Rəhman
və Rəhim Allahın adıyla
1. Ha mim.
2. Hər şeyi bəyan eləyən
bu Kitaba and olsun,
3. mübarək bir gecədə
nazil elədik Qur'anı. Nazil elədik xəbərdarlıq yetirək bununla
insanlara.
4. Hikmət dolu hər bir
iş açıqlanır o mübarək gecədə.
5. Bu, Bizim dərgahımızdan
gələn əmrə görə belədir. Biz əzəldən insanlara elçilər göndəririk
6. Rəbbinin dərgahından
bir rəhmət payı olaraq. Hər şeyi eşidən, hər şeyi bilən Odur.
7. Göylərin, yerin, bunların
arasında olanların Rəbbidir. Yə'qinliklə inanırsızsa buna, bilin,
Muhamməd də Allahın Elçisidir.
8. Allahdan başqa tanrı
yoxdur. Dirildən də Odur, öldürən də O. Sizin də Rəbbinizdir,
öncə gəlib getmiş olan atalarınızın da.
9. Öləndən sonra diriləcəklərinə
şəkk gətirər, bunu əyləncəyə döndərib gülər kafirlər sənə.
10. Gözlə o günü ki,
aydın görünən duman gələr göydən.
11. Gələr bürüyər insanları.
«Ağrılı bir əzabdır bu gələn.
12. Rəbbimiz! Bizdən
uzaq elə bu əzabı. Biz artıq inanırıq Sənin Elçinə» deyərlər.
13. O zaman kimdən öyüd
alıb imana gələrlər görəsən? haqqı bəyan eləyən bir elçi gəlmişdi
axı onlara.
14. Ondan üz döndərmişdilər.
«Öyrədilmiş bir dəlidir» demişdilər.
15. Bir müddət uzaq edərik
sizdən əzabı, sonra yenə qayıdarsız küfrünüzə.
16. O gün bir-birindən
güclü zərbələr vurarıq, böyük müsibətə uğradarıq onları. İntiqam
alarıq onlardan.
17. Onlardan öncə də
Fir'onun qövmünü imtahana çəkmişdik. Nəcib bir peyğəmbər gəlmişdi
yanlarına, demişdi:
18. «Ey Allahın bəndələri,
mənə doğru gəlin. Mən sizə göndərilmiş e'tibarlı bir elçiyəm.
19. Allaha qarşı təkəbbürlü
olmayın. Aşkar bir dəlil gətirmişəm sizə.
20. Məni daşa bassanız,
Allaha sığınaram. Mənim də, sizin də Rəbbinizdir O.
21. İnanmırsızsa mənə,
di məni rahat buraxın».
22. Rəbbinə dua elədi,
Ondan yardım dilədi. Bu kafirlər günah yiyələriydilər.
23. Allah buyurdu: «Gecə
ikən çıxar yola bəndələrimi. Sizi tə'qib edəcəklər.
24. Dəniz sakitləşdimi,
quruya çıx. Qərq olacaq sulara Fir'onun əsgərləri».
25. Tərk elədi Fir'onun
adamları neçə-neçə bağları, çayları-bulaqları,
26. əkin sahələrini,
gözəl-gözəl məqamları,
27. içində üzdükləri
naz-ne'mətləri.
28. Biz də başqa bir
qövmü varis elədik bunlara.
29. Onların halına ağlamadı
göylə yer. Bir möhlət də verilmədi onlara tövbə edə bilələr.
30. Xilas elədik İsrail
oğullarını alçaldıcı əzabdan.
31. Fir'onun əlindən
aldıq onları. Həddini aşanların böyüyüydü Fir'on.
32. Aləmlərdən üstün
tutduq İsrail oğullarını. Bilirdik nəyə qadirdir onlar.
33. Ayələr bağışladıq
onlara. Aşkar ne'mət daşıyırdı ayələrin hər biri.
34. Bu kafirlər deyərlər:
35. «Bir dəfə öldükmü
daha dirilən deyilik.
36. Doğru sözlü, düz
əməlli kimsələrsinizsə, qaytarın özümüzə bizim atalarımızı».
37. Bunlarmı yaxşıdır,
Tubbə qövmümü, yoxsa ki, bunlardan öncəkilər? Biz onların hamısını
məhv eləmişik. Günaha batmışdılar.
38. Göyləri, yeri, bunların
arasında olanları əylənərək yaratmadıq.
39. Yalnız haqq olaraq
yaratmışıq onları. Ancaq bunu bilməz çoxları.
40. Kafirlərlə mö'minlərin
hamısının bir-birindən ayrılacağı gündür qiyamət günü.
41. Bir karına gələn
deyil dost dostun o gün. Yardım da görməz onlar.
42. Ancaq Allahın rəhmi
gəldiyi kimsələr başqa. Güclü, Rəhim təkcə Odur.
43. Şübhəsiz, o zəqqum
ağacını
44. o günah yiyəsi yeyəsidir.
45. Metal ərintisi kimi
əriyəsidir, qaynayasıdır qarınlarda
46. qaynar su sayaq.
47. «Tutub sürükləyin
onu cəhənnəmin ortasına.
48. Sonra qaynar suyun
əzabını tökün onun başına».
49. «Di dad əzabı, güclü
və nəcib olan söylə, təkcə sənmi idin?
50. Bax bu daddığın əzaba
bir vaxt şəkk gətirirdin».
51. Müttəqilər arxayınlıq
içindədir,
52. cənnət bağlarındadır,
bulaqlar başındadır.
53. Zərif ipəkdən və
parlaq atlasdan biçili geyimlərində bir-birilə üzbəüz əyləşiblər.
54. Bu belədir. İri gözlü
cənnət hurilərilə onları taylaşdırarıq.
55. Arxayın-arxayın hər
cür meyvədən istəyib yeyə bilərlər burada.
56. Dünyada daddıqları
o ilk ölümdən sonra bir daha dadmazlar burda ölümü. Qorumuş onları
cəhənnəm əzabından
57. Öz lütfüylə Rəbbin
sənin. Budur o böyük qurtuluş!
58. Biz Qur'anı sənin
doğma dilində göndərdik, dedik bəlkə öyüd alalar [ərəblər].
59. Sən gözlə onların
yox olacaq gününü. Onlar da gözləməkdədir sən nə vaxt öləcəksən.
|