Din
tarix boyu insanların həyatının bir parçası olub. Heç bir etnos,
xalq, millət dinsiz, inancsız olmayıb. Hələ qədimlərdə Plutarx
yazırdı: «Gözünüzü açın, dünyaya baxın: məbədsiz və məbudsuz bir
şəhər tapa bilərsinizmi?» İslam inanc əsasları və əxlaqi tövsiyələri
ilə on dörd əsrdir insanlığın yolunu aydınladan bir işıq mənbəyidir.
Din insanlara gözəl əxlaq,
qardaşlıq, sülh içində yaşamaq, insanlığa sevgi, ehtiyacı olanlara
yardım etmək kimi yüksək insani dəyərlər aşılayır. Bu dəyərlərdən
güc alaraq insanlar əsrlər boyu elm, sevgi və əxlaq dolu bir mədəniyyət
yaradıb. Məhz islamın öz mahiyyətinə ən yaxın biçimdə cəmiyyətin
həyatına daxil olduğu dönəmlərdə dünyanın sivilizasiya mərkəzi
müsəlman dünyası idi. Elə bu gün dünyada insanlığın qəbul etdiyi
ümumbəşəri dəyərlər sisteminə də islamın böyük və danılmaz töhfələri
olub. Amma təəssüf ki, bir sıra səbəblərdən Azərbaycan cəmiyyətində
dinimizin mahiyyəti haqda təsəvvürlər çox bəsit və ya yanlışdır.
Tarixə
baxış
Bu gün Azərbaycan xalqı
öz dininin mahiyyətinə bələd deyil. Və dinin məişət səviyyəsində,
əslindən uzaqlaşdırılmış şəkildə ictimai şüurda yer alması narahatlıq
doğurmaya bilməz. 19-20-ci əsrlərdə ölkədə islamın öz şəninə yaraşmayan
bir şəkildə yayılması, təbii ki, mükəmməl dini təhsili olmayan
kəslərin dini maariflə məşğul olması ilə sıxa bağlıdır.
Araşdırmalar sovet hakimiyyətinə
qədər ölkədə dini təhsilin geniş şəbəkəsi olub. Belə ki, 1914-15-ci
illərdə ölkədə dini təhsil müəssisələrinin sayı 786-ya çatırdı
ki, bu da tədris proqramında şəriət dərsləri də olan, amma dünyəvi
təhsil verən rus-tatar məktəblərinin sayından üç dəfə çox idi.
1813-cü ildə başlanan və 1928-ci ildə tamamlanan Azərbaycanın
Rusiya tərkibinə daxil edilməsi prosesi əhalini xristianlaşdırmaq
üçün ehtiyatla tədbirlər tökürdü. Əlifbanın dəyişdirlməsi üçün
edilən cəhdlər, nüfuzlu əsilzadə ailələrindən gənclərin Rusiyanın
ali hərbi məktəblərinə oxumağa göndərilməsi, malokan əhalinin
ayrı-ayrı ərazilərdə yerləşdirilməsi bu məqsədlərə xidmət edirdi.
Hökumət ayrı-ayrı din avtoritetlərini orden və medallarla təltif
etməklə öz tərəfinə çəkmək siyasəti yürüdürdü. Doğrudur, mədrəsə
təhsili alandan sonra imkanlı şəxslərin övladları bu təhsili müsəlman
Şərqinin nüfuzlu dini təhsil ocaqlarında davam etdirirdilər. Amma
mədrəsələrdə dərs verən mollaların savad səviyyəsinin aşağı olması,
əhalinin dini hisslərindəın qazanc məqsədi ilə yararlanmaq istəyənlərin
çox olması, dünyəvi təhsilə marağın artması ilə sonuclanırdı.
Ali ruhani təhsil alan ziyalılarla dünyəvi təhsil alanların mövqeyi
mövhumatla mübarizədə yaxınlaşırdı. 19-cu əsrdə və iyirminci əsrin
əvvələrində orta statistik azərbaycanlının dini şüur səviyyəsi
çox aşağı idi. Monqol işğalından sonra gedən tənəzzül get-gedə
sürətlənirdi. Ümumiyyətlə, 19-cu əsrin sonu, iyirminci əsrin əvvəllərində
olan dini şüur on əsr ondan əvvəlkindən xeyli aşağı idi. Bunu
dövrün görkəmli ziyalıları ürək ağrısı ilə qeyd edirdilər. Tarixdən
məlumdur ki, on birinci əsrdə Əbu Reyhan Biruni Yerin radiusunu
özünün kəşf etdiyi üsulla çox dəqiqliklə ölçə bilmişdi. Amma on
doqquzuncu əsrdə Yerin kürə şəklində olmasını demək küfr kimi
qiymətləndirilirdi. Bütün bunlar dövrün tərəqqipərvər ziyalılarını
narahat edirdi. S.Ə.Şirvani, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev,
Ö.F.Nemanzadə, C.Məmmədquluzadə cəmiyyətin islama tərs düşən bir
həyat tərzi yaşamağının, mövhumatçılığın baş alıb getməsinin qarşısını
almaq üçün əllərindən gələni edirdilər. Bütün bu cəhdlərə baxmayaraq,
bu dövrdə gerçək islamın ana qaynaq olan Quran əsasında sistemli
tədrisi və mövhumatçılığın aradan qaldırılması istiqamətində səyləri
milli hökumətin olmaması səbəbindən istənilən nəticəni vermədi.
Sovet
hakimiyyəti və islam
Azərbaycanda sovet hakimiyyəti
qurulandan sonra ölkə rəhbərliyinin yeni siyasi formasiyanı möhkəmləndirmək,
materialist dünyagörüşünü bərqərar etmək üçün keçmiş irsə qarşı
tutduğu nihilist mövqe ölkədə dini durumu daha da pisləşdirdi.
Qəbul edilən yeni qanunlar, bir sıra partiya qərarları dinə qarşı
mübarizə aparanlarla barışmayan və dinin cəmiyyətdə mövqeyinin
qorunmasında israrlı olan insanların əhalinin qalan hissəsindən
izolə edilməsi və fəaliyyətlərinin yalnız mənfi yöndən dəyərləndirilməsi
sahəsinə yönləndirilmişdi. Təbliğat vasitələri bu və ya digər
regionda dinə qarşı mübarizədəki uğurların sadalanması, din avtoritetlərinin
dövləti cinayətlərdə ittiham olunması ilə bağlı xəsis və tendensioz
informasiyaları yaymaqla insanlarda təşviş yaradıdı. Kommunist
ideologiyasının insanların şüurunda kök salması üçün siyasi rəhbərlik
mövcud oturuşmuş, min ildən artıq müddətdə kök salmış islam zehniyyətini
tamamilə şüurlardan silmək zərurətini duyurdu və bu istəyi gerçəkləşdirmək
üçün lazım olan tədbirlər bir sıra variasiyalarla meydana çıxırdı:
ümumiyyətlə, Allahın adının çəkilməməsi, böyük klassiklərin əsərlərindən
onların guya ateist, ya din məsələsində ən azı şübhəçi olmaları
kimi yozulması və s.
Rəsmi dairələrin din avtoritetlərinin cəmiyyətin həyatına təsir
imkanlarını məhdudlaşdırmaq üçün gördüyü bir sıra tədbirlər: dindarların
hakim partiya sıralarına namizədliyə belə qəbul edilməməsi, seçmək
və seçilmək hüququndan məhrum edilmələri, dini maariflə məşğul
olanların antisovet təbliğatda ittiham edilməsi get-gedə islam
maarifinin zəifləməsinə səbəb olurdu. Başqa tərəfdən, dini işlərə
baxan nazirliyin tamamilə aradan qaldırılması, Şərqin nüfuzlu
dini təhsil ocaqları ilə əlaqənin kəsilməsi, həddi-büluğa çatmayanlara
şəriət dərsi verməyə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi,
gənc nəslin ərəb əlifbasını öyrənmək imkanından məhrum edilməsi,
sonradan bu əlifbanın latın qrafikası, daha sonra kiril əlifbası
ilə əvəzlənməsi, dini cəmiyyətlərin imtiyazlardan və dövlət maddi
yardımından məhrum edilməsi, bütün dövlət idarələrinin iş prosesinin
dünyəvi xarakter alması və s. kimi amilləri də qeyd etmək lazımdır.
Sadalananların sırasına məscidlərin kütləvi surətdə dağıdılmasını
və dindarların dini mövzularda informasiya mübadiləsini əhəmiyyətli
dərəcədə məhdudlaşdırılmasını da əlavə edə bilərik. Bütün bunlar
dini maarifin yas mərasimləri və gizli fərdi təmaslar müstəvisinə
sıxışdırılması demək idi. 1936-cı il Konstitusiyasında din xadimlərinə
seçmək və seçilmək hüququ verilsə də, bu, əslində, vicdan azadlığı
olması barədə görüntü yaratmaq və repressiyalar nəticəsində müqaviməti
qırılmış dindar kütləyə və dini duruma birbaşa dini təmsil edən
şəxslər vasitəsilə nəzarət etmək üçün idi. Düzdü, kommunizm düşərgəsinin
daha da genişləndirilməsi maraqları müsəlman əhaliyə münasibətdə
bir qədər yumşalma olmasını zəruri edirdi. Amma bu, təbii ki,
ateist bir dövlətdə bu və ya digər formada din tədrisinə yol verilməsi
ilə nəticələnə bilməzdi.
Bütün bunlara baxmayaraq,
kütlənin din ehtiyacı qeyri-leqal şəkildə də olsa ödənilirdi:
yas mərasimlərindəki söhbətlər, əvvəllər molla olmuş şəxslərin
savadlı kadrların olmaması ucbatından müəllim kimi işə düzəlməsi
din maarifinin zəif də olsa, sürdürülməsinə imkan verirdi. Bakıda
əhalinin demoqrafik balansının azərbaycanlıların ziyanına pozulması
üçün rusdilli əhalinin buraya kütləvi şəkildə köçürülməsi kimi
cəhdlər isə əslində bir tərəfdən də əhalinin müqavimətinin artması
ilə nəticələnirdi. Hökumət müsəlman ölkələrindən gələn nümayəndə
heyətlərinə göstərmək üçün beş-üç məscid və din xadimi saxlamaqla
kifayətlənirdi. Əhali arasında dini gözdən salmaq üçün ardıcıl
təbliğatla yanaşı, dini təmsil edən zümrə də formalaşdırılırdı
ki, onların da fəaliyyəti yas mərasimləri ilə məhdudlaşırdı. Bu
şəxslər çox vaxt xüsusi xidmət orqanları tərəfəindən hazırlanırdı.
Din adamı obrazını gözdən salmaq üçün onlar bir çox hallarda daha
çox əyyaşlıqda və ya narkotik vasitələr qəbulunda adı çıxmış,
məhkumluq çəkmiş şəxslərin sırasında seçilirdi. Din
xalqa əslinə uyğun olmayan bir biçimdə yas dini kimi təqdim olunurdu.
Statistikaya inansaq, ötən əsrin 70-ci illərində ölkədə ali dini
təhsili olan cəmi iyirmiyə yaxın ruhani vardı.
Islam
qayıdır: hansı biçimdə?
Qorbaçovun yenidənqurma dövründə dinə maraq bir qədər də artdı.
Sovet şərqşünaslarının islam haqqında yazdıqları sorğu kitabları,
Kraçkovskinin Quranı ruscaya tərcüməsinin təkrar nəşri çox maraqla
qarşılandı. Amma bunların tiracı az idi. Qarabağ müharibəsi başlayan
dönəmdə Azərbaycanda milli dəyərlərə qayıdış tələbləri çoxalmağa
başladı. Ölkə elitası islama da etnosun mənəvi mədəniyyətinin
bir hissəsi kimi baxır, millə dəyələrə qayıdış anlayışı dini dəyərləri
də ehtiva edirdi. 1989-cu ildə AXC-nin təsis konfransında partiyanın
proqramında islama münasibətlə bağlı yazılırıdı: “AXC söz və dini
etiqad azadlığına riayət edilməsi uğrunda çıxış edir. Bütün dini
abidələr bərpa olunmalı və dindarların sərancamına verilməlidir”
Azərbaycanda islamın xalqın həyatına yeni biçimdə – mövhumatçılıq,
təməlçilik, təriqətçilik əlavələrindən arınmış bir şəkildə qayıtması
uğrunda çalışan mütərəqqi ziyalılar rəğbətlə qarşılanırdı. Bunlardan
öndə gedənlərdən biri o dövrdə Qurani-Kərimin azərbaycanca ilk
açıqlamasını yazan Nəriman Qasımoğlu idi. Yeni dini intellktual
tipi ölkədə rəğbətlə qarşılanırdı və Quranın yüz minlik tirajla
çap olunan məalı əhali arasında sürətlə yayılırdı. Elə bu vaxtlarda
yaxın və uzaq xaricdən əhalinin şüurundakı ideoloji vakuumun fərqində
olan və bu müsaid şəraitdən yararlanmaq üçün fürsəti yetərincə
qiymətləndirən təşkilatların ölkəyə axını başlıdı. Əvvəlcə əsasən
məscidlərin təmiri və yeni məscidlərin tikilməsi kimi fəaliyyətlərlə
rəğbət qazanan bu təşkilat mənsublarının niiyətləri təkcə dinin
yayılması yox, həm də uzaqmənzilli siyasi maraqlar idi. Ölkədə
ruhani elitanın yox həddində olması, onların çoxunun savadsızlığı
və əhali arasında nüfuzunun olmaması əcnəbi xeyriyyəçilərə aşkar
rəğbət doğururdu. Azərbaycanın Ermənistanla müharibə vəziyyətində
olması, tez-tez baş verən siyasi kataklizmlər obyektiv olaraq
onların fəaliyyətini kontrol etməkdə ayrı-ayrı strukturlara yetərincə
imkan vermirdi. Beləliklə, ölkədə dini maarif işinin aparılmamasından
istifadə edərək islam yeni biçimdə – bir sıra ölkə və təşkilatların
mənafeyinə xidmət edəcək tərzdə cəmiyyət həyatına daxil olurdu.
Bu təşkialtaların arxasında isə böyük maliyyə strukturları dururdu.
Müstəqillyin ilk illərindən
etibarən gözləmək olardı ki, orta məktəblərdə din dərsləri keçilməsi
üçün lazımi tədbirlər görüləcək, sistemli dini maarifləndirmə
işi aparılacaq. Amma bu, baş vermədi. Bu səbəbdən sovet imperiyası
dövründə təsir dairəsi xeyli məhdudlaşdırılmış bu din özünün müxtəlif
tarixi-ənənəvi çalarları ilə cəmiyyət həyatına daxil olmağa başladı.
Son illərdə islama qayıdış
meyllərinin iri miqyas almasının başlıca səbəbi ateizm illərinin
doğurduğu din boşluğundan qaynaqlanır. Sovet dövründə ölkənin
dini elitasının məhv edilməsi xalqın öz dini ilə dərindən tanış
olmaq imkanlarını heçə endirmişdi. İmperiya çökəndən sonra bu
ideoloci boşluqdan yararlanmaq istəyən çoxlu qüvvələr meydana
çıxdı. Bəllidir ki, bir ideologiyanı çıxarıb onun yerinə bir başqasını
qoymaq ideloci boşluqda bərqərar olmaqdan qat-qat çətindir. Hökumətin
aydın humanitar siyasətinin olmaması, ardıcıl dini maarif işinin
aparılmaması, ideoloci təhlükəsizlik işinə biganə yanaşılması
onunla nəticələndi ki, xarici qüvvələr bundan yararlandı və ölkədə
çağdaş tərəqqi meyarlarına cavab verməyən, islamın tarixi-zahiri
əlamətlərilə kifayətlənən, din dəyərlərinin gerçək məzmunu və
elmi mündəricəsinə zidd düşən biçimdə din təbliğatı baş alıb getməyə
başladı.
Ölkədə dini duruma xüsusən İran, ərəb ölkələri və uzaq xaricdən
gələn din missionerlərinin də mənfi təsiri qabarıq şəkildə hiss
olunmağa başladı. Bir çox hallarda bu qruplar apardıqları din
təbliğatında bir tərəfdən Azərbaycanın Qərbə inteqrasiyası əleyhinə
səslənən motivlərə yer verir, bəzənsə, ümumiyyətlə dünyəvi dövlət
tipini teokratik dövlətlə əvəzləməyin zəruri olması təbliğatını
aparırdılar. Məlumdur ki, dini fóíäàìåíòàëèçì təkcə təfəkkür böhranından
deyil, həm də maddi məhrumiyyətlərdən qaynaqlanır. Bunun vətəndaş
cəmiyyəti quruculuğuna mənfi təsir göstərən bir istiqaməti də
öz əksini bunda tapır ki, ağır iqtisadi durumda yaşayan insanlar
aparılan təbliğatın təsiri ilə dini fundamentalizmi daha yaxşı
həyat tərzi vəd edən xilaskar bir ideologiya kimi qavramağa meyllənir.
Gələcək həyatında aydın perspektiv görməyən gənclər təməlçilərdən
maddi yardım alarkən islamın adından və islam naminə hərəkət etdiklərini
zənn edir, özünü haqlı sayır, diletant olduqlarından fərqinə varmaqda
çətinlik çəkirlər. Bununla əslində insanlığa xidmət üzərində qərarlaşan
gerçək dini dəyərləri qulaqardı etmiş olurlar.
Bəllidir ki, dini-siyasi
cərəyanlar, bir qayda olaraq, milli və dünyəvi hakimiyyəti qəbul
etmirlər. Onların dünyəvi hakimiyyətə qanunsuz və Allahsız hakimiyyət
kimi baxmaqları ictimai-siyasi vəziyyətdə də ciddi problemlər
yaradır. Bir sıra təriqət mənsublarının xilafət yaratmaq barədə
siyasi niyyətləri və Azərbaycanda bu niyyətlərə köklənmiş vətəndaşların
əhali arasında apardığı təbliğat da siyasi situasiyanın dəyişməsi
və dini-siyasi zəmində gələcək qeyri-sabitliyin əsasının qoyulması
ilə sonuclana bilər. Hökumətin ardıcıl və səmərəli dini maarif
işi olmadığından islamın siyasiləşməsi, dini-ekstremist təmayüllü
ənənəvi fundamentalizmin yayılması bir qədər də genişlənib.
Belə bir şəraitdə insanların
din mədəniyyətinin yüksəldilməsinə xidmət edən maarifçilik işinin
önəmini xüsusi vurğulamaq, bəlkə də, artıqdandır. Onun təməli
isə orta məktəbdə qoyulmalıdır. İnkişaf etmiş Avropa ölkələrində
bunun fərqindədirlər. Azərbaycanda da bunun fərqində olunmalıdır.
Avropanın orta əsrlərdə din adı ilə bir çox problemlərlə üzləşdiyini
tarixdən çoxları bilir. Xristianlıq dövlət dini elan ediləndən
sonra başlanan repressiyalar haqda çox danışmaq olar. Xatırlatmaq
istərdik ki, Roma imperiyasında xristianlıq dövlət dini elan olunandan
sonra Platonun neçə əsr fəaliyyət göstərən akademiyası bağlanmışdı.
Antik mədəniyyətə aid olan ədəbiyyat məhv edilirdi. Xəstəlik Allahın
insana cəzası kimi götürülür və müalicə yasaq edilirdi. Tibb elmi
qadağan olunmuşdu. Tərəqqipərvər insanlar inkvizisiya tonqallarına
sürüklənirdi. Bütün bunlar, təbii ki, xristianlığın mahiyyətindən
yox, bu dinin əslindən uzaqlaşdırılmış şəkildə qavranmasından,
təbliğindən, siyasətlərə alət edilməsindən irəli gəlirdi. Heç
kəsə sirr deyil ki, xristianlıq da islam kimi sevgi, insanpərvərlik
dinidir. Amma deyilən dönəmdən başlayaraq bəzi Avropa ölkələrində
hətta 19-cu əsrədək inkvizisiya məhkəmələri var idi. Sonuncu tonqal
Napoleon Avropa imperatoru olan vaxt söndürüldü. Amma bu gün inkişaf
etmiş Avropa ölkələri bütün bu dəhşətlərin gerçək xristianlıqla
heç bir əlaqəsinin olmamasının fərqindədirlər.
Onlar öz dinlərinə sayğı ilə yanaşırlar. Bu dinin əsl mahiyyətini
hələ şüuru ağ lövhə olan şagirdəlrin dərindən mənisəməsi üçün
orta məktəblərdə din tədrisini zəruri bilirlər. Avropa ölkələrinin
bir çoxunda din dərsləri orta məktəblərdə icbari şəkildə keçilir.
Bu barədə bir qədər geniş danışmaq istərdik. Məsələn, Belçikada
din dərsi dövlət məktəblərində həftədə 2, özəl məktəblərdə 3 saat
keçilir. Alternativ kimi dünyəvi əxlaq fənni var. Ateist ailələrin
övladları bu qruplarda oxuya bilərlər. Danimarkada din dərsləri
1-9-cu siniflərdə məzhəblə bağlı (lüteran-protestant), 10-11 siniflərdə
məzhəblərüstüdür. Bu ölkədə də din dərsi icbaridir. Dövlət məktəblərində
həftədə 1 saat, özəl məktəblərdə iki saat tədris olunur. Almaniyada
din dərsləri alternativlidir. Dini istəməyənlər üçün «Əxlaq» və
«Həyat bilgisi» fənləri keçilir. Dövlət məktəblərində həftədə
2, özəl məktəblərdə 3 saatdır. Finlandiyada da din dərsləri icbaridir.
Din lüteran protestantlıq və ortoksal məzhəblər üzrə öyrədilir.
Dövlət məktəblərində həftədə 1, özəl məktəblərdə 2 saatdır.
Din dərslərinin icbari
olduğu ölkələr sırasında Yunanıstan, İngiltərə, İrlandiya, İtaliya,
Lüksemburq, Malta, Norveç, Avstriya, Polşa, Portuqaliya, İsveç…
kimi ölkələri də göstərmək olar. Hətta Baltikyanı ölkələrdə də
din tədris olunur. Qardaş Türkiyədə də din dərsləri icbaridir.
Islamofob Təhsil
Nazirliyi?
Əvvələn, onu deyək ki,
Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsilinin biabırçı kökə düşməsinin
əsas səbəbkarıdır. Az qala hər il dəyişilən, səhvlərlə dolu olan,
başqa xarici müəlliflərdən köçürülən dərsliklər haqda çox yazılıb
və deyilib. Görün bu nazirlik nə səviyyədədir ki, onun çap etdiyi
dərslikdə Azərbaycan bayrağı haqqında yazılan mətndə yaşıl rəngin
ot, qırmızı rəngin qan, göyün isə səma rəngi olduğu deyilir. TN
təmsilçisi bunu «bir iş idi, oldu» deyə adi bir şey kimi qiymətləndirir.
Bunlar öz yerində, dərsliklərə
baxanda bəlli olur ki, onlar yazılarkən fənlərarası əlaqə qorunmur.
Dərslik üçün bağışlanmaz bir haldır ki, bir dərslikdə deyilənlər
o birində təkzib olunsun. Azərbaycan hökumətinin aydın humanitar
siyasətinin olmamasının və Təhsil Nazirliyinin işə başdansovdu
yanaşamasının nəticəsidir ki, kim nəyi necə istəyirsə, elə də
şərh edir. Belə biabırçılıq dünyanın harasında ola bilər, dəqiq
ünvan göstərmək çətindir. Konkretləşdirək. Bu yaxınlarda əlimizə
orta məktəb üçün yazılan «Azərbaycan dili» dərsliyi keçmişdi.
Görün orda dilin yaranması necə izah olunur: «İnsan ayaqüstə yeriməyi
öyrənəndən sonra onun ağ ciyərləri genişlənməyə başladı, çiy ətdən
bişmiş ətə keçid isə alt çənənin mütəhərrikləşməsinə gətirib çıxardı
və bu, imkan verdi ki, insan səsləri tələffüz edə bilsin». Təxmini
məzmun belədir. Dərslik müəllifi Engelsin «Meymunun insana çevrilməsində
əməyin rolu» əsərinin xülasəsini verməklə 19 əsr darvinistləri
səviyyəsində dil problemini «çözüb». Dünyadan xəbəri olanlar bilir
ki, darvinizmin məhvə məhkumluğu hələ o sağ ikən bəlli idi və
hüceyrənin araşdırılması ilə insanın meymundan əmələ gəlməsi fikrinin
absurd olduğu heç kəsə sirr deyil. Amma dərsliyin bir səhifəsində
(və ya başqa bir dərslikdə) Allahdan, müqəddəs dinimzdən və Qurani-Kərimdən
danışılırsa, o birində insanın meymundan əmələ gəldiyi fikri ifadə
olunursa, TN-dən soruşmaq istərdik, siz özünüz hansına inanırsınız?
Əgər Engelsə inanırsınızsa, Allah, Quran, din haqqında niyə yazırsınız,
yox əgər ateist deyilsinizsə, bəşəriyyətin ulu babasının meymun
olması fikri necə olur dərsliyə düşür? Belə eklektik orta məktəb
dərslikləri dünyanın harasında var?
Və ya yenə başqa bir
dərslikdə islamın qəbulu ilə bağlı ərəblərin istilasından, onlara
qarşı Azərbaycan xalqının qəhrəmancasına mübarizəsindən danışılırsa
və başqa bir yerdə müqəddəs dinimizdən danışılırsa, bütün bunları
hansı məntiqlə və necə yerləşdirmək istəyirlər Azərbaycanın gələcəyi
olan məktəblinin şüuruna, anlamaq olmur.
Mən söhbət din tədrisindən
getdiyindən bununla bağlı məqama toxunmaq istərdim. Əvvəla, din
insanların fərdi və ictimai həyatda Allahın iradəsinə boyun əyməsidir.
Allaha itaət edən şəxs isə aşkarda və gizlində fərdlərə, cəmiyyətə,
dövlətə heç bir zərər vurmamaq, əksinə faydalı olmağı həyat amalı
seçmək deməkdir. Burada dövlət adamlarını narahat edən nədir ki,
din dərslərinə bu qədər hörmətsiz yanaşılır? Anlamaq olmur.
Din mədəniyyətin tərkib
hissəsidir. Onun dövlətdən ayrı olması din işlərinin başlı-başına
buraxılmas demək deyil. Elmin, incəsənətin, qayğısına qalındığı
kimi, insanların din mədəniyyətinə necə yiyələnmələri də dövləti
qayğılandırmalıdır. Və nəhayət, son zamanlar islam haqqında bəzən
məqsədli şəkildə yayılan yanlış təsəvvürlər, islam və terror,
islam və fundamentalizm, islam və yas, islam və mövhumat, islam
və monarxiyanın birgə assosiasiya olunması da vacib edir ki, dövlət
vətəndaşların dini şüurunun hələ orta məktəbdə ikən formalaşdırılmasına
qayğı göstərsin. Dövlət insanlar üçündür. Bir ölkədə ticarət özəl
sektorda ola bilər, səhiyyədə özəl sektor dominant ola bilər.
Amma bu, dövləti insanların sağlamlığına, bioloci təhlükəsizlik
məsələlərinə diqqət yetirmək məsuliyyətindən azad etmir. Din adına
ölkədə ekstremist siyasi cərəyanların yayılması, onların bəzilərinin
arxasında bəlli xüsusi xidmət orqanlarının durması, ayrı-ayrı
dövlətlərin marağının olması heç kəsə sirr deyil. Ölkənin ideoloci
təhlukəsizliyi də dövləti qayğınadırmalıdır. Ölkə könstitusiyasının
əsaslarını sartsıtmağa, teokratik dövlət qurmağa çalışanlarla
mübarizədə təkcə inzibati üsullardan istifadə olunması ən səmərəsiz
və ağır yoldur. Dinimizin mahiyyətini orta məktəbdən başlayaraq
sistemli şəkildə ölkənin gələcəyi olan şagirdlərə öyrətmək bu
qədər aktual ikən, şagirdlərin dərs yükü böyükdür, adamlar onsuz
da dini özləri öyrənirlər tipində psevdoarqumentlərlə bu işi təxirə
salmaq bağışlanmaz səhvdir.
|