Qurani-Kərimdə
110-a yaxın yerdə keçən «dünya» sözü isim deyil, sifət kimi işlənməkdə
və yüzdə doxsandan çoxunda «həyat» sözünün mənasını bildirməkdədir.
Dünya «dənaət» kökündən
bir sifət olub, bəsit, adi, ölümlü mənalarına gəlir. Quran yüzə
yaxın yerdə adi, bəsit həyat (əl-həyat əd-dünya) deyiminə yer
verməkdə və insanı belə bir həyata tənəzzül etməməyə çağırmaqdadır.
Təəssüf ki, Qurana tərs düşən bir qənaət dünya sözünü isim olaraq
mənimsəyib və nəticədə bu söz yer kürəsi mənasında xalq arasında
yayılıb. Bunun nəticəsində Quranın dünyanı pislədiyi, dünyadan
ikrah etdiyi, insanı dünyadan üz çevirməyə çağırdığı barədə yanlış
qənaət formalaşıb. Quran coğrafi və astronomik mənada dünyanı
ifadə eləmək üçün «ərz» sözünü işlədir. Və Qurana görə, ərz ilahi
ayələrlə dolu, hərəkət halında bir kürə olub, tədqiq edilməsi,
ehyası, qorunması, gözəlləşdirilməsi insandan istənən ilahi bir
əmanətdir. Quranın çirkin gördüyü dünya isə insanı Allahdan uzaqlaşdıran
iyrəncliklərin və səfilliklərin ümumi sifətidir. Bu mənada dünya
insanın pis sifətlərinin simvolu, adı olan nəfsdir. Necə ki, Əbu
Səid əl-Xərraz (öl.899) belə demişdir: «Dünya nəfs və onun arzularından
ibarətdir. Qul nəfsin arzularını tərk edəndə dünyanı tərk emiş
olur. Görmürsənmi, insan bəzən əlində heç nə olmadığı halda tamahı
üzündən dünyapərəst olmaqdadır». Bu mənada dünya üçün peyğəmbərimiz
«Dünya sevgisi bütün yanılmaların başıdır» buyurub.
Pislənən dünya nəfs olduğuna
görə Allah ilə könlümüz arasında olan hər şeyi dünya görmək lazımdır.
Bu, pul, qarşı cinsə həvəs, və şöhrət ola bildiyi kimi, ibadətlərdən
qaynaqlanan qürur da ola bilər.
|