Əhd
mühüm Quran anlayışlarından biridir. Lüğətdə bir şeyi qoruma,
ondan doğan şərtlərə əməl etmə deməkdir. İki tərəf arasındakı
müqavilələrə də əhd deyilir.
Qurani-Kərim əhdi insan
həyatının fərdi və ictimai planlarda yaşadıcı və erdirici ünsürlərindən
biri olaraq görür. Sadəcə, insanlararası əlaqələr əhd çərçivəsində
yaranıb inkişaf etmir, insanla Allah arasındakı əlaqələrin təməlində
də əhd var. Və əhdə vəfa göstərmək həm insanlararası əlaqələrin,
həm də insanla Allah arasındakı əlaqələrin təməlidir. Fərdlə fərd,
fərdlə cəmiyyət və nəhayət, insanla Allah arasında dialoqun xoşbəxt
nəticələr doğuracaq biçimdə qurulması və davamı əhdə vəfaya bağlıdır.
Quranın bu nöqtədə qoyduğu prinsip budur: «Əhdə vəfa edin» (İsra,
34). Əhdə vəfası olmayan zalımdır (Baqara, 124).
Quran insanın insan olaraq
yaratdığı dəyərlərin təməlində Allahla insan arasında əhdləşməni
görür. Bu üzdəndir ki, Quran insandan davamlı olaraq əhdi pozmamağı
istəyir, əhdi pozanların ziyana düşəcəklərini bildirir. Yer üzündəki
pozğunçuluq və anarxiyanın səbəbi də əhdin pozulmasıdır (Baqara,
27).
Allahın bizimlə əhdləşməsi,
Rağib İsfahaninin də dediyi kimi, iki yolla olur:
1) Əhdləşmə mövzusu olacaq
bir şeyi yaradılış gərəyi olaraq daxilimizə qoyması şəklində.
2) Vəhy və peyğəmbərlər
yolu ilə əhdləşmə mövzusunu bildirməsi yolu ilə.
Əhdləşmənin insanlar
arasında qurulan şəklinə «müahidə» deyilir və bu «əhd» sözündən
törəyib. İnsanlararası əhdləşmənin məna və əhəmiyyətinə və bunun
Quranın irəli sürdüyü həyat anlayışında işğal etdiyi yerə diqqət
çəkmək üçün peyğəmbərimiz belə deyib: «Əhdə vəfası olmayanın imanı
da olmaz».
Əsasən, iman da bir əhdləşmədir.
Bu əhdləşməyə sədaqət insanlararası münasibətlərdəki əhdləşmələrə
sədaqətlə özünü göstərir.
Təsəvvüfdə mürşid önündə
verilən əhd insanla Allah arasında olan əhdin təkrarlanmasıdır.
Dərviş bununla əhdinə tam uyanların içinə qatılıb lazım gələn
çətinliyi onlarla birlikdə çəkəcəyinə söz vermiş olur.
|