Quranda
adı keçən peyğəmbərlərdən biri də Davuddur. O, rəsuldur. Zəbur
Davuda verilib. Bu Kitabda şəriət hökmləri yoxdur. Davud peyğəmbər
də Musa peyğəmbərin şəriəti ilə hökm edib. Zəbur yüz əlli nəğmədən
ibarətdir. Bu nəğmələrdə Allah izzətləndirilir. Davud peyğəmbər
xalq arasında gözəl səsə malik birisi kimi tanınır. Əgər Nuh deyəndə
tufan, Süleyman deyəndə quş dili bilmə, səltənət yada düşürsə,
Davud deyəndə nəğmə, gözəl səs xatırlanır. Amma Davud peyğəmbərin
səltənəti də böyük olub.
Əhdi-ətiqdə Davud peyğəmbər
haqqında ətraflı danışılır. Deyilir ki, Şəmuelin hökmdar kimi
təyin etdiyi Şaul bəzən Allaha sədaqətsizlik edirmiş. Şəmuel onu
xəbərdar edir ki, İsrail üzərində hökmdarlığı baqi olmayacaq.
Rəbb ürəyinə yatan başqa adam tapacaq və hakimiyyəti ona verəcək.
Bu başqa adam Davud olur. Bibliyada Davud gözəl, fiziki cəhətdən
güclü bir şəxs kimi təsvir olunur. O, xeyirxah və cəsur bir çoban
imiş. Şir sürüdən qoyun aparanda özünü şirə çatdırıb qoyunu onun
pəncəsindən alarmış. (1 Hökmdarlar, 13:13-14 16: 11-23).
Hakimiyyətin Davuda verilməsi Əski Əhddə belə nəql olunur.
Allahın əmri ilə Şəmuel Davudu İsrailin hökmdarı olmaq üçün zeytun
yağı ilə məsh edir. O vaxtdan Allahın Ruhu Şauldan uzaqlaşır və
Davudla olmağa başlayır. Hökmdar Şaula isə bəd ruh təsir etməyə
başlayır. O, özünü sakitləşdirmək üçün musiqi dinləmək istəyir
və deyir ki, çəng çalan bir musiqiçi tapsınlar. Nökərlər Davudu
gətirirlər və o, sarayda xidmətə başlayır. Davud elə gözəl çalırmış
ki, musiqinin təsiri ilə bəd ruh Şaulu tərk edirmiş. (1
Hökmdarlar 13:13-14 16: 11-23).
«Məgər mən itəm
ki, üstümə əl ağacı ilə gəlirsən?»
Bu ərəfədə fələstinlilər
İsrail xalqına hücum çəkir. İki qoşun üz-üzə dayanır. Atası Davudu
göndərir ki, qardaşlarına çörək aparsın və bir xəbər gətirsin.
Bu zaman fələstinlilərin azman döyüşçüsü Calut (Qoliaf) Allahı
yamanlayır, israillilərə lağ edirmiş. O tələb edir ki, israillilər
təkbətək vuruşmaq üçün bir döyüşçü göndərsinlər. Əgər o Calutu
məğlub edərsə, fələstinlilər israillilərə tabe olacaq. Əks təqdirdə
onlar fələstinlilərə tabe olmalıdırlar. Amma hamı bu bədheybət
döyüşçüdən vahiməyə düşür, heç kəs döyüşməyə cəsarət etmir. Bu
vaxt Davud Şaula deyir ki, Calutla vuruşmaq istəyir. Bibliyada
bu döyüş təfərrüatı ilə təsvir olunur. Hökmdar Davuda bildirir
ki, yeniyetmə və təcrübəsiz olduğu üçün döyüşmək məsləhət deyil.
Amma Davud ona şirlə necə vuruşduğunu nəql edib razı salır. Davud
yaxşı sapand atırmış. Calutu döyüşə çağıranda ikinci gülüb deyir:
«Məgər mən itəm ki, üstümə əl ağacı ilə gəlirsən?» Amma Davud
sapanda bir daş qoyub Calutu alnının ortasından vurub öldürür
(1 Hökmdarlar 17: 1-53).
İnsani keyfiyyətləri
Bibliyada Davudun qəhrəmanlığı
ilə yanaşı insani keyfiyyətlərinə də geniş yer ayrılır. Məsələn,
nəql olunur ki, Davudun nüfuzu artdıqca Şaulun ona qarşı nifrəti
günü-gündən güclənir və onu öldürmək qərarına gəlir. Bundan xəbər
tutan Davud özünə dostlar toplayıb dağlara qaçır. Şaul onu tapa
bilmir. Davudun əlinə dəfələrlə imkan düşür, amma o, Şaulu öldürmür.
Çünki onu “Allahın məsh etdiyi hökmdar” kimi qəbul edir və ürəyindəki
Allah sevgisi buna mane olur. Nəql olunur ki, bir dəfə Davud Şaulu
yatmış yerdə yaxalayır. Amma yenə öldürmür və başqalarının da
öldürməsinə icazə vermir. Nizəsini və su mətərəsini götürüb gedir.
Sonra bir gün Şaula əşyalarını göstərir. Və Şaulun ürəyində yaxşı
hisslər oyadır. Sonra Şaul və oğlu fələstinlilərlə döyüşdə öldürülür
və Davud hökmdar olur. Bibliyada Davudun çəng çalmaqla yanaşı
gözəl nəğmələr bəstələyib oxuduğu da deyilir.
«Böyük günah»
Əhdi-ətiqdə Davudun “böyük
günah”ından da danışılır. Guya bir gün o, evinin damında gəzəndə
Batşeva adlı bir qadın görür və ona bir baxışdan vurulur. Şeytan
onu yoldan azdırır. Davud peyğəmbər bu ərli qadınla evlənmək üçün
onun əri Uriyanı müharibəyə göndərir. Uriya müharibədə həlak olur
və Davud bu qadınla evlənir. Nəticədə Allah onu cəzalandırmaq
qərarına gəlir. Bir gün peyğəmbər Natanı onun yanına göndərir.
Natan Davuda belə bir hekayə nağıl edir: “Bir şəhərdə iki adam
yaşayırdı. Biri varlı, digəri yoxsul. Varlının çoxlu iri və xırda
buynuzlu mal-qarası vardı. Yoxsulun isə satın alıb bəslədiyi kiçik
quzudan başqa heç nəyi yox idi. Bu quzunu uşaqları ilə böyüdürdü.
Quzu onun çörəyindən yeyir, onun qabından içir və onun qucağında
yatırdı. Sanki onun qızı idi. Varlının yanına bir zəvvar gələndə
o, öz mal-qarasından və qoyunlarından kəsdirib onun üçün nahar
hazırlamaq istəməyib. Yoxsulun quzusunu kəsdirib zəvvar üçün yemək
hazırladı”. Davud bu hekayəni eşidəndə qəzəblənib: “Bunu edən
adam ölümə layiqdir. Bu işi gördüyünə və mərhəmətsiz rəftar etdiyinə
görə o, quzunun əvəzini dördqat ödəməlidir”. Bu vaxt Natan Davuda
deyib: “Həmin adam sənsən”. Bundan sonra Davud özü üçün Allahdan
ölüm istəyir. Amma ona bildirilir ki, etdiyi günahın əvəzində
o özü yox, oğlu öləcək. (2 Hökmdarlar 11:2-17; 12:1-14).
Belə də olur. Oğullarından biri olan Avşalom taxtı ələ keçirmək
üçün üsyan edir və öldürülür. Davudun ölümündən sonra taxta digər
oğlu Süleyman çıxır.
Quran Davud peyğəmbər
haqqında
Quranda Davud peyğəmbərdən çox bəhs olunur. Xüsusən onun Calutla
döyüşünə xüsusi yer ayrılır. Deyilənə görə, o vaxt İsrailoğulları
tərəfindən müqəddəs sayılan bir sandıq var imiş. Quranda bu sandığa
tabut deyilir. Talutun hökmdarlığı vaxtı bu sandıq Calut tərəfindən
ələ keçirilibmiş. «Onun hökmdarlığının əlaməti sizə tabutun gəlməsidir.
İçində Rəbbinizdən gələn könül rahatlığı və Musa nəslinin, Hərun
nəslinin qoyub getdiklərindən qalanlar var. Tabutu mələklər daşımaqdadır.
Əgər möminsinizsə, bu, sizdən ötrü aşkar bir dəlil» dedi onların
peyğəmbəri» (Baqara 248). Bundan sonra israiloğulları
yığışıb bu qəbiləyə hücuma keçirlər. Amma döyüşdən əvvəl bir sınaqdan
keçməli olurlar. «Talut əsgərləriylə ayrılıb gedən zaman peyğəmbər
dedi: «Sınağa çəkəcək sizi bir çayla Allah. Çaydan içən məndən
deyil. Ondan dadmayan, sadəcə, əliylə bir ovuc alan məndəndir».
Azları içmədi, qalanları içdi ondan. Və nəhayət, Talut və onunla
birlikdə imana gələnlər çayı keçən zaman «Caluta və əsgərlərinə
qarşı vuruşmağa taqətimiz yox bu gün» dedilər. Allaha qovuşacaqlarını
düşünən kimsələrsə: «O qədər olub ki, azsaylı dəstə çoxsaylı dəstəyə
Allahın izniylə qalib gəlib. Səbr edənlərin tərəfindədir Allah»
dedilər» (Baqara 249).
Təcrübəsiz gəncin qələbəsi
Calutun ordusu il qarşılaşanda möminlər Allahdan yardım istəyir:
«Calutun və onun əsgərlərinin qarşısına çıxanda «Rəbbimiz, bizə
səbr ver, addımlarımızı düzəlt və kafir qövmə qarşı bizə yardım
et» dedilər» (Baqara 250). Davud da adamların
içində imiş. Calut çox güclü və bacarıqlı, nəhəng, güclü birisi
olub. Tövratda Davudun qələbəsi çoban olanda şirlərlə vuruşub
əllərindən quzu alması və fiziki üstünlükləri ilə izah olunur.
Amma Quranda məntiq belədi ki, güclü görünən zəif, zəif görünən
güclü ola bilər, yalnız Allahdan qorxmaq lazımdır. Allah ən güclü
görünən zalımın birini gənc və təcrübəsiz bir cavanın öldürməsi
ilə insanlara ibrət dərsi verir. «Və Allahın izniylə onların dəstəsini
dağıtdılar. Davud Calutu öldürdü. Hakimiyyət və hikmət verdi Davuda
Allah, istədiyini öyrətdi ona» (Baqara 251).
Qurana görə, Talutun ölümündən sonra Davuda həm peyğəmbərlik,
həm də hökmdarlıq verilir. «Davudu, Suleyməni yada sal... Hikmət
verdik, elm verdik hər ikisinə. Dağları, quşları Davuda tabe elədik
Onu öyələr deyə. Əncam çəkdik bu işə beləcə. Zirehli geyim düzəltməyi
öyrətdik ona. Öyrətdik ki, geyindirib zərbədən qoruyaq sizi. Bizə
şükr eləyirmisiniz?» (Ənbiya 78-80).
Şikayətçilər məsələsi
Davud peyğəmbərin xətası haqqında Quranda da ayələr var. Əgər
Bibliyada Davudun səhvini ona peyğəmbər Natan çatdırırsa, Quranda
bunu mələklər edir: «Xəbərin varmı sənin o şikayətçilərin əhvalatından.
Dırmaşaraq məbədin divarına girmişdilər Davudun yanına, ürkmüşdü
onlardan Davud. Demişdilər: «Qorxma, biz iki şikayətçiyik. Birimiz
qəsd eləmiş o birinin haqqına. Haqq ilə hakimlik elə aramızda,
basma haqqı, doğru yolun ortasına yönəlt bizi» (Sad 21-22);
«Bu mənim qardaşımdır. Doxsan doqquz qoyunu var, mənimsə bircə
qoyunum. «Bunu da mənə ver» dedi. Mübahisəmiz düşdü, məni məğlub
elədi».Davud dedi: «Sənin qoyununu öz qoyunlarına qatmaqla haqqını
tapdamış o. Təcavüz eləyər bir-birinin haqqına şəriklərin bir
çoxu. Ancaq iman gətirənlər, əməli salehlərsə bunlara aid deyil,
sayları da lap azdır». Davud zənn elədi imtahana çəkilir. Rəbbindən
məğfirət dilədi, əyildi, Ona tutdu üzünü» (Sad 23-24).
Davud səhvini anladıqdan sonra tövbə edir, Allahdan bağışlanmasını
istəyir. Allah onun bağışlandığını bildirir: «Beləcə bağışladıq
onu. Payını çox eləmişik dünyada, gözəl bir məqama yetişmiş axirətdə»
və belə vəhy edir: «Ey Davud! Biz səni yer üzünün xəlifəsi elədik.
Sən haqq ilə hakimlik elə insanlar arasında. Olma nəfsinin əsiri,
səni Allah yolundan azdırar nəfsin. Haqq-hesab çəkilən günü unutduğuna
görə şiddətli bir əzaba düçar olar Allahın yolundan azan adamlar»
(Sad 25-26).
Hakimiyyətin
Süleymana keçməsi
Hakimiyyət Davud peyğəmbərdən sonra oğlu Süleymana keçib. Rəvayət
olunur ki, bir dəfə iki kişi Davudun yanına şikayətə gəlir. Biri
deyir: Bunun qoyunları sahəmə girib otu xarab edib. Davud belə
olub-olmadığını soruşur. Qoyun sahibi təsdiqləyir. Davud deyir:
Qoy zərərə müqabil sənin qoyunların onun olsun. Bu vaxt Süleyman
izn istəyib öz təklifini verir: «Qoy qoyun sahibi sahəni bərpa
eləsin. Onu əvvəlki vəziyyətinə qaytarana kimi onun qoyunları
yer sahibinin istifadəsində olsun. Sonra sahə və qoyun yiyələrinə
qaytarılsın». Rəvayətə görə, bundan sonra Davud deyib ki, mən
qocaldım, hakimiyyətə yiyə dur. Rəvayət, təbii ki, bu ayə əsasında
formalaşıb: «Davudu, Suleyməni yada sal. Camaatın qoyunlarının
girib zay elədiyi bağ yeri barəsində hökm yürüdürdülər. Biz onların
söhbətinə şahid idik. Anlatdıq Suleymənə həmin işin çəmini. Hikmət
verdik, elm verdik hər ikisinə» (Ənbiya 78-79).
Davud peyğəmbərin dönəmində Qüds paytaxt olub Rəvayətə görə o,
qırx il hökmdarlıq edib. Bir də o deyilir ki, bir gün oruc tutar,
bir gün tutmazmış.
|