Rəhman
və Rəhim Allahın adıyla
1. Ha mim.
2. Güclü, müdrik olan
Allah nazil eləmiş bu Kitabı.
3. Yalnız haqq olaraq
yaratmışıq yazılı bir əcələ qədər dövran sürəcək göyləri, yeri,
bunların arasında olanları. Kafirlərsə xəbərdarlıq olaraq bildirilən
olacağı danmaqdadırlar hələ.
4. Görmüsünüzsə əgər,
bir Mənə də göstərin nələri yaratmış yer üzündə Allahı qoyub tapındığınız
o bütlər? Yoxsa göylərimi Allahla şərikli yaratmış onlar? Doğru
sözlü, düz əməlli kimsələrsinizsə, Qur'andan öncə bir kitabınız
varsa gətirin, atalarınızdan nə elminiz qalıbsa bildirin Bizə.
5. Allahı qoyub qiyamətə
qədər dualara cavab verməyəcək şeylərə dua eləyən kimsədən daha
çox kim sapmış ola? Xəbərsizdir dualardan bu şeylər.
6. İnsanlar məhşərə çəkilən
zaman, düşmən kəsilər onlara bütlər, insanların ibadətini danar
bütlər.
7. Ayələrimiz açıqlanıb
oxunan zaman, haqqı görən kimi danan kəslər «Aşkar bir cadudur
bu» deyərlər.
8. Yaxud da «Bunu uydurmuş
o» deyərlər. De ki, «Bunu uydurmuşamsa, Allahın qəzəbindən məni
qurtara bilməzsiniz. Allah daha yaxşı bilir siz Qur'an barəsində
nələr sayıqlayırsız. Tək Allahın şahidliyi yetərlidir mənimlə
aranızda. Günahlardan keçən, Rəhim olan təkcə Odur».
9. De ki, «Mən göndərilmiş
elçilərin ilki deyiləm. Nə mənim öz başıma, nə sizlərin başına
bilmərəm nələr gələcək. Yalnız mənə vəhy edilənə tabe olaram.
Mən yalnız açıq-aşkar xəbərdarlıq eləyənəm».
10. De ki, «Allahın dərgahından
göndərilmişsə bu Kitab və siz də bunu danırsızsa, İsrail oğullarından
bir şahid şəhadət vermişsə ki, Allahın dərgahından gəlmiş bu Kitab
və buna iman gətirmişsə, siz də təkəbbürlü-təkəbbürlü bundan üz
döndərirsizsə, deyin özünüzə yazığınız gəlmirmi? Zalımları doğru
yola yönəltməz Allah».
11. Kafirlər mö'minlərə
dedilər: «İslam yaxşı din olsaydı, ona iman gətirməkdə biz qabağa
düşərdik. «Doğru yolda deyillər deyə «Bu, köhnə bir yalandır»
deyərlər.
12. Qur'andan öncə Musanın
Kitabı rəhbərlik eləyərdi mö'minlərə. Öncəki Kitabları ərəbcə
təsdiq eləyər bu Qur'an. Zalımlara xəbərdarlıq eləyər, yaxşılara
müjdə verər bu Qur'an.
13. O kəslər ki, «Rəbbimiz
Allahdır» deyəndən sonra düzəliblər düz yola, zaval yoxdur onlara,
üzülməzlər qəm əlindən.
14. Cənnət əhlidir onlar,
gördükləri işlərinə qarşılıq olaraq orada əbədilik qalarlar.
15. İnsana buyurmuşuq
yaxşı olsun atasına, anasına. Əziyyətlə daşımış bətnində, əziyyətlə
doğmuş onu anası. Onun ana bətnində daşınması və sonra süddən
kəsilməsi otuz ay sürər. Və axır yetkinlik çağına [otuz - otuz
üç yaşına] yetdimi, yetişdimi qırxına, «Rəbbim! Elə elə ki, mənə
verdiyin, atama, anama verdiyin ne'mətə görə Sənə şükr eləyə bilim,
razı qalacağın yararlı bir iş görə bilim. Nəslimi-soyumu da əməli
salehlərdən elə. Yzümü Sənə tutmuşam, Sənə təslim olmuşam» söyləməli.
16. Belələri o kəslərdir
ki, gördükləri işlərinin yalnız ən yaxşısını qəbul buyurmuşuq,
onlara verilmiş doğru və'də görə keçmişik pis işlərindən, cənnətlik
eləmişik onları,
17. Atasına, anasına
«Uf sizin əlinizdən! Məni qəbirdən çıxıb diriləcəyimləmi qorxuzursuz?
Axı məndən öncə neçə-neçə nəsillər yoxa çıxmış, dirilməmiş» deyən
övladın sözləri mütəəssir eləyər ata-ananı. Allaha sığınaraq deyərlər:
«Yazıqlar olsun sənə. Şübhəsiz, haqq olar və'di Allahın, inan
buna». Övladsa yenə deyər: «Öncəki nəsillərin əfsanələrindən başqa
bir şey deyil bu».
18. Bir zaman cinlərdən
və insanlardan ibarət ümmətləri yaxalamışdı Allahın dediyi o əzab.
İtkiyə uğramışdılar.
19. Hər kəsin gördüyü
işlərə görə öz məqamı var. Hərəyə öz işlərinə görə Allah dərgahında
verilər əvəz. Heç kimin haqqında bir haqsızlıq edilməz.
20. Kafirlərə cəhənnəm
odu göstərilən gün deyilər: «Dünya həyatınızda sizinçün gözəl
olan nə vardısa, başa vurdunuz, hər ləzzətdən doyunca barındınız.
Bu gün isə alçaldıcı əzaba düçar olacaqsınız. Haqsız yerə yer
üzündə təkəbbürlük edirdiniz, yolunuzdan azırdınız».
21. Ad qövmünün qardaşları
Hudu an bu Qur'anda. Əhqaf yurdundakı [Yəmən] qövmünə xəbərdarlıq
eləmişdi bir zaman. «Təkcə Allaha ibadət eləyin» deyən neçə-neçə
elçilər gəlib getmişdilər ondan öncə də, sonra da. «Qorxuram o
böyük günün əzabına uğrayasız» demişdi öz qövmünə.
22. «Gəlmisən bizi tanrılarımızdan
ayırasan? Doğru sözlü, düz əməlli kimsəsənsə, bizi qorxuzduğun
şeyi başımıza gətir» dedilər.
23. «Bunun nə zaman gələcəyini
təkcə Allah bilir, şübhəsiz. Mən yalnız mənimlə göndəriləni sizə
çatdırıram. Və mən sizi cahil görürəm» dedi.
24. Görəndə ki, göy üzünü
tutan bir bulud gəlir, yönəlir onların vadiləri səmtinə, dedilər:
«Yağış yağdıracaq bizə bu bulud». Hud dedi: «Xeyr, bu sizin tələsdirdiyiniz
şeydir, sizə ağrılı bir əzab daşıyan küləkdir,
25. öz Rəbbinin əmri
ilə məhv eləyər hər şeyi». Viran olmuş evlərindən savayı heç nə
gözə dəyməyirdi sübh açılanda. Beləcə cəzalandırarıq günah yiyələrini.
26. Sizə yer vermədiyimiz
yerlərdə yerləşdirmişdik onları. Qulaqlar, gözlər, ürəklər vermişdik
onlara. Onların karına da gəlmədi ki, gəlmədi nə qulaqları, nə
gözləri, nə ürəkləri. Danmışdılar Allahın ayələrini. Haqladı onları
lağa qoyduqları şeylər.
27. Ətrafınızdakı neçə-neçə
şəhərləri məhv eləmişik və ayələri birər-birər açıqlamışıq ki,
bəlkə haqq yoluna dönə adamlar.
28. Allahı bir yana qoyub
Ona yaxınlaşmaq üçün tapındıqları tanrıları yardım göstərməli
deyildimi onlara? Ancaq tanrıları onlardan itib getdilər. İnsanları
Allaha yaxınlaşdıran tanrılar deyildi bütlər, bu yalan idi, onların
uydurması idi.
29. Cinlərdən bir neçəsini
[bə'zi yəhudi qəbilələri nəzərdə tutulur] sənə tərəf gətirmişdik
Qur'ana qulaq verələr. Onu dinləməyə başlayan zaman, «Susun!»
dedilər bir-birinə. Qur'an oxunub qurtaran kimi qayıtdılar xəbərdarlıq
eləsinlər qövmlərinə.
30. Dedilər: «Ey qövmümüz,
biz bir Kitab dinlədik. Musadan sonra nazil olmuş, öncəki Kitabları
təsdiq eləyir, haqqa yönəldir, doğru yola çağırır bu Kitab.
31. Ey qövmümüz! Allah
yoluna çağıran Peyğəmbərin səsinə səs verin, ona iman gətirin
günahlarınızdan keçsin, ağrılı bir əzabdan qorusun sizi Allah».
32. Allah yoluna çağıran
Peyğəmbərin səsinə səs verməyən kəs bilsin, aciz qoya bilməz o
yer üzündə Allahı. Və Allahdan başqa da bir arxası olmaz onun.
Açıq-aşkar bir sapqınlıq içindədir belələri.
33. Məgər bilməzmidirlər,
göyləri, yeri yaradan və bunları yaradanda bir çətinlik çəkməyən
Allah ölüləri də diriltməyə qadir olar? Bəli, hər şeyə qadirdir
O.
34. O gün cəhənnəm odunu
göstərərək kafirlərə deyərlər: «Məgər haqq deyilmi bu?» «Bəli,
Rəbbimizə and olsun, haqdır bu» deyərlər. «Kafirlik elədiyinizə
görə di dadın əzabı» deyər Allah.
35. Səndən öncə göndərilmiş
elçilər səbatlı, səbrli idilər. Sən də onlar sayaq səbrli ol,
kafirlərin küfrünə döz, tələsmə. Onlara və'd veriləni gördükləri
gün elə zənn eləyərlər ki, gündüzün bir saatından artıq olmaz
dünyada yaşadıqları. Bu Qur'an Allah kəlamının sizə bir bəyanıdır.
Yalnız yolsuzlardır məhvə məhkum olanlar.
|