verdik. Verdik ki, oğulluqları zövcələrini
boşayandan sonra bunlarla mö'minlər evlənsələr batmasınlar günaha.
Yerinə yetəndir əmri Allahın.
38. Allahın Peyğəmbərə
halal bildiyi şeydə günah iş ola bilməz. Allahın bu qanunu öncəki
peyğəmbərlərə də aid idi. Yerinə yetəcəyi öncədən bəlli olan bir
qərardır Allahın əmri.
39. Allahın göndərişlərini
təbliğ eləyən kimsələr qorxarlar Ondan. Allahdan başqa heç kimdən
qorxmazlar. Allahın hesabı hər şeyə yetərlidir.
40. Sizlərdən bir kəsin
atası deyil Muhamməd. O Allahın Rəsuludur, peyğəmbərlərin sonuncusudur.
Hər şeyi biləndir Allah.
41. Ey iman gətirənlər!
Tez-tez anın Allahı.
42. Səhər-axşam öyün
Onu.
43. Sizə rəhmət verən
Odur, sizinçün məğfirət diləyən Onun mələkləridir. O istəyir qaranlıqlardan
aydınlığa çıxasız. Mö'minlərə qarşı Rəhimdir O.
44. Allahla görüşən gün
Ondan təmənnaları yalnız «Salam» olacaq. Bol-bol ruzilər hazırlamış
onlara Allah.
45. Ey Peyğəmbər! Biz
səni göndərmişik şahidlik edəsən, mö'minlərə cənnətləri müjdə
verəsən, kafirləri cəhənnəmlə qorxuzasan, 46. Onun izniylə Allahın
yoluna səsləyəsən hamını, insanlara nur paylayan çıraq olasan.
47. Mö'minlərə müjdə
ver, Allahın dərgahında böyük bir fəzilət gözləyir onları.
48. Yz göstərmə kafirlərə,
münafiqlərə. Onların verdikləri əziyyətdən üzülməyəsən. Allaha
güvən. Allahın vəkilliyi hər şeyə yetərlidir.
49. Ey iman gətirənlər!
Evləndiyiniz mö'min qadınları boşayan zaman onlarla təmasda olmamısınızsa,
iddəsini [boşanmış qadınların təkrar ərə getmək üçün gözləməli
olduqları üç aybaşı müddəti] gözləmək vacib deyil onlara. Verəcəyinizi
verib razı salın, sonra gözəl bir tərzdə azad buraxın onları.
50. Ey Peyğəmbər! Mehir
kəsib verdiyin zövcələrini, Allahın sənə cihad zamanı qənimət
olaraq yetirdiyi cariyələri, səninlə birgə hicrət eləmiş əmin,
bibin, dayın, xalan qızlarını və Peyğəmbər eşqinə öz mehrindən
keçib ona bağlanan və Peyğəmbərin də almaq istədiyi mö'min bir
qadını - bu təkcə sənə aiddir, digər mö'minlərə aid deyildir -
Biz sənə halal etmişik. Etmişik ki, mö'minlərin zövcələri, cariyələri
barədə nələri vacib bildiyimizi biləsən, bir qərar verəndə çətinliyə
düşməyəsən. Günahlardan keçəndir, Rəhimdir Allah,
51. Zövcələrindən kiminin
növbəsini istəsən tə'xirə sal, kimini də istəsən yanına al. Kənar
olduğun zövcələrindən də istədiyini yenə çağırsan yanına batmazsan
bir günaha. Onlara gözaydınlığı üçün belə etsən daha yaxşı. Gərək
heç üzülməyələr, hər birinə verdiyindən razı qalalar. Yrəyinizdə
nə varsa bilər Allah. Hər şeyi biləndir, həlimdir Allah.
52. Cariyələrin bir yana,
başqa qadınlar xoşuna gəlsələr belə halal bilinməzlər sənə. Zövcələrini
boşayıb onları almaq da sənə yaraşan deyil. Hər şeyə göz olar
Allah.
53. Ey iman gətirənlər!
İcazəsiz, yaxud da yeməyə də'vət olunmamışkən Peyğəmbərin evinə
girməyəsiz. Də'vət olunanda da vaxtından əvvəl getməyin ki, gözləməli
olmayasız yeməyi. Gedəndə vaxtında gedin, yeyəndən sonra da dağılışın.
Söhbət üçün oturub qalmayın. Peyğəmbəri üzsə də bu, sizə bir söz
deməkdən çəkinər. Allah isə gerçəyi deməkdən çəkinən deyil. Peyğəmbərin
zövcələrindən əgər bir şey istəsəz, bunu pərdə arxasından istəyin.
Belə olan surətdə sizin də, onların da ürəyi təmiz qalar. Sizə
heç yaraşan deyil Allahın Rəsulunu incidəsiz, ondan sonra zövcələrilə
evlənəsiz. Çox böyük günah sayılar Allahın dərgahında bu.
54. Nəyi bəyan etsəniz
də, nəyi gizləsəniz də bilin, şübhəsiz, hər şeyi biləndir Allah.
55. Ataları, oğulları,
qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, xidmətçi
qadınlar və cariyələrinin yanında hicabsız olsalar bir günaha
batmaz qadınlar. Qorxun Allahdan. Hər şeyə şahiddir Allah.
56. Peyğəmbərə salavat
göndərər Allah və mələkləri. Ey iman gətirənlər! Siz də ona salavat
gətirin!
57. O kəslər ki, incidirlər
Allahı və Rəsulunu, dünyada və axirətdə onları lə'nətləmiş Allah.
Alçaldıcı bir əzab hazırlamış onlara.
58. O kəslər ki, görmədikləri
işə görə nahaqdan incidirlər mömin kişilərlə qadınları, böhtan
atır, açıqdan-açığa bir günaha batır onlar.
59. Ey Peyğəmbər! Zövcələrinə,
qızlarına və mö'minlərin qadınlarına de ki, bir yerə çıxarkən
örtüyə bürünsünlər. Belə daha yaxşı olar, nəcib bilərlər onları,
əziyyət verməzlər onlara. Günahlardan keçəndir, Rəhimdir Allah.
60. Münafiqlər, ürəyi
azarlılar, Mədinədəki şayiəbazlar gördükləri işlərindən çəkinməsələr
səni onların üstünə salarıq. Və daha sənin yanında da çox qala
bilməz onlar.
61. Lə'nətlənmiş kimsələr
harda olsalar yaxalarlar, öldürərlər onları.
62. Öncəki nəsillərə
də aiddi Allahın bu qanunu. Allahın qanunu heç zaman dəyişən deyil.
63. Səndən soruşsalar
«Qiyamət nə vaxt qopacaq?» de ki, «Bunu təkcə Allah bilər. Ancaq
nə biləsən, bəlkə elə yaxındadır qiyamət».
64. Allah lə'nət eləmiş
kafirlərə, alov-alov dilimlənən bir od hazırlamış onlara.
65. Od içində əbədilik
qalarlar, nə bir dost tapılar, nə də bir yardım eləyən onlara.
66. Yzləri od içində
yanıb çevrilən gün «İtaət eləyəydik Allaha, Rəsula kaş» deyərlər.
67. «Rəbbimiz! Ağalarımıza,
böyüklərimizə itaət eləmişdik. Onlar bizi yolumuzdan azdırmışdılar»
deyərlər –
68. «Rəbbimiz! İkiqat
əzaba sal, böyük bir lə'nətə düçar elə onları».
69. Ey iman gətirənlər!
Musanı incidənlərə tay olmayınız. Onu töhmətlərdən uzaq eləmiş
Allah. Allahın yanında möhtərəm bir peyğəmbərdi o.
70. Ey iman gətirənlər!
Qorxun Allahdan, danışanda düz danışın.
71. İşinizi düzəldər,
suçunuzdan keçər O, Allaha və Rəsuluna itaətdə olan kəs böyük
bir qurtuluşa çatmış deməli.
72. Göylərə, yerə və
dağlara təklif elədik əmanəti [cavabdehliyi] götürsünlər boyunlarına.
Götürmək istəmədilər, qorxdular. İnsan isə götürdü öz boynuna
bu əmanəti. Zalımdı, cahildən cahildi o.
73. Və buna görə də münafiq
kişilərlə qadınlara və bütpərəst kişilərlə qadınlara əzab verəcək
Allah. Mö'min kişilərlə qadınların tövbəsini qəbul buyuracaq.
Günahlardan keçəndir, Rəhimdir Allah.
|